Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:46

MƏNİM ADIM YAZIÇI...


Türkiyədə ilk baxışda mürəkkəb görünən, ancaq mahiyyəti etibarı ilə çox sadə olan bir mexanizm işləyir.

Nəşriyyat populyarlığı, adı-sanı olmayan bir yazarı “ürkütmədiyi” kimi, “Xalq yazıçızı” titulunun da nəşriyyatın çap planının formalaşdırılmasına heç bir təsiri yoxdur.

Türk dilində kitabının çıxmasını istəyən müəllif hər hansı bir nəşriyyata müraciət etməkdə tamamilə sərbəstdir - heç bir ölkə və dil üçün ən xırda bir məhdudiyyətdən söhbət gedə bilməz.

Öz ölkəndə dövlətin hesabına çap etdirdiyin 10 cildin də nəşriyyat üçün beş quruşluq əhəmiyyəti yoxdur.

Bu baxımdan məmləkətimdən cavan bir yazarın Can yayınlarına müraciəti məni çox sevindirmişdir – 18 illik Türkiyə həyatımın verdiyi təcrübə ilə bundan sonra kitabının çapı üçün müraciət edəcək olan cavan yazarlara əlimdən gələn yardımı etmək - boynumun borcu olacaqdır.

Bir anlığa düşünün ki, Azərbaycandan Hüseynbala Mirələmov adlı bir adam gəlib Türkiyədə desin ki, mən həm dövlət məmuruyam, həm millət vəkiliyəm, həm də ölkəmin ən “istehsalçı” yazarıyam - adınız kimi əmin olun ki, təəccübdən hamının ağzı açıla qalacaq.
Ölkənin aparıcı nəşriyyatları dövlətə yox, özəl sektora aiddir.

Masamın üstündə Can yayınlarının 2009-cu ildəki çap planı durur - böyük formatda 220 səhifəlik bir kitab.

Plana daxil edilmiş kitablar və onların yazarları barədə geniş məlumatlar Can yayınlarının işə yanaşma tərzini nümayiş etdirir.

Nəşriyyata müraciət etmiş cavan Azərbaycan yazıçısının əsəri ya oranın redaktorları tərəfindən ümumi şəkildə analiz ediləcək, ya da təqdim edilən əsərlə bağlı mütəxəssisin rəyinə müraciət ediləcəkdir.

Ancaq təcrübə göstərir ki, professional nəşriyyatların Redaktorlar şurası quruma ilk dəfə müraciət edən yazarın əsərinin çapı ilə bağlı qərar qəbul edərkən ekspert rəylərinə çox da müraciət etmir.

Çünki, xüsusilə, Azərbaycan ədəbiyyatından kitablar çap edən nəşriyyatlara edilən tövsiyələr şəxsi əlaqələrin verdiyi subyektiv motivlər üzərində qurulduğuna görə, bu subyektivlik nəşriyyatlara “ambar ədəbiyyatı” söz birləşməsini bəxş edib.

Bu subyektivliyin içində yatan ideoloji ehtiras isə, məsələn, hələ də, Mirzə fətəli Axundzadənin əsərlərinin Türkiyədə çapına əngəl yarada bilir (Axundzadənin həyat və mübarizəsinə azacıq bələd olanlar 147 il əvvəl Osmanlının Şərəf nişanını almış bu dühanın kitablarının Türkiyədə çıxmasına hamıdan çox haqqı olduğunu yaxşı bilirlər).

Ancaq kitab çap etdirmək, universitetlərdən “Fəxri doktor” titulu almaq, dissertasiyalara “tema” olmaq- Türkiyədə yazıçı kimi tanınmağın və yazıçı kimi qəbul edilməyin kriteriyası deyildir və bundan sonra heç olmayacaqdır...

İstanbulun mərkəzi küçəsi olan İstiklal caddəsindəki kitab mağazalarında, həftədə bir neçə dəfə kitab imzalama mərasimləri görə bilərsiniz.

Bu mərasimləri nəşriyyatlar və ya mağazaların özləri təşkil edirlər- yazıçının Türk və ya əcnəbi olmasının fərqi yoxdur.

Əcnəbi yazarların imza mərasimlərinə oxucuların diqqəti daha çox olur- çünki yazardan “imza qoparmaq”, onunla foto çəkdirmək və sual-cavab tərzindəki söhbətində içtirak etmək- bəlkə də bir ömür boyu bir dəfə ələ düşür.

Nəşriyyatlar ilk kitabı çıxan yazarların reklamına da tanınmış yazarlarınkı ilə eyni prizmadan yanaşırlar.

Bürhan Doğançay və Mais Əlizadə
Belə ki, əgər 1000 tirajla çıxan kitabın 300-ü satılırsa, təbrizlilərin sevimli sözü ilə desək, kitabın “mayası” da çıxmış olur və nəşriyyat oxuculara tanış olmayan o kitabın reklamını daha çox pul ayıra bilir.

Buna görə də nəşriyyatları yazarların öz ölkələrindəki “prestijləri” yox, Türk kitab bazarının tələbləri maraqlandırır.

Oxucuların ən radikal tələblərinin də nəzərə alındığı bu bazarda “Filankəsə hələ uşaqlıqdan “əmi” demə haqqım vardı”- məntiqinə yer ola bilməz.

Bazara təzə çıxan kitabların tanıdılması prosesində nəşriyyatlardan sonrakı rolu köşə yazarları oynayırlar.

“Vatan” qəzetinin köşə yazarı Mustafa Mutlunun “Rica etsəm, saçımı oxşayarsınızmı?” adlı romanının qısa müddətdə tanıdılmasında Mutlunun həmkarlarının böyük rolu oldu: əvvəlcə yazarlar öz köşələrindən romanı oxuculara tövsiyə etdilər, daha sonra isə kitabı çap edən nəşriyyat Mustafa Mutlunun Türkiyənin müxtəlif şəhərlərindəki kitab mağazalarında imza günlərini təşkil etdi.

Ədəbiyyatı və sənəti təhlil edən köşə yazarları nəşriyyatlarla yaxın əlaqədə olub bəzən çapa hazırlanmaqda olan kitab barədə öz fikirlərini oxucularla bölüşürlər.

Yazıçı və şairlər oxucularla görüşlərini ədəbiyyat fondlarında və universitet salonlarında davam etdirirlər.

Fərqli ədəbi görüşləri təmsil edən fondlar həm çap etdikləri kitabları tanıdırlar, həm də onlara yaxın dünya görüşünü təmsil edən yazar və şairlərin söhbətlərini təşkil edirlər.

Qələm sahibinin ən güzəştsiz oxucularla üz-üzə gəldiyi yer isə - universitet salonlarıdır.

Yazar gəncliyin verdiyi maksimalizmin ən “rəhmsiz” ittihamlarını məhz o salonlarda eşidir.

Bir neçə il əvvəl İstanbuldakı universitetlərdən birində azərbaycanlı yazıçı barədə iclas keçirilirdi - səhv oxumadınız, bu, universitetin tələbə-müəllim heyəti ilə görüş yox, o yazıçı barədə iclas idi.

Kürsüyə çıxan bir müəllim azərbaycanlı yazıçı barədə kağıza qeyd etdiyi sözləri oxudu.

“Əsas məruzə”dən sonra təbliğat mahiyyətli 1-2 nitq və mərasimin sonu.

Buna “oxucu ilə ünsiyyətə girmək yox, oxucudan qaçaraq rəsmiyyətə sığınmaq” adı vermək daha düzgün olardı.

Bu baxımdan yanaşanda Türk oxucusu ilə professional şəkildə dialoqa girə bilən Azərbaycan yazıçısının Anar olduğunu deməliyik.

Digər faktorlarla yanaşı, Anarın 1 il İstanbldakı Memar Sinan universitetində dərs deməsinin də bunda önəmli rolu vardır.

Azərbaycan ədəbiyyatının indiki gənc nəslinin “natura” etibarı ilə Türkiyənin həqiqi oxucu auditoriyası ilə dialoq yarada biləcəyinə ürəkdən inanıram.

Həm də ona görə ki, bu nəsil Türkiyənin oxucu kütləsi ilə tanış olmaq üçün, Arif Acaloğlunun sərrast ifadəsi ilə desək, “təbii yolu seçir” – öz əsərlərini ölkənin ən güclü nəşriyyatlarına təqdim etməkdən çəkinmir.

Türk oxucu auditoriyasının qabağına çıxacaq olan bu nəslin nümayəndələri “Yarı dövlət məmuru, yarı yazar” kimi yox, güclü və zəif tərəfləri ilə “professional yazar” profili nümayiş etdirəcəklər.

Düz 1 il əvvəl rəssam Burhan Doğançayın “Mavi simfoniya” tablosu auksionda 1.5 milyon dollara satılanda rəssamdan müsahibə almaq üçün 1 gün onun dalına düşmüşdüm.

80 yaşlı Doğançay “Günümün 10 saatını emalatxanamda keçirirəm” - deyəndə yaşayan bir rəssamın tablosunun 1.5 milyon dollara satılmasının səbəblərindən birini daha yaxşı anlamışdım.

“Vaxtını yazı masasının arxasında keçirmək”- Türkiyənin aparıcı nəşriyyatlarının maraqlandığı birinci məsələ bax, budur.

Qalarayeları rəssamın mədəniyyət naziri olması yox, emalatxanasındakı çalışma mühiti maraqlandırır.

Türkiyədə yaşayan azərbaycanlı sənətkarlardan misal vermək lazım gəlsə, rəssam Sənan Eynullayevin adını tərəddüdsüz çəkə bilərəm.

7 il əvvəl işlədiyi təhsil qurumundan istefa verən Sənan Eynullayevin adı Türk fiqurativ rəsminin müasir ustaları ilə eyni kontekstdə çəkilir.

Bir anlığa düşünün ki, Azərbaycandan Hüseynbala Mirələmov adlı bir adam gəlib Türkiyədə desin ki, mən həm dövlət məmuruyam, həm millət vəkiliyəm (əslində ən böyük absurd dövlət məmurunun eyni zamanda millət vəkili olmasıdır), həm də ölkəmin ən “istehsalçı” yazarıyam - adınız kimi əmin olun ki, təəccübdən hamının ağzı açıla qalacaq.

Çünki Mirələmovun daşıdığı epitetlərin hər biri gündə ən azı 10 saat işləməyi tələb edir.

Yazıçı, müğənni, bəstəkar Zülfü Livaneli keçən çağırış Cümhuriyyət Xalq Partiyasının İstanbul millət vəkili idi.

5 illik millət vəkilliyi dönəmində Məclis kürsüsündən Livanelinin ədəbiyyat və mədniyyətə dair önəmli çıxışlarını dinlədik.

O, deputatı olduğu Məclisin işlərinə kifayət qədər vaxt ayıra bilmək üçün “Vatan” qəzetindəki köşəsində yazmırdı, bir çox layihəsini təxirə salmışdı - çünki o vaxt aktiv siyasətin içində olan Zülfü bəy Məclisə sayğısızlıq edə bilməzdi.

Aktiv siyasətdən uzaqlaşandan sonra köşəsində yenidən yazmağa başlayan Livaneli Atatürkün həyatından çəkdiyi “Vida” filmi ilə 1.5 milyon tamaşaçını kino salonlarına apara bildi.

Mais Alizade və İletişim nəşriyyatının redaktoru Kivanç Koçak
Üstündən çox yox, cəmi-cümlətanı bir çağırış keçməsinə baxmayaraq, indi Türkiyədə çox adam Zülfü Livenelinin nə vaxtsa millət vəkili olmasından xəbərsizdir.

Çünki onu bu topluma sənətkarlıq missiyası bağlayıb-siyasətçı yox...

Türkiyədə yazarın cəmiyyət tərəfindən tanınmasında müstəqil TV kanallarının önəmli rolu vardır.

Bələdiyyələrin rolunu isə yerli idarə etmə orqanlarının funksiyalarının bilməyən insanların təsəvvür etməsi mümkün deyildir.

Bunlar barədə azz sonra.

Hadi oğlum, Siyavuş, çayları gətir.

Çaylarrrrrrrrrrrrrr....

Önəmli qeyd: yazımın başlığının Orhan Pamukun “Mənim adım qırmızı” romanı ilə heç bir əlaqəsi yoxdur.
XS
SM
MD
LG