Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:37

«Parlament – prezident aparatının filialı...»


Ərəstun Oruclu
Ərəstun Oruclu
«Milli Məclis Prezident Aparatının bir filialına çevrilib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında 3-cü çağırış Azərbaycan parlamentinin 5 illik fəaliyyətinə qiymət verərkən «Şərq- qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Onun sözlərinə görə, bu parlament Azərbaycanın tarixində ən susqun parlament kimi yadda qalacaq.

PREZİDENT APARATININ FİLİALI


«Gəlin biz parlament ifadəsini bu dərəcədə aşağılamayaq. Çünki Azərbaycanda Milli Məclis deyilən qurum necə seçilmişdisə, o cür də fəaliyyət göstərdi. Bu, başqa cür də ola bilməzdi. Mən hesab edirəm ki, bu keçən 5 il ərzində Azərbaycanda ali qanunverici orqan adı altında fəaliyyət göstərən Milli Məclis əslində Prezident Aparatının demək olar ki, bir filialına çevrildi və oradan gələn qanunvericilik aktlarını, qanun layihələrini təsdiqləməklə məşğul oldu. Baxmayaraq ki, bir çox hallarda biz şahidi olurduq ki, orada çox əcaib şeylər yazılırdı. Hansılar ki, nə reallığa nə hüquq anlayışına, nə qanun anlayışına, nə də cəmiyyətin tələblərinə cavab verirdi. Amma təbii ki, o, Prezident Aparatından yuxarıdan buraxılmış layihə idi və ona səs verilirdi».

Ərəstun Oruclu Milli Məclisdə onun üçün yadda qalan məqamları da dinləyicilərlə bölüşüb.
Fuad Ağayev


«SANKİ PARLAMENT KOLXOZDUR, FERMADIR...»


«Bu Milli Məclis bir sıra məqamlarla yadda qaldı. Birinci Oktay Əsədovun özü ilə yadda qaldı. Oktay müəllim bu 5 il ərzində öyrəşə bilmədi ki, o parlament spikeridir. Özünü axıracan «Azərsu»-nun rəhbəri kimi aparırdı və eyni zamanda onun tarixə düşən ifadələri oldu ki, məsələn mən heç kəsə imkan verməyəcəyəm ki, burda siyasətlə məşğul olsun. Sanki parlament kolxozdur, ya fermadır və ya maldarlıq təsərrüfatıdır».

DEPUTATLAR NƏYƏ SƏS VERİRDİLƏR, BİLMİRDİLƏR

Hüquqşünas Fuad Ağayev isə bildirib ki, parlament, ümumiyyətlə, fəaliyyət qabiliyyətli deyildi.

«Nəinki son beş ildə fəaliyyət göstərmiş parlament, ümumiyyətlə son 15 ildə fəaliyyət göstərmiş parlament əslinə qalsa, fəaliyyət qabiliyyətli deyildi. Yəni biz ayrı-ayrı deputatları, hər çağırışda 5-6 deputatı istisna etsək, digər deputatlar, ümumiyyətlə, qanunvericilik fəaliyyətindən bixəbər şəxslər idilər. Mən sizi tam əmin edə bilərəm ki, onlar nəyə səs verirdilər, nə üçün səs verirdilər, hansı qanunvericilik aktları hansı sahəni nizamlayır, bu barədə o qədər də dəqiq olmayan təsəvvürə malik olmuşdular və malikdirlər. Mən sizə bir şeyi də deyim ki, ildən-ilə Azərbaycanda qanunvericilik aktları layihələrinin hazırlanması işləri son dərəcə aşağı səviyyəyə enir».

Parlament Jurnalistləri Birliyinin üzvü İmdad Əlizadə hesab edir ki, bu parlamentin işini effektli hesab etmək olmaz. Parlamentin iclaslarını daim izləyən
İmdad Əlizadə
jurnalist maraqlı məqamları da xatırlayıb.

125-DƏN 20 AKTİV DEPUTAT


«3-cü çağırış Azərbaycan parlamentinin fəaliyyətini effektli hesab etmək olmaz. 3-cü çağırış Azərbaycan parlamenti yalnız bir neçə məsələ ilə yadda qalıb ki, bunlar arasında Hüseyn Abdullayevin hökuməti tənqid etdiyi çıxışdan sonra mandatının əlindən alınmasını, eyni zamanda Azərbaycanda prezidentlik müddətinə tətbiq olunmuş məhdudiyyətin qaldırılması ilə bir şəxsin ömürlük prezident olmasına yolun açılması haqqında qərarın qəbul olunmasını göstərmək olar. Ondan başqa Azərbaycan parlamentinin iclaslarının əksəriyyəti demək olar ki, cansıxıcı və Prezident Administrasiyasından göndərilmiş qanunların təsdiqi formasında keçib. Bir çox hallarda bu qanunlarla bağlı heç bir ətraflı müzakirələr olmayıb».

Parlament jurnalisti deyib ki, budəfəki parlamentdə 125 deputat arasında yadda qalan aktiv 20 deputat olub.

«Ayna – Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə bu parlamentə geniş təhlil verməyin əleyhinə çıxıb.

ƏLƏBAXAN VƏ SÖZƏBAXAN PARLAMENT
Azər Rəşidoğlu


«Ötən parlamentə ciddi təhlil verməyin mən əleyhinəyəm. Ciddi qiymət verməyin də əleyhinəyəm. Ələbaxan və sözəbaxan parlament idi. Tamamilə dişsiz və xüsusi iradəsi olmayan və mənəvi keyfiyyətlərinə görə o qədər də fərqlənməyən insanların bir toplumu idi. Və bu parlament Azərbaycanın ictimai-siyasi həyatında avtoritar rejimi möhkəmləndirən bir alətə çevrildi. Azərbaycan parlamentində təmsil olunan deputatlar intellektual baxımdan bizim qonşularımıza o qədər uduzurdular ki, biz Avropada tutaq ki, hansısa bir diskussiyalarda ermənistanlı millət vəkillərinə açıq şəkildə uduzmağa başladıq. Bu gün bu parlamentdə təmsil olunan iqtidaryönlü millət vəkillərinin bir çoxu müxalifətlə debata belə çıxmaq cürətində və intellektual səviyyəsində deyil. Avropa nümayəndələri ilə görüşlər keçirərkən bu deputatlar elementar etiket qaydalarını belə bilmirlər. Mən dərin politoloji və yaxud iqtisadi-hüquqi biliklərdən danışmıram. Tamamilə yararsız və mənəvi baxımdan axsaq bir parlament idi».

CƏMİYYƏT LAYİQ OLDUĞU PARLAMENTİ SEÇİB

Verilişə öz istəyi ilə qoşulan Yeni Azərbaycan Partiyasından,
Nazim Məmmədov
olan 3-cü çağırış Azərbaycan parlamentinin deputatı Nazim Məmmədov isə ekspertlərin dedikləri ilə qətiyyən razılaşmadığını bildirib. O deyib ki, cəmiyyət layiq olduğu parlamenti seçib:

«Parlament heç də dişsiz bir parlament deyil. Parlament heç də xalqın iradəsi ilə formalaşmamış kimi deyilən kimi deyil. Təbii ki, Nazim Məmmədov olaraq və əksər millət vəkilləri, mütləq əksəriyyəti seçicilərin iradəsi ilə parlamentə düşüblər və demokratik şəraitdə seçiliblər. Eyni zamanda guya parlamentin iqtidar deputatları müxalifətdən qaçıblar və debatlara gəlməyiblər. Mən onlarla debatlarda müxalifət liderləri ilə, müxalifət təmsilçiləri ilə, həm də müstəqil iqtisadçılarla iqtisadi mövzularda dövlət büdcəsinin dəyərləndirilməsi ilə bağlı kifayət qədər debatlarda olmuşam».

«Şərq-qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Nazim Məmmədovdan özü kimi fəal 3 millət vəkilinin adını çəkməsini xahiş etsə də, deputat deyib ki, təbliğat olmasından çəkinərək həmin adamların adını hallandırmaq istəmir.
XS
SM
MD
LG