Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:59

Çingiz Aytmatovun qızı siyasətdə... Yubkalı Saakaşvili?


Şirin Aytmatova Oşda.
Şirin Aytmatova Oşda.
Türk dünyasının iftixarı, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun qızı - Şirin Aytmatova Qırğızıstanın Qərbdə təhsil almış az saylı qadın siyasətçilərindəndir.

O, 30 yaşınacan - 20 il müddətində Amerikada və Avropada yaşayandan sonra - bir müddət qabaq Vətəninə qayıdıb.

Bu ilin aprelində baş vermiş hakimiyyət dəyişikliyindən sonra o, Qırğızıstanın ictimai-siyasi həyatında fəal rol oynamağa başlayıb.

Sentyabr ayında

ŞİRİN "ATA MEKEN" PARTİYASINDAN DEPUTAT SEÇİLİB

(bu, keçmiş prezident Bakiyevi devirmiş siyasi qüvvələrin toplaşdığı partiyalardandır - red.)

Şirin parlamentdəki 28 qadın deputatdan biridir.

O deyir ki, ölkədə qadınların sağlamlığı və gender bərabərsizi ilə bağlı problemləri həll etmək üçün siyasi mövqeyindən asılı olmayaraq parlamentdəki bütün qadın deputatların birgə fəaliyyət göstərməsinə çalışır.

Bu yaxınlarda "Amerikanın səsi"nə verdiyi müsahibədə Şirin qərb təhsilli qadının Qırğızıstanda üzləşdiyi çətinliklərdən danışıb.

- Qırğızıstanda qadın siyasətçilərlə bağlı hansısa önyarğılar varmı?

- Siyasi fəaliyyətə başlayanda belə stereotiplərin mövcudluğunun şahidi oldum. "Ata meken" Partiyasından olan digər deputatlığa namizəd Rövşən Ceenbekovla birgə təbliğat-təşviqat kampaniyası aparırdıq. Atamın doğma kəndi Şəkərə getmişdik.

Orada bizə bir dindar kişi yanaşdı. Suallar verməyə başladı ki, əgər parlamentə keçsəniz, müsəlman kimi dualar oxuyacaqsınızmı, məktəblərdə ərəb dili keçilməyə başlanacaqmı?

Mən cavab verməyə başlamışdım ki, həmin kişi

"AY QIZ, MƏN SƏNDƏN SORUŞMURAM"

Şirin Aytmatova Oşda
dedi. Mən təəccübləndim və bildirdim ki, mən də deputatlığa namizədəm. Bunu eşidən atamın həmkəndliləri gülməyə başladılar.

Bəzən isə böyük bir məclisdə tək qadın siyasətçi oluram. Və susmalı oluram. Kişi siyasətçilər bəzən mənə açıq deyirlər ki, "Filan iş yəqin sənin üçün çətin olar, sən axı qızsan".

Amma sərt olmağı da bacarıram. Bu yaxınlarda kişi siyasətçilərlə bir otaqda idik. Söhbət millətçi mövzulara keçəndə onlardan xahiş etdim ki, mən olan yerdə belə lazımsız mövzularda danışmasınlar.

Onlar sanki təəccübləndilər ki, "ay qız sən yəni bizə belə şey deyə bilərsən?"

Mövzuya davam etdilər. Mən durub otaqdan çıxdım. Sonra mənə dedilər ki, mən çıxandan sonra otaqda bir müddət sakitlik yaranıb.

Şirin Aytmatova xüsusən Qırğızıstanda qızların təhsili və doğuş zamanı ana ölümü problemlərinin həllinə çalışacağını deyir.

O bildirir ki, qərb təhsilli olduğu üçün onun bəzi hərəkətləri hətta partiyadaşlarına da qəribə gəlir.

Məsələn o, Facebook və başqa sosial şəbəkələrdə çox aktivdir, hətta bəzən orada öz şəxsi həyatı ilə bağlı məlumatları bölüşür.
"Buna görə məni tənqid edirlər. Amma mən düşünürəm ki, Qırğızıstanda

SİYASƏTÇİ İLƏ ONU SEÇƏN XALQ ARASINDA MƏSAFƏ AZALMALIDIR"

- Bizim ölkədə sovet tərbiyəsi görmüş nəsillə yeni nəsil arasında uçurum var. Bu həm də mədəniyyətlərin, dəyərlərin mübarizəsidir.

Məsələn, bizdə elə partiya var ki, Qırğızıstanın Rusiyanın tərkibinə daxil olmasını istəyir. Mən bunu ilk dəfə eşidəndə şoka düşdüm.

Xalqımız öz azadlığını çox böyük əziyyətlə əldə edib. Biz öz müstəqilliyimizi qorumalı və superdövlətlərin işlərimizə qarışmasına imkan verməməliyik.

- Sizcə, Qırğızıstan Qərblə əlaqələrini necə qurmalıdır?

- Mən özümü Amerikayönümlü yox, demokratiyayönümlü siyasətçi sayıram.

Bu yaxınlarda məndən müsahibə zamanı soruşmuşdular: "Siz Qırğızıstanın "yubkalı Saakaşvili"si olmayacaqsız ki?" Mən isə cavab verdim ki, "yox, mən "cins geyinmiş Şirin" olacam!"

Özbək qadın Oşda - dağıdılmış evi qarşısında. 20 avqust 2010
Düzdü mən uzun illər Avropada və Amerikada yaşamışam. Amma düşünürəm ki, hər bir cəmiyyətin öz problemləri var, ideal ölkə yoxdur. Bəli, hansısa meyarlara görə Amerika düzgün inkişaf yolundadır.

Baxmayaraq ki, məni indiki Şirin edən Amerika olub,

ÖZÜMÜ İLK NÖVBƏDƏ ŞƏRQ QADINI SAYIRAM


Mən görürəm ki qırğız xalqı üzünü Qərbə tutub.

Amma düşünürəm ki, biz əcnəbilərin dəyərlərinə səcdə etməməliyik. Biz öz adət-ənələrinə əsaslanan, amma eyni zamanda xarici ölkələrin təcrübəsindən istifadə edən xalq olmalıyıq.

Xarici təcrübədən ona görə istifadə etməməliyik ki, ikinci Amerika, yaxud ikinci Rusiya olaq. Biz xarici təcrübədən yararlanıb özümüzü qorumağa, yaşatmağa çalışmalıyıq.

Şirin Aytmatovanın adı Qırğızıstanda bu ilin yayında daha çox çəkilməyə başlamışdı.

İyunda ölkənin cənubunda qırğızlarla özbəklər arasında qanlı toqquşmalar baş verəndə - yüzlərlə insan qəddarlıqla öldürüləndə, məhəllələr yandırılanda bölgəyə sülh çağırışları və humanitar yardımla gedənlərdən biri də Şirin Aytmatova olmuşdu.

O zaman Şirin ən qanlı olayların baş verdiyi Oş şəhərinə iki dəfə getdi, hadisələrin səbəblərinə işıq tutan çoxlu sənədlər, videomateriallar topladı.

20 il qabaq onun atası məhz Oşda baş vermiş eyni etnik konflikti "İzvestiya" qəzetində "türkskiy samogenotsid" adlandırmışdı.

Azadlıq Radiosunun qırğız xidmətinə müsahibə verən Şirin özünün Oşda hazırladığı videoreportajlardan danışmışdı.

Onun sözlərinə görə, münaqişənin ilk günlərində guya öldürülənlərin yalnız özbəklər olması haqda məlumatlar ona çox pis təsir edib.

- İyunun 16-da mən qardaşım Eldarla Oşa uçduq. Siz bilirsiniz ki, xarici KİV-lər baş verənləri necə işıqlandırırlar, bunun az qala soyqırım olduğunu yazırlar. Mənə ən pis təsir edən o oldu ki, bu termini... bizə münasibətdə işlədirlər.

Təəssüf ki, dünyanın yaxşı tanımadığı

KİÇİK BİR ÖLKƏNİN TALEYİNİ BƏZƏN 2-3 YAZI MÜƏYYƏN EDƏ BİLƏR,

həmin ölkənin imicini formalaşdıra bilər. Ona görə də mən cənubda - Oşda baş verənləri öz gözlərimlə görmək istədim.

Oşa çatan kimi vəziyyətin nə dərəcədə mürəkkəb olduğunu anladım. Hər tərəfdə hərbçilər dolaşırdı, şəhər boş idi.

Qırğızıstanın müvəqqəti hökumətinin rəhbəri Roza Otunbayeva Oşda. 18 iyun 2010
Mənə ən pis təsir edən insanların gözlərindəki ifadə oldu. O adamlar ki, əllərində itkin düşən yaxınlarının fotosu ora-bura qaçırdılar.

Özünüzü bir anlığa onların yerində təsəvvür edin... Əgər itkin düşənlərin arasında məsələn, mənim də qızım olsaydı, nə hisslər keçirərdim?

Qayıdanbaş Oş aeroportunda göz yaşlarımı saxlaya bilmirdim. Şəhərdə gördüklərim və yaşadıqlarım məni sarsıtmışdı. İndi də məndə elə bir hiss var ki, ürəyimi orda qoyub gəlmişəm.

- Atanız sizə 1990-cı ilin Oş hadisələri haqda danışmışdımı?

- Yox. Amma bilirəm ki, atam o zaman tərəfləri barışdırmaq üçün nə qədər qüvvə sərf etmişdi.

O hadisələr sonrakı illərdə də onu narahat edirdi.

- Siz Oşdakı hadisələr haqda çoxlu materiallar toplamısınız. Bu haqda kitab yazmaq niyyətiniz yoxdur ki?

- Mən bu haqda düşünmüşdüm. Amma əgər belə bir kitab yazılsa bu, publisistika olmayacaq.

Mənə poeziya daha yaxındır.

ŞEİR, QISA HEKAYƏLƏR YAZIRAM

Amma nədənsə onları çap etmək istəmirəm. Poeziyadan publisistikaya keçmək mənim üçün çox çətin bir iş olar.

İndi qardaşımla birlikdə Oşda çəkdiklərimizi Facebook-a yerləşdiririk.

Həmin materiallarla Facebook-da tanış olmaq mümkündür.

Şirin Aytmatova Oşda olarkən özbəklərin yaşadığı məhlələrə də baş çəkib, qanlı olayların şahidləri ilə görüşüb.

Ümumilikdə onun Oşda topladığı materiallar arasında özbəklərin də münaqişəyə hazırlaşdıqları və qırğızları girov götürdükləri, öldürdükləri haqda şahid ifadələri var.

Şirin Aytmatova Facebook-da öz araşdırmalarını yerləşdirəndən sonra hətta özbəklərdən "özünün və azyaşlı qızının ünvanına xoş olmayan" məktublar gəldiyini də etiraf edir.

Amma deyir ki, onu birtərəfli olmaqda ittiham etmək düzgün deyil.

Çingiz Aytmatov qızı Şirinlə. 1985
- Biz Facebook-a elə materiallar yerləşdiririk ki, provakasiyalara əsas verməsin. Özbək icmasının nümayəndələri bizə xüsusi qəddarlıqla öldürülən insanların fotoşəkillərini göndərirlər.

Amma münaqişəni yenidən qızışdırmaq olmaz. İndi coşmuş emosiyaları necə sakitləşdirməyin yollarını tapmaq lazımdır. Biz hamımız öldürülənləri anmalıyıq, amma onların şəkillərini bu şəkildə nümayiş etdirməməliyik.

- Sizcə Çingiz Aytmatov sağ olsaydı, münaqişə tərəflərini barışdırmaq üçün nə edərdi?

- Sizə bir şey deyim. Bu gün mənə bir neçə nəfər zəng etdi və "Atanın adından istifadə edib birtərəfli xəbərlər yayırsan" dedi. (Şirin Çingiz Aytmatov Fondunun rəhbərlərindəndir - red.) Bu sözlər mənim çox xətrimə dəydi...

Mənim atam çox təmkinli insan idi... 2005-ci ilin yazında (keçmiş prezident Akayevə qarşı etirazlar baş qaldıranda - red.) atama zəng etdim.

O zaman o, Belçikada idi. (Aytmatov Akayev dövründə səfir kimi çalışıb - red.) Dedim ki,

"ATA, QAYIT QIRĞIZISTANA, SƏN XALQIN TƏRƏFİNDƏ OLMALISAN"

O bir az susub sonra mənə çox qısa cavab verdi: "Hə, korrupsiyaya yol açdılar. Hakimiyyət korrupsiyalaşdı".

Mən o zaman özlüyümdə çox təəccübləndim ki, onun cavabı elə budurmu? Sən demə o hələ o zaman bizim görmədiyimiz çox şeyləri görürmüş.

O zaman mən Amerikada mitinq keçirən qırğızlar arasında idim.

Əgər atam sağ olsaydı, mütləq Oşa gedər, insanları sülhə çağırardı. İndi vəziyyət 1990-cı ildəki kimi deyil. O zaman Qərb KİV-lərinin ora belə axını, hadisələrin belə təhrifi yox idi.
XS
SM
MD
LG