Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:49

«Prezident qərara gəldi ki, mən 8 il yatım»


Xodorkovski məhkəməyə belə gətirilir
Xodorkovski məhkəməyə belə gətirilir

Rusiyalı keçmiş milyardçı, YUKOS neft şirkətinin sabiq başçısı Mixail Xodorkovski Moskvada məhkəmədə son sözünü deyib:

“Mən 2003-cü ilin oktyabrını xatırlayıram, azadlıqda olduğum son günü.
Həbsdən bir neçə həftə sonra mənə dedilər ki, prezident Putin qərara alıb ki, mən 8 il “yatım”.
O vaxt buna inanmaq çətin idi.
O vaxtdan 7 il keçib.
7 il böyük müddətdir, xüsusilə həbsxanada.
Bizim hamımızın yenidən fikirləşməyə və yenidən qiymətləndirməyə vaxtımız olub.

Prokurorların çıxışlarına qulaq asanda ( məğzi budur ki, onlara 14 il verin və bundan əvvəlki qərarlara tüpürün) belə nəticəyə gəlirəm ki, məndən daha çox qorxmağa, qanuna isə daha az hörmət qoymağa başlayıblar.

Birinci dəfə, heç olmasa, onlara mane olan qərarları əvvəlcə ləğv etdilər. İndi isə qərara gəliblər ki, belə də keçər. Çünki indi gərək 60 qərarı ləğv etsinlər.

ONLAR ÖZ LƏYAQƏTLƏRİNİ TULA PAYINA DƏYİŞİBLƏR

Mən bu gün ümiddən danışmaq istəyirəm. Keçən əsrin 80-ci illərində mənim 25 yaşım vardı.
Bizim ölkə azadlığa ümidlə yaşayırdı. Ümid edirdik ki, özümüz və uşaqlarımız xoşbəxt ola bilərlər. Bu ümid qismən doğruldu, qismən yox. Qismən doğrulmamağında bizim nəsil günahkardır.


Mən utanıram ki, mənim əvvəllər hörmət etdiyim insanların bəziləri bürokratik özbaşınalığa və qanunsuzluğa haqq qazandırırlar. Onlar öz ləyaqətlərini mövcud sistem daxilində rahatlığa, tula payına dəyişirlər. Ancaq belələri çox deyil.

Mən qürur duyuram ki, 7 illlik təzyiqlərə baxmayaraq YUKOSun minlərlə işçisi arasında bir nəfər də olsun yalandan şahidlik edən tapılmadı.

Bu bibırçı cinayət işini başlayanlar bizi istehza ilə “kommersant” adlandırırdılar, bizə öz xeyrinə görə hər şeyə hazır insanlar deyirdilər.
Kim pula görə və qorxaqlıqdan öz rəislərinə yalan deyirdi? İşgəncə verirdi?

Onlar bunu “dövlət işi” adlandırırdılar. Mən öz dövlətimə görə utanıram.

MƏHKƏMƏNİN ÖZÜ DƏ QORXUR

Bizim prosesə baxan iş adamı, istehsalın təşkilatçısı və ya sadəcə ağıllı adam nə düşünür?

Güc bürokratiyası hər şeyə qadirdir.
Sistemlə toqquşanda insanın haqqları yoxdur.
Xüsusi mülkiyyət haqqı yoxdur.
Qanunda göstərilsə də, haqlar məhkəmədə qorunmur. Çünki ya məhkəmənin özü də qorxur ya da məhkəmə sistemin bir hissəsidir.


Düşünən insanların burda- Rusiyada özlərini reallaşdırmaq istəməməsinə təəccüblənmək olarmı? Iqtisadiyyatı kim modernləşdirəcək? Prokurorlar? Milis işçiləri? Çekistlər?

Belə modernləşməyə bir dəfə cəhd etdik. Alınmadı.

Hidrogen bombası, hətta raket düzəldə bildik, ancaq özümüzün yaxşı, müasir televizorumuzu, avtomobilimizi indiyə kimi düzəldə bilmirik.

XƏSTƏ ÖLKƏ

Güc bürokratiyasının dövlət marağı ilə yox, öz marağı ilə on və hətta yüz minlərlə istedadlı iş adamını, idarəçini, sadə vətəndaşı həbsxanalarda çürütməsinə ölkə dözürsə, o, xəstə ölkədir.

Dövlət özünün dünya çempionu olmaq istəyən ən yaxşı şirkətlərini məhv edirsə, dövlət öz vətəndaşlarına ikrahla baxırsa, dövlət yalnız məmurlara və xüsusi xidmətlərə inanırsa, bu, xəstə dövlətdir.

Bu prosesə milyonlarla göz baxır. Ümid edirlər ki, Rusiya axır ki, azadlıq və qanun ölkəsi olacaq. Qanun məmurdan yuxarı qoyulacaq. Müxalifət partiyasına dəstəyə görə heç kim repressiya olunmayacaq.
Xüsusi xidmətlər xalqı və qanunu qoruyacaq, bürokratiyanı xalqdan və qanundan yox.

İnsan haqları çarın əhvalından asılı olmayacaq.
Hakimiyyət vətəndaşlardan asılı olacaq.
Mən buna inanıram.

“MƏNİ ƏBƏDİ HƏBSDƏ SAXLAMAQ İSTƏYƏNLƏR VAR”

Bu məhkəmədə bizim ölkənin hər bir vətəndaşının taleyi həll olunur. O vətəndaşların ki, milis özbaşınalığınının qurbanı olmaq istəmirlər. O vətəndaşların ki, öz bizneslərini qurublar, ev tikiblər, uğur qazanıblar və bunları öz uşaqlarına vermək istəyirlər, bunları gəlib onların əlindən alan poqonlu reyderlərə yox.

Möhtərəm hakim, mən bilirəm ki, bizi əbədi həbsdə saxlamaq istəyən adamlar var. Onlar göstərmək istəyirlər ki, qanundan yuxarıdırlar.

Mən məhkəmənin bu adamların psixoloji təzyiqinə dözəcəyinə inanıram.

Mən istəyirəm ki, müstəqil məhkəmə bizim ölkədə realllıq olsun. Mən başa düşürəm ki, sizə çətindir, bəlkə hətta dəhşətlidir.

Mən sizə cəsarət arzulayıram.
Bütün adlar tarixdə qalacaq: ittihamçıların da, hakimlərin də. "


Hakim öz qərarını dekabrın 15-də verəcək.
2003-cü ildə 8 il həbs cazası alan Xodorkovski 2011-ci ildə azadlığa çıxmalı idi. Ancaq ona qarşı yeni ittiham irəli sürüldü. 25 milyard dollarlıq mənimsəmədə ittiham olunan Xodorkovskinin azadlğa çıxması azı 2017-ci ilə kimi uzana bilər.
XS
SM
MD
LG