Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:25

Sabir Əhmədli 60-ci illərin “azadlıq dalğaları” haqda


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.


...Yazıçılar İttifaqında mənim qalxmaq, mənsəb yiyəsi olmaq imkanlarım açılmışdı.

İlk partiya təşkilatı yığıncağı, hesabatdı. İttifaqın Partiya təşkilat katibi Bayram Bayramovdu, radio komitəsindən keçmişdi

Yazıçılar ittifaqına, məsləhətçi idi. Həm də İttifaqın partkomuydu. İki seçki idi o olurdu ilk partiya təşkilatı katibi. Xruşşovun hakimiyyəti vaxtıydı. Bir qərar çıxarmışdılar :

İki kərədən artıq partorq seçilmək olmaz.

Odur ki, bu seçkidə başqası seçilməliydi partkoma başçı. Radioda işləyəndə Bayram müəllim mənə kömək eləmişdi. Romandan parça vermiş, qonorar da almışdım.

Qanı qara idi, onu seçməyə bilərdilər. İclasa MK-nın ideoloji katibi Xasay Vəzirov gəlmişdi.

İclas başladı, məruzə, sonra çıxışlar oldu: ədəbiyyatda durum necə idi, yeni hansı əsərlər yaranmışdı, cavanlar nə yazırdılar?

Modern yazıçılar Moskvada olduğu təki, əyalətlərdə də tənqid edilirdi. Halbuki, bu ədəbiyyat olacaqdı sabahın yaradıcılıq yönü, yöndəmi.

Yeni növ, yeni nəfəsli cavanlar gəlməkdə idi. Bunlarin bir qismi kənddən, rayondan gələn sadə, yoxsul, arxasız cavanlar, o biri başlıcası, tanınmış yazıçıların uşaqları … Çoxdular.

Onların üzünə qapı, kənddən gələnlərə, şəhərdə başını güc-bəla ilə saxlayan kimsəsızlərə görə, büsbütün açıqdı.

Bir iş də vardı, bunlar ziyalı uşaqları, intellektdilər, savadlıydılar, özləri də o illərdə xaricdə yayılmış modern yazı tərzini mənimsəmişdilər.

Azərbaycanda elə bil onun, Qərb ədəbiyyatının çeşnisini çıxarır, o tərzdə yazır, yamsılayırdılar.

Sadədil oxucu bu yazıların, hekayələrin, şerin əsl qaynağını, orijinalını görmədiyindən bunların yazdığını yenilik təki qiymətləndirirdi.

Kultun ifşası, Stalinin endirilməyilə ölkədə, nəhəng Sovetlər İtifaqında bütün ideolojidə, mədəniyyətdə, bədii düşüncədə bir dirçəliş, cəsarət baş qaldırmışdı.

Bu təbii olaraq bizim mühitdə, ədəbi yaradıcılıqda özünü üzə verməliydi.

İlk partiya təşkilatının hesabat yığıncağında mən də danışdım. Nə dedim? Orası yadımdadır, söylədim: “Cavan yazıçıların hekayələrində yaman çox yağış yağır”.

Bir də üzümü Mehdi Hüseynə tutub dedim: “Yazıçılar İttifaqının havası ağırlaşıb, köhnəlib. Bu otağın qapı-pəncərələrini açmaq lazımdır, təzə hava gəlsin, otaq təmizlənsin”.

Bu söz hardan mənim ağlıma gəldi, Mehdini bərk tutdu. Həmişə də belə məqamlarda kişi qızarır, bozarır, söz deyəndə dili də dolaşırdı.

Danışır, biri-birinə döşəyirdilər. Hər kəsi daha artıq maraqlandıran o idi, kim olacaq Yazıçılar İttifaqının partiya təşkilat katibi? Bayram çıxmalıydı, təzə nizamnamə onun yenidən partiya təşkilatçısı olmağına yol vermirdi.

İki tirə olmuş İttifaq bütün vurnuxurdu: Kim olacaq yeni partiya təşkilatçısı? Doğrusu, məni bu elə də maraqlandırmırdı. Kim olur-olsun, bunun nə dəxli var?

Amma vardı, partkom sayılan işdi, MK çox halda onu tanıyır, rəyini öyrənirdi. Təzə katib hansı dəstədən, kimə, hansı qruppaya yaxın olacaqdı? Bilinmirdi.

Təşkilatın büro üzvlüyünə namizədlər verildi. Gizli səsvermə getdi. Büroya mən də seçildim.

Arada Xasay Vəzirov getdi MK-ya, qayıdıb gəldi. Xəbərlə, sözlü qayıtmışdı. Yığıncaq işini bitirdi, qaldı yeni büronun ilk yığıncağı, yeni partiya təşkilatçısının seçilməyi.

İlk büro iclası Mehdi Hüseynin kabinetində keçdi. Xasay Vəzirov qalxdı və başladı. Kimsənin ağlına gəlməyən bir rəy açıqladı.

Dedi: “MK-da məsləhət olub: Yazıçılar İttifaqı partiya təşkilatçısı… bu gənc – mənim ad familyamı çəkdi – olsun”. Kimsə səsini çıxartmadı.

Olduqca gözlənilməzdi mənimçün də, oradakı ağsaqqallara, idarənin başçısı Mehdi Hüseyn üçün də. Mən qarabağlıyam, təəssübkeşliyə qalsa, guya yerli-lərimin qayğısını çəkməliydim.

Buna baxmayaraq, hamıdan artıq pərt olan, tutulan, öz qarabağlım, köhnə partiya təşkilatçısı oldu.

Beləliklə, 1959-cu ilin payızında mən Yazıçılar İttifaqı partiya təşkilatının katibi seçildim.

Qəzetdə işlərimiz pis getmirdi, yenə ezamiyyətlərə yollanır, respublikanı, Abşeron kəndlərini gəzir, yazırdım. “Azərbaycan” jurnalı mənim “Aran” romanımı çap elədi. Bu əsər iki il jurnalın siyirməsində saxlanmışdı.

Mən əslində onu 57-ci ildə vermişdim jurnala. Bu, mənim Cəbrayılda, Şükürbəylidə işləyəndə gördüklərimdi.

Kənddə baş verən hadisələrdi. O illər “kənd ədəbiyyatı” deyilən yazılar bütün-lükdə SSRİ-də, ədəbi yaradıcılıqda başlıca, aparıcı mövzu olmuşdu. Niyə yazıçılar birdən-birə kəndə bunca girişmişdilər?

Nə itirmişdilər orada, axtarırdılar? Şəhər mövzusunda da romanlar yazılır, ölkə miqyasında səs-səda törədirdi.

Dudinsevin “Yalnız çörək ardınca deyil” romanı çıxmışdı. Tvardovskinin “Novıy mir”i müxalif bir ədəbiyyat yaratmaqdaydı: dissident ədəbiyyat özünə yol açmaqda idi.

Yeni bir ədəbiyyat, “inokomıslyaşiy”, “dissident” yaradan yazıçılar meydana çıxmışdı.

Xaricin köməyi, həmrəyliyilə “anti-sovet ədəbiyyat” yaranmaqda idi.

Şerdə də ifşa, əks-mövqe özünü göstərməkdə idi. Tvardovskinin “Vasili Tyorkin”, “Za dalyu dal”, daha sonra “Vasili Tyorkin na tom svete” poemaları ilə şer sənəti büsbütün yeni ab-hava ilə nəfəs almaqda idi.

Atmışıncı illər, yeni mövqeli, “antisovet” bir ədəbiyyatın başlanğıcı idi. Krımda gərək ki, yazıçıların bir İttifaq toplantısı oldu.

Yeni ictimai havanın yaranmağında başlıca təşəbbüsdə bulunmuş Xruşşov işin dönüb belə kəskin şəkil alacağını bəlkə gözləmirdi.

Kultun, şəxsiyyətə pərəstişin ifşası ilə sovet hökumətinin törətdiyi dəhşətləri N.Xruşşov açmışdı.

37-ci il müsibətləri, öz xalqına qarşı ədalət-sizcəsinə, vicdansızcasına genosit aparmış Stalin hakimiyyəti, onun iç üzü, bütün qan-qadaları, eybəcərliklərilə aşkarlandı.

Romnun “Adi faşizm” filmi göstərildi.

Onun “adi faşizm” dediyi, faşizmə qarşı çarpışan, onu tarixi cinayət sayan SSRİ-nin özü imiş. Sovet İttifaqında Almaniyada nasistlərin etdiyindən artıq dəhşətlər törətmişdilər.

Tarixi sənədlər açılır, Stalinin şəxsiyyətinə pərəstişlə törədilmiş dəhşətli faciələr faş edilirdi, “dəmir pərdə” götürülür, xalqın gözü açılır, gerçəkliklər göstərilirdi.

Təkcə SSRİ-də deyil, bütün dünyada Stalinin ölümündən sonra azadlıq dalğaları genişlənir, şəxsiyyətə pərəstişin ağır, qanlı bir hal olduğu aydınlaşırdı. Stalini daha artıq ömrünün sonlarına doğru bütləşdirib, allahlaşdırmışdılar.

Partiyanın XX qurultayında onu yerə çırpdılar. Görünür, bir cəhəti unutmuşdular. Stalin şəxsiyyətinə səcdə, sovet hökumətinin varlığı ilə qovuşuqdu.

Xalq dəhşətli bir sitayışın məngənəsindən qurtulub, azadlığın bəhrəsini daddıqca daha artıq asudəliyə meyllənirdi.

Ədəbiyyat daha da açılışıb, Stalin qarışıq bu yaramaz quruluşun astarını çıxarır, içini açıb tökürdü. Bəşərin bütün ümidlərinin zirvəsi təki təbliğ edilən kommunizm iflasa uğrayırdı.

Soyuq müharibə dalğası səngiməkdə, kommunizmin qalası olan SSRİ kapitalizmə mehrlənməkdə idi. Ölkə başçıları görürdülər ki, bu tutuşla sovet quruluşunu gözdən salacaqlar.

Birinci növbədə, ədəbiyyat, sənət adamları. Hər halda Stalin şəxsiyyətinə pərəstişin götürülməsi, daha doğrusu, Stalinin ölümü bütün dünyada yeni bir mərhələnin başlanğıcı idi.

Stalinçi olmayan ölkələrdə də elə bil dəmir pərdə qaldırılmış, bəşəri sıxan ağır zindan götürülmüş, insan fikrində, düşüncəsində sərbəstlik, müstəqillik törənmişdi.

Təkcə Sovetlər İttifaqında deyil, dünyada bir qandalsız, buxovsuz sənət, ədəbiyyat yaranmaqda idi.

Bu, yazı tərzində, üslubda özünü göstərirdi. Ehkamlar dağılır, yaradıcılıq vərdişi qırağa atılır, yeni insan duyğusunun, beyinin açıq, asudə işləməyindən doğan bir hədsizlik sezilirdi.

Görünür, bir qismin baş apardığını görüb, Sov. İKP özbaşınalığın qabağını almağa çalışdı. Krımda təcili bir sənət toplantısı çağırıldı.

Orada Sov. İKP-nın baş katibi Xruşşov dissident yazıçılara qarşı demişdi : “Qozbeli qəbir düzəldər !” Onda cavan şair Yevtuşenko Xruşşova cavab olaraq söyləmişdi: “Bu sözlərlə milyonlarla insanı Sibirə göndərib məhv etmişlər. Qozbeli qəbir yox, həyat düzəldər”.

Xruşşov 37-ci ilin dəhşətlərini, Stalin şəxsiyyətinə pərəstişin, fəlakətlərin mənzərəsini ölkənin gözü qabağına gətirəndən sonra, bir də həmin üsullara qayıtmaq əlbəttə, olduqca acınacaqlı olardı.

İndi ölkə başçısı özü Stalin üsuluna bir növ əl atır, ölüm- qanla hədələyirdi.

Olan olmuş, buxovlar qırılmışdı. İnsanları yenidən düdüyə yığmaq çətindi. İctimai həyatda, yaşayışda, düşüncədə büsbütün ayrı, ayıq-sayıq övqat özünü göstər-məkdə, sənət aləminə yayılmaqda idi.

Azərbaycanda da bu hava, bu meyllər cərəyan etməkdə idi. Sovet İttifaqında sovet ədəbiyyatı ilə birgə, ona qarşı başqa bir ədəbiyyat yaranmışdı.

Rusiyada vaxtilə “antisovet” sayılan bədii ədəbiyyat yenidən dirçəlir, üzə çıxır, “Master Marqarita” təki romanlar dəbə minirdi. Axmatovanın, Svetayevanın əsərləri oxunur, “Adi faşizm” təki kinofilmlər, sənədli lentlər göstərilirdi.

37-ci ildə məhv edilmiş sənətkarlara bəraət qazandırılırdı, Sibirdə məhv olmayanların bir qismi Vətənə qayıdırdı.

“Pantürkist”, “Panislamist” deyə qara yaxdıqları sənətkarlara, onlara bu adı verənlərin özləri haqq qazandırırdılar. Sovet hakimiyyətinin altmış-yetmiş illik hökmranlığı dövründə iki ədəbiyyatın yaranmış olduğu gerçəkdi.

Bir vardı sovet ədəbiyyatı, bu quruluşun istədiyi, onun himayəsi ilə törənən yalançı, qurama ədəbiyyat. Bir də vardı sovet dövründə vicdanlı ədəbiyyat. Hər ikisi eyni vaxtda, eyni quruluşda üzləşir, qoşalaşırdı...

Yaltada yaradıcılıq evində idim.

Yeməkxanada iki ermənilə bir masa arxasında əyləşirdik, onlar yaşlı adamlar, ər-arvaddı.

Ara-bir söhbətə də varırdıq. Erməni kişi bir kərə söylədi : “ Sovet İttifaqında şəxsiyyətə pərəstiş ədəbiyyatını hamıdan artıq yaradan, şəxsiyyətə hamıdan artıq pərəstişlə yazan Səməd Vurğun olmuşdur”.

Mən onda erməni ədəbiyyatçısına belə cavab verdim: “Sizin dediyiniz doğrudur.

Səməd Vurğun Stalini tərənnüm edib, bəlkə də hamıdan artıq. Amma Səməd Vurğunun çox yox, ikicə çap vərəqi həcmində elə bir kitabçasını buraxmaq olar, oxuyan hər kəs onun şairliyini təsdiq edər”...

Həmçinin oxu
Sabir Əhmədli Azərbaycanın sovet dövründəki rəhbərləri haqda
XS
SM
MD
LG