Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:27

«Başdan-ayağa oyun idi»


İlham Əliyev səs verir
İlham Əliyev səs verir
Noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri haqda Qərb mətbuatı nələr yazır:

«REUTERS»: «MƏNİM SƏSİM ONSUZ DA HEÇ NƏYİ DƏYİŞMƏYƏCƏK»

«Başdan-ayağa oyun idi». Parlament seçkisini müşahidə edən Qərb diplomatı «Reuters»ə
Azərbaycanda keçirilən parlament seçkisini belə qiymətləndirib. Diplomat səsvermənin bariz şəkildə saxtalaşdırılması və büdcə təşkilatlarında çalışanlara təzyiqləri misal çəkib.

«Reuters»in Azərbaycandakı seçkilərlə bağl yazısında Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun «seçki şəffaf, azad və ədalətli olub» açıqlamasına da yer verilib.

«Reuters» yazır ki, seçkiyə rəsmi rəqəmlərə görə seçicilərin yarıdan bir az çoxu gəlib, seçki önü təşviqat isə bir-iki yürüşdən və məhdud media debatlarından ibarət olub.

Seçkiyə getməyən 41 yaşlı Vladislav Semyonov deyib ki, «mənim səsim onsuz da heç nəyi dəyişməyəcək. Adi insanlardan çox uzaq olan bir qrup adam daha çox mənfəət əldə etmək üçün parlamentə düşür».

İlham Əliyevin partiyası 124 yerdən azı 74-nə sahib olmaqla və parlamentə bir nəfər də müxalif qüvvə buraxmamaqla hakimiyyəti əlində cəmləşdirmək siyasətini davam etdirib.

İlham Əliyev neft gəlirlərinə arxalanan iqtisadi inkişaf və ölkədə tikinti bumu ilə öyünsə də, tənqidçilər bunun ancaq üzdə belə olduğunu, əslində isə bu siyasətin kasıblarla varlılar arasındakı fərqi getdikcə böyütdüyünü deyirlər.

«BUSINESS EUROPE»: «HƏR ŞEY GÖZLƏNİLDİYİ KİMİ KEÇDİ»


«Business Europe» jurnalı yazır ki, hər şey gözlənildiyi kimi keçdi. Seçici fəallığı aşağı oldu, İlham Əliyevin partiyası seçkini uddu, müxalifətin birgə səyləri də heç nəyə təsir
etmədi.

Jurnal yazır ki, onsuz da yeni seçilən parlamentin ölkənin nə ictimai, nə də siyasi həyatına hansısa təsiri olacaq. Parlament əvvəlki kimi yenə də İlham Əliyevin qərarlarını ucdantutma təsdiq edən ştamp rolunu oynayacaq, prezidentin və Qərbin enerji şirkətlərinin istədiyi, adi camaatın isə hələ ki, əleyhinə işləyən sabitliyin təminatçısı olacaq.

Jurnal yazır ki, müxalifət həmişəki kimi, təzyiqlərdən şikayətləndi, pozuntulardan danışdı, nəticələrin ləğvini tələb etdi. İqtidar və onun gətirdiyi TürkPa və MDB müşahidə missiyaları isə əksini iddia etdi.

«ASSOCIATED PRESS»: «BU ÖLKƏDƏ SEÇKİLƏR HEÇ NƏYİ DƏYİŞMİR»

«Müxalifətin şansları çox yüksəkdir, amma daha çox səs qazanmaq baxımından. Ancaq seçkidə kimin qələbəsi kimin daha çox səs yığmasından yox, Prezident Administrasiyasında oturanların istəyindən asılıdır».

«Associated Press» seçkiylə bağlı yazısında Müsavat Partiyasının başqanı İsa Qəmbərin bu fikirlərini önə çəkir. Qəmbər əlavə edir ki, iqtidar təmsilçiləri seçkinin tam şəffaf, azad və ədalətli keçdiyini bildirsə də, müşahidəçilərə qarşı təzyiqlər və seçki pozuntuları haqda şikayətlər də olub.

Məqalədə deyilir ki, 125 yer uğrunda 700-ə yaxın namizədin mübarizəsi başa çatanda neftlə zəngin post-sovet ölkəsində qalib gələn yenə də prezident İlham Əliyevin partiyası oldu.

«Associated Press» seçicilərin marağının nəyə görə aşağı olması sualına da, elə seçicilərin birinin diliylə cavab verib. 35 yaşlı Lamiyə Həsənova deyib ki, onlar seçkinin nəyisə dəyişəcəyinə heç inanmayıblar da, çünki bu ölkədə seçkilər heç nəyi dəyişmir.

SEÇKİLƏRİ BURADA MÜZAKİRƏ ET
XS
SM
MD
LG