Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:38

Rasim Qaraca "Sizif və tələbə" (Pritça)


Sizif tanrıların ona cəza kimi göndərdiyi daş parçasının üstündə oturub güc toplayır, bu daşı yenidən dağın zirvəsinə necə qaladıracağını düşünürdü.

Bu zaman cavan bir tələbə ona yaxınlaşdı:

- Ey müdrik qoca Sizif, görürəm sən çox zəhmətkeş bir insansan, həyatda böyük təcrübən var. Səndən soruşmaq istədiyim bir məsələ var. Mənə yardım edərsənmi?

Sizif başını qaldırıb cavan oğlanın üzünə baxdı, bir az yana əyilərək onun kölgəsində gizlənməyə çalışdı, heç bir söz deməsə də, eşitməyə hazır bir görkəm aldı.

- Mən bir tələbəyəm, oxuyub filosof olmağı qarşıma məqsəd qoymuşam. Ancaq bu sahədə heç cür irəliləyə bilmirəm. Mümkünsə mənə yol göstər: necə edim ki, mən də oxumuş bir insan olum, beynim biliklərlə dolsun?

- Bunun sadə bir yolu var, - Sizif tələsmədən cavab verdi, - gərək kitablarla təmas qurmağı öyrənəsən, kağız üzərində düzülmüş hərfləri birləşdirib sözə çevirməyi və o sözün ifadə etdiyi mənanı təsəvvüründə canlandırmağı bacarmalısan.

- Möhtərəm Sizif, mən bunları bilirəm, - dedi tələbə. - Ancaq kitablarla mənim aramda böyük bir sədd var, nə qədər çalışsam da oxumağa, elm öyrənməyə qəlbimdə bir həvəs tapa bilmirəm. Bax bu çətinliyi aradan qaldırmaqdan ötrü səndən məsləhət almaq istəyirəm.

Sizif saqqalına sığal çəkib bir anlığa susdu, sonra belə dedi:

- Cavan oğlan, bax bu daşı görürsənmi, - əliylə altındakı daşı şappıldatdı. - Nə qədər zəhmətli də olsa mən onu dağın başına qaldırıram, ancaq üzüaşağı diyirlənəndə o, özü ilə bərabər yüzlərlə daş parçasını da yerindən qopardıb gətirir. Halbuki o daşları qoparmağa mənim gücüm çatmazdı. Mən bir iş görürəm, ancaq zəhmətimin on mislində nəticə əldə edirəm. Bu hadisədən sən özün üçün ibrət ala bilərsən. Yetər ki, yalnız bircə kərə zəhmət çəkib heç olmasa bir kitabı oxuyasan, oradan aldığın biliklər özüylə neçə-neçə yeni biliklər gətirəcək, bir də görəcəksən elmin qapıları qarşında birbə-bir açılmağa başladı.

Sizif bunları deyib ayağa qalxdı, tanrıları aldatmaq istədiyinə görə cəza kəsilmiş olan o daşı yenidən dağın kəlləsinə doğru qaldırmağa başladı.

Al günəşin altında bədənindən tər damcıları yerə sıçrayır, yarılmış ayaqlarından sızan qan izlərinə qarışırdı.

Nəhəng daş parçası üzüaşağı diyirlənərək, gerçəkdən, özüylə bərabər çoxlu daş parçalarını qoparıb dərənin dibinə tökdü.

Bir az keçmiş Sizif özü də ləngər vura-vura geri qayıtdı.

Tələbə hələ də çıxıb getməmişdi, bir kənara çəkilib baş verənlərə tamaşa etməkdə idi. Sizif əzab, yorğunluq və maraq dolu baxışlarla ona baxdı.

Tələbə günahkarcasına dilləndi:

- Əziz Sizif, bilirəm, sən mənim kal qafalı olduğumu fikirləşəcəksən. Ancaq mən sənin dediklərini düşündüm. Məsələ burasındadır ki, mənim daşım dağ ətəyində deyil, düzənlik bir yerdədir. Onu qaldıracağım bir zirvə olmadığına görə heç vaxt aşağı diyirlənə bilməz, özüylə bərabər qaya parçalarını da qopara bilməz.

Sizif dərin düşüncəyə qapıldı. Özünün dünyada ən əzabkeş insan olmadığını yalnız indi başa düşdü.

Çünki, daşı dağın təpəsinə qaldırmaq nə qədər əzablı olsa da, onun qaya parçalarını qoparmasında bir sevinc vardı, bir anlığa olsa da, bu insana xoşbəxtlik duyğusunu bağışlayırdı. Ancaq bu cavan oğlan ondan iki qat daha artıq əbədi əzaba tutulmuş bir insan idi.

Özünün nadanlıq yükünü, dayanıb dincəlmədən, ömrümün sonuna qədər daşımalıydı.
XS
SM
MD
LG