Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:37

Parlament seçkisi və bağban


İbadulla Həsənov deyir ki, həyat yoldaşı müstəqil namizədlə görüşə getdiyi üçün işdən çıxarılıb
İbadulla Həsənov deyir ki, həyat yoldaşı müstəqil namizədlə görüşə getdiyi üçün işdən çıxarılıb
Cəbrayıl köçkünü İbadulla Həsənov deyir ki, 9 ilə yaxındır Cəbrayıl rayon Polis Şöbəsində bağban işləyirmiş. Həyat yoldaşı oktyabrın 29-da 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən bitərəf namizəd Xalisə Şahverdiyevanın məcburi köçkün qəsəbələrində seçicilərlə keçirdiyi görüşlərə getdiyinə görə onu işdən çıxarıblar.

“RƏİS DEDİ DÖVLƏTDƏN MAAŞ ALIRSAN, BELƏ OLMAZ”


İbadulla Həsənovun sözlərinə görə, noyabrın 1-də Cəbrayıl rayon Polis Şöbəsinin rəisi Araz Şahverdiyev ona həyat yoldaşının bitərəf namizədin görüşünə getməsini irad tutub. Sonra bu irad şöbə rəisi tərəfindən işçiyə qarşı daha kəskin addımla əvəz edilib və o işdən çıxarılıb:

“Həyat yoldaşımı rəis orda görəndən sonra gəldi şöbəyə, məni yanına çağırtdırdı, dedi ki, belə olmaz, sən dövlətdən maaş alırsan axı. Ayın 5-də rəis şöbənin qarşısında maşından düşüb yenə məni çağırdı, söyüb təhqir elədi”.

“QULAĞIMIN DİBİNƏ YUMRUQ İLİŞDİRDİ”

İbadulla Həsənovun sözlərinə görə, rəis ondan tələb edib ki, özü könüllü şəkildə ərizə yazıb işdən çıxsın: “Guya ki, öz xahişimlə işdən çıxmağıma dair mənə ərizə yazdırmaq istədi. Dedim ki, mən öz xahişimlə işdən çıxmaq istəmirəm axı, sən məni döyüb işdən çıxarırsan. Mən yazdırdığı ərizəyə imza atmaqdan imtina edəndə qulağımın dibinə yumruq ilişdirdi”.

İbadulla Həsənov deyir ki, rəisin hərəkətlərindən prezidentə, daxili işlər nazirinə və baş prokurora şikayət teleqramları vurub.

Dəfələrlə əlaqə saxlasaq da, Cəbrayıl rayon Polis Şöbəsinin rəisi Araz Şahverdiyevlə danışa bilmədik.

Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə AzadlıqRadiosuna bildirib ki, məsələ ilə bağlı Cəbrayıl rayon Polis Şöbəsinin rəisi Araz Şahverdiyevlə danışıb. Rəis bildirib ki, şöbədə bağban işləyən İbadulla Həsənovun işə davamiyyətli pis olub, bağban kimi üzərinə düşən işləri görməyib, bu səbəbdən də işdən azad edilib.

“EKSPERTİZA XƏSARƏT İZİ AŞKAR ETMƏYİB”

İbadulla Həsənovun rəisin hərəkətlərindən müvafiq orqanlara şikayət teleqramları vurmasına gəlincə, Orxan Mansurzadə deyir ki: “Yuxarı instansiyalara şikayətlər yollayıb ki, guya polis rəisi onu təhqir edib, xəsarət yetirib. Ancaq ekspertiza təyin olunub və ekspertizanın nəticələrinə görə, onun üzərində hər hansı fiziki təzyiq, xəsarət izi aşkar edilməyib”.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsində Şahverdiyev Astan Nüşrəvan oğlu qələbə qazanıb.

NAMİZƏDİN QARDAŞI HƏLƏ DƏ POLİSDƏ SAXLANIR

Müsavat Partiyasının üzvü Sabit Əliyev isə noyabrın 13-də Şərur rayon Polis Şöbəsinə aparılıb.

“AXCP-Müsavat” seçki blokunun 2 saylı Şərur seçki dairəsindən namizədi Səxavət Əliyev qardaşı Sabit Əliyevin polisə aparılmasını onun seçki dövründəki fəaliyyəti ilə izah edib. O deyir ki, qardaşı noyabrın 11-də yaşadığı Püsyan kəndində seçki günü saxtakarlığa şərait yaratmış məntəqə üzvlərinin qohumları ilə mübahisə edib.

Səxavət Əliyevin sözlərinə görə, onlardan biri polisə gedərək guya qardaşının onu döydüyünü iddia edib. Bu iddia əsasında Sabit Əliyevi ayın 12-də polisə aparıblar. Araşdırma zamanı tutarlı sübutlar ortaya çıxmadığından onu həmin gün şöbədən buraxıblar. Amma sabahı gün Sabit Əliyev yenidən polis şöbəsinə aparılıb və hələ də şöbədə saxlanılır.

MÜSTƏNTİQ SUSUR

Namizəd Səfərov
Şərur rayon Polis Şöbəsinin müstəntiqi Tofiq Hüseynov AzadlıqRadiosunun bu barədə suallarına cavab vermək istəməyib, deputatlığa keçmiş namizəd Səxavət Əliyev isə qardaşının polisdə saxlanmasını özünə qarşı təzyiq hesab edir.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, Həbibbəyli İsa Əkbər oğlu 2 saylı Şərur Seçki Dairəsindən qalibdir.

HÜQUQŞÜNAS: MƏHKƏMƏDƏ İDDİA QALDIRMALIDIR

Hüquqşünas Namizəd Səfərov isə deyir ki, belə yazılmamış cəza tədbirlərinə görə işdən çıxarılan məhkəmədə mülki qaydada iddia qaldırmalıdır:

“Və sübut etməlidir ki, onu formal olaraq əmrdə yazılan səbəbə görə deyil, seçkilərdə öz iradəsini ifadə etməsinə görə işdən çıxarıblar. Düzdür, məhkəmələrdə onların hüquqlarının bərpası çətin olacaq, ancaq hər bir halda bütün məhkəmə prosedurlarını keçə, hətta Avropa Məhkəməsinədək gedib hüquqlarının bərpasına nail ola və işə bərpa oluna bilər”.

Hüquqşünas hesab edir ki, dövlət büdcəsindən maliyyəşən idarələrdə çalışan insanların seçkilərdə öz iradəsini ifadə etmələrinə görə işsiz qalmaları budəfəki seçkilərdə hakimiyyətin yeni repressiv addımlarından biridir.
XS
SM
MD
LG