Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

FH: «Azərbaycan hökumətinə imkan vermək olmaz...»


Devid Kramer
Devid Kramer
Amerikada yerləşən beynəlxalq qeyri-hökumət təşkilatı - “Freedom House”un yeni rəhbəri Devid Kramer noyabrın 18-də AzadlıqRadiosuna məxsusi müsahibə verib. O əvvəllər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini olub.

- Təşkilatın yeni sədri kimi Azərbaycanla bağlı strategiyanız necə olacaq?

- Azərbaycanda insan haqlarının vəziyyətini diqqətdə saxlamaqda davam edəcəyik.

Bu yaxınlarda Azərbaycanda keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğun deyildi.

“Mən blogger Adnan Hacızadənin azadlığa buraxılmasını alqışlayıram. Amma həm də inanmaq istərdim ki, azadlığa buraxılandan sonra ona bəraət də veriləcək. Belə görünür ki, onun əsas narahatlığı təqsirli bilindiyi ittihamların ləğv edilməməsidir”.

D.Kremer deyib ki, bloggerin azadlığa buraxılması Azərbaycanın beynəlxalq aləmdə üzləşdiyi bəzi tənqidlərin, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinin həbsdəki jurnalistin işiylə bağlı çıxardığı qərarın, son parlament seçkiləri ilə bağlı səslənən tənqidlərin qarşısında atdığı addım ola bilər.
Azərbaycanda azad seçkilərin keçirilməsi, partiyalara seçki zamanı bərabər şəraitin yaradılması ilə yanaşı mətbuat, fikir, sərbəst toplaşmaq azadlıqları da təşkilatımızın diqqət yönəldəcəyi əsas sahələrdən olacaq.

İnsan haqları və azadlıqları ilə bağlı hazırladığımız hesabatlarda Azərbaycandakı vəziyyətə yer ayırmaqda davam edəcəyik.

Hələ Amerika Dövlət Katibi köməkçisinin müavini olarkən iki dəfə Azərbaycana səfər etmiş, demokratiya ilə bağlı problemlərlə yaxından tanış olmuşdum.

“Freedom House”un rəhbəri kimi bundan sonra həm Azərbaycan rəsmiləri, həm də qeyri-hökumət sektoruyla ünsiyyət yolu ilə bu məsələlərə diqqət yönəltməyə çalışacam.

- Amerikanın əvvəlki prezident administrasiyası dövründə Azərbaycanla demokratiya ilə bağlı dialoq aparılırdı.

İndi də həmin dialoq davam edirmi?

Ümumiyyətlə sizin həmin dialoqla bağlı nə fikirdə olmağınızı bilmək maraqlı olardı?


- Hesab edirəm ki, dialoqun məqsədi hansısa bir nəticə əldə etmək olmalıdır, sadəcə masa ətrafında oturub nə barədəsə söhbət etmək yox.

Kramer Amerika Dövlət katibinin köməkçisi olarkən Bakıda Azadlıq Radiosuna müsahibə verir. 18 noyabr 2008
Əlbəttə bu tip ölkələrlə dialoq kanalının saxlanması vacibdir.

Amma söhbət insan haqları sahəsində dialoqdan gedirsə, bunun bir nəticəsi də olmalıdır.

Bu nəticə insan haqları ilə bağlı vəziyyətdə irəliləyişlərdə özünü göstərməlidir. Amma mən Amerika dövlət katibinin köməkçisi olarkən iştirak etdiyim belə dialoqda təəssüf ki, nəticə görmədim.

Xarici radiostansiyalar tezlikdən məhrum edilmişdi, jurnalistlər təzyiqlərə məruz qalmış, həbs edilmişdi.

Ümid etmək istərdim ki, blogger Adnan Hacızadənin azadlığa buraxılması Azərbaycan hakimiyyətinin bu məsələlərə diqqət yönəltməsinin nəticəsidir.

Mən buna ümid edirəm. Amma Amerika və Qərb ölkələrinin insan haqları məsələsində Azərbaycana - daha çox azadlıq və liberallaşmaya nail olmaq üçün - təsir göstərməkdə davam etməsi çox vacibdir.

İmkan vermək olmaz ki, Azırbaycan hakimiyyəti düşünsün ki, əgər Azərbaycanda enerji maraqları varsa, deməli Amerika insan haqları ilə bağlı məsələlərə göz yuma bilər.

Demokratiya məsələsi enerji və təhlükəsizlik məsələləri qədər mühümdür.

- Amma belə görünür ki, Azərbaycan hökuməti öz istəyinə nail olur.

Demokratiya Qərb dövlətlərinin Azərbaycanla bağlı əməkdaşlıq gündəmlərində ilk yeri tutan məsələ deyil. İlk yerlərdə Əfqanıstan, enerji və sair məsələlər var...


- Həqiqətən də Buş administrasiyası dönəmində Azərbaycanda demokratiya ilə bağlı problemləri qaldırmaq işi ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi səviyyəsi ilə məhudlaşdırılmışdı və daha yüksək səviyyəli Amerika rəsmiləri bu məsələlərin qaldırılmasında israrlı deyildilər.

İndi siz görürsüz ki, bu problem davam edir.

Ola bilər ki, kimsə daha yüksək səviyyədə səhnə arxasında Azərbaycan rəsmilərinə demokratiya ilə bağlı məsələlərdə təsir göstərmək istəyib. Mən buna inanmaq istərdim.

Əgər belə bir şey varsa, onu ancaq alqışlamaq istərdim. Amerikanın enerji, müdafiə nazirliklərində çalışan rəsmilər anlamalıdırlar ki, Azərbaycanda demokratiya məsələsi də onların məşğul olduqları sahələr qədər əhəmiyyətlidir.

Bu sözü Avropa ölkələrinin hökumətləri haqqında da demək olar.

- Azərbaycan rəsmiləri və hakimiyyətyönlü ekspertlər sizin təşkilatın hesabatlarını obyektiv saymır, Freedom House-u birtərəfli olmaqda, “müəyyən qüvvələrə xidmət etməkdə” ittiham edir. Sizcə, onlar niyə sizi ciddi qəbul etmirlər?


- Əvvəla onu deyim ki, bizim hesabatların kiminsə xoşuna gəlməməsi hələ həmin hesabatın ciddi qəbul edilməməsi demək deyil.

Freedom House təşkilatının hazırladığı hesabatlar Amerika və digər ölkələr tərəfindən xarici siyasətin müəyyən edilməsi zamanı istifadə edilir. Biz həmişə hökumətlərlə münasibətdə dialoq üçün qapını açıq qoyuruq.

Əgər onlar dialoq istəyirlərsə biz də məmnuniyyətlə onlarla ünsiyyət qururuq. Bizim hesabatlarımız heç də müxalifətçilərin, yaxud qeyri-obyektiv mövqeli şəxslərin fikirlərinə əsaslanmır.

Hesabatlarımız ölkəni, regionu yaxşı tanıyan təcrübəli insanların verdiyi məlumatlara əsaslanır.

Azərbaycan dünyada Freedom House təşkilatının hesabatlarını tənqid edən yeganə dövlət deyil. Amma mən ümid edirəm ki, onlar bizim hesabatlara ciddi yanaşacaqlar.

Demokratiya hər bir cəmiyyət üçün vacibdir.

Çünki insan haqlarının qorunduğu, insanların öz hökumətlərini seçdikləri cəmiyyətlər sabit olur.

Sabitlik isə cəmiyyətin inkişaf üçün ən vacib şərtlərdəndir.
XS
SM
MD
LG