Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Şərabın və kitabın yanında…


Günel MÖVLUD

7 il əvvəl mən sadə camaatın qapısını açmağa çəkindiyi böyük supermarketlərdən birində satıcı işləyirdim.

Parfümeriya və şərab bölməsində.

O vaxt da, bu gün də ölkənin taleyüklü məsələlərində söz sahibi olan insanlar – məşhur siyasətçilər, millət vəkilləri, yüksək çinli məmurlar, xalq yazıçıları, xalq artistləri, telekanal rəhbərlərindən ibarət daimi müştərilərim vardı.

Elə təkcə Kamal Abdullaya hər ay çox bahalı bir viski satırdım.

Aradan 7 il keçdi və mən pis-yaxşı publisist, şair, nə bilim, eləcənə ədəbiyyat adamı oldum.

Açığı, bu dəyişikliyin maddi vəziyyətimə siz deyən təsiri olmadı.

Hətta deyərdim ki, əksinə, o vaxt solçuluğum hələ belə dozalı olmadığından, ətirlərim, şampunlarım daha bahalılarından olurdu.

Baxmayın, gündəlik dövriyyəsi minlərlə manat olan dükanın satıcısı olmaq, qiyməti qəpik-quruş olsa da, min tirajla güclə satılan qəzetlərin yazarı olmaqdan «prestijli»dir bu ölkədə.

Sözüm onda yox, mən elə bu sadə həyatımdan da razıyam.

Məsələ başqa məsələdir, Aygün Kazımova demişkən, sözümün dalı hələ qabaqdadır.

Üç gün əvvəl Qanun Nəşrlər Evi ilə “Əli və Nino” kitab mağazaları şəbəkəsinin və üç sarıdimdik yazıçının – Nərmin Kamal, mən və Sahilə İbrahimovanın birgə əməkdaşlığını həyata keçirdik.

İşin mahiyyəti bundan ibarət idi ki, biz - üç yazar xanım hərəmiz bir gün kitab dükanında satıcı işləməli, alıcılara kitab seçməkdə yardım göstərməli idik. Kitabı yazıçının özündən alın! – layihənin prinsipi bu idi.

Yazar dostlarım hərəsi bir gün, mənsə könüllü olaraq elə üç günün üçündə də kitab satıcısı olduq.

İlk alıcılarla ünsiyyətə girəndə hiss elədim ki, supermarketdəki satıcılıq təcrübəmi bir damcı da yadırğamamışam.

Kitab satıcısı olduğum üç gündə özümü çox rahat və sərbəst hiss elədim. Yadıma köhnə işim, köhnə alıcılarım düşdü.

O köhnə alıcılarım ki, aralarında məşhur siyasətçilər, millət vəkilləri, xalq yazıçıları, telekanal rəhbərləri vardı.

7 il əvvəl məndən qiyməti sadə ailənin bir aylıq dolanışığına çatacaq məbləğdə olan içkiləri alan bu adamları üç gün ərzində kitab mağazasında görə bilmədim.

Yanlış anlamayın, onların içkiyə səxavətlə pul xərcləmələrini qınamıram, Əksinə, həmişə fikirləşirəm ki, içki elə kitab qədər işıqlı bir şeydir.

İkisinin də yanına olan adam kimi deyirəm: şərab da, kitab da insana çox gözəl şeylər verə bilər.

Ona görə də, məhz elə şərab satdığım adamları kitabın yanında görəcəyimə inanırdım. Amma 7 il əvvəlki alıcılarım kitab satmağımıza laqeyd yanaşdılar. Şərab sata bildiklərimizə kitab sata bilmədik.

Xəbərsiz idilər? Yox. Bunlar o adamlardır ki, səhərlərini, iş günlərini interneti açmaqla, qəzet oxumaqla, maşınlarında radionu işə salmaqla keçirirlər.

Bizsə internetdə də, qəzetlərdə də, radioda da yazıçıların satıcı olacağını günlərdi ki, elan eləyirdik. Amma çifayda, şərab alıcılarını oxucuya çevirə bilmədik.

Hətta mağaza ilə üzbəüz, səhv eləmirəmsə, 5 teatrın yerləşdiyi Gənc Tamaşaçılar Teatrının binasına gəlib-gedən aktyorlardan, rejissorlardan biri də dükana girmədi.

Alıcılarımız isə yenə də həmişəki ədəbiyyat həvəskarları, ciblərindəki bəlkə də son beş manatı kitaba verməyə hazır olan insanlar, daimi oxucularımız oldu.

Yuxarıda qeyd elədim ki, satıcılıq işi ilə vidalaşmağımdan 7 il keçir.

Bir vaxtlar satıcısı olduğum supermarketlə əlaqələrimi üzməmişəm. Arada baş çəkirəm, keçmiş iş yoldaşlarımla söhbət eləyirəm. Orada elə qızlar var ki, 7 ildir hələ də satıcı işləyirlər.

7 ildə dəyişməyən çox şey var: 7 ildir “Torqovı”da dilənçilik edən qara bir oğlan var ki, 7 ildir naşıcasına ifa elədiyi tütəkdə eyni havanı çalır.

Zərgərpalan küçəsindəki boz geyimli qadın 7 ildir ki, orada limon satır.

Həyətimizdəki səfil yeddi ildir ki, zibil qutularından quru çörək arıtlayıb, torbalara yığıb, aparır. Mən bu adamların hamısına görə ağrıyıram.

Amma 7 ildir ki, ətir, şərab, şirniyyat satan keçmiş iş yoldaşlarıma görə təəssüf eləmirəm. Qoy rahat yaşasınlar – bu ölkədə insanlar şəraba, ətirə, şirniyyata daha sadiqdirlər.

Mənsə alıcılarını oxucularına çevirə bilməyən uğursuz satıcı və yazıçıyam.

LENT.AZ

Həmçinin oxu
Cavid Zeynallı. Eehhh kitab, kitab, kitab...!!!
XS
SM
MD
LG