Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:39

Sehrbaz Mişa


Saakaşvilinin ən yaxşı seçimi hakimiyyəti konstitusion yolla özündən başqa kiməsə təhvil vermək olardı
Saakaşvilinin ən yaxşı seçimi hakimiyyəti konstitusion yolla özündən başqa kiməsə təhvil vermək olardı
Bir neçə ay sonra təkrar Tbilisidə bir-iki gün keçirəndən sonra anladım ki, Saakaşvili yenə hakimiyyətdədir. 2 il əvvəl, avqustda Rusiyaya qarşı müharibəni uduzanda, hamı onun gedəcəyi günləri sayırdı. Amma bu gün Saakaşvili yenə öz ölkəsinin mübahisəsiz lideridir. Rəy sorğuları göstərir ki, ölkədə heç kim populyarlıqda onunla rəqabət apara bilməz.

Bunun bir neçə səbəbi var. Birincisi, Gürcüstan müxalifəti özü çox bəsit və parçalanmış qüvvədir. Onlar xalqı narahat edən problemlərlə bağlı şüarlar səsləndirməklə işi bitmiş sayırlar. Üstəlik, Gürcüstan müxalifətinin post-Sovet məkanında bütün müxalif qüvvələrin üzləşdiyi başqa problemi də var – pis təşkilatlanma, əyalətlərdə nümayəndəliklərin olmaması, televiziyaya çıxa bilməmə və maliyyə qıtlığı. Müxalifətə yardım etmək istəyənlərin vergi polisi tərəfindən incidiləcəyi təhlükəsi qalır. Gürcüstanın ən populyar müxalifət lideri İrakli Alazaniya isə hələ öz fikirlərini xalqa çatdırmaq üçün yetərli gücə sahib deyil.

Bütün bunlar öz yerində, ancaq indiki durumun ən başlıca səbəbkarı Saakaşvili özüdür. Saakaşvili hər kəsə az qala hər kəs kimi görünə bilən bir sehrbazdır. O, həm Atatürkdür (dövlətin banisi), həm Corc Buş (yeni mühafizəkar), həm Zviad Qamsaxurdiya (millətçi), həm də Vladimir Putin (amansız mərkəzçi).

POSTMODERN PREZİDENT

Hamının Mişa kimi çağırdığı Saakaşvilinin eyni zamanda həm senator Makkeyn, həm də Belarus prezidenti Lukaşenko ilə necə dostluq etməsini anlamaq da asan deyil. O, Vaşinqtonda respublikaçılara çağırış edə bilir, amma eyni zamanda İranla sadələşdirilmiş viza rejimi tətbiq edir. O, ölkəsini Dünya Bankının reytinqlərində biznes qurmaq üçün ən rahat ölkələrdən biri edə bilir, amma ölkəsində inhisarların əlindən də tərpənmək olmur...

Gürcüstan müxalifəti çox bəsit və parçalanmış qüvvədir
Ən maraqlısı, az qala bütün siyasi debatlarda o, eyni zamanda bütün qarşı tərəflərin yerinə danışa bilir. İstər Abxaziya və Cənubi Osetiya olsun, istər Avropa Birliyi ilə münasibətlərdən. Hətta bir dəfə deyib ki, o, müxalifətdə olsaydı, indiki hökumətin başına çoxlu problemlər açardı. Yəni, Saakaşvili bir növ postmodern bir prezidentdir.

Bəziləri deyə bilər ki, Gürcüstan kimi ölkənin sabitliyi üçün məhz onun kimi siyasətçiyə ehtiyac var. Bəziləri əksini iddia edə bilər. Amma bir fakt var ki, bu vəziyyət bir gün bitməlidir və necə bitəcəyini hələ bilən yoxdur. Köhnə-hamıya tanış əhvalatdır: bir lider sistem yaradır və mərkəzində özü olur. Bacardıqca bu sistemi davam etdirməyə çalışır. Bir zaman anlayır ki, hakimiyyətsiz həyatını davam etdirə bilməz, O biri tərəfdən, hakim elitadakı ziddiyyətləri sabitləşdirmək onsuz mümkün olmayacaq deyə, hakimiyyəti davam etdirməlidir.

SAAKAŞVİLİ PUTİNSAYAĞI HAKİMİYYƏTDƏ QALA BİLƏR


Necə? Gürcüstanın oktyabrda qəbul olunan yeni Konstitusiyası prezidentin səlahiyyətlərinin bir çoxunu Baş nazirə verməyi nəzərdə tutur. Bu Konstitusiya məhz Saakaşvilinin 2-ci səlahiyyət müddətinin bitdiyi zaman qüvvəyə minəcək, yəni Saakaşvili Putinsayağı hakimiyyətdə qala bilər.

Gürcülər xatırlayır ki, öncəki 2 prezidentdən heç biri seçkiylə hakimiyyətdən getməyib. Qamsaxurdiya zor gücünə devrilib, Şevardnadze isə «Qızılgül» inqilabıyla. Saakaşvilinin də ən yaxşı qanuni seçimi hakimiyyəti konstitusion yolla özündən başqa kiməsə təhvil vermək olardı.

Çünki onun bu postmodern stili də heç də həmişə işləyə bilməz. Gələn il Gürcüstanı iqtisadi cəhətdən çətin qərarlar gözləyir. 2008-ci ildə verilən Qərbin yardımları bu il başa çatacaq, investisiyalar azalıb, daxili borclanma 2012-ci ildə pik həddinə çatacaq. Yəni, elə indi idarə üsulunun dəyişikliyə ehtiyacı var: lider daha az vədlər verməli, daha çox reallıqdan çıxış etməlidir. Bunu isə sehrbaz Mişa elə də bacarmır.
XS
SM
MD
LG