Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:45

Bir işsizin Məşğulluq Mərkəzi yollarında keçən 7 ili


İndiyə kimi Elsevər Məmmədova bir neçə iş təklif olunub
İndiyə kimi Elsevər Məmmədova bir neçə iş təklif olunub
«Oğurluq eləsəm, onda qanun işləyəcək, tutub həbsə atacaqlar, balalarım qalacaq yetim, yiyəsiz. İndi mən cinayət eləmirəm, haqlarımı tələb edirəm, qanuna beləmi riayət edirlər, mənim hüquqlarım beləmi qorunur?».

Dövlət Neft Akademiyasının Sumqayıtdakı yataqxanasında məskunlaşan qaçqın Elsevər Məmmədov deyir ki, iki azyaşlı uşağı var. İxtisasca 4-cü dərəcəli elektrikdir və 7 ilə yaxındır işsiz kimi Sumqayıtdakı Məşğulluq Mərkəzində qeydiyyatdadır.

Bu illər ərzində Məşğulluq Mərkəzinə ayaq döysə də, ona ixtisasına uyğun iş verilmir. Deyir ki, ona hər dəfə qeyri-rəsmi işlər təklif olunur, həmin işlərdə 1-2 ay işlədikdən sonra əməkhaqqı verilmədiyindən onunla işə qeyri-qanuni götürən arasında mübahisə baş verir, hər dəfə də bu mübahisədən itirən o olur. Əməkhaqqısı ödənilmədən işdən qovulur.

«MƏNİ İŞLƏDİRLƏR, PULUMU VERMİRLƏR»

Çünki bu işlərdə onunla əmək müqaviləsi bağlanmır: «Axırıncı dəfə mənə iş tapdılar. Ancaq sahibkar mənimlə əmək müqaviləsi bağlamadan tikintidə fəhlə kimi işlətdi, pul vermədi. Mən təzədən Məşğulluq Mərkəzinə müraciət elədim ki, bu adam məni işlədir, ancaq əməkhaqqı vermir. Məşğulluq Mərkəzindən ona zəng vurub dedilər bu adamın ailə vəziyyəti pisdir, pulunu kəsmə».

Elsevər Məmmədov deyir ki, Məşğulluq Mərkəzinə müraciətindən qəzəblənən sahibkar onu işdən qovub: «Dedi, sən məndən şikayət eləmisən, bu gündən səni işdən çıxarıram».

Sumqayıt Məşğulluq Mərkəzinin direktoru Şəfa Əliyev Elsevər Məmmədovun uzun illərdir ki, mərkəzdə işsiz kimi qeydiyyatda olduğunu təsdiqlədi. Onun sözlərinə görə, indiyə kimi Elsevər Məmmədova bir neçə iş təklif olunub.

«BİZ İŞ TAPIRIQ, SONRASI BİZLİK DEYİL»

O, işlə təmin olunsa da, heç yerdə 2 aydan artıq duruş gətirməyib: «Harda işləyirsə, bir həftə keçəndən sonra başlayır maaş tələb etməyə, indiki vaxtda da sahibkardan maaş tələb edəndə elə bil başına daş vurursan». O ki qaldı ona tapılan işlərdə əmək müqaviləsi olmadan işləməsinə və aldadılmasına, mərkəzin direktoru deyir ki, onların vəzifəsi müraciət edəni işlə təmin edənədəkdir. Mərkəz işlə təmin etdiyi şəxsin sonrakı taleyini izləmək səlahiyyətində deyil:

«Çox təəssüf ki, əmək məşğulluq orqanları buna nəzarət eləmir. Heç olmasa 3 gün ərzində əmək kitabçasının açılmasına nəzarət funksiyası bizdə olsaydı, biz 3 gün sonra tələb edərdik ki, ona əmək kitabçası açılsın. Əmək kitabçası açılanda avtomatik olaraq mütləq əmək müqaviləsi bağlanır».

Şəfa Əliyev deyir ki, buna nəzarət Dövlət Əmək Müfəttişliyinin səlahiyyətindədir.

Anar Qasımov
Hüquqşünas Anar Qasımov isə deyir ki, vətəndaşın məşğulluq mərkəzləri vasitəsi ilə işə düzəlməsinin qaydası ondan ibarətdir ki, vətəndaş müraciət edir, işsiz kimi qeydiyyata düşür, ona ixtisasına uyğun işlər təklif olunur.

İŞSİZİN İKİNCİ BƏLASI - ÜNVANLI SOSİAL YARDIM


Vəkil deyir ki, vətəndaş bu işi qəbul edirsə, onunla həmin yerdə əmək müqaviləsi bağlanaraq işə götürülür. Əgər vətəndaşla əmək müqaviləsi bağlanmırsa, deməli o, işçi deyil və işə götürülməyib. Belə olan halda o, Məşğulluq Mərkəzi tərəfindən işlə təmin olunmuş hesab olunmur. Hüquqşünas deyir ki, Məşğulluq Mərkəzi iş axtaranın əmək müqaviləsi ilə işə düzəlməsinə nəzarət etməlidir:

«Çünki onlar neçə nəfəri işlə təmin etdiklərinin qeydiyyatını aparırlar, onların göndərişi ilə gedən işçilərin əmək müqaviləsinin bir surətini də alıb işə tikirlər ki, biz bu qədər adamı işlə təmin etmişik».

Elsevər Məmmədovun problemi işsizliklə tükənmir. O, aztəminatlı ailə başçısı kimi ünvanlı sosial yardımını da ala bilmir: «May ayından gedib-gəlirəm, axırda mənə sentyabrın 1-dən ayda 120 manat olmaqla sosial müavinət təyin etdilər. Ancaq hələ də ala bilməmişəm. İndi də bəhanə edirlər ki, plastik kart yoxdur. Deyirlər sən pulu ən tezi dekabrın sonlarında ala bilərsən».

«PLASTİK KARTIMIZ YOXDUR, NƏ VAXT OLACAQ, BİLMİRƏM»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Sosial Müdafiə Mərkəzinin baş məsləhətçisi Telman Quliyev də Elsevər Məmmədovun ünvanlı sosial yardımının verilməsində gecikmənin eyni səbəbindən danışır.

«Mənim də məlumatım bundan ibarətdir ki, kart sifarişində gecikmə var, ancaq nə səbəbdən gecikir və nə vaxt olacaq, onu deyə bilmərəm» – bunu Telman Quliyev deyir.

Hüquqşünas Anar Qasımov isə deyir ki, ünvanlı yardım vətəndaşın müraciət etdiyi ayın 1-dən hesablanır. Təyin olunması barədə qərar qəbul edildikdən sonra da gecikdirmə olmadan ödənilməlidir: «O ki qaldı bizim plastik kartımız yoxdur deyib gecikdirməyə, bu, qanunsuzdur və əsassızdır. Ünvanlı dövlət sosial yardımını vətəndaşlara verməli orqanlarda bu kartlar hər zaman olmalıdır. Kartın olmaması vətəndaşın deyil, həmin kartların vaxtında verilməsi həmin orqanın borcudur».

Hüquqşünas deyir ki, vətəndaş süründürməçiliklə bağlı əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi məktubla müraciət etməlidir. Əgər nəticə əldə edə bilməsə, o zaman məhkəməyə müraciət edə bilər.

Elsevər Məmmədov isə deyir işim qalıb Allaha: «Qara fəhləlik edirsən, havayı işlədirlər, qanunla dövlətin Məşğulluq Mərkəzinə müraciət edirsən, yenə havayı işlədirlər, hələ üstəlik narazılığını bildirəndə qovurlar da».
XS
SM
MD
LG