Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:58

İranda sosial elmləri universitet proqramlarından çıxarırlar


Tədris olunan proqramın 70 faizi yenidən gözdən keçiriləcək
Tədris olunan proqramın 70 faizi yenidən gözdən keçiriləcək
İranda ali məktəblərdə sosial elmləri islami standartlara uyğunlaşdırmaq ideyası artıq gerçəkləşməyə başlayır.

Oktyabrda İran Təhsil İdarəsinin rəhbəri Əbülfəzl Hassani planı elan etmişdi. Plana əsasən, 12 sosial elm üzrə təhsil proqramı Qərb dəyərləri üstündə formalaşdığı üçün dəyişdiriləcək və İslamın əsaslarına uyğunlaşdırılacaq. Sosial elmlər deyəndə, İran rəsmiləri hüquq, fəlsəfə, idarəetmə, siyasət, psixologiya, gender araşdırmaları və insan haqlarını da bura aid edirlər.

Hassani çıxışında bildirmişdi ki, müəyyənləşdirilən 12 elm və ya fənnlə bağlı yeni kafedraların açılmasına imkan verilməyəcək. Hal-hazırda tədris olunan proqramın da 70 faizi yenidən gözdən keçiriləcək. Bütün bu dəyişiklikləri 2011-ci ilin yayına qədər başa çatdırmaq nəzərdə tutulur.

Sosial elmlərin dəyişdirilməsi planları ölkə universitetlərində təhsil alan iranlı gəncləri narahat edir.

SOSİAL ELMLƏR İRANDA HAKİMİYYƏTDƏ OLAN DİNİ FANATİKLƏRƏ MANE OLUR

Tehran Universitetlərindən birində təhsil alan 29 yaşlı gənc deyir ki, bu dəyişikliyin səbəbi heç də nəyinsə İslamın əsaslarına uyğun gəlib-gəlməməsi deyil. Onun fikrincə, İran rəsmiləri düşünür ki, sosial elmlər gənclərdə tənqidi təfəkkürün formalaşmasına yardım edir. Bu isə onlara sərf etmir:

«Sosial elmlər indi İranda hakimiyyətdə olan dini fanatiklərə çox mane olur. Çünki onlar yeni ideyaların yaranmasına qarşıdırlar. Ancaq unudurlar ki, yeni ideyalar daha çox qeyri-rəsmi dairələrdə yaranır, nəinki ali məktəblərdə və təhsil ocaqlarında. İrandakı universitetlər çoxdan yalnız elmi dərəcə verən quruma çevriliblər».

İlk dəfə 2009-cu ilin avqustunda, seçkisonrası iğtişaşların ardından çıxış edən ali ruhani lider Ayətullah Xameneyi sosial elmlərin islahatına ehtiyac olduğunu demişdi. Xameneyi bu elmləri dini prinsiplərə qarşı şübhə oyatdığı üçün tənqid eləmişdi.

İqtidar akademik çevriliş etmək istəyir
Onun ideyalarını İrandakı yarımhərbi «Bəsic» birləşməsinin rəhbəri Məhəmməd Rza Nəqdi və məhkəmə sisteminin başçısı Cavad Laricani də dəstəkləmişdi.

İNSANLARIN ƏLLƏRİNİ KƏSMƏK ƏMRİ VERƏNLƏR İNSAN HÜQUQLARINDAN DƏRS KEÇMƏK İSTƏYİR


İrandakı Azad Universitetində idarəetmə üzrə dərəcə alan Səod deyir ki, rəsmilərin sosial elmləri dəyişmək cəhdi uğursuzluğa düçar olacaq. Çünki, bu elmlərin yerinə keçməyə onların heç nəyi yoxdur:

«Son 30 ildə bu dedikləriylə bağlı neyləyiblər ki, indi ondan istifadə etsinlər? İnsanların əllərini kəsmək əmri verənlər indi insan hüquqlarından dərs keçmək istəyir. Onlar 1400 il əvvəl yazılan qanunları bərpa edib, tətbiq etmək istəyirlər. Amma edə bilməyəcəklər, çünki biz elə dövrdə yaşayırıq ki, insanların fikirləri və hərəkətlərini nəzarət altına almaq mümkün deyil».

Adını açıqlamayan başqa biri, Azad Universitetindən fəlsəfəni öyrənən tələbə deyir ki, indiki islahat ötən ildən İranda universitetlərə başlanan hücumun davamıdır. Onlar Mahmud Əhmədinejatın prezident elan edilməsindən sonra etiraz səsini ucaldanlardan qisas alırlar.

İQTİDAR AKADEMİK ÇEVRİLİŞ ETMƏK İSTƏYİR


İrandakı «Advar Təhkim Vəhdət» adlı tələbə təşkilatından adını açıqlamayan üzvü deyir ki, təhsil proqramını dəyişmək cəhdi alınsa, ölkəni çoxlu gənc tərk edəcək. Başqa yerdə bu elmləri öyrənməyə gedə bilməyənlər isə savadsız qalacaq.

İran prezidentliyinə keçmiş namizəd, islahatçıların liderlərindən Mir Hüseyn Musəvi isə bildirib ki, ötən il iqtidar ölkədə seçkini saxtalaşdırdı, siyasi çevriliş etdi. İndi də akademik çevriliş etmək istəyir:

«İran rejimi keçmiş kommunist liderlərinin siyasətini davam etdirmək istəyir, amma unudurlar ki, o totalitar rejimlərin yoluyla gedən rejimin də axırı elə Sovetlərin axırı kimi olacaq».
XS
SM
MD
LG