Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:58

Məktəblərdə yenə süpürgə, yenə fond pulu...


Uşaqlardan hər həftə 5-10, bəzən 15-20 manat pul istəyirlər
Uşaqlardan hər həftə 5-10, bəzən 15-20 manat pul istəyirlər
«Adi şərəf löhfəsinə uşaqların şəkilini vururlarsa, ona da 20 manat pul istəyirlər. Nə bilim, məktəbin xırda problemi varsa, ona da valideynlərdən pul istəyirlər».

Asif Haqverdiyev Bakıdakı orta məktəblərin biridən şikayətçidir. Deyir ki, dərslərin üç ay əvvəl başlamasına baxmayaraq, iki azyaşlı övladının müəllimlərinə pul verməkdən bezib. İddiasına görə, uşaqlardan hər həftə 5-10, bəzən 15-20 manat pul istəyirlər. Asif Haqverdiyevin aylıq qazancı isə 350 manatdır:

MİLÇƏKÖLDÜRƏN PULU...

«Hətta KVN-də deyildiyi kimi, milçəköldürənə də pul yığırlar. İki övladım oxuyur o məktəbdə, ötən həftə hardasa onlara 15 manat pul vermişəm».

Asif Haqverdiyevin sözlərinə görə, uşaqlara pul verməyəndə də olmur. Onlara psixoloji təsir göstərirlər, bütün şagirdlərin qarşısında utandırırlar:

«Verməyəndə uşaqları elə bir formada diskindirirlər ki... Bu barədə nazirə də yazmışam, amma hələ cavab gəlməyib».

Asif Haqverdiyev şagirdlərdən pul yığan müəllimlərdə günah görmür, deyir ki, yuxarıdan deyirlər, onlar da deyiləni icra eləməyə məcburdurlar:

«İNANMIRAM Kİ, MÜƏLLİM ÖZBAŞINA ADDIM ATSIN»

«Təbii ki, hər şey mərkəzləşdirilmiş qaydada baş verir. Mən inamıram ki, hansısa məktəbin müəllimi özbaşına addım atsın».

Asif Haqverdiyevin şikayətçi oldugu orta məktəbdən məsələyə hər hansı münasibət öyrənmək mümkün olmadı. Elə bu səbəbdən də həmin məktəbin adını hələlik burada çəkmirik.

«ZƏNG ETSİNLƏR, TƏDBIR GÖRƏK»

Zəminə Əliqızı
Bakı şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə Əliqızı isə övladından pul istənilən valideynə qurumun 441-06-99 saylı «qaynar xətti»nə zəng etməyi məsləhət görür:

«Zəng eləsin araşdıraq görək nə məsələdir».

Araşdırma aparmazdan əvvəl Zəminə Əliqızı valideynlərə həm də tövsiyə edir ki, müəllimlərə pul verməsinlər.

«BUDUR MƏSƏLƏNİN MAHİYYƏTİ...»

Təhsil məsələləri üzrə ekspert Nabatəli Qulamov isə orta məktəblərdə şagirdlərdən pul yığılmasında siyası çalar olduğunu bildirir. Onun sözlərinə görə, kimin nə deməsindən asılı olmayaraq, orta məktəblərdə müxtəlif adlar altında pul yığılmasının qarşısını asanlıqla almaq mümkün deyil.

Üstəlik o qeyd edir ki, məktəblər Təhsil Nazirliyinin tabeliyində olsa da, əsas söz sahibi icra hakimiyyətləridir:

«İcra hakimiyyətləri hansı havanı çalırsa, məktəblər də o havanı oynayır. Nazirlik məktəblərdə rüşvətin qarşısını almaq gücündə deyil. Ona görə, məktəblər hamısı siyasətə cəlb olunublar. Məktəb direktorları seçkini saxtalaşdırmaqla məşğuldurlar. Məktəblər də öz növbəsində göstərdikləri xidmətə görə pul yığırlar. Burda çətin bir şey yoxdur. Budur məsələnin mahiyyəti».

Nabatəli Qulamovun fikrincə, orta məktəblərdə rüşvətin qarşısını yalnız ölkə başçısının siyasi iradəsi ilə almaq olar:

ANTARKTİDA VƏ İSTİLİK SEVƏN BİTKİ...

«Yalnız ölkə başçısının siyasi iradəsi lazımdır buna. Biz istəyirik gedib Antarktidada nə isə istilik sevən bir bitki yetişdirək. Bu, mümkün deyil. Bunun üçün mühit dəyişməlidir, sonra bitkini yetişdirmək mümkün olsun».

Nabatəli Qulamov hesab edir ki, üstəlik, müəllimlərin maddi təminatı yaxşılaşdırılmalı, məktəblərin icra hakimiyyətindən asılılığına son qoyulmalıdır . Bundan başqa, məktəblər seçki marafonuna qoşulmayan müstəqil qurumlara çevrilməlidir.
XS
SM
MD
LG