Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:59

Zahid Oruc Turqut Ərin kitabına qarşı


Zahid Oruc
Zahid Oruc
Ana Vətən Partiyasından deputat Zahid Oruc dekabrın 1-də “Azadlıq” qəzeti ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. O nazirlikdən xahiş edir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri Turqut Ərin yazdığı və “Azadlıq” qəzetində dərc edilən “Azadlıqdan Tiranlığa” kitabının yaratdığı hüquqi məsuliyyət müəyyənləşdirilsin.

Bu barədə AzadlıqRadiosuna Zahid Oruc özü məlumat verib.

Deputat deyir ki, “Azadlıq” qəzeti oktyabrın 17-dən başlayaraq Turqut Ərin kitabını ardıcıl olaraq dərc edir. Həmin materiallarda Azərbaycanın müstəqillik qazandığı tarixi dövr, müasir dövlət quruculuğunun əsasları və Heydər Əliyevin şəxsiyyəti əleyhinə ağır ittihamlarla dolu fikirlər, cinayət məsuliyyəti doğuracaq tezislər və mülahizələr öz əksini tapıb.

“KİTABIN DƏRCİNİN ƏLEYHİNƏ DEYİLƏM, AMMA…”

Zahid Oruc bildirir ki, o, kitabın qəzetdə dərcinin əleyhinə deyil, sadəcə, həmin yazılar olduğu kimi verilməməlidir. Onun sözlərinə görə, kitabda yazılanlar olduğu kimi verildiyindən, bu, “Kütləvi informasiya vasitləri haqqında” Qanunun bir çox müddəalarının kobud pozuntusu ilə müşayiət olunur.

Zahid Oruc deyir ki, Turqut Ərin kitabında Azərbaycan dövlətinin və Heydər Əliyevin əleyhinə ağır ittihamlar yer alsa da, bunun qarşısının alınması, şərəf və layaqətin qorunma mexanizminin olmaması problem yaradır.

Deputata görə, digər tərəfdən “Eks-pezidentlərin statusu haqqunda” Qanunun olmaması da bu kimi məsələlərin çözülməsinə mane olur. O deyir ki, bu baxımdan şərəf və ləyaqətin, o cümlədən şəxsiyyətin qorunma mexanizmlərinin müvafiq olaraq hansı icra hakimiyyəti orqanına tapşırıldığı bəlli deyil.
Qənimət Zahid
Bu səbəbdən də Zahid Oruc bildirir ki, Ədliyyə Nazirliyi ciddi ittihamların hüquqi məsuliyyətini araşdırmalıdır.

Deputata görə, “Azadlıq” qəzeti mövzunu işləyərkən məsuliyyətli olmalı idi, həmin kitabı dərc edərkən ayrı-ayrı çox ciddi ittiham yaradacaq məqamları çıxmalı idi.

KİTABDA TƏHQİR YOX, CİDDİ TƏNQİD VAR


Amma Turqut Ərin “Azadlıqdan Tiranlığa” kitabını dərc edən “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid deyilən fikirlərlə razılaşmır. Onun sözlərinə görə, qəzetin dərc etdiyi kitabda təhqir elementləri yox, tarixi hadisələrə ciddi tənqid və fərqli yanaşma var:

“Azadlıq” qəzetində o kitabdan hissələr çap olunur və orda təhqir elementləri yoxdur. Kitabda kifayət qədər tənqid var. Bundan başqa, tarixi hadisələrə fərqli yanaşmalar var. Biz də Azərbaycan oxucusuna məlumat çatdırırıq ki, Türkiyədə belə bir kitab çıxıb. Və orda Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinə fərqli bir baxış var. Burda qeyri-adi nə var ki!?”.

Qənimət Zahid deyir ki, kitabda olanların hamısını olduğu kimi dərc etmirlər. Baş redaktora görə, etsələr belə, bunun deputat Zahid Oruca hər hansı bir aiddiyyatı olmamalıdır.

Zahid Orucun müraciəti iş gününün sonunda bizə məlum olduğundan Ədliyyə Nazirliyinin mövqeyini öyrənə bilmədik.

HÜQUQŞÜNAS NƏ DEYİR?

Ələsgər Məmmədli
Hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, çoxsaylı müraciətlər göndərilsə belə, bu, Ədliyyə Nazirliyinin səlahiyyətində olan bir məsələ deyil:

“Ədliyyə Nazirliyi özbaşına nə isə edə bilməz. Nazirlik qanunlardan doğan səlahiyyətini icra edə bilər. Ədliyyə Nazirliyinin elə bir səlahiyyəti yoxdur ki, hansısa qəzetdə nəyinsə getməsinə fikir bildirsin. Bu birbaşa mətbuat azadlığına müdaxilə olmuş olar. Ədliyyə Nazirliyinin vəzifə və səlahiyyətləri arasında olmayan məqamla bağlı ona 50 sorğu da göndərilsə belə “sorğununu cavabdehi mən deyiləm ” deyib onu geri qaytarmalıdır”.

1994-2000-ci illərdə Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri vəzifəsində çalışmış Turqut Ər o dövr Azərbaycan hadisələrindən bəhs edən kitab yazıb.

Bu günlərdə nəşr olunan və “Azadlıqdan Tiranlığa” adlanan bu kitabda 1994-95-ci illərdə sabiq prezident Heydər Əliyevlə Surət Hüseynov və Rövşən Cavadov arasında yaşanan qarşıdurma və digər bu kimi hadisələr də əksini tapıb.
XS
SM
MD
LG