Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:35

Xəbərçiliyə görə mükafat


FRANSA – DANOSÇULUQ, YOXSA HAKİMİYYƏTİ XƏBƏRDAR ETMƏ?

Fransada xəbərçiliyə böyük ehtiyatla yanaşırlar. Bunun da tarixi səbəbi var. Faşizm illərində Vişi rejimi dövründə ovaxtkı hakimiyyət adamları fransız müqavimət hərəkatına aidiyyatı olan və ya yəhudiləri gizlədən şəxslər haqda məlumat verməyə həvəsləndirirdi. Həmin vaxtdan çox şey dəyişsə də, müəyyən əlamətlər hələ də qalıb. İctimai düşüncədə danosçuluqla, hakimiyyəti xəbərdar etmək anlayışları arasında fərq qoyulur.

Qanunvericiliyə gəlincə, Fransanın Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsində dəqiq göstərilir ki, dövlət qulluqçuları bu və ya digər cinayət, yaxud digər ciddi qanun pozuntusu haqqında məlumat əldə edərlərsə, bu haqda dərhal baş prokurora xəbər verməlidirlər. Çox vaxt belə məlumatlara görə gizlilik təmin olunur, məbləği bir neçə min avroya gedib çıxan pul mükafatları verilir.

ÇİNDƏ BUNU XÜSUSİ SAYTLAR VASİTƏSİLƏ EDİRLƏR


Çində məmur özbaşınalığı, o cümlədən korrupsiya, israfçılıq barədə hakimiyyətə məlumat vermək alqışlanır. İnsan hüquqları haqqında son hesabatda xüsusi vurğulanır ki, hüquq pozuntuları haqqında xəbər vermək çox sadə və asandır. Təkcə əvvəllər olduğu kimi, məktub yazmaq yoluy ilə yox, yüzlərlə xüsusi saytlar, qaynar xətlər vasitəsilə də bu haqda məlumat vermək olar.

ALMANİYADA DANOSÇULUQ YALNIZ KORRUPSİYA İLƏ MÜBARİZƏ MƏSƏLƏSİNDƏ BƏYƏNİLİR

Almaniyada danosçuluq yalnız korrupsiya ilə mübarizə məsələsində bəyənilir
Almaniyada danosçuluq dövrü çoxdan geridə qalıb. İndi almanlar bunu təsəvvür edə bilmirlər ki, vaxtilə sosialist Almaniyasında - ADR-də hər 3 nəfərdən biri öz yaxınlarını güdürmüş. İndi dövlətin öz vətəndaşlarını izləməyə hüququ yoxdur. Yalnız xəyanət və bəzi xüsusi hallar istisnadır ki, bu da Konstitusiyada göstərilir. Almaniyada vətəndaşlar haqda məlumatlar toplamaq, saxlamaq və ötürmək ciddi qadağandır. Hətta vətəndaşların sosial məlumatlarının qorunması haqqında ayrıca qanun da var.

Danosçuluq yalnız korrupsiya ilə mübarizə məsələsində bəyənilir. Hər bir idarədə bunun üçün xüsusi səlahiyyətli şəxs var. İşçilər də bütün şübhəli məqamlar barədə həmin şəxsə məlumat verməyə həvəsləndirilir.

FİNLANDİYADA HAMI BU İŞLƏ MƏŞĞUL OLUR

Finlandiyada xəbər vermək, danosçuluq anlayışı yoxdur. Qanunsuz hərəkət törədən iş yoldaşı barədə məlumat vermək isə hər bir vətəndaşın borcu sayılır. Məlumat verən bunun üçün hər hansı mükafat da gözlənmir. Çünki hamı bu işlə məşğuldur.

Əksinə, özün buna hazır olmalısan ki, nəsə düzgün etməsən, kimsə sənin haqqında xəbər verər. Oğurluq, korrupsiya, zorakılıq faktları ictimailəşməlidir.

CƏNUBİ KOREYADA DÖVLƏTDƏN 2 MİLYON DOLLAR MÜKAFAT ALA BİLƏRSƏN


Cənubi Koreyada yoldaşlarının, rəislərinin qanunsuz əməlləri haqqında məlumat vermək çox sərfəlidir. Xüsusi ilə bu məlumat korrupsiya və ya dövlət vəsaitinin təyinatına uyğun istifadə olunmaması halları ilə bağlıdırsa.

Cənubi Koreyada buna görə 2 milyon dollaradək mükafat verirlər
Qanunvericiliyə görə, hansısa qanunsuzluğu aşkar etmiş şəxs bunun nəticəsində dövlətin qənaət etdiyi vəsaitin 5-20 faizi məbləğində mükafatlandırılır.

Qanunda mükafatın maksimum həddi də göstərilir. Bu məbləğ 2 milyon dollardan yuxarı ola bilməz. Əgər verilmiş məlumat yalan olsa, onda xəbər verənin özünü 1 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

POLŞADA BELƏLƏRİNƏ WHISTLEBLOWER, YƏNİ, FİTÇALAN DEYİRLƏR

Polşada öz rəislərini və ictimaiyyəti maliyyə maxinasiyaları, dələduzluq və vəzifədən sui-istifadə halları haqqında məlumatlandırmaq whistleblower adlandırılır. Yəni, fitçalan. Polşalıların bu ifadəni götürməsinə səbəb odur ki, öz dillərində informasiya verənlərlə bağlı sözlərin çox pis çalarları var.

Bir şey də var ki, bu ölkədə xəbər verənlərin hüquqlarının müdafiəsini təmin edən xüsusi təşkilat da yoxdur.

AZƏRBAYCANDA 37-Cİ İLLƏRİN ÇUĞULLARI MƏŞHUR OLUB


Azərbaycana gəlincə, çoxları sovet dövrünün, xüsusilə 37-ci illərin çuğulları haqqında eşidiblər. Sovet hökuməti əleyhinə danışanları xəbərçiləmək yaxşı ənənə sayılırmış. Rəsmən olmasa da, onların mükafatlandırılması haqqında da danışılır.

İndiki dövrdə isə qanunvericiliyə görə, cinayəti bilib xəbər verməmək özü cinayət sayılır. Mükafata gəldikdə isə, ayrı-ayrı cinayət işləri ilə bağlı maraqlı tərəflərin pul mükafatları təyin etmələri barədə xəbərləri oxumaq olar.

Son vaxtlar korrupsiyaya qarşı mübarizə ilə bağlı müxtəlif dövlət idarələrində qaynar xətlər yaradılıb ki, həmin telefonlara zəng edib özündə olan məlumatları verə bilərsən. Ancaq buna görə mükafat verilmir.

/Sayta hazırladı: Kəbiran Dilavərli/
XS
SM
MD
LG