Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:52

Türkiyədə yazıçılar nə qədər qazanır?


Orxan Pamuk
Orxan Pamuk
Azadlıq Radiosunun Türkiyə təmsilçisi


Oktyabrın 1-də İsgəndər Pala zəng edir: “Şah və Sultan” çıxdı. Kitabını Alfa yayınlarından al”.

Alfanın Cağaloğlundakı topdan satış mərkəzində 80 min adda kitab var.

Hər kitabdan ortalama min ədəd olsa, 80 milyon kitab edir. Kitab imperatorluğu.

“Şah və Sultan”ın ilk tirajına baxıram- 100 min ədəd.

Yazarın ilk tirajdan qazancı təxminən 150 min dollardır. İsgəndər Pala Türkiyədə sadəcə kitablarının qazancıyla yaşayan bir yazar deyildir- o, Uşak və Kültür universitetlərində dərs deyir, klassik ədəbiyyata dair şərhlərinə görə, İstanbul bələdiyyəsindən pul alır; İslam əsərləri fondunun başqanıdır, “Zaman” qəzetində ədəbiyyat və mədəniyyətə dair köşə yazıları yazır..

2008-ci ilin sentyabrında İletişim Yayınları Orhan Pamukun “Məsumiyyət muzeyi” romanını 100 min tirajla çap etmişdi - kitabın qiyməti və Pamukun “prestiji”nə görə, nəşriyyat Nobel mükafatı laureatına ilk nəşr üçün təxminən 400 min dollar ödəmişdi.

Dünya nəşriyyatlarından aldığı qonorarın miqdarına görə, Orhan Pamuk Türkiyənin ən çox qazanan yazarı sayılır.

Forbes jurnalının hesablamasına görə, 2007-ci ildə tanınınmış yazıçı kitablarının çapından təxminən 3 milyon dollar gəlir əldə etmişdi.

Mine Kırıkkanat
Türkiyə hüdudları daxilində isə kitabları ən çox satılan və ən çox pul qazanan türk yazıçısı - Əlif Şəfəqdir.

E.Şəfəq keçən il kitablarının satışından 2 milyon lirə (təxminən 1 milyon avro) qazanıb. 2009-cu ildə onun 522 min nüsxə kitabı satılıb.

Onun sufi şair Cəlaləddin Ruminin həyatından həsr edən "Eşq" romanı ölkədə çox populyardır.

1988-ci il. Özalın təkbaşına iqtidarda olduğu ikinci dönəm. “Hürriyyət”in köşə yazarı Emin Çölaşan hökumətin reytinqinin azaldığını hiss edərək “Turgut nereden koşuyor?” adlı kitabını bazara çıxarır.

Dəfələrlə təkrar nəşr edilən kitabın ümumi tirajı 270 min olur və köşə yazarı nəşriyyatdan təxminən 300 min dollar pul alır.

21 avqust 2010- Əskişəhər polis idarəsinin rəisi Hənəfi Avcı “Haliçte yaşayan Simonlar: dün devlet bugün cemaat” kitabını çap etdirir.

Bazara çıxdığı gün Türkiyənin gündəmini dəyişdirən kitabın indiyə qədərki rəsmi tirajı təxminən 600 min ədəd olmuşdur.

Kitab çıxandan 40 gün sonra həbs edilən Avcının qazancı təxminən 1 milyon dollardır...

2007-ci ilin əvvəlində ilahiyyatçı professor, dönəmin CHP millət vəkili Yaşar Nuri Öztürk “Allahın adıyla aldatmaq” kitabını çap etdirir- əsər qısa müddətdə 50 dəfə çap edilir və təbii ki, hər çap üçün müəllif nəşriyyatdan əlavə qonorar alır.

Xarici işlər naziri, beynəlxalq münasibətlər üzrə mütəxəssis, professor Əhməd Davutoğlunun “Strateji dərinlik” kitabının indiyə qədərki nəşr sayı 50-ni keçib...
Yazar, jurnalist, alim, polis rəisi- bu insanların müştərək xüsusiyyəti kitab yazmaq olub.

Və yazdıqları kitabın maddi qarşılığını Türkiyə və dünya standartlarında alıblar. Bu müəlliflərin hamısının kitabını özəl nəşriyyatlar çap edib.

Orhan Pamuk kimi, Əhməd Davutoğlu və Hənəfi Avcı da kitablarının çap etdirmək üçün özəl nəşriyyatların qapılarını döyüblər.

Bəli, işin ən mühüm nöqtəsi də elə budur: sərbəst dünyada yazarın ticari münasibəti dövlətlə yox, özəl nəşriyyatlarla, müğənninin münasibəti kaset firmalarıyla, rəssamın münasibəti qalareyalarla qurulur.

Başqa cür nə söz və fikri azad qılmaq mümkündür, nə musiqini, nə də incəsənəti.

Əhməd Davutoğlu
Dövlətlə yaradıcılığın iç-içə keçdiyi ortamların istehsal etdiyi məhsul- bağırmaqdan nəfəsi kəsilən bığlı şair, saqqallı aktyor, təqaüdə möhtac rəssam, bəndənizin də gözətçilik etdiyi şadlıq evi müğənnisi olur.

Qərb ölkələri sənət və ədəbiyyatı dövlətin hegemonluq alanı çizgisinin əks tərəfində tutduğuna görə, yaradıcılıq fenomeni öz naturasını qoruyub saxlaya bilir.

Bundan ən böyük maddi qazancı yenə də yaradıcı insanlar əldə edir.

Siz Orhan Pamukun dövlət nəşriyyatından kitab, Sezen Aksunun dövlət şirkətindən kaset çıxardığını ağlınıza gətirə bilirsinizmi?

Keçən ilin oktyabrında mədəniyyət və turizm naziri Ərtuğrul Günaya demişdim :” Niyə yaşayan bir Türk rəssamının tablosuna 1 milyon dollar verib almırsınız?

Heç olmasa, ilk dəfə yaşayan bir rəssam tablosunun 1 milyon dollara satıldığını görsün”. Cavabı ənənəvi idi :” Pulumuz yoxdur”.

Söhbətimizdən 1 ay sonra Ülkər şirkətlər qrupunun sahibi Murat Ülkər rəssam Burhan Doğançayın “Mavi simfoniya” adlı tablosuna auksionda 1.5 milyon dollar saymışdı. Doğançay mənə bunu demişdi :”Türkiyə vağzaldan uzaqlaşan qatarın sonuncu vaqonuna minməyi bacardı.

Bundan sonra həm rəssamlarımızın taleyi dəyişəcək, həm də Türkiyəyə dünyada maraq artacaq”.

Qazanc mənbələrinə görə, Türkiyədəki yazıçı və şairləri aşağıdakı kateqoriyalara bölmək olar:

1) Sadəcə kitablarından qazanc əldə edənlər- bu kateqoriyaya Türk nəsrinin tanınmış simaları olan Yaşar Kemal, Orhan Pamuk, Vedat Türkali v.b. daxil edilə bilər.

2006-cı ildə Nobel mükafatı alıb Harvardda dərs deməyə başlayana qədər Orhan Pamuk bəzi qəzetlərdən ona sifariş verilən mövzularda yüksək məbləğdə qonorarla yazılar yazırdı.

Yaşar Kamal
Yaşar Kemal isə arabir “Vətən”də Türkiyənin və dünyanın aktual gündəliyi ilə bağlı oxucuların hüzuruna çıxırdı. Şair Ataol Bəhramoğlu “Cümhuriyyət”də həftədə 2 dəfə yazsa da, daimi maaş yox, qonorar alır.

Mötərizə içində deyə bilərik ki, “Ergenekon” adı verilən prosesdən 2 ilə yaxındır ki, həbsdə olan “Cümhuriyyət”in Ankara təmsilçisi Mustafa Balbayın işdən çıxarılmasına etiraz edən Ataol Bəhramoğlu bir müddərt qəzetə yazmaqdan imtina etdi.

Dübarə mötərizə içində deyə bilərik ki, “Cümhuriyyət” Mustafa Balbayın qəzetdən aldığı maaşı hər ay onun ailəsinə ödəyir.

2) Əsas işi kitab yazmaqdan ibarət olan, ancaq qəzetlərdəki köşə yazılarından da qazanc əldə edən yazarlar- Türkiyədə kitabları ən çox satılan yazar olan Əlif Şəfəqin, eyni zamanda, “Habertürk” qəzetinin daimi köşə yazarı olması buna ən yaxşı örnək sayıla bilər. Çətin Altan (“Milliyyət”), Minə Kırıkkanat (“Cümhuriyyət”), Özdəmir İncə (“Hürriyyət”) yazdıqları köşə yazılarına görə, daimi maaş alırlar.

Çətin Altan “Milliyyət”dən ayda təxminən 20 min, Əlif Şəfəq “Habertürk”dən 10 min, Özdəmir İncə isə “Hürriyyət”dən 7 min dollar maaş alırlar.

“Cümhuriyyət”in maaşı isə daha azdır- Minənin ordan aldığı maaşın 3 min dollardan çox olduğunu zənn etmirəm.

3) Ali məktəblərdə dərs deyən, TV-lərdə proqramlar aparan, nəşriyyatların idarə heyətində olan yazar və şairlər də yazdıqları kitablardan əlavə gəlir əldə edən yaradıcı insanlardır.

4) Hətfəlik və ya aylıq jurnal çıxaran yazar qruplarının o işlərdən yüksək gəlir əldə etməsini demək olmaz.

Qəzet çıxarmaq isə bəri başdan zərərin altına girməkdir. Səhv etmirəmsə, bu cür təşəbbüsü axırıncı dəfə 90-cı illərin əvvəllərində “Aydınlık” qəzetini çıxaran Əziz Nesin edib...

Əlif Şəfəq
5) Bankların rolu- Mustafa Kemal Atatürkün qurduğu İş bankı bu sahədə lider sayıla bilər.

Bankın nəşriyyatı son illərdə antik ədəbiyyatdan XVİİİ əsr fransız filosoflarına qədər saysız-hesabsız kitab çap etmişdir desək- qətiyyən mübaliğə etmərik.

Nəşriyyatın səlahiyyətli nümayəndələri ilə son görüşümüzdə XİX əsrin ortalarına qədərki Azərbaycan ədəbiyyatından əsərləri çap üçün təqdim edə biləcəyimizi dedilər.

Dövlət başçısının Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi ilə bağlı imzaladığı qərarı nəzərə alsaq, Axundzadənin əsərlərinin Türkiyədə çapı üçün İş bankı nəşriyyatının önəmli bir unvan olacağını deyə bilərik. Ancaq bir şərtlə: tərcümə, şərh və kitablara yazılacaq olan ön sözlər hər cür ideologiyadan uzaq olmalıdır.

Yapı və kredit bankının nəşriyyatı isə müasir Türk və dünya ədəbiyyatının çapına üstünlük verir. Nəşriyyat bir neçə ay qabaq Yaşar Kamalın 36 cildliyini çap edərək, Türk ədəbiyyatının bu usta qələminə həyatı boyu aldığı ən yüksək qonorarı ödəyib.

Dünya kriteriyalarına uyğun olaraq, Yapı və kredit bankının nəşriyyatı ölümünün üzərindən 70 il keçməyən müəlliflərin əsərlərini çap edərkən onların səlahiyyətli nümayəndələrinə mütləq qonorar verir.

Nəşriyyat son illərdə Uilyam Folknerin bir çox əsərini çap edərək, qonorarı yazıçının adına olan fondun hesabına köçürdü. İş bankının çap etdiyi acınacaqlı “Hophopnamə” barədə yazmışdıq, Yapı və kredit bankının nəşriyyatından aldığımız məlumata görə, onlar indiyə qədər heç bir azərbaycanlı müəlifin əsərini çap planına belə daxil etməyiblər.

Türkiyədə kitab çapı, satışı və qələm əhlinin qazancı ilə bağlı məsələyə hansı prizmadan baxsaq, söz dönüb- dolaşıb eyni nöqtənin üstünə gəlir:

1) Sərbəst iqtisadi təşəbbüsə geniş meydan verilmədən bu işlərin infrastrukturunu yaratmaq mümkün deyildir;

2) Milli gəliri düzgün bölüşdürülməyən ölkələrin yaradıcı insanlarının ölkə idarəçilərindən asılı vəziyyətə düşmələri qaçınılmazdır.

Cəmiyyətin kitaba pul verən təbəqələrinin rəsmi maaşının 200-300 dollar olduğu ölkələrdə kitab satışını və yazar gəlirini siz hesablayın....

Təqaüdə bağlanmış yaradıcı insanlarla şadlıq saraylarının qabağında görüşənə qədər.....
XS
SM
MD
LG