Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:45

Sevinc Pərvanənin "Şəhər" romanının müzakirəsi başlanır


Yazıçı Sevinc Pərvanənin "Ən yeni ədəbiyyat" seriyasında çap olunmuş "Şəhər" romanından bir parça. Yaxın günlərdə tənqidçilərin iştirakı ilə romanın "Oxu zalı"nda müzakirəsinə başlayacağıq.


Almaz

(Qarımış qızlara həsr olunur...
)

Hər zaman bir O-dan bəhs etməyimiz daha çətin. Mən -in dili daha yüyrək.

Ona görə “O”nun yox, “Mən”in dilindən danışacağam olub –bitənləri. Onun və mənim birgə və ayrılıqda başımıza gələnləri.

O, danışmaq istəyərdi, amma tərəddüdləri vardı.

Səmimi ola bilməyəcəyinin özü də fərqində idi. İkimiz də mənim danışmağımı tərcih etdik.

Mən ona daha çox haqq qazandıra bilərdim. Hər halda belə düşündük.

Həm Mən danışarsam, buna daha tez inanarlar. Bir də ki, inanan inansın, inanmayan inanmasın. İnanmasalar daha yaxşı.

Uydurma deyib çox şeyin üstündən ötəcəklər. Amma birdən inandılar? Müəllifə dərs vermək istədilər, onda necə?

Ən yaxşısı elə inanmamalarıdır. Bəlkə əhvalatı elə O, özü danışsın.

O-nun dilindən danışsaq, müəllif kimi özümü daha çox sığortalamış olaram, deyilmi?

Kimsə də bir söz desə, deyərəm ki, mənim nə günahım var, qəhrəman belə davranıb, yaxud özündən asılı olmayan situasiyaya düşüb.

Mənim bir yazar dostum var. Hekayəsinin içindəki bir cümlədə yazıb ki, “əmim qızları gəzəyən idi”.

Əlbəəttə, söhbət əsərin qəhrəmanının əmisi qızlarından gedir.

Əmisi, əmisi qızları, hətta bibiləri, babası, nənəsi müəllifin üzünə tüpürüblər ki, “sən gözü ilə görmüş biqeyrətsən. Yekə kişisən, utanmırsan, öz

əmin qızlarının adına söz çıxarırsan?!” Bu əhvalatı eşidəndən sonra qorxuram vallah azərbaycanlılardan.

Bəlkə “Sən”ə müraciətlə yazım. Yox, onda da deyəcəklər ki, oxucudan yapışmışam, oxucudan nəsə istəyirəm.

Həm də bu illap çətin olar ki. Hər şeyi SƏNİN boynuna yıxmaq. Məşədi İbadın gününə düşdüm lap. Papağı belə qoysam, elə qoysam...

Bəlkə heç papağı qoymasam, ləçəyi bağlamasam? Bəlkə bağlasam?! Bəlkə heç nə yazmayım, burda bitirim yazını.

Oxucuya da yanıq verim ki, əşi sənin bu xırdaçılığın ucbatından bu boyda romanın başın bağladım. İndi oxu görüm, nə oxuyursan.

Birdən oxucu da desə ki, cərə yaz, cəhənnəmə yaz. Gözüm atırdı sənin cızma-qaralarından ötəri.

Yox. İntihara qədər yolu var bunun.

Qərara gəldim. Yazıram! Oxuyursuz oxuyun, oxumursuz oxumayın.

Heç olmasa yol gedərkən darıxanda da olsa, bir Allah bəndəsi tapılacaq ki, bu əhvalatı oxusun.

***

Mən olardım doqquz-on, O, olardı on üç-on dörd yaşlarında. Mənə hardasa qohumluğu da çatırdı.

Körpüdən keçmək məsələsi. Onunla həmin günədək bircə kəlmə də kəsməmişdik.

Amma kənardan çox duymuşdum onun yaraşığı, işgüzarlığı, təmizkarlğı barəsində.

Əkiz idilər, bir yumurta əkizi deyildilər amma. Yəni, bir-birinə qətiyyən oxşamırdılar.

Əkiz tayından daha qəşəng idi. Mənə elə gəldi ki, həmin gün onu tanıdım. Amma yanılmışdım.

Onu çox intim bir situasiyada yaxaladım. Özümdən qeyri-ixtiyari. Videonun yeni –yeni çıxdığı vaxtlar idi.

Özündən əvvəl söhbəti gəzirdi qəsəbədə. Kaseti qoyursan, ürəyin istəyən kinoya baxırsan deyə.

İstəyirsən qabağa çək, istəyirsən dala. Istəyirsən ortadan bax filmə.

Daha Aztv-nin heykəl başlı aparıcısının “indi də bədii filmə baxın” kimi cümləsini 24 saat səbirsizliklə gözləməyə hacət yoxdu.

Camaat deyirdi ki, vaxt vardı sehrli güzgü, uçan xalça nağıl idi.

Budu e, televizor, al sənə sehrli güzgü, al sənə təyyarə, uçan xalça. Hələlik heç kimin evində video yox idi. Amma prokatda video da vardı, video kasetlər də.

Bir də görürdün “xodgedən” oğlanlardan biri car çəkdi ki, bu gün axşam Van Dammın filan filmini gətirəcək.

Bütün qonşular, qadınlı-kişili, qocalı-uşaqlı yığılırdı həmin qardaşın həyətinə.

Televizoru qoyurdular həyətin hər tərəfindən görünən münasib bir yerə. Kinoteatr effekti yaradırdılar.

Sonra da oturub bir yerdə yay axşamlarında qarğıdalı yeyə-yeyə, tum çırtlaya-çırtlaya kinoya baxırdılar.

Ta gecə yarısınacan. Bu o vaxtlar idi ki, əyalətlərdə kinoklublar dağıdılır, avadanlıqları satılıb-sovulur, pərən-pərən edilirdi.

Onsuz da həmin klublara qadınların ayaq açması yasaq idi.

Gedənə qəhbə yarlığını yapışdırardılar. Açıq –aşkar fahişəliklə məşğul olan, rayonun tanınmış qəhbələrindən eləsi var idi ki, şəstlə gedirdi kinokluba.

Adətən belələri də rayonumuza gəlmələr idi. Oturub pornoqrafik filmə də baxırdılar.

Özü də bu qadınların köhnə peşə sahibi olduqlarını hamı bildiyi halda, etika xatirinə heç kim üzlərinə vurmazdı.

Yazığı gəlməyə yaxın bir hisslə də yanaşardılar onlara. Bu qadınlar yas məclislərinə gələr, toy məclislərinə də çağırılar, ədəb-ərkanla iştirak edərdilər.

Səhərin gözü açılar-açılmaz həyətində kino göstərilən evin arvadımı, qızımı yuxudan durar, axşamdan tökülən zir-zibili deyinə-söylənə təmizləyərdi.

Həmin gün bibimgilin həyətində dəm-dəsgah qurulmuşdu. Amma bu dəfə kinoya yox, daha ilginc bir şeyə baxırdı qəsəbə.

Bibimqızının bir həftə əvvəl olmuş toyuna. Camaat maraqdan axın-axın gəlirdi. Həyət teyxa adam idi.

Demək olar, bir həftə əvvəl toyda iştirak eləyənlərin hamısı orda idi.

Hətta toya çağırılmamış, toya gələn sütül qızlara baxmaq marağıyla ayağını əyləmiş, toy çadırının kənar-bucağından boylanmış, azan-təzənlər də bu dəm-dəsgahın sorağıyla taybatay açıq həyət darvazasının önünə düzülmüşdülər.

Özlərinə baxmaq marağıyla.

Toydan-toya yüzdən bir qız özünə oğlan tapdığından, toylardan qalmazdılar.

Elə bəzi ata-analar da bu səbəbdən qızlarını toylardan saxlamazdılar.

Dəli Gilasın şəhərdən gələn oğlan nəvəsi qızların hamısı üçün maraqlıydı bu qələbəlik arasında.

Elə mənimçün də. Marağımın əsasında ola bilərdi ki, seksual hisslər dayanmasın.

Amma əcaib bir maraq vardı. Gözüm elə onu axtarır, hər hərəkətini izləməyə çalışırdı.

Yaşıdlarımla gizlənqaç oynamağa başlamışdıq. Təbii ki, qızlar bir-biri ilə, oğlanlar bir-birilə oynamalı idilər.

Bu qaydanı pozanları böyüklər cəzalandırırdı adəta.

Məsələn, mənim öz nənəm əmimoğlu bilməz, bibimoğlu bilməz, hamısından uzaq saxlamağa çalışardı məni. Bu da əqlimi daha da qarışdırardı.

Cənnətdəki qadağan olunmuş meyvəni xatırladırdı lap bu durum. O zamanlar cənnətin də, cənnət meyvəsinin də əhvalatını nənəm danışmışdı mənə.

Özü də nənəmə görə o meyvə alma deyildi, buğda idi. Adəmlə Həvvanın, ilanın Həvvanı yoldan çıxarması, Həvvanın da Adəmin qafasını qarışdırması ilə buğdanın dadına baxmaları cənnətdən həmişəlik qovulmalarına səbəb olmuşdu.

Həmişə də fikirləşirdim ki, görəsən qadağan olmuş meyvənin dadına baxmasaydılar Adəmlə Həvva indiyə qədər cənnətdə nəylə məşğul olacaqdılar.

Bu əhvalatı danışanda nənəm əvvəl şeytan ilana, sonra da Həvvaya lənət oxuyurdu. Amma onu demirdi ki, qadağan olunmuş meyvədən dadmasaydılar, gözləri açılmasaydı, bir-birlərinin ayıb yerlərini görüb cuşa gəlməsəydilər, indi nə o özü, nə mən, nə də onun dədəsinin dədəsinin dədəsi dünyaya gəlməzdilər.

Doğrusu, heç onu soruşmamışdım nənəmdən ki, dünyaya gəldiyinə peşimandı, yoxsa yox? Şit telemüxbirlərin atdanıb-düşən müğənnilərə sorduğu “bir daha həyata gəlsəydiniz .... olardınızmı?” sualını nənəmə vermək o zamanlar ağlıma gəlməmişdi.

Mən gizlənməyə yaxşı yer tapmaq üçün bibimgilin evlərinin arxasına keçdim.

Yoncalığı arxada qoyub bibimgilin həyəti ilə bizim həyəti bir-birindən ayıran hasara yaxınlaşdım.

Burda çox sevdiyim əppək heyvalarının ağacları vardı. Ağacın altında gördüyüm mənzərədən elə çaşdım ki, qəfil sidiyim gəldi.

Bədənim elə boşalmışdı ki, özümü saxlaya bilmədim.

Hər halda həyəcandan idi. Almazın köynəyi boğazınadək sıyrılmış, lifçiyi aşağı dartılmış, döşünün biri Gilasın nəvəsinin ağzında.

İkisi də özlərindən keçmişdilər.

Qurşaqdan aşağı geyimli idilər. Əslində heç bir paltar çıxarılmamışdı ikisinin də əynindən.

Seymur südsüz döşdən süd çıxarmaq istəyən ac körpə kimi Almazın döşlərini əmir, əmir,əmirdi. Mən ayaq üstə ölmüşdüm.

Cənnət meyvəsini kənardan görmüşdüm ilk dəfə. Yasaq meyvəni. Üçcə metr aralıda idi.

Yoncalığın arasına elə sinmişdim ki, görə bilməzdilər. Amma buna baxmayaraq, nəfəsimi içimə salmışdım.

Hiss tanış idi. Amma hardan?

Əmim qızı Sonanın hər onlara gedişimdə məni o biri otağa çəkib yanına uzandırmağı, sonra qarnını, qollarını açıb “tumarla” deməsi, mənim onu tumarlamağım yadıma düşdü.

İlk dəfə bu baş verəndə mən yoruldum.

Bu üzücü işi niyə görməliyəm deyərək etiraz etdim. “Mən də səni tumarlayacam” təklifini edəndə dadına baxmaq pis olmaz deyə razı olmuşdum. Həmin hisslər özü idi ki, var.

Bədənimin hər tərəfinə gizilti ilə yayılan, əlləri və qolları boşaldan bu cənnət meyvəsinin özü idi ki, var.

Həm də qadağan bir meyvə. Almazla Seymur bu qadağanı pozmuşdular. Amma meyvəni nə dişləmir, nə də udmurdular.

Qorxularından eləcə əlləşdirir, yalayırdılar, ağızlarına isə heç nə getmir, gerçək dadı dada bilmirdilər...
XS
SM
MD
LG