Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:52

Tbilisi yeni ilə necə hazırlaşır?


Nino Xaradze

Yeni İlə 3 həftə qalıb, Tbilisidə isə bayram əhval-ruhiyyəsi hiss olunmur. İri dükanlar yeni il yolkası və suvenirlərinin satışına başlasa da, bazara yeni il məhsullarını hələ gələn həftədən çıxaracaqlar. Müxtəlif brend markaları təmsil edən dükanlarda endirimlər var. Ancaq bir qayda olaraq bayram yaxınlaşdıqca şirniyyat, suvenir və digər yeni il atributlarının qiyməti bahalaşır.

Tbilisinin mərkəzində yerləşən dükanlardan birində bayramın gəlişi lazımınca duyulur. Mağazalar şəbəkəsinə daxil olan dükan şam ağacı meşəliyinə çevrilib, növbənöv oyuncaqlar da gözə dəyir. Santa Klaus, farfordan fiqurlar, yeni il bəzəyi və bayram süfrəsi üçün nəzərdə tutulan qab-qacaq alıcının az qala ağlını başından ala. Dükana girən kimi Qərbin məşhur yeni il nəğmələrinin səsi və müxtəlif oyuncaqların səsi eşidilir.

ALICININ CİBİNƏ UYĞUN QİYMƏT

Mağazanın inzibatçısı Xatuna Qorqiaşvili qiymətlərin orta səviyyədə olduğunu və alıcının cibinə uyğun mal ala biləcəyini deyir.

“Qiymətlər 60 tetridən başlayır, bu yolka şarlarının qiymətidir. Qiymətlər 10 lariyəcən dəyişir. Məsələn, bu qiymətə əl işi olan şüşə oyuncaqlar var. Hər şey istehsalçı firmadan asılıdır. Bizdə qarışıq Avropa mallarıdır. Ən ucuz yolkanın qiyməti 7, ən bahalısı isə 700 lariyədir”.

Maya Avaliani də qızı ilə yeni il bəzəyi almağa çıxıb. Yeni ili yeniliklərlə qarşılamağı sevdiyini deyir və buna görə suveniri dükanlardan almağa üstünlük verir. Maya səbəb kimi qiymətlərin bazardan fərqlənmədiyini, əvəzində seçim imkanının daha çox olduğunu göstərir.

“Yeni il alış-verişi üçün əsasən dükanlara gedirəm. Ötən illə hazırkı seçim arasında ciddi fərq yoxdur, ancaq bəzi yeniliklər var. Mağazada seçim imkanı daha genişdir, qiymətlərdə fərq azdır, həm də böyük dükanlardan bahalı mallarla yanaşı ucuz əşya da almaq mümkündür”.

BAHALAŞMA HƏLƏ Kİ YOXDUR

Ərzaq məhsullarının qiyməti bahalaşmasa da, bayram yaxınlaşdıqca satıcılar ümidverici danışmır:

- Çurçxelanın qiyməti keyfiyyətindən asılıdır.

- Çurxela neçəyədir?

- Ən keyfiyyətlisi 3 lariyədir. Ancaq bizdə eləsi yoxdur. 2,5 lari, 1,5 lariyə var.

- Bəs quru meyvələr, quru xurmanın qiyməti?

- Qurudulmuş xurma 3 lariyədir, 4-ə də var. Keyfiyyətindən asılıdır.


Tbilisi bazarlarında isə satıcılar alıcıların azlığından şikayətlənir.


- Göyərti gətirmişəm, hələ də sata bilməmişəm.

- Bu naringi də sizindir?

- Naringi də, göyərti də mənimdir.

- Naringi neçəyədir?

- Bir lariyədir. Ancaq fərqi yoxdur, alıcı ki, yoxdur. 80 tetriyə də verirəm, alan hanı?

KİM ƏNƏNƏVİ GÜRCÜ SÜFRƏSİ AÇA BİLƏCƏK?

“Bayramda ənənəvi gürcü süfrəsi açmaq hamıya nəsib olmayacaq” bazarda alış-veriş edənlərin bir qismi bu fikirdədir. Adətə görə, gürcü süfrəsində mütləq çoşqa, hind toyuğundan saçivi, qozinaki, çurçxela, müxtəlif quru meyvələr və çaxır olmalıdır:

- Ənənəvi çoşqa və hind toyuğu bütün süfrələrdə olmayacaq. Qozinakinin bir kilosu bilirsiz neçəyə başa gəlir? 40 lariyə, belə imkan isə yoxdur.

- Hind toyuğuna nə qədər vermisiz?

- 50 lari

- Diri hind toyuğu almaq sizdə ənənədir?

- Hə, həm hind toyuğunu, həm də çoşkanı diri alıram.

- Bəs niyə belə tez alırsız?
- Onları yedirtmək lazımdır ki, bir az kökəlsinlər, həm də bir həftəyə qiymətlər 20 lari bahalaşacaq.

Toyuq və donuzun qiymətinin artacağını satıcılar da deyir.

- Toyuğun qiyməti 8 laridən başlayır və çəkisindən asılı olaraq 15-20 lariyə kimi dəyişir.

- Bəs hind toyuğunun?

- Hind toyuğunun qiyməti isə 25-50 arasıdır.

- Sata bilirsinizmi?

- Çətinliklə də olsa satıram, alıcı azdır. Kimin pulu var alır, bizim kimi kasıblarınsa cibinə görə deyil.

Əgər bayram xərcini bir yerə cəmləsək ənənəvi gürcü süfrəsi üçün təxminən belə bir qiymət alınacaq.

Çoşqa - 60 lari
Hind toyuğu - 30 lari
Qozinaki - 40 lari
Şirniyyat - 30 lari
Meyvələr – 15 lari
Çaxır – 30 lari

Yerdə qalanı isə fərdi seçimdən asılıdır, orta hesabla 200 lariyə başa gəlir ki, bu da təxminən 115 dollar edir.

Məhdud imkanlı şəxslər və pul sərf etməyi sevənlərin yeni il hazırlıqları bu iki oyuncağın melodiyası qədər fərqlənir.
XS
SM
MD
LG