Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:42

CAVİDAN "Apsara"


Sərdar

Onlar dörd nəfər idilər.

İki qız və iki oğlan.

Mən yalnız birini tanıyırdım – Cəmili.

Elə dəhlizdəcə yoldaşlarını mənə təqdim etdi:

- Marina, Vüsal, Marinanın əri..bu da Leyla.

- Çox şadam. Xoş gəldiniz, uşaqlar. Mən də Sərdar.

- Sərdar Əzimov, tanınmış rəssam, – Cəmil əlavə etdi.

- Xoş gördük, – Vüsal dedi.

Qızlar yalnız gülümsədilər…

Leyla

O, ortaboylu, boğuqrəngli, bədbinsimalı birisi idi.

40-45 yaşlarında olardı.

Təbəssümü adamın ürəyini sıxan nadir insanlardan idi.

Mənsə dərin baxışları olan, ucaboylu, uzunsaç, barmaqlarının arasından siqaret düşməyən, qaşları daim çatılmış, hər an düşüncəli bir rəssam görəcəyimi düşünmüşdüm.

Amma…

Marina qolumdan çəkdi:

Gəl tablolara baxaq…

Marina

Tabloların hamısı yağlı boya ilə işlənmişdi.

Heç birinə uzun-uzadı baxmaq olmurdu. Adamın gözlərini yorub aparırdı rənglər.

Leyla təklif etdi ki, əsərlərə uzaqdan baxaq, çünki yaxından heç nə anlaşılmır…

O, haqlıydı..bir neçə addım geriyə çəkilib baxdığım zaman portretlərdəki obrazların nəinki cizgilərini, ruhunu belə görmək oldu.

Mən çox istərdim ki, o, məni seçsin, məni çəkmək istəsin.

Cəmil deyəndə ki, Sərdar “Səma rəqqasəsi” adlı bir tablo yaratmaq istəyir, ikimizdən birini seçə bilər və buna görə xeyli pul da təklif edir, uçmağa qanadım olmadı.

Amma mən ərdə olduğuma görə olsun ki, rəssamın istədiyi qədər vaxt ayıra bilməyim, həm də Vüsal çox qısqancdır, mən əslində onu aldatmalı oldum ki, bura yalnız Leylayla Cəmilə görə gəlmək istəmişəm, bu dünya şöhrətli rəssamı da öz emalatxanasında görmək, əsərlərinin yaranma prosesini azacıq da olsa müşahidə etmək fürsətidir bu.

Amma tablolara baxdıqca uçunuram…məni bəyəndiyini bilsəm, Vüsalı aldatmaq bahasına da olsa gizlicə gəlib poza verəcəyəm…

Leyla

Mən ilk dəfəydi əsl rəssamı və əsl rəsm əsərlərini bu qədər yaxından görürdüm.

Tablolarda ən müxtəlif qadınlar təsvir olunsa da hamısı Sərdarın özünə oxşayırdı…yoox, daha doğrusu, Sərdarın təbəssümünə…

Adamın ürəyini sıxan bir təbəssüm vardı rəsmlərdəki qadınların üzündə.

Hamısı sarışındı, hamısının sinəsi və ayaqları açıqdı, hamısının döşləri nar şəkilndə təsvir olunmuşdu…

Su pəriləri, mələklər, süpürgəylə uçan gözəl ifritələr, kabuslar…sanki Yer üzündəki qadınları sevmir müəllif, onları mütləq xəyalındakı başqa aləmlərdəki varlıqlara bənzədir…

- Burdakı qızların hamısı sarışın olub, – deyir Marina.

- Hə..fikir verdim.

- Sən onun yeganə qarayanız əsəri olacaqsan.

- Görək…bəlkə də səni seçəcək, bilmək olmaz.

- İstərdim…- Marina köksünü ötürür. Hiss edirəm ki, seçilməyəcəyi təqdirdə evə gedib düz üç gün, üç gecə ağlamağa, huşunu itirəcək qədər içməyə hazırdır daxilən…

Cəmil

Biz dördümüz də uşaq evində böyümüşük..nə valideynlərimizin kim olduğunu bilirik, nə yurdumuzun hara…

Uşaqlıqdan birgəyik, dostuq.

Amma Vüsal qaraqabaqdır bizə nisbətən və Marinanı dəlicəsinə qısqanır. Hər kəsə, hər şeyə.

Onlar gecə barlarında cütlük kimi rəqs edib pul qazanırlar əsasən. Düzdür, Marinanın tək ifaları da var və Leylanın dediklərinə inansam, ona dəfələrlə Vüsalı tərk edib tək çalışacağı təqdirdə ev, maşın, pul və daha nələr, nələr vəd ediblər.

Osa razı olmayıb.

Sevir Vüsalı…

Vüsal

Nə qədər axmaq olmaq lazımdır ki, qadınının başqa bir kişiyə ürəyində gizlicə belə gülümsədiyini hiss etməyəsən…

Marinanın ürəyi götürülüb, əminəm.

Bu qaramat rəssam Leylanı deyil, onu seçsə neyləyəcəyimi bilmirəm.

Cəmilə də, onun bu rəssam dostuna da etiraz etmək asandır, amma Marinanın istəyini zorlamalı olacağam deyə öz gözümdə sına bilərəm.

Axı nə fərqi o, Marinanı çəkdi ya yox, əsas odur ki, Marina onun naturaçısı olmağa hazırdır.

Bütün bu rəsmlərdəki sinəsi və ayaqları açıq sarışın qızlar kimi…

Buna razı olmasını Marinaya bağışlaya bilməyəcəyəm…

Həm də mənim könüllü dəstəyə yazıldığım və hər an döyüşə gedə biləcəyim bir vaxtda…

Sərdar

Qızlar dəhliz boyu düzdüyüm tablolara baxırdılar, mən də onlara.

Vüsal siqaret çəkmək üçün eyvana çıxdı.

Cəmildən soruşdum:

- Səncə hansını çəksəm daha effektli alınar?

- Leylanı əlbəttə.

- Leylanı?

- Aha. Necə bəyəm, səni cəlb eləmir?

- Yox, niyə ki..əksinə, çox gözəl qızdır. Amma mən heç vaxt azərbaycanlı qızı çəkməmişəm.

Əsasən ruslar olub naturaçılarım. Sırf tipaj nöqteyi-nəzərindən asan olmayacaq mənə.

- Amma sən apsara çəkmək istəyirsən.

- Hə…

- Apsaralar sarışın olmaz axı…

Leyla

Cəmil bu rəssam haqqında o qədər danışmışdı ki, sanki bir aydı bizimlə birgə yaşayır, yatır, yeyir, çimir, gəzirdi.

- O, apsara çəkmək istəyir. Səma rəqqasəsi. Sənsə əsl apsarasan ki varsan. Geyimini, makiyajını düzəldərik, super alınacaq. Zarafat deyil, bir ətək pul verəcək həm də. Bilirəm ki ehtiyacın var..

- Hə, amma sən də yanımda ol, yaxşı?

- Qorxursan? – Ay səni, – Cəmil gülüb saçlarımı qarışdırmışdı.

- Yo, nədən qorxacam? Hannibal deyil ümid edirəm. Qalanı boş şeydi.

- Ooo! – cəmil gülmüşdü yenə.

- Gülmə! Nəyə gülürsən ki? Ağlına nələr gətirdin, hə? De. De də…

- Yoox, Allah xatirinə, heç nə, vallah heç nə… – elə pis gülürdü ki…

Sərdar

Elə naturaçım olmayıb ki, onunla yatmayım.

Məncə bu, təbiidir. Bunu mənimlə işləyən qızlar da çox gözəl anlayırlar. Axı günlər boyunca saatlarla çılpaq qadın bədəninə baxmalı, bütün cizgilərini kətana köçürməli oluram.

Kipriklərimizi qırpmağa, nəfəsimizi alıb-verməyə belə cürət etmirik. Belə gərginlikdə yalnız ürəyinin çırpıntılarını dinləməli olursan və bu çırpıntılar, bu daxili gərginlik, bu energetik vibrasiya yataqda çırpınmalarla bitməyə məhkumdur…

Mən içində olmayacağım qadını çəkə bilmirəm..bu, faktdır…

Amma əvvəlcədən yatdığım qadını da çəkə bilmirəm…

- Onun oğlanı var? – Cəmildən soruşuram.

- Hüzurunda, – gülərək deyir.

Hiss edirəm ki, gələcək əsərimi onun indiki sahibinə qısqanmağa başlayıram…

Leyla

Cəmillə çoxdan dostuq.

Sevgidə sabit adam deyil.

Elə mən də.

Sevgililərimizi əlcək kimi dəyişsək də, dostluqda tayımız-bərabərimiz yoxdur.

Hərdən kimisə tərk edəndə, kimsə bizi tərk edəndə görüşüb o ki var içirik, dərdləşirik, ağlayırıq və səhəri bir yataqda açdığımızı görüb yastıqları bir-birimizin başına çırparaq dalaşırıq.

Bu, hər dəfə belə olur.

Nə seksimiz xatırlayırıq, nə söhbətlərimizi. Döşəkağındakı nəm ləkələr, boyun-boğazımızdakı öpüş və diş yerləri olmasa bakirə mələklər kimi məsumca gülümsəyə də bilərik bir-birimizə.

Tamamilə çılpaq olsaq belə…

Sərdar


Vüsal arvadını bir dəqiqə belə tək buraxmır. Onlar indi mətbəxdə yemək hazırlayırlar. Mənim bir bütöv qara çörəyim və alma cemim var.

Çörək dilimlərinə cem sürtüb çayla içə bilərdik, amma uşaqlar gətirdikləri balıq konservlərini qazana yığıb üzərinə qaynamış kartoflar düzərək dəmə qoyublar.

Neynək, çoxdan unutduğum kələm şorabasını şkafın küncündən çıxarmalı olacağam…Cəmilin gətirdiyi konyakı da nəzərə alsaq, əsl nahar gözləyir bizi demək…

- Mən sənə demişdim axı seçdiyimiz geyim və bəzəklərdə nəsə də çatmır elə bil..bax, burun sırğası yoxdur, Leyla burnunu deşdirməli olacaq, necə unuda bilərdim bunu mən, axxx…

Cəmil otaqda var-gəl edə-edə deyinir..

O, əmindir ki, mənim xəyalımdakı apsarını məndən daha yaxşı görə bilir…

Leylanın Marindan daha çox apsaraya bənzəməsindən əmin olduğu kimi…

- Mən klassik hind rəqslərini ifa edə bilirəm, lazım olsa Leylaya kömək edərəm pozalarda, – Marina mətbəxdən boylanıb deyir.

- Ooo, biz görə bilərik rəqsi? – soruşuram.

Mən əminəm ki, Marina Leylaya kömək etmək istəyini deyil, özünü təklif edir.

Çünki o, mənimlə danışanda düz gözlərimin içinə baxır.

Qadınlar belədirlər.

Onlara üz cizgilərimizdən, bədən əzalarımızdan daha maraqlıdır gözlərimiz…sanki gözlərimizin dərinliyində bizim özümüzün də bilmədiyimiz nəsə var və onlar o nəsəni mütləq tapıb görürlər, hiss edirlər, bizi deyil, məhz gözlərimizdin dərinliyindəki nəsəni seçib-seçməyəcəklərinə qərar verirlər…

Mənim bir naturaçım vardı, Maya. O, deyərdi ki, hər bir qadın hər hansı bir kişinin gözlərindən onun potensiyasının dərəcəsini hər hansı bir uroloqdan daha dəqiq bilməyə qadirdir.

Bu, təbii bir dişi instinktidir.

Qadın, kişinin gözlərində onun erkəkliyinin gücünü mütləq görür, mütləq…
Və indi Marina mənim gah bu, gah o biri gözümə diqqət kəsildikcə Mayanı, mənim Nar bağımın əsrarəngiz kraliçasını xatırlamaya bilmədim.

Maya dahi idi…

Hərçənd ki, mənim ağıllı qadınlardan zəhləm gedir və ağıllı qadınla nə yata bilərəm, nə də rəsmini çəkərəm…

Maya ağıllı deyildi, amma dahi idi…

İndi onun haralarda olduğunu belə bilmirəm. Müharibə başlayandan sonra o da başqa ermənilər kimi Bakını tərk elədi. Sağdırmı indi, ölübmü, heç bir məlumatım yoxdur.

Darıxdım…

- Əlbəttə, – Marinaın səsi hardansa uzaqlardan gəldi, – düzdür, cins şalvarda və pambıq köynəkdə lazımi effekt alınmayacaq, amma cəhd edərəm, – o, ölməyə hazırdır, təki rəqsini görüm və bəyənim.

- Sən etiraz etmirsən yəqin, – heç bilmirəm niyə dönüb Vüsaldan soruşuram.

- Yox, narahat olmayın, bu, onun sənətidir, – deyir və siqaret çəkmək üçün eyvana keçir.
O, arvadını it kimi qısqanır…

Görəsən Leyla rəqs edə bilirmi?..

Leyla

Mən yalnız xoşladığım musiqinin ritminə uyğun tərpənə və əl-qol ata bilərəm. Rəqs etməyi öyrənmək heç vaxt ağlıma da gəlməyib.

Cəmil deyir əsl qadın heç bir rəqsi bilməsə belə oriyentalı mütləq bacarmalıdır.

Bu, əslində bir qadının yataqda etməli olduğu bədən hərəkətləridir, məhz buna görə də cəlbedicidir, hamı pisləsə belə heç kim rədd etmir bu rəqsi..ən qatı mühafizəkarlar da oriyental rəqsə laqeyd qala bilmirlər…

Leyla çox gözəl oynayır. Barda onun başına pul səpirlər, ayaqları altına güllər atırlar, alqışlar, təbəssümlər…

Amma o, oriyentalı ifa edə bilmir..nəsə alınmır onda. Süni çıxır, sırf texnika hiss olunur, sanki bədəni ayrılır ruhundan bu rəqsə növbə çatınca…

Cəmil deyir frigiddir Marina çox yəqin ki…

Vüsal

Mən Cəmili başa sala bilmirəm ki, səfərbərliyi və çağırış vərəqəsini gözləmək mənasızdır, əsl kişi könüllü getməlidir döyüşə, daha bizim kimi bu şəhərin küçələrində qızlarını qoltuğuna salıb saqqız çeynəyə-çeynəyə gəzməməlidir.

Hər gün adamlar ölür oralarda, əsir düşürlər, yaralanırlar…mənsə eşşək kimi bu sarsaq rəssamın qabağında gözümü döyürəm ki, arvadımı soyundurub rəsmini çəkmək istəyəcək ya yox…

Hələ Marinanın həvəslə oynamasına da tab gətirirəm.

Əslində hər şeyə tüpürmək istəyirəm az qala.

Bir-iki günə çıxıb gedəcəyəm, onu tapşırıb yanında qoymağa heç kəsim yoxdur.

Çağırış vərəqəsi gələn kimi cəmil də gedəcək müharibəyə.

Leyla ilin bu başında bir oğlanla görüşür, o başında başqa.

Cəmil olmasa fahişəxanaya düşməyi çox çəkməyəcək.

Bəs Marina?

Dəli oluram…

Sərdar

Yox, Marina mənlik deyilmiş.

Rəqsini duymadım, ruhunu görə bilmədim.

Mənə xoş gəlmək xatirinə daha da gərginləşmişdi bədəni, hərəkətləri qırılırdı sanki, ahəngi pozulurdu nəyinsə…

Nəyin amma…

Leyla yerində dayanıb rəqsə baxır.

Sadəcə baxırmı?

Yoox…
Bu qız əməlli-başlı rəqs edir öz içində. Nə qədər gizləsə belə bunu duymaya bilmirəm.
Öz içində rəqs edən qadın!..

Ruhu səmalarda süzən bədən…

Apsara…

Cəmil

Hə, düşündüyüm kimi oldu.

Sərdar Leylanı seçdi səma rəqqasəsi obrazı üçün.

Vüsalın eyni açılıb, amma iki dəqiqədən bir eyvana çıxıb siqareti siqaretə calayır.

Könüllü yazıldığı batalyon iki gündən sonra döyüşə yollanacaq.

Bəlkə mən də onunla gedim?!

Bəs Leyla?

Marina uzaqbaşı barlarda rəqslərinə davam edəcək, biz cəbhədən sağ qayıtmasaq belə kimsə saxlayacaq onu mütləq, it-bat olmaz, praktik qızdır .

Leyladan nigaran qalacağam…

Sərdarın verəcəyi pul nə qədər tutacaq onu…bilinmir…

Leyla


Sevincimdən uçuram.

Amma sabah tək gəlməliyəm emalatxanaya və özümdən ağır rəqqasə bər-bəzəyini üstümə yığıb poza verməliyəm…

Sərdar məni o tərəfə-bu tərəfə fırladıb üzümün, bədənimin bütün nöqtələrinə diqqətlə baxır, öyrənir… Gah saçlarımı açır, gah yığır, gah şlyapada, gah yaylıqda yoxlayır…hər an daha çox parıldayır gözləri, daha çox yaxınlaşır nəfəsi…

Artıq onun təbəssümü ürəyimi sıxmır…

Artıq mən də ona təbəssüm edirəm…

Hər dəfə daha çox…

Bəlkə yenə vuruluram?!.

Mənə nə olur?

Sərdar


Mənə nə olur?

Bəlkə yenə vuruluram?

Son dəfə Anyaya vurulmuşdum belə.

Elə ilk baxışdanca dəli-divanə olmuşdum ondan ötrü.

O, Mayanı mənə unutduran qadın idi.

O qədər zərif idi ki…

Mənim gözəl Nefertitim..

Anya mənim Nefertitim olmuşdu. Sinəsi açıq, döşləri nar kimi olan Nefertitim…

Sərgiyə buraxmasalar belə çox baha qiymətə bir amerikalıya satdım onu.

Anyanı yoox, o da köçdü buralardan, indi Kalininqradda yaşayır, zəng edir hərdən…
Əsərimi satdım.

“Nefertitinin büstü” nü…

Leyla

Bir saat olar ki tam çılpaq dayanmışam və o mənə baxır…

Heç nə çəkmir.

Sadəcə baxır.

Susur.

Mən də.

Köhnə patefondan hind ya da yapon (ayırmağa çətinlik çəkdim, qəribədir) musiqisi eşidilir.
İçimdə indiyədək duymadığım, nə olmasını belə anlamadığım hisslər var…

Sanki od sarıb məni.

Əminəm ki, o, baxışlarını üstümdən çəkən kimi sönəcək hər şey..donacaq bəlkə…çünki onun gözlərindən axır bu isti…

Dodağımı dişləmişəm deyəsən…ağrıdır…

Mən onu istəyirəm…

Sərdar

O, məni istəyir…

Mən də…

Amma onunla indi yatsam, sonra çəkə bilməyəcəm, bilirəm…

Mən onları həmişə öncə kətana köçürüb sonra yatağıma aparmışam…

O yenə rəqs edir öz içində…

Mən gözlərimi ondan çəkə bilmirəm…bu rəqsin bitməsini istəmirəm…istəmirəm…istəmirəm…

Leyla

Mən onu istəyirəm…

Sərdar

Mən onu istəyirəm…

Cəmil

Hər şey hazırdır.

Mən nəhayət ki qərarımı verdim, könüllü batalyona yazıldım və sabah Vüsalla birgə cəbhəyə yollanacağam.

Leyla zəhləmi töküb.

Dünəndən ağlayır.

Sərdar onun rəsmini çəkməkdən imtina edib.

Cəhənnəmə!..

Uzağı Marinanın işlədiyi barlarda sənə də bir iş tapılacaq deyirəm, qab yuyarsan hələlik, ofisiant işləyərsən..gözəl qızsan, acından ölməzsən deyirəm…

Kimə deyirsən?

Ağlayır…

O, hər dəfə eşşək kimi vurulub sonra atılanda belə olur, indi isə mənim bildiyim qədərilə heç kimi yox idi..nədən belə ağlasın axı…

Gedib araq tapıram, kolbasa-çörək, iki xiyar…bəsimizdir…

Onu qucaqlayıb masaya çəkirəm, başını sinəmə sıxa-sıxa ağlayır, içir, yeyir, yenə ağlayır…mən onu ovundurmağa çalışıram, içək deyirəm, unudaq zəhrimar həyatımızı..sabah gedirəm, bəlkə də öləcəm döyüşdə, görməyəssən bir də məni, yekə qızsan deyirəm, belə olmaz…sabah mən olmasam kimə yapışacaqsan, kim sakitləşdirəcək səni, hə? Gəl, gəl soyun deyirəm, yataq deyirəm, yapış mənə deyirəm, cəhənnəm olsun hamı, hamı, hamı………..

Vüsal


Biz qızları son dəfə bağrımıza basıb gözlərindəki duzlu suları yaladıq və “İkarus”a mindik…
Marina Leylanı qucaqlamışdı.

Leylaya nə olub, bilmirəm.

Heç kəsə heç nə demir.

Axşam Cəmil onunla qalmağa məcbur olub, çox pis imiş, elə ağlayırmış…
- Sərdar onu çəkməyib, – deyir Cəmil.

- Pah! Sərdara görə ağlayırmış? Odey, emalatxanasına od vurub dünən..nəyi varsa yandırıb kül eləyib. Axmağın biri axmaq!.

- Nə danışırsan!..

- Xəbərin yoxdu? Mənzilə od vurub özünü də səkkizinci mərtəbədən buraxıb aşağı…

- Ölüüb?

- Ölüb…

- Yazıq…

- Nəyi yazıqdı? Ölüb dəə..ölənlərindən artıq idi? Budey, biz indi öz ayağımızla gəlib davaya gedirik…ölməyi gözünə almamısan..?

- Axı o niyə belə eləyib?

- Nə bilim…eləyib də…ağlın çoxluğundan…

Marina

Leyla dəli olmuşdu deyəsən.

Oğlanlar gedəndən sonra bircə dəfə belə gülümsəmədi. Elə ağlayırdı…

Dünən eşitdim ki, könüllü batalyona yazılıb o da…axmaq…

Mən onun cəmili sevdiyini bilmirdim…

Leyla


Mən onu istəyirdim…

Qarşısını heç nə ala bilmədi bu istəyin…

Gözlərimi yumunca özümü onun qollarında hiss elədim…

Səhər açılanda o, mənə rəsm üçün vəd elədiyi pulu masanın üzərinə qoydu.

- Götür get, – dedi sakitcə.

- Gedim? Bəs rəsm? Bu gün çəkməyəcəksən?

- Heç vaxt çəkməyəcəm. Hər şey məhv oldu. Başa düşməzsən bunu..rəssam deyilsən sən, yaradıcı adam deyilsən, bunu sənə izah belə edə bilmərəm.

- Axı niyə? Nə var axı burda? Mən sakitcə dayanacam və mane olmayacam sənə.

- Sən niyə başa düşmürsən…Apsaranı çəkə bilməyəcəm mən daha..Məhv oldu ürəyimdəki obraz…düz on ildir çəkmək istəyirdim onu, düz on il…heç kimdə görmürdüm amma…

- Axı məni seçmişdin…

- Amma səninlə yatdım…mən öz Apsarama xəyanət elədim səninlə…hansısa qarayanız bir qızcığazla…

- Nə danışırsan sən…

- Get burdan! Geet! Get deyirəm sənə! Götür bu pulları da rədd ol burdan!

- Pulları? Niyə? Mən gedirəm..qışqırma, əsəbləşmə..amma pulları götürə bilmərəm…görmədiyim işin haqqını ala bilmərəm…

- Gördüyün işin haqqıdır bu…narahat olma…

Cəmil

Vüsalı itirdim.

Mərmi partlayışından sonra parça-parça olmuş bədənlərin arasında onu tapa bilmədim…heç kimi tanımaq olmurdu…

Özüm də yaralanmışam..səhər ayaqlarımı kəsəcəklər…

Ağrılara tab gətirə bilmirəm…

Görəsən indi Bakıda adamlar neynirlər?

Marina bu gecə də rəqs edirmi?

Leyla yenə ağlayırmı?

Həyatımda ilk dəfədir ki, yaşamaq istəyirəm…

Qəribə hissdir…

Leyla

Mən döyüşə niyə gedirəm görəsən?

Niyə?

Bakıda qalıb Marinanın rəqs etdiyi barların birində qab yuya bilərdim, lap elə ofisiant işləyərdim…gözəl, cavan qızam…nolacaqdı ki mənə…ac qalmazdım…Müharibə bitəndən sonra bəlkə oxuyardım da, yaxşı bir iş tapa bilərdim bəlkə..sonra ailə qurardım kiminləsə…o qədər yaxşı adamlar var ki…

Amma…

Bunların heç birini istəmirəm…

Həyatımda ilk dəfədir ki, ölmək istəyirəm…

Qəribə hissdir…
XS
SM
MD
LG