Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:28

Elvin Bakiroğlu. Şeirlər
















DOMİNO

Oyun daşı kimiyik,
Bizi həsrət ayırıb.
Biz «bir qoşa» kimiyik,
Arada xətt ayırıb.

Gəl birləşək bir dəfə,
Bu xəttə yağı olaq.
Sən də keç bu tərəfə,
”İkinin ağı” olaq.

Yandı bağrım gəl daha,
Gəl qovuşaq, evlənək.
Sonra çıxaq sabaha,
”Üçün ağı”na dönək.

Gəl bu dərdi uçuraq,
Sevinc göz yaşlarıyla.
Yuva quraq, ev quraq,
Domino daşlarıyla…


AİLƏ SEVİNCİ

«Bizim də olarmı bir vaxt evimiz…»
Xəyalı ümidlə ovuda bildik
Ailə sevinci oynadıq ki, biz
Bəlkə sevgimizə ev uda bildik.

Ümidə sarılıb axı daima,
Loto oynamaqla keçdi vaxtımız.
Ailə sevinci oynadıq amma,
Sevgi faciəsi oldu baxtımız.

O evi udmadıq onda nə yaxşı,
Udub ayrılsaydıq dəli olardım.
İçində yoxdusa ürək yoldaşı
Kimsəsiz bir evdə necə qalardım?

Bəlkə da udsaydıq yanımda indi,
Dünyanın ən gözəl qızı olardı.
Bəxtimin ən bəxtsiz anında indi,
Bəxtimiz çevrilib qızıl olardı.

O evdə bəlkə də tutulub yerin,
Bilirəm lap mənim yerim də dolub.
Bizdən çox istəyib kimsə birbirin,
Əsl sevənlərin qisməti olub.

Talehi nə oldu görən o evin?
Xəyalım dolaşıb uzağı gəzir.
Biz uduzduğumuz o evdə yəqin,
Kiminsə balaca uşağı gəzir.

Sən yoxsan mən indi kefi neynirəm?
Olsaydın sevinci hiss eləyərdim.
Yanımda qalsaydın evi neynirəm,
Balaca bir daxma bəs eləyərdi...


DƏNIZƏ DAŞ ATMAYIN

Dənizə daş atmayın,
Dalğalar yaralanar.
Su sudan ayrı düşər,
Su sudan aralanar.

Ay Allah, bu adamlar,
Niyə dənizi üzür?
Dənizə daş atırlar,
Dəniz inciyir, küsür!

Dənizə daş atmayın,
Üzündə qalar izi,
Gedin üzün dənizdə,
Üzməyin bu dənizi.

Dənizə daş atmayın,
Dibinə təlaş düşər,
Orda balıqlar gəzir,
Başlarına daş düşər.

Daş atmaq seçimini,
Qoymaram öhdənizə,
Düşmən bu tərəfdədi,
Daş atmayın dənizə.

Yenə zalım uşağı
Gör dənizə neyniyir?
Dənizə daş atmayın,
Dəniz sizə neyniyir?


MİKAYIL MÜŞFİQİN XATİRƏSİNƏ

Bağrıma bir şair sıxmışdım dünən,
İsti nəfəsindən könlüm qızırdı.
Müşviqin rəsminə baxmışdım dünən,
Əlləri cibində şeir yazırdı.

İlhami oturub papağı üstə,
Sallayıb ayağın qulağı üstə,
Plaş dəftərində, ayağı üstə,
Əlləri cibində şeir yazırdı.

Cibi varaqdımı, vecinə deyil,
Varağı ağdımı, vecinə deyil,
Ölübmü, sağdımı, vecinə deyil,
Əlləri cibində şeir yazırdı.

Gözündən, qaşından söz tökülürdü,
Boyundan, yaşından söz tökülürdü,
Üstündən, başından söz tökülürdü,
Əlləri cibində şeir yazırdı.

Dedim kağız-qələm heç istəmirsiz?
Kündə yoğrularmı unsuz, xəmirsiz,
Özü lal dayanıb səssiz-səmirsiz,
Əlləri cibində şeir yazırdı.

Bağrıma bir şair sıxmışam bugün,
Isti nəfəsindən könlüm qızırdı.
Müşviqin rəsminə baxmışam bugün,
Əlləri cibində şeir yazırdı...


DAŞ-İNSAN

Daşın insan kimi hər cürəsinə,
Heykəl adı verib alqışladılar.
Böyük bir insanın xatirəsinə,
Belə bir hədiyyə bağışladılar.

O biri dünyada qocalan adam,
Sağ olsa nə deyər büstünə baxıb?
Görəsən heykəli ucalan adam,
Xəcalət çəkərmi üstünə baxıb?

Gecəsi sərindi, gündüzü soyuq,
Ömrünü, gününü qış elədilər.
Nə qəlbi buzuydu, nə özü soyuq,
O boyda insanı daş elədilər.

Daşın da üstünə daş atmayım ki,
Yəqin daş olmağın mənası çoxdu.
Gərək o qədər də alçaltmayım ki,
İnsan var daş qədər çəkisi yoxdu.

Yox amma daş kimi olmasın insan,
Axı bu qiymətə nə ad verim mən.
Daş olub bir yerdə qalmasın insan,
Qoy ona qol verim, qanad verim mən.

Ayağı qandallı, əlləri bağlı,
Bir bağın içində saxlamasınlar.
İnsanı şəhərin ən təmtəraqlı,
Hansısa yerinə bağlamasınlar.

Nə verə bilər ki, kiminsə yerin,
Daşlaşar heykəli olunca insan.
Öləndən sonra da azadlıq verin,
Uçsun arzusunun dalınca insan.

Bu şeri yazanda hardasa bəlkə,
Bir usta bir heykəl şəkli çəkirdi.
İnsanın daşlığı insana ləkə,
Daşın insanlığı gözəl fikirdi!..


DANIŞAN DİVAR

Yığılıb elə bil ətdən bir yığın,
Divarın dağılmış oyuq küncünə.
Kim bilir nə dərdi var bu yazığın,
Qısılıb divarın soyuq küncünə.

Özü bütün günü yanır, alşır,
Yanında, böyründə nə var danışmır.
Səhərdən axşama qədər danışır,
Divarla danışır, divar danışmır.

Tanrı səs verəydi kaş divarlara,
Bu divar olaydı bu adama yar.
Görən kim nə deyib daş divarlara?
İllərdi səsini çıxartmır divar.

Divardan bir dənə səs eşitmirik,
Amma ki, nə isə soruşur adam.
Bəlkə də danışır biz eşitmirik,
Onunçün bu qədər danışır adam.

Divar da içini yeyirmiş deyə,
Adamla bəxtini barışdırırmış.
Divara bax, dərdə dururmuş yiyə,
Dərdə bax , divarı danışdırırmış.


AVTOBUS DAYANACAĞI

Nə durmusan, a bala?
Dalınca baxma, gecdi.
Yenə daldın xəyala,
Avtobus gəldi keçdi.

Yağış yağır, çox dursan,
Üşüyərsən, küləkdi.
Xəyalında uçursan,
Avtobus nə gərəkdi?

Əl yuyursan, bir bacın
Tez gətirir məhrəba.
Süfrə başında anan
Yemək çəkir boşqaba.

Üzündə təbəssümün,
Sevincin işarəti.
Gözündə qış mövsümü
Və əriyir həsrəti…

O biri çay dəmləyir,
Evə sığmır sevinci.
Üzünə gülüb deyir:
Bildim gələcəyini
Mən hamıdan birinci.

Bir ana, iki bacı
Bölə bilmirlər səni.
Neyləsinlər çoxdandı
Görə bilmirlər səni.
Həyatın baş daşında,
Xoşbəxtlik bir içim su.

Bir süfrənin başında,
Bir ailə tablosu.
Bu xəyaldı, bu kabus,
Birdən gözdən itdi ki.
Dayan, dayan, avtobus,
Paho... yenə getdi ki…


MƏNİM ÜRƏYİM-SƏNİN EVİN

Məni görməsəydin ölə bilərdin,
Onunçün görərdin bəzən qaraltı.
Bir vaxt külək əssə elə bilərdin,
Mənəm qapınızda gəzən qaraltı.

İndi tufan qopar çatanda sizə,
Yorular ürəyim qaçıb, tələsib.
Sən elə bilərsən küləkdi əsən,
Sən hardan biləsən ürəyim əsib?

Bilərmi ürəyim əsib qəflətən,
Nəfəsim kəsilib deyə gəlmişəm.
Hansı bəhanəylə gəlim sizə mən,
Anan da bilməsin niyə gəlmişəm?

Gözüm qapınıza dəysə bir axşam,
Gözlərin gözümü qınayacaqmı?
Əlim qapınızı döysə bir axşam,
Qapınız əlimi tanıyacaqmı?

Qorxuram ümidsiz cavab alaram,
Özündən çıxasan üzümə durub.
Bir təhər ananı başa salaram,
Səni başa salmaq gözümə durub.

Qapını döysəm də məğlubam hələ,
Qapından keçməklə tapmaram uğur.
Evindən içəri girsəm də belə,
Hələ ürəyinin qapısı durur.

Qapını açmasan barı zəng elə,
Açıb ürəyini məni sevindir.
Mənim öz evimdi ürəyin elə,
Mənim ürəyim də senin evindir.


QIŞ GƏLİB…

Qış gəlib, mənim balam,
Gəl çölə çıxaq, gəzək.
Yollardan, küçələrdən,
Qar dərək, yağış üzək.

Nə tez əllərindəki
Yupyumuru nar oldu?
Neyniyirsən, ay dəcəl,
Üzüm, gözüm qar oldu.

Ağ mələyim, ağ pərim,
Qar kimi ləkəsizim.
Görüm bəxtin ağ olsun,
Bu qar kimi, əzizim.

İlahi, nə gözəldi,
Qar üstündə ağa bax.
Səni qardan seçmirəm,
Ağappaqsan, ağappaq.

Qartopu düzəldirəm,
Nə yaxşı sən də varsan.
Qaradamı oluram,
Mənə qarqız olarsan?


GƏL GÖRÜM

Gəl görüm, görüm səni,
Bax gör gələ bilirsən?
Gör dəyişə bilirsən?
Gör düzələ bilirsən?

Gəlmək çətin deyil ki,
Çıxıb yola gəlirsən.
Həsrət var e, bax ordan
Düz Vüsala gəlirsən,
Gələcəm de görüşə,
Deyim xoş gəl, səfa gəl.
Sabah səhər görüşək:
Doqquzda İnsafa gəl.


NƏNƏMƏ

Arvadı sındırıb kasıblıq dərdi,
Üç aydır ki, almır aylığını da.
Əvvəl yaylığında pul gizlədərdi,
İndi tapa bilmir yaylığını da.

Heç dolu görmədim damağını da,
Qalan bir dişi də laxlayır onun.
Birinci, ikinci ayağını da,
Üçüncü ayağı saxlayır onun.

Kişi də arvadı gətirib cana,
Bir dənə sözünə baxmır nə vaxtdı.
Nə təhər vurdusa köhnə divana,
Əlindən üçüncü ayağı çıxdı.

Sobanın yanında gəzib qızındı,
Cəhd edib yeriyir, gözəldi indi.
Nənəmin üçüncü ayağı sındı,
Babam təzəsini düzəldir indi..
XS
SM
MD
LG