Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:57

30 yaşlı Elvin Əsgərov niyə öldü?


Elvin Əsgərov
Elvin Əsgərov
Yanvarın 13-də xəbər agentlikləri Nizami rayon Polis İdarəsinə istinadən gecə saatlarında kütləvi davada üç polis əməkdaşının bıçaqlandığı barədə məlumat yayıb. Rəsmi məlumata görə, yüngül xəsarət aldığı deyilən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları hospitalda ambulator müalicə alıb evə buraxılııb.

Elə həmin gün, davada iştirak etdiyi və polisə xəsarət yetirdiyi iddia olunan Elvin Əsgərovun meyiti də ailəsinə verilib. Mətbuatda, sosial şəbəkələrdə E.Əsgərovun ciddi xəsarət almış halda və bunun Nizami rayon polis bölməsində çəkildiyi iddia edilən şəkilləri dolaşır.

«Heç kim mənə demir ki, artıq Elvin yoxdur. Ananın yeganə oğlu, 30 yaşında, arzularının hələ çiçəkləndiyi bir vaxtda».

«ELVİN SÖYÜŞ GÖTÜRƏN DEYİLDİ»


Bakının Nərimanov rayonunda yaşayan Rəfiyevlər ailəsi yas içindədir. Anası Roza Rəfiyeva hadisəni xatırlayır. Daha doğrusu, yanvarın 13-də oğlunun gecə evə gəlmədiyini, sonradan isə onun avtomobil qəzasına düşdüyü barədə xəbər aldığını və 24-cü polis bölməsinə getdiyini danışır. O deyir ki, həmin gün Elvinlə bir yerdə olan dostları ona danışıb ki, «Neon Palace» restoranının qarşısında görüşüblər və bərkdən danışıb-gülüblər. Roza Rəfiyeva:

- Dünən onun dostu Məhəmməd burda dedi ki, biz ucadan gülüb zarafatlaşırdıq. Yaxından keçən polislər bizə yaxınlaşdı, elə bildi biz dalaşırıq, sənədlərimizi istədi. Mən sənədlərimi verdim. Verəndə qollarımı burub məni maşına saldılar, söyüş söydülər. Məhəmməd deyir ki, Elvin də onlara söydü. Elvin söyüş götürən deyil, mən faktı deyirəm.

«QOLLARIMA O QƏDƏR VURDULAR Kİ, HALIM ÖZÜMDƏ OLMADI»

Roza Rəfiyeva
Roza Rəfiyeva güman edir ki, polisə cavab qaytarmasına görə Elvin döyülüb. Həmin vaxt Elvinlə birlikdə hadisə yerində olan Anar Qəniyev «Azadlıq» qəzetinə bildirib ki, polis maşınında Elvinin başına polis dəyənəyi ilə vuranda əllərini onun başına tuturmuş: «Qollarıma o qədər vurdular ki, halım özümdə olmadı. Sonra polis bölməsində məni ayrı yerə, Elvini başqa yerə apardılar».

«Məhəmmədi gördüm, heç bir şeyi yoxdur, Anarın qolu sınıqdır, gipsdədir, o biri oğlan da, Məhəmmədin qardaşı, deyirlər ki, kəllə travması ilə xəstəxanada yatır, oğlanın dediyinə görə, qardaşına elektroşok eləyiblər, görünür, Elvinə də elektroşok eləyiblər» - deyən Roza Rəfiyevanın sözlərinə görə, polis bölməsində ona oğlunun üç polisə ağır xəsarət yetirdiyi deyilib:

DEDİ OĞLUNUZ YÜNGÜLVARİ YARALAR ALIB

- Müstəntiq gəldi mənə dedi ki, xanım, sizin oğlunuz «Neon» restoranında yeyib-içən vaxtı dava-dalaş ediblər, üç polisi bıçaqlayıb, birinin ürək nahiyəsindən, birinin ağzından soxub boğazından çıxıb. O birisi yüngüldü, amma ikisinin vəziyyəti ağırdı. Dedim bəs mənim oğlum? Dedi gedin, Sabunçu xəstəxanasına, sizin oğlunuz da yüngülvari yaralar alıb.

Rəfiyevlərin xəstəxana macərası da uzun çəkib, deyirlər ki, gah «əməliyyata götürəcəyik», gah «gedin, neocərrahiyyəyə köçürmək üçün ordan icazə gətirin», gah da «həkim gəlsin», «köməkçisi gəlməyib hələ» kimi cavablar eşidiblər, sonra da tibb bacıları Elvinin saçını qırxmaq üçün «lezva» axtarıblar. Amma sonda cərrahiyyə əməliyyatı olmayıb:

- Həkimi dəhlizdə gördüm, qabağına yüyürdüm, bir az da sevincək ki, həkim, əməliyyat qurtardı. Doktor üzümə baxdı, dedi ki, əməliyyat sabaha saxlanıb. Mən niyəsini soruşanda dedi ki, qalxın yuxarı, şöbə müdiri sizə izah
Rza Rəfiyev
eləsin.

«BAŞINDA SALAMAT YER YOX İDİ»

Amma onlara Elvinin meyidini veriblər. Atası Rza Rəfiyev deyir ki, Elvinin ekspertizaya aparılmasını istəyiblər və özü də burda iştirak edib:

- Başında salamat yer yox idi. Burnunda «dubinka»nın yeri qalıb.

Gözündə yaşı quruyan Roza Rəfiyeva iki aydan sonra ona nişan aparmağa hazırlaşdığını söyləyir:

- Demişdi ki, ana kimi bəyənsən, onunla da evlənəcəm, qızın yoxdu, sənə qız olsun. Bir qızı gözaltılamışdım.

- Qızı ona da nişan vermişdizmi?

- Eləcə demişdim ki, yaxşı bir qız var, gedib baxarsan, onu alacam sənə. Qızın kimliyini ürəyimdə saxlamışdım, elə ürəyimdə də qaldı. İnşaat mühəndisi idi, hər işi bəyənmirdi, deyirdi, özümə yer-yurd eləyim, evlənəcəm, arzuları çox idi...

ADİ XƏSARƏTLƏRƏ BƏNZƏMİR

İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Elvin Əsgərovun son şəkillərini gördüyünü və bunu adi xəsarətlərə bənzətmədiyini deyir. Onun sözlərinə görə, məsələni araşdırmaq üçün Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəhbərliyi ilə görüşəcək, lazım gəlsə, müzakirəni daxili işlər naziri Ramil Usubovla aparmağa cəhd göstərəcək.

Nizami payon 24-cü polis bölməsi
Biz də Nizami payon 24-cü polis bölməsinin rəhbərliyi ilə görüşmək istədik. Günorta saat 4-ə işləsə də, nə rəis, nə də rəis müavini yerində idi. Növbətçi polis dedi ki, onlar nahara çıxıblar. Ailənin Elvin Əsgərova işgəncə verilməsində günahlandırdığı rəis müavini Rasim Əmirovla isə sonradan telefonla danışdıq.

MƏNİ NARAHAT ETMƏYİN

O bildirdi ki, bu məsələ ilə bağlı gün ərzində ona çoxlu zənglər olub. «Onlar çox şey deyə bilər, istintaq gedir, günahkar kimdirsə, arxayın olun, üzə çıxacaq, bir də bu məsələyə görə məni narahat etməyin» - deyib telefonu qapatdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə isə AzadılqRadiosuna bildirib ki, yanvarın 13-ü gecə baş verən davada Elvin Əsgərov polis əməkdaşlarına xəsarət yetirib, özü isə qaçarkən bu xəsarətləri alıb:

- Ailəsinin iddia etdiyi işgəncə faktının heç bir əsası yoxdur.

CİNAYƏT İŞİ QALDIRILIB

Bakı şəhər Prokurorluğunun ictimaiyyətlə əlaqələr şəbəsinin rəhbəri Ramiz Rzayev isə AzadlıqRadiosuna bildirib ki, yanvarın 13-də «Neon» restoranının qarşısında baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin (CM) 315.2-ci maddəsi (hakimiyyət nüimayəndəsinə zor tətbiq etmək) ilə cinayət işi qaldırılıb, ekspertiza təyin edilib. O cümlədən, Elvin Əsgərovun da ölümü ilə bağlı ekspertiza təyin edilib. Ramiz Rzayev deyir ki, mötəbər sübutlar olarsa, cinayət işinə CM-nin başqa maddələri də tövsif oluna bilər.

Bu arada ombudsman Elmira Süleymanova baş prokuror və daxili işlər nazirindən hadisənin hərtərəfli araşdırılmasını, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunmasını və qanun çərçivəsində cəzalandırılmasını xahiş edib.
XS
SM
MD
LG