Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:43

Lukaşenko rejiminə qadağalar dalğası


Avropa Parlamentinin binası qarşısında Belarusla bağlı piket - 12 yanvar 2011
Avropa Parlamentinin binası qarşısında Belarusla bağlı piket - 12 yanvar 2011
Avropa Parlamentinin bəzi böyük siyasi qrupları yanvarın 18-i Belarusda ötən ay prezident seçkilərindən sonra müşahidə olunan hadisələri ittiham edən və təkrar səsverməyə çağıran qərar layihəsini müzakirə ediblər.

Görüşün məqsədi liberal, sosialist, sağçı və mühafizəkar partiyaların baxışlarını bir qərar layihəsində əks etdirməkdir. İndiyə kimi onlar ayrı-ayrılıqda, amma oxşar qərar layihələri hazırlayıblar, indisə istəyirlər ki, parlamentə vahid qərar layihəsi təqdim etsinlər.

Müştərək mətn yanvarın 20-də Strasburqda səsə qoyulacaq.

Qərar layihəsi Aleksandr Lukaşenkonun Belarusdakı seçkilərdə müxalifət namizədlərinə və etirazçılara güc tətbiq etməsini ittiham edir.

“QÜSURLU SEÇKİ

Layihədə həmçinin təkrar, ədalətli və azad seçki keçirilməsinə cağırılır. 19 dekabr seçkiləri beynəlxalq müşahidəçilər və Qərb dövlətləri tərəfindən “qüsurlu seçki” kimi tənqid olunub.

Məsələn, Avropa Liberallar və Demokratlar Alyansının qərar layihəsi Belarus hakimiyyətini beynəlxalq institutların köməyi ilə təkrar prezident seçkisi keçirilməsinə imkan yaradan demokratik islahatlar üçün “yol xəritəsi”ni inkişaf etdirməyə çağırır.

Qanun layihəsi həmçinin vadar edir ki, bu ölkədə vətəndaş cəmiyyəti daha çox dəstək alsın və nümayişlərdə iştirak etdiyi üçün universitetlərdən kənarlaşdırılan Belarus tələbələrinə Vülnisdəki Avropa Humanitar Universitetində təhsillərini davam etdirmək üçün təqaüd verilsin.

Burda həm də yekdilliklə çağırılır ki, Belarus hakimiyyəti tərəfindən bağlanmış ATƏT-in Minskdəki ofisi yenidən fəaliyyət göstərsin.

Liberal və sağçı Avropa Xalq Partiyası Lukaşenko rejimi üçün iqtisadi sanksiyalar istəyir. Liberallar Belarus hökumətinə məxsus şirkətləri hədəfə alan sanksiyalara çağırır. Avropa Xalq Partiyası isə Beynəlxalq Valyuta Fondunun təmin etdiyi bütün böyük maliyyə yardımlarının, o cümlədən Avropa İnvestisiya Bankının verdiyi kreditlərin dondurulmasının tərəfdarıdır.

BÖYÜK İDMAN TƏDBİRLƏRİNİ BOYKOT İDEYASI

Jerzy Buzek
İki partiya Dünya Buzüstü Hokkeyin 2014-cü ildə hələ də siyasi məhbusların olduğu Belarusda keçirilməsinin əleyhinədir. Avropa Parlamentinin prezidenti Jerzy Buze ötən həftə Belarusun böyük idman tədbirlərinə qatılmasının boykot edilməsi ideyasını müzakirə edib.

Müxalifətə qarşı təzyiqlərdən bəri Minskin Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramında gələcək iştirakı kəskin yoxlamalara məruz qalıb. Avropa Liberal və Demokratlar Alyansı Belarusun yüksək vəzifəli hakimiyyət təmsilçilərinin səfərlərinin dayandırılmasına səy göstərir. Avropa Xalq Partiyası istəyir ki, Belarusda köklü dəyişikliklər olmayana və siyasi müxalifətin bütün üzvləri qeyd-şərtsiz azadlığa buraxılmayana qədər Minskin Şərq Tərəfdaşlığı proqramında iştirakı dayandırılsın.

Sosialist Demokratlar Belarus hakimiyyətinin yüksək vəzifəli məmurları ilə əlaqələrə son verilməsinin tərəfdarıdır. Buna baxmayaraq, Avropa Birliyi komissarı Stefan Fuele artıq Şərq Tərəfdaşlığının strukturunda heç bir dəyişiklik edilməməsinə nail olub.

BELARUS RƏSMİLƏRİNƏ VİZA VERİLMƏSİ QADAĞAN OLUNSUN

Sosial Demokratlar Avropa Xalq Partiyası, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu ilə, o cümlədən Alyansla razılaşıb ki, Belarus rəsmilərinə viza verilməsi qadağan olunsun, üstəlik, repressiyalara məruz qalanlar üçün viza imkanı genişləndirilsin.

Ancaq viza qadağasında Avropa Birliyinin Federal Qrupunun baxışları fərqlənir. Qrup Avropa Birliyinin rəhbərliyi ilə şəffaf və müstəqil tədqiqat aparılmasına ehtiyac olduğunu düşünür. Mümkündür ki, bu qrup səsverməyə alternativ layihə çıxarsın. Amma onun bəyənilməsi heç də gözlənən deyil.

Bu həftə nəzərdə tutulan debatlar və səsvermədən əvvəl isə parlamentin Xarici Əlaqələr Komitəsi Brüsselin Minskə qarşı siyasətinə yenidən baxmağa çağırıb.

Avropa Parlamentinin çərşənbə gününə gözlənən qərar layihəsi qəbul edilsə, xeyli simvolik olacaq. Amma mümkündür ki, digər Avropa institutlarının Minsk rejimi ilə münasibətlərini dəyişməsinə stimul versin, AB xarici işlər nazirlərinin yanvarın 31-də viza sanksiyalarına başlamasına təkan olsun.

2006-cı ildəki mübahisəli seçkidən sonra Avropa Birliyinin siyahısında viza sanksiyası qoyulması üçün Belarusun 34 rəsmisinin adı var. Qadağa 2008-ci ildə təxirə salınmışdı, Brüssel Lukaşenkonu inandırmağa çalışmışdı ki, demokratik islahatlar onun ölkəsinə fayda gətirəcək.

/Sayta hazırladı Səadət Akifqızı/
XS
SM
MD
LG