Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Əli Şirin Şükürlü. inam, aldanış və hər an intihar (şeir-esse)


(şeir-esse)

gözləri monitorda, əlləri gorüşür çənəsi altda. sıxılan barmaqlar arasında itir məsafə, boğulur sonsuzluq. görüşən əllər yeni məkan forması, masa üzərindəki proyeksiyası-kölgə; bütün təsvirlər təhrif olunmuş şəklidi həqiqətin. o, içində dünyanın-kölgə qismində,
dünya onun içində-yanlış modeli gerçəkliyin.
oxuyur müxtəlif ünvanlı bir sətirlik məktubları:


demək sən də belə; sən də unutdun məni,dost.
demək sən də belə; sən də atdın məni ,dost.
demək sən də belə; sən də aldatdın məni,dost.
demək sənsə beləymişsən; unutmadın, atmadın, aldatmadın.

məktub yazmaq zəiflik əlamətidi hardasa-keçir ağlından, sıxır klavişin düyməsini: delete. inanma,aldanma,utanma-babasi tez-tez nəsihət verərdi ona. inandı, aldandı, utandı. vədlər aldatmaq, inamlar aldanmaq üçündü-düşünür indi.


biri vardı körpə vaxtı zibil yeşiyindən tapmışdılar.azca mərhəmət
göstərsəydilər ya uşaq evinin, ya da heç olmasa polis şöbəsinin qarşısına
atılardı.atıldı, unudulmadı, unutmadı. böyüyüb tapdı anasını, tapa bilmədi
atasının uzun sivri burnu, sərt sifəti vardı, üzü gülməzdi. atdı anasını
qocalar evinə, çıxdı itirdiyi sevgilərin əvəzin.
atdılar, atıldılar. sevgi gəzərkən sevgi itirdilər-unutmadılar.


o isə səddam hüseynin oğluyam səddam hüseynin-söyləyib şəstlə,
az adamı bəyənər, yeni hökumət yaratmaq istər, şeir yazar, havalı-havalı gəzərdi.
gəzdi, gəzdi, yorulub bitdi nəşriyyatın qabağında üzündə təbəssüm.pul alanda adamdan rəngi qızarır, sonra öz-özunə nəsə danışır. keçmişi yaxşı xatırlayır,
indiki zaman yoxdu onunçun sanki. bir də çoxları üçün əsl təsəlli yeridi,
əksəriyyət baxıb ona ağıllı hesab edər özünü.bir dəfə maşının güzgüsündən
gözünü silən görmüşdü onu-ağlayırdı deyəsən. atdılar,unutmadılar.


yaraşıqlı, boy-buxunlu idi birisi. bütün fədakarlıqlar qorxaqlıqdan doğur-deyə yaşadı ürəyi istəyən kimi. istəyəndə sevər, istəyəndə atar unudardı. atdı, atıldı, unutdu, unuduldu. azıb bütün yolları dönür- yollar yorğunu, sən hara üz almısan, zalım.atan atılır, unudan unudulur, aldadan aldadılır. atmadın, unutmadın, aldatmadın, illərlə xəstə yatdın, sevgi tutdu səni. o, sənə dönür indi yollar yorğunu, sən hara üz almısan, qadın: unutmadın, aldatmadın, atdın deyəsən.


qırılır xatirələr...
gözləri monitorda, əlləri çənəsi altda,
bir zaman kəsiyidi,bir fəza cismi.
çoxdu, çoxluqdu-boş çoxluq:
nə gözü var, nə ürəyi-
itir düşüncəsi-yox olur artıq,
dəyişir məkan-zaman forması.
aldatdılar, atdılar, unutdular.


biri atıb, biri atılib gəlir
biri unudub, biri unudulub gəlir
biri aldadıb, biri aldanıb gəlir
biri dik,biri əyilib gəlir -
gəlir hamı gəlir, gəlir hər an gəlir,
gəlir, sənə gəlir kölgə şəklində;
aldatmadın
atmadın
unutmadın.

... – 22.11.2010.
XS
SM
MD
LG