Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:24

Masallı Telekommunikasiya Qovşağının binasında partlayış olub


Dağıntılar altında qalan 4 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib
Dağıntılar altında qalan 4 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib
«Ehtimallara görə, Masallı Telekommunikasiya Qovşağında partlayış texnogen səbəblərdən baş verib».

Bunu jurnalistlərə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Masallı rayonunda olarkən deyib.

Nazir bildirib ki, tam təfərrüatlar ərazidə təmizləmə işləri başa çatandan sonra bilinəcək.

CİNAYƏT İŞİ BAŞLANIB

Partlayışla bağlı Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə «APA»ya Masallı rayon Prokurorluğundan bildirilib. Qeyd olunub ki, hazırda baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Tutulan və ya saxlanılan yoxdur.

2 ÖLÜ, 3 YARALI

Dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. Asim Əliyev Telekommunikasiya Qovşağının texniki şöbəsinin rəisi olub, 1987-ci il təvəllüdlü idi.

Bundan qabaq isə bir nəfərin meyiti çıxarılmışdı. 4 nəfər isə yaralanıb.

Binanın uçması nəticəsində sıradan çıxmış telefon xətti, elektrik enerjisinin verilməsi bərpa olunmayıb.

Partlayışla bağlı cinayət işi qaldırılıb.

FHN: BİNA ÇÖKÜB


Fövqəladə Hallar Nazirliyi bildirir ki, 7 fevral 2011-ci il tarixində Masallı şəhərində ATS-in yerləşdiyi dördmərtəbəli binanın bir hissəsinin çökməsi barədə məlumat daxil olub.

İlkin məlumata əsasən, dağıntılar altından 1 nəfərin cəsədi çıxarılıb, 4 nəfər xəsarət alıb.

Hazırda dağıntılar altında qalmış daha 1 nəfərin xilas olunması işləri davam etdirilir.

1 NƏFƏRİN MEYİTİ ÇIXARILIB

Dağıntılar altında qalanlardan biri - İbarət Quliyev saat 16.44 radələrində dağıntılar altından xilas edilib. O, ağır vəziyyətdə Masallı Regional Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına aparılıb.

Dağıntılar altında qalanlardan digəri - Kişvər Şahverdiyevanın isə meyiti çıxarılıb.

Dağıntılar altında daha 1 nəfərin – Rövşən Əliyev adlı şəxsin qaldığı bildirilir. Axtarışlar davam etdirilir.

Partlayışla əlaqədar Masallı rayonunda telefon rabitəsi tamamilə kəsilib. Şəhər mərkəzinə elektrik enerjisinin verilişi dayandırılıb. / APA /

4 NƏFƏR XİLAS EDİLİB

Fevralın 7-də Masallı rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. Binanın divarları uçub.

Dağıntılar altında qalan 4 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.

Daha 2-3 nəfərin dağıntılar altında qaldığı bildirilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzadlıqRadiosuna bildiriblər, hadisə yeni baş verdiyindən təfsilatlı məlumat əldə edə bilməyiblər:

«Nazirliyin yüksək vəzifəli şəxsləri bu dəqiqə yola düşdülər. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri hadisə yerindədir».

Partlayışın səbəbləri barədə hələlik açıqlama verilmir.
XS
SM
MD
LG