Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:11

Banan niyə bahalaşıb?


-Banan neçəyədir?.
-Üç manata...Bir həftə idi ölkədə banan yox idi, ona görə bahalaşmışdı. Lap beş manata da satırdılar. Biz satmırdıq, amma bu gün gəlib üç manata satırıq.
-Bəs əvvəl neçəyə satırdız, 2 manata, 2 manat 50 qəpiyə..
-Niyə bahalaşıb bilmirsiz?
-Biri deyir Gömrük bahalaşdırır, biri deyir monopoliyadır.

Banan bahalaşmasını bazarlarda hərə bir cür yozur.

Banan bazarına girmək qorxusu?

«Deyirlər güya monopoliyanı götürüblər, yerdə qalan adamlar da qorxudan banan bazarına girməkdən, banan gətirməkdən qorxurlar....Qorxurlar ki, gedib gətirərlər onları ilişdirirlər. Adamlar arasında belə söz-söhbət, şayə gəzir. Mal gəlmədiyinə görə də qiymətlər avtomatik qalxır».

«Bahalaşmada topdansatış mərkəzləri günahkardır»

Amma bəzi həmsöhbətlərim bananın birdən-birə bahalaşmasının səbəbini topdansatış mərkəzlərində görürlər.

Paytaxt Bakının bir neçə bazarında satıcılarla söhbətdən aydın oldu ki, onlar bir həftə əvvəl bananı topdansatış məntəqələrindən ən bahası 1 manat 70 qəpiyə alıb, 2 manata satırmışlar. Amma birdən nə olubsa banan gözlənilməyən qiymətə qədər bahalaşıb.
Bazarlarda banandan tutmuş, xarici ölkələrdən gətirilən bütün meyvələrin qiymətində bahalaşma var. Satıcılar hesab edirlər ki, monopolistlər əsasən məmurlar, hakimiyyətin ən yuxarı eşalonlarında təmsil olunan şəxslərdir. Hətta monopolistlər arasında dini idarə rəhbərlərinin adları da çəkirlir. Misal üçün satıcılar bildirdilər ki, İrandan gələn bütün mallar monopoliyadadır. Monopolistlırin razılığı olmadan heç bu ölkədən mal gətirilə bilinməz. Gətirsə-gətirsə yalnız bir neçə kiloqram, o da istifadə məqsədi üçün.

Bazarlarda bahalaşmanın günahını topdansatış məntəqələrin üstünə atsalar da həmin məntəqələrdə bu fikirləri heç yaxına buraxmırlar.

Bakıdakı «Yaşıl bazar»da toptansatış meyvə satanlar deyilər ki, hər şey yuxarılıqdır.

Günü sabahdan banan idxalına başlaya bilərəm, amma...

Digər meyvələrdən fərqli olaraq bananın bahalaşmasını ölkədə başlanan korrupsiyaya qarşı mübarizə ilə birbaşa əlaqələndirənlər də var.

20 ildən bəri sitirus meyvələrinin alveri ilə məşğul olan, amma adının çəkilməsi istəməyən sahibkarın Azadlıqradiosuna dediyinə görə, bananın bir həftə ərzində bahalaşaması birbaşa ölkədə başlanan antikorrupsiya kampaniyası ilə bağlıdır.

Həmsöhbətimin iddiasına görə, Azərbaycana banan idxalı hakimiyyətə çox yaxın olan dövlət rəsminin himayəsindədir. Elə buna görə də indiyə qədər Azərbaycana gətirilən banana görə, gömrük rüsümu ödənilmirmiş. Həmsöhbətimin deməsinə görə, prezidentin başladığı antikorrupsiya kompaniyasından sonra bu məsələnin necə rəsmiləşdirilməsi problemi yaranıb. Onun deməsinə görə, məsələnin öz həllini tapması üçün də banan idxalı müvəqqəti dayandırılıb.

Həmsöhbətim olan sahibkarın bildirməsinə görə, o, günü sabahdan özü bir başa banan idaxlına başlaya bilər. Amma bu sahəyə müdaxilə etməkdən çəkinir. Ehtiyyatlanır ki, korrupsiyaya qarşı mübarizə müvəqqəti ola bilər və sonradan əsas monopolistin təzyiqlərinə məruz qalar.

«Bu ayrı-ayrı əliəyri məmurun xeyrinə çıxarılacaq nəticədir»

Amma hakimiyyətyönlü Ana Vətən partiyasının sədr müavini, deputat Zahid Oruc səslənən fikirləri qəbul eləmir. O hesab edir ki, bu kimlərinsə xeyrinə ortaya atılmıs söz-söhbətdir:

«Heç bir halda korrupsiyaya qarşı mübarizə qiymət artımı doğura bilməz. Ona görə də bananın qiymətinin 4-və ya 5 manat olmasını korrupsiyanın hədəfində, fokusunda, onun mərkəzində qiymətləndirmək yanlışdır. Bu ayrı-ayrı əliəyri məmurun xeyrinə çıxarılacaq nəticədir»

Banan Azərbaycana 60 qəpiyə gəlib çıxır

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, bir müddət əvvəl apardıqları araşırmalar nəticəsində banan və digər sitruz meyvələrin topdansatış və parakəndə satış qiymətləri arasında böyük fərqin olduğunu üzə çıxarıblar. Mərkəz rəhbərinin sözlərinə görə, onların araşdırmasından aydın olub ki, gömrük və əlavə dəyər gergiləri ödəniləndən sonra bananın bir kiloqramı Azərbaycana 60 qəpiyə gəlib çıxır.

«Bu onu göstərir ki, ölkəyə banan gətirən şirkətlər çox deyil. Ola bilər həmin şirkətlər hansısa razılaşmaya gediblər. Ya da ola bilər, bir şirkətdir o qiyməti diqtə edir və parakəndə satış mərkəzləri də onu alırlar. İnandırıcı deyil ki, ticarətçi 60 qəpiyə banan alıb onu 2 manat 40 qəpiyə istehlakçıya satsın».

İqtisadçı ehtimallarına görə ola bilər ki, monopolist şirkətlər korrupsiyaya qarşı mübarizəyə etiraz olaraq iqtisadi sabotaja əl atsınlar:

«Davam edən proseslərə, gömrükdə şəffaflığa etiraz əlaməti olaraq həmin şirkətlərin sabotaj etməsi mümkündür».

Qubad İbadoğlu xaricdən ölkəyə idxal edilən bəzi məhsulların məmurların monopoliyasında olması fikiri ilə də razıdır. Onun fikirincə ali siyasi vəzifəyə malik olmayan adamların uzun müddətli bir məhsulun idxalını monopoliyada saxlaması qeyri-mümkün görünür.
XS
SM
MD
LG