Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:42

Artur Rasizadənin Ana dili problemi


Tofiq Hacıyev
Fevralın 21-i beynəlxalq Ana Dili Günüdür.

AzadlıqRadiosunda türkoloq, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev Azərbaycan dilinin bu günündən danışırıq.

«KOMİSSİYA DİLƏ FORMAL NƏZARƏT EDİR»

- Tofiq bəy, ondan başlayaq ki, müstəqil Azərbaycanın iyirmi yaşı tamamlanır. Demək olarmı ki, ana dili də basqılardan azaddır?

- Azərbaycan dilinin sovet dövründə ancaq yuxarı səviyyədə qarşısı alınırdı. Yoxsa ana dili orta məktəblərdə tədris olunurdu, yüksək səviyyəli dərsliklər vardı. İndi bu şeylər yoxdur. İndi sadəcə ana dilinin işlənməsi üçün azadlıq var. Dövlət tribunalarında, bütün məclislərdə prezident də, nazirlər də ana dilində danışır. Bu yaxşıdır. Hətta ana dilini qoruyan dövlət təşkilatı var. Nazirlər Kabinetində Dil Komissiyası yaradılıb. Təşəbbüskarı da mən olmuşam. O dil komissiyası mətbuatda, dövlət idarələrində dilə nəzarət edir. Amma bu nəzarət formaldır.

- Yəni faydası yoxdur?

- Heç bir faydası yoxdur. Reklamların dili çox pintidir. Dilin azadlığını elə bil kim kefi necə istəyir elə də danışsın kimi başa düşürlər. Dil məcrasından çıxıb, qrammatik qaydalara laqeydlik var. Dövlət Komissiyasının dilə nəzarətlə bağlı hər cür hüququ var. İdarələrdə dilin tələblərinin pozulmasından xəbər tutub onları cəzalandıra bilər. Mətbuat orqanını cərimələyə, nəşrini müvəqqəti dayandıra bilər. Dil haqda qanun da bunu tələb edir.

DİL KOMİSSİYASINA ARTUR RASİZADƏ RƏHBƏRLİK EDİR

- Komissiyanın rəhbəri kimdir?


- Nazirlər Kabinetinin sədri Artur Rasizadə. Amma praktiki ona baş nazirin müavini Elçin rəhbərlik edir. Çox təəssüf ki, bu işdə dövlətin də günahı var. Qanunu verib, amma onun icrasına nəzarət etmir.

- Azərbaycanın rəsmi, siyasi dilinə qiymətiniz neçədir? Məsələn, üzvü olduğunuz Dil Komissiyasının sədri Artur Rasizadənin danışığına həmişə irad olub.


- Onun danışığına yox, danışmamağına irad tutulub, hər yerdə dinməzcə oturur. Bir dəfə «KVN»çilər dedilər ki, Nazirlər Kabineti nitqlə bağlı üç turdan ibarət müsabiqə elan edib. Birinci tur, ikinci və Artur. Heydər Əliyev qəşş elədi. İndi o mənada onunu danışığına irad yoxdur.

«ŞEYXÜLİSLAMIN NİTQİ TƏZƏ DİL AÇAN KÖRPƏNİN DANIŞMASINA OXŞADI»

- Dövlət başçısının, nazirlərin danışığı sizi dilçi kimi qane edirmi?


- Məni İlham Əliyevin danışığı təmin edir. Yazıram, altından da qol çəkirəm. Bir neçə il öncə Bibiheybət məscidinin açılışında o da danışdı, şeyxülislam da. Şeyxülislamın nitqi təzə dil açan körpənin danışmasına oxşadı. Amma İlham Əliyev hiss edirsən ki, müəllim tutub öyrənib. Məktəbdə rusca oxuyub, sonra da rusca, ingiliscə, fransızca danışıb. Onun danışığından razıyam.

«MƏN ONUN DİLİNİ HEYDƏR ƏLİYEVİN DİLİYLƏ MÜQAYİSƏ ETMİRƏM»


- İrad var ki, dövlət rəsmiləri köhnəlmiş «-mışdır, -mişdir» şəkilçilərindən hələ də imtina etmirlər.


- Mən bayaqdan «gəlib, gedib» deyirəm, «gəlmişdir» də demək olar. İkisini də işlətmək olar. Dövlət başçısının dili rəsmi dildir, loru danışa bilməz. Amma mən onun dilini Heydər Əliyevin diliylə müqayisə eləmirəm. Heydər Əliyev ana dilində təhsil almışdı, bu kişi sonradan öyrənib. Məni təmin edir, fikrini ifadə edir.
Məni İlham Əliyevin danışığı təmin edir
Kaş Rasizadə onun yarısı qədər danışa biləydi.

«VERTOLYOT DA, HELİKOPTER DƏ ALINMA SÖZDÜR»

- Tofiq müəllim, qloballaşan dünyadan danışırıq, internetdən, texnologiyaların sürətli inkişafından. Çox sürətlə yeni terminlər gəlir, bəzən onların qarşılığı tapılmadan dilə oturdulur.

- Bu tənbəllikdir. Mən 50-ci illərdə oxuyanda, geologiya fakültəsinin tələbələrinə müəllimləri tapşırırdılar ki, rayonlarda filan süxura, filan daşa nə deyirlər onu öyrənsinlər. Onu uşaqlar öyrənib gətirirdilər. Həmin alimlər də o sözləri termin kimi seçib işlədirdilər. İndi elə işgüzarlıq yoxdur. 1960-cı illərə qədər fortoçka deyirdilər, indi nəfəslik deyilir, plyaja çimərlik deyilir. Əyləc sözünü Rəsul Rza yaratdı. İndi tənbəllik edirlər. Qarşılığını tapmaq olar. Vertolyot sözünü indi helikopterlə əvəzləyiblər. Bunun nə mənası var. İkisi də alınma sözüdür.

«BU ONUN NAQİSLİYİDİR Kİ, DİLİNİ YAXŞI BİLMİR»

- Bu yaxınlarda AzadlıqRadiosunda yazarların mübahisəsi düşdü. Biri dedi ki, Azərbaycan dili naqis dildir, o biri deyir zəngin dil deyil. Bəziləri deyir ki, elm, sənaye inkişaf etmir deyə Azərbaycan dilində söz ehtiyatı azdır.

- Əgər kimsə danışanda fikrini ifadə edə bilmirsə, bu onun naqisliyidir ki, dilini yaxşı bilmir. Azərbaycan dili ən zəngin dillərdən biridir. Bu dildə hər cür fikri ifadə etməyə imkan var. Sadəcə, bizim dərsliklərimiz pisdir. Orta məktəblərdə elmlərin tədrisi bədnamdır. Riyaziyyat, coğrafiya, tarix dərsliyinin dili bərbaddır, onu öyrənən uşaq neyləməlidir? Bizim alimlər vardı, Şəfaət Mehdiyev, Əşrəf Hüseynov, Maqsud Cavadov. Riyaziyyatdan danışanda ləzzət alırdın, elə bil şeirə qulaq asırdın. Demək Azərbaycan dili elm dili kimi də işlənə bilər. Tələbkarlıq da yoxdur.

«AXIR DEDİLƏR Kİ, SƏNİ MƏHKƏMƏYƏ VERƏCƏYİK»


- Tələbkarlıq haradan gəlməlidir?

- Kimsə naqis danışırsa ittiham olunmalıdır. Yazılmalıdır ki, filan sənətkar belə danışırdı, qoy o biri də məsuliyyət hiss etsin. Bütün vəzifəlilər deyir ki, bilməməkdən. Bilməzlikdən deyilməlidir. A bala, bu ana dilidir, öyrənmək lazımdır. Apostrof ləğv olunanda üç ay mətbuatda dava apardım. Axır Dilçilik İnstitutundan dedilər ki, səni məhkəməyə verəcəyik, nə qədər bizi ittiham edirsən.

- Sizin bir davanız da vardı. Ana dilinin adıyla bağlı. Azərbaycan dili, yoxsa türk dili, Tofiq müəllim?

- Yox, dövlətin qanunu var artıq. Amma biz həm də Azərbaycan türkcəsi deyirik. Dərslikdə də yazırıq. Daha buna etiraz edən yoxdur. Dövlət də etiraz etmir. Qadağa yoxdur.

«ÖZÜMÜZÜ ÖLDÜRMƏSƏK DƏ OLAR»

- Azərbaycanın dilinin gələcəyindən əminsizmi?

- Dilin gələcəyi nə səndən asılıdır, nə məndən, nə də prezidentdən. Nə qədər ki, bu xalq var Azərbaycan dili yaşayacaq. Bu lilin başından nə fırtınalar keçib, amma ondan heç nə almayıb. Bu xalqın dilinə şübhə olmasın. Bir zaman ərəb, sonra fars dili gəldi. 90-cı illərə qədər komsomol, pioner sözünə neologizm deyirdik, amma artıq arxaikləşdi.

- Onda Ana Dili Gününüz mübarək!

- Sağ olun. Ana dili gözəl gündür. 1952-ci ildə fevralın 21-də Banqladeşdə 23 nəfər ingilislər onların ana dilini boğduğuna görə intihar etdi. Sonra dünya bu günü seçdi, ana dili xatirinə. Özümüzü öldürməsək də olar, dilimizi sevsək bəsimizdir.
XS
SM
MD
LG