Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:55

Müsəlmanlar Qərbə demokratiya dərsi keçir?


Niyaz Qaraöynəli
Adətən İslam adətlərinin hökm sürdüyü, müsəlmanların daha çox yaşadığı bölgələrdə demokratiyanın mövcudluğunu mümkünsüz hesab edirlər. Qərb mətbuatında ara-sıra yer alan yazılara görə, dinin cəmiyyətdə kök salması çox vaxt demokratik proseslərə geriləyici təsir göstərir. Yaxın Şərqdə geriləməni əsasən cəmiyyətin dini əsas tutaraq islahatlara qarşı çıxmasında görürlər. Belədirsə, son vaxtlar müsəlman ölkələrində yaranan inqilab dalğası nədən xəbər verir? Bu mövzu «İslam və demokratiya» verilişinin müzakirəsinə çıxarılıb.

BURDA HƏR ŞEY İSLAMIN YAŞIL RƏNGİNDƏ DEYİL

«İnkişafa baxış» Araşdırmalar Mərkəzinin rəhbəri Niyaz Qaraöynəli deyir ki, baş verənlərin kökünü indi axtarmaq lazım deyil. Bu, uzun müddət baş verən proseslərin nəticəsidir. İslam dünyası çoxrənglidir, ümumi dəyərlərlə yanaşı, İslamın müxtəlif interpretasiyaları da var:

«Müsəlman ölkələrində insanların həyatının əsas vektorunu, məzmununu yalnız din təşkil etmir. Din cəmiyyətdə milli kimlik rolunu oynaya bilər. Amma bu, o demək deyil ki, burda hər şey İslamın yaşıl rəngindədir. Burda hələ kolonializm dövründən sonra baş verən proseslər indiki hadisələrə gətirib çıxarıb».

ƏN BÖYÜK DEMOKRATİYA İSLAMDADIR


Araşdırmaçı şərqşünas Seyid Camal Əzimbəyli isə haqq-ədalət uğrunda mübarizədə İslamın ciddi rol oynadığını düşünür. Onun fikrincə, baş verən hadisələr bütün dünyaya müsəlman kimliyinin əyani mesajı oldu:

«Qərbin özündə də bəzən İslam deyəndə, vəhşi müsəlman obrazı göz önünə gəlirdi. Amma indi öz istiqlalı, haqqı uğrunda meydanlara axışan, «şərə və zülmkara qarşı vuruşmaq imandandır» prinsipini ortaya qoyaraq inanclı kəsimin liderliyi ilə həyata keçirilən prosesləri hər kəs görür. Məncə, ən böyük demokratiya İslamda, İslamın gətirdiyi qayda və prinsiplər içindədir. Sadəcə, bəzən gerçək İslamın prinsipləri cəmiyyətə düzgün aşılanmır. Bu gün Misirdə baş verənlər göstərdi ki, azadlıq istəyən xalqın qarşısını heç bir rejim əngəlləyə bilməz».

Seyid Camal Əzimbəyli
Seyid Camal Əzimbəyli iddia edir ki, İslam «zalım, qəddar və zülmkara qarşı savaşmaq imandandır» prinsipini qoyub. Sonradan şəriətin gətirdiyi bəzi qüsurlar İslamda parçalanmaya gətirib çıxarıb. Məhz bu cür təriqətlərdə tövsiyə olunur ki, uzun mücadilədən sonra insan savaş meydanından geri çəkilirsə, onda o, susaraq məmləkətini tərk edə bilər.

ƏDALƏTSİZLİYƏ QARŞI SUSMAQ – ŞEYTANLA BİR OLMAQDIR?

Niyaz Qaraöynəli deyir ki, İslamda «ədalət və zülm» məsələsi uzun müddət «hakimiyyət və din» münasibətləri ilə təfsir olunub. Hətta hədislərdən birində buyurulur ki, qardaşın zalım, ədalətsiz, yaxud məzlum olsa da, ona kömək et. Şərhçi deyir ki, bu yanaşmanı başqa cür təfsir edirlər və zalıma kömək etməyi məsləhət görürlər. Amma nəzərə alınmır ki, bu fikrin ardı da var – burada zalımı bu yoldan çəkindirmək yolu ilə zülmə qarşı mübarizə aparmağın mümkün olduğu qeyd olunur:

«Ədalətsizliyə qarşı susmaq şeytanla bir olmaq kimi də götürülür. Digər məsələ - müsəlman aləmində hakim şəxs özünü Allaha şərik qoşmursa, ona qarşı çıxmaq fitnə salmaq kimi sayılır. İslam cəmiyyətlərdə isə fitnə - xoşa gəlməyən məkruh xarakterli addım kimi qəbul edilir. İstər Qurani-Kərimdə, istər hədislərdə müxtəlif cür ifadə olunan fikirlər var və bundan da tarix boyu dəstəvuz kimi istifadə ediblər».

İNQİLABLARIN ƏSAS SƏBƏBİ – ÖLKƏNİ BATAQLIĞA ÇEVİRƏN REJİMLƏRDİR


Niyaz Qaraöynəli hesab edir ki, hazırda bir çox müsəlman ölkələrində baş verənlərin əsas səbəbi bu ölkələrdə bərbad idarəetmə, sosial və iqtisadi bataqlığa çevrilmiş rejimlərdədir. Və hətta Qərbdə «müsəlmanlar demokratik şəkildə yaşamağa layiq deyillər» kimi yanaşma ucbatından bəzi dairələrdə bu rejimlərin mövcudluğunu təmin etmək istəyi baş qaldırıb...
XS
SM
MD
LG