Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Payızda Rəsulzadənin külliyyatından ilk kitab çıxacaq


Əli Yavuz Akpınar
Xatırlayırsınızsa, ötən ilin mayında Ege Universiteti Türk dili kafedrasının müdiri professor Əli Yavuz Akpınar AzadlıqRadiosuna geniş müsahibəsində M.Ə.Rəsulzadənin arxivinin onda olduğunu və tezliklə onun külliyyatının nəşrinə başlayacağını bildirmişdi. Azərbaycan Cümhuriyyətinin qurucusunun növbəti xatirə günündə Türkiyəyə telefon açıb vəziyyətin nə yerdə olduğunu dəqiqləşdirmək istədik. Əli Yavuz Akpınarla atüstü müsahibə qarşınızdadır.

--Əli Yavuz bəy, ötən il İsmayıl bəy Qaspralı ilə bağlı araşdırmalarınızı artıq bitirdiyinizi, bundan sonra Məhəmməd Əmin Bəyin külliyyatının nəşri ilə ilgilənəcəyinizi söyləmişdiniz. İşə başladınızmı?

--Əlbəttə, işə başlamışıq, amma kitablar hələ çap olunmayıb. O üzdən təşəbbüsümüzün nə vəziyyətdə olduğu barədə sizə məlumat verə bilərəm. Özəlliklə biz Əmin Bəyin «Yeni Kafkasiya» jurnalındakı məqalələri ilə işə başladıq. Çünki Əmin Bəy Türkiyəyə Sovet hakimiyyəti qurulandan sonra—1922-ci ilin son aylarında keçib. 1923-cü ilin son baharında—sentyabr ayında isə «Yeni Kafkasiya» jurnalının nəşrinə başlayıb. Bu jurnalın nəşri ona görə əhəmiyyətlidir ki, Sovetlərdən qaçan türk xalqlarına mənsub ziyalıların, tarixi şəxsiyyətlərin Türkiyədə çıxardıqları ilk dərgilərdən biridir. Ona görə də bu jurnalda bolşeviklərlə siyasi-ideoloji mücadilənin, mübarizənin fəlsəfi, siyasi, iqtisadi görüşlər nöqteyi-nəzərdən öz əksini tapdığını görürük. «Yeni Kafkasiya» jurnalı o cəhətdən də əhəmiyyətlidir. Rəsulzadənin bolşevizmə, rus imperializminə, demokratik cümhuriyyətin necə olması lazım gəldiyinə, dünyəvi prinsiplərə və s. dair çox önəmli görüşləri də jurnalda çap etdirdiyi məqalələrdə aydın görünür. Odur ki, bu məqalələrin çap olunmaması Rəsulzadə haqqında tədqiqat yapanların işini çətinləşdirirdi. Bunları isə ancaq Türkiyədə tapmaq mümkündür. Onun üçün də «Yeni Kafkasiya» da Rəsulzadəyə aid olan yazıların hamısını toplayıb çap etdirmək istədik. İnşallah, bu ilin içərisində baş tutacaq. Artıq toplanıb, lazımi işləmlər yapılıb, ancaq bir nəşriyyatla müqavilə bağlamaq qalıb. Yəni işin əsl əhəmiyyətli tərəfi qurtarıb.

--Təxminən, nə vaxta kitab kimi görmək mümkün olacaq?


--Payıza kimi hazır olar yəqin. Çünki Türkiyədə bir adət var. Nəşriyyatlar yay gələndən sonra kitab çap etmirlər. Yayda burada nəşriyyatlar işini dayandırır. Ona görə də kitab ancaq sentyabrda piyasaya çıxa bilər. İri həcmli bir kitab olacaq. Çünki Əmin Bəyin yazıları çoxdur.

--Sonrakı mərhələdə hansı kitablar duracaq?

--Əmin Bəyin Türkiyədə çıxan «Azəritürk», «Odlu yurd» jurnallarında, Avropada çıxardığı «İstiqlal», «Qurtuluş» jurnallarında çıxan yazıları var, onları da çap etdirməyi nəzərdə tutmuşuq. Əksəriyyəti hazırdır. Yəqin ki, ilin sonunacan ikinci cild də çap oluna bilər.

--Yavuz bəy, Rəsulzadənin AzadlıqRadiosundakı çıxışları ilə bağlı təzə xəbər yoxdurmu?

--Yoxdur. Çünki AzadlıqRadiosundakı çıxışlarının, məqalələrinin mətni radionun arxivində varmı-yoxmu—ondan xəbərim yoxdur. Qorunub saxlandığını bilmədiyimdən, o xüsusda bir şey söyləyə bilmirəm. Ancaq bir səsi məlumdur («Amerikanın səsi» radiosunda etdiyi müraciət—S.İ.). O dövrdə Sovetlər Birliyini Araşdırma İnstitutu vardı, müxtəlif dillərdə dərgi nəşr edirdi. Türkiyə türkcəsində nəşr olunan jurnalın adı da «Dərgi» idi. Rəsulzadənin həmin «Dərgi»də çap olunan bir neçə məqaləsi var, ölümündən sonra çap olundu. Yeri gəlmişkən, o jurnalda ən çox Mirzə Bala Məmmədzadənin yazıları var. AzadlıqRadiosunun arxivindəki durumdan isə xəbərim yoxdur.

--Demək, Sizinlə növbəti görüşümüz payızda olacaq?

--İnşallah. Ümid edirəm ki, bu kitab Azərbaycanda böyük maraqla qarşılanacaq. Çünki siyasi mühacirlərin, xüsusən də Rəsulzadənin Sovet sistemini tənqidi və təhlili Azərbaycanda elə də bilinmir. Rəsulzadənin bolşeviklərə, Stalin dönəmindəki həyata baxışları çox incəlikləri ilə bu məqalələrdə var. Mən Rəsulzadənin bu tərəfinin Azərbaycanda bilindiyi qənaətində deyiləm. Bu yazılar çox az sayda tədqiqatçılara məlumdur. O üzdən ziyalıların payızda çıxacaq kitaba ehtiyacı olduğuna, onları düşündürəcəyinə ümid edirəm.
XS
SM
MD
LG