Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:22

Bəxtiyar Hacıyev döyüldüyünü deyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsində gənc fəal Bəxtiyar Hacıyev barəsində 1 aylıq həbs-qəti imkan tədbiri seçilib.

Bu barədə AzadlıqRadiosuna Bəxtiyar Hacıyevin vəkili Səadət Seyidli məlumat verib.

Vəkil deyir ki, B. Hacıyev məhkəmə zalında ona özünün işgəncəyə məruz qaldığını bildirib.

Bəxtiyar Hacıyev 2 saylı istintaq təcridxanasına aparılıb.

Bəxtiyar Hacıyev martın 4-də iki dəfə polis idarəsinə çağırılıb. Bunu sonuncu dəfə onunla görüşən gənc fəal Günel Yusifli deyir.

«YARIM SAATA QAYITMASAM, BİLİN Kİ, POLİS TƏRƏFİNDƏN SAXLANMIŞAM»

«Bu gün saat 4-ə işləmiş, bəlkə də 4-ün yarısı olardı, Bəxtiyar mənə zəng etdi və onu yenidən polis şöbəsinə çağırdıqlarını bildirdi. O, dedi ki, əgər yarım saatdan sonra gəlməsəm bilin ki, mən polis tərəfindən saxlanmışam. Bəxtiyar sonuncu dəfə Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə getdiyini mənə bildirdi. Biz Bəxtiyarla bağlı heç bir məlumat ala bilmirik».

Bəxtiyarın qardaşı Vüqar Hacıyev də deyir ki, dörd saatdan çox Bəxtiyar barədə Gəncə Şəhər Polis İdarəsinə və Prokurorluğuna müraciət etsələr də, heç bir məlumat əldə edə bilməyiblər.

Vüqar Hacıyev: »Özlərini elə göstərdilər ki, guya onların da məlumatı yoxdur. Hətta saat 17.30-da Bəxtiyarı izləyən iki polis evimizə gələrək onun harda olduğunu soruşdular».

POLİS İNKAR EDİR

Gəncə Şəhər Nizami Rayon Polis şöbəsinin rəisi Ağahüseyn Məmmədov deyir ki, Bəxtiyar Hacıyev adlı şəxs polis tərəfindən saxlanılmayıb.

«Qardaşı çox şey deyə bilər, o bu gün polisə çağırılmayıb».

Təxminən üç saata yaxın Bəxtiyar Hacıyevlə bağlı rəsmi münasibət almaq mümkün olmadı. Saat 19.30-da Gəncədəki hüquqşünaslardan biri Zabil Quliyev Bəxtiyar Hacıyevin ona zəng etdiyini deyir.

«O mənə vəkilinin telefonu ilə zəng vurmuşdu. Polis idarəsində döyüldüyünü və işgəncələrə məruz qaldığını bildirirdi» - deyə Z.Quliyev bilrirdi.

MƏHKƏMƏ VƏKİLDƏN İMTİNA EDƏN B.HACIYEVİN TƏLƏBİNİ QƏBUL ETMİR

Yalnız Zabil Quliyev vasitəsilə Bəxtiyar Hacıyevin vəkili ilə əlaqə saxlaya bildik. Bundan sonra vəkili Səadət Seyidlidən Gəncə Şəhər Nizami Rayon məhkəməsində Bəxtiyar Hacıyev barəsində bir aylıq həbs-qəti imkan tədbiri seçildiyi məlum olub.

«Məni Nizami Rayon Məhəməsinə çağırdılar. Bəxtiyar Hacıyev Gəncə Nizami Rayon Polis şöbəsinin əməkdaşları tərəfiindən artıq məhkəməyə gətirdilər. Bəxtiyar Hacıyev inadla mənim vəkilliyimdən imtina etdiyini bildirirdi. Lakin onun bu tələbi qəbul olunmadı».

HƏBSİN SƏBƏBİ «FACEBOOK»?

Gənc fəalın ailə üzvləri onun haqqında həbs-qəti imkan tədbirinin seçilməsi haqqında qərarı bizdən öyrəndilər. Onun qardaşı isə bu hadisələr baş verənə kimi polis idarəsində Bəxtiyar Hacıyevin harada olduğunu öyrənməyə çalışırdı.

Bəxtiyar Hacıyevin yanvarda hərbi xidmətdən yayınma ittihamıyla saxlanmışdı. Onun dilindən iltizam alınaraq Gəncədən çıxmamaq tapşırılmışdı.

Bəxtiyar Hacıyev həmçinin «Facebook»da 11 mart – Böyük Xalq günü aksiyasının dəstəklədiyini bildirib. O mətbuata açıqlamasına bildirmişdir ki, bu qrupun təşkilatçısı deyil. Sadəcə texniki işlərini yerinə yetirir. O, martın 4-də «Facebook» statusunda Azərbaycan polisinə müraciət yerləşdirib.

Onları lazım anda düzgün seçim etməyə çağırıb.

Bəxtiyar Hacıyev ötən parlament seçkilərində namizədliyini vermişdi.
XS
SM
MD
LG