Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:46

«11 mart»a dair iki gəncin gözləntiləri...


AzadlıqRadiosunun «İşdən sonra» proqramında Abzas.net portalının redaktoru Qan Turalı və Qaynar.info milli xəbər portalının baş redaktoru Fərid Şahbazlı 11 mart tarixindən gözləntilərini açıqlayıblar.

Qan Turalı:


«İnanıram ki, bu aksiyalar demokratiyanın inkişafı üçün hökumətin daha məsuliyyətli, hesabatlı olmağı üçün bir çıraq olacaq».

«Ümid edirəm ki, hökumət bu aksiyalar nəticəsində bir az da geri çəkiləcək, bir az da siyasi və demokratik azadlıqları artırmağa çalışacaq».

«İstənilən halda fərqi yoxdur, insanların küçədə olsun, evdə olsun, hər hansı bir formada rejimə etiraz etməsi demokratik bir cəmiyyətə xas olan vəziyyətdir».

Fərid Şahbazlı:

«11 mart» mənim üçün və mənim tanıdığım yüzlərlə gənc üçün adi təqvim günlərindən biridir».

«Azərbaycan demokratik əsaslarla idarə olunur və təbii ki, orada hər kəsin nəyə isə etiraz etmək, hansısa fikrini ifadə etmək haqqı var. Bir şərtlə ki, bu məntiqə söykənsin».

«Çıxıb küçədə qışqırmaq, polislə qarşıdurmaya getmək problemlərin həllinə səbəb olmayacaq. Bunun üçün ortaya alternativ bir konsepsiya qoymaq lazımdır».

«Uzun müşahidələrim nəticəsində hesab edirəm ki, bu müxalifət partiyalarının mətbəxində hazırlanan xüsusi bir layihədir».

«Bu həm də Azərbaycanda marağı olan xarici qüvvələrin də regionda cərəyan edən son proseslərin fonunda fəallaşmasının göstəricisidir».

«Burda məqsəd ölkədə qarışıqlıq yaratmaq, fürsətcil adamların regionda baş verən proseslərdən öz mənfəətləri üçün istifadə etməkdir».

«Mən hesab edirəm ki, Azərbaycan gəncləri bu aksiyaya ciddi dəstək verməyəcək».

Qan Turalı
Qan Turalı:


«Xarici ölkəyə casusluq ağır cinayət sayılır. Bizim çox güclü Milli Təhlükəsizlik Nazirliyimiz var. Buyursunlar fakt qoysunlar ortaya ki, insanları o aksiyaya çağıranlar hansı dövlətlərə xidmət edirlər».

«Hansı əsasla deyirlər ki, gənclər alternativ platforma qoysunlar. Sizin hansı alternativ platformanız var ki?»

«Elə eləməyin ki, sabah siz hakimiyyətdən müxalifətə keçəndə də eyni münasibəti sizə göstərsinlər».

«Onların köhnə metodudur insanları xarici kəşfiyyat orqanları ilə bağlamaq».

«Müxalifəti bu məsələyə alət etməyin».

Fərid Şahbazlı:


«Azərbaycan müxalifəti bütün uğursuzluqlarının və uğurlarının səbəbini Amerikada və ya digər super güc ölkələrdə axtarırlar».

«Mən Azərbaycan iqtidarının sözçüsü deyiləm. Amma Yeni Azərbaycan partiyasının çağırışları Azərbaycanın mənafeyi naminədir».

«Bu gün 100-200 gəncin fikri Azərbaycan gəncliyi adından təqdim oluna bilməz».

«Mən müxalifət partiyalarının bütün çağırışlarında öz maraqlarını ifadə etmə cəhdləri görürəm».

«Bu gün müxalifət partiyaları tam gücsüz bir vəziyyətdədirlər. Bunlar heç öz aralarında ortaq məxrəcə gələ bilmirlər».

Qan Turalı:

«Sizə bu təbliğatı edən kanallara da, sizin ruporlarınıza da artıq bir az ağlı olan adamlar gülür».

Fərid Şahbazlı:


«Ən böyük diktatura sizin yaratdığınız qurumlardadır».

Qan Turalı:

«Mən müxalifət partiyasının üzvü deyiləm. Onlarla bağlı istəsəniz tənqidlərimi də deyərəm».

«Sizin dedikləriniz kifayət qədər köhnəlib və yeni arqumentlər də axtarmırsınız».

Fərid Şahbazlı:

«Etirazlar o halda olur ki, problem olan sahədə problemlərin həlli üçün heç bir iş görülmür. Amma Azərbaycan təhsilində, sosial rifah halında günü-gündən yaxşılaşma gedir».

«Bütün restoranlar hamısı doludur, insanlar bahalı maşınlar sürür, müxtəlif istirahət zonalarında istirahət edirlər- bunlar hamısı hökumətin adamlarıdırlarmı, nazirlərin qohumlarıdırlarmı?»

«Heç kim problemləri burda inkar eləmir. Amma demək ki, Azərbaycanda vəziyyət pisdir, insanlar etiraz etməlidir, Azərbaycanı Yaxın Şərq ölkələrində gedən proseslərlə müqayisə etmək düzgün deyil».

«Azərbaycanda insanlar region ölkələri ilə müqayisədə kifayət qədər yaxşı yaşayırlar».

Qan Turalı:

«Üsyan etmək demokratik bir hüquqdur».

«Azərbaycan təhsili ilə bağlı, səhiyyəsi ilə bağlı çox ciddi problemlər qalmaqdadır».

Fərid Şahbazlı (Foto: Mediaforum)
Fərid Şahbazlı:


«Mitinq keçirməkdə məqsəd Azərbaycan hakimiyyətinə təsir edib, prinsipial məsələlərdə mövqeyini zəiflətmək, milli məsələlərdə Azərbaycan hakimiyyətini geri çəkilməyə məcbur etməkdir. Mən əminəm ki, Azərbaycan iqtidarı bundan əvvəlki mövqeyini bundan sonra da davam etdirəcək».

«Azərbaycan iqtidarı öz fəaliyyətini Azərbaycan xalqının iradəsi əsasında qurur. Amma Azərbaycan müxalifətinin bir qismi Amerikadan dəstək gözləyir, bir qismi isə başqa yerlərdən».

Qan Turalı:

«11 mart» aksiyasını dəstəkləyirəm».

«Azərbaycanda olan avtoritar rejim, orta əsrlərə xas olan feodal zehniyyət, antidemokratik meyllərin qarşısını almaq vaxtı çatıb».

«Azərbaycan hökuməti ibrət götürməlidir o rejimlərin devrilməyindən».

«Demokratik islahatlar keçirməsə Azərbaycanı çox pis aqibət gözləyir».

Fərid Şahbazlı:


«Mən «11 mart» aksiyasına getməyəcəyəm və bunu Azərbaycan əleyhinə bir təxribat hesab edirəm».

XS
SM
MD
LG