Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:29

Günel Mövlud. Qamış kötüklər şəhərciyi, Yiyəsiz it


Qamış kötüklər şəhərciyi

bu şəhərdə
evlər də qamışdandı
çəpərlər də
hər il cücərən ümidlər də

başı biçilmiş
qamış kötükləridir
gözlərdə işaran ulduzlar
üzlərdə yanan sapsarı günəş

şəhərin girəcəyində
üzərində qıp-qırmızı ay şəkli utanan
maşınlar görünəndə
vəd yağışı yağar bu şəhərə
sonra qamış ümidlər cücərər
sonra qamış çəpərlər köhnələr

bu şəhərdə
qamışdan bol heç nə yoxdur


Yiyəsiz it

səhərlər
üzümə çırpılan külək – dərddir
dərdi yarıb yerimək
dərdi yaşamaqdan fərqli
bəlkə də çətin
bəlkə də asan
bilmirəm

hələ ki
səhərlər
çəpərlərin günəşə saçlarını daramalarına
arvadların həvəslə
torpağın üzünü crmaqlamağına
sevinə bilirəm
susub içimdəki
qırıq sevgilər belə -
başlarını yuxarı
ulamaq istəyəndə qaldırır
yiyəsiz itlər kimi

Alatoran, 2004
XS
SM
MD
LG