Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:50

Rasim Qaraca. "Bozarmış qutuların içində sən", "Qaranlıq", "İnsan və dəniz"


Bozarmış qutuların içində sən

Səni unutmamışam...,
yaddaşımdakı rəngli qutulardan birində,
heç kəsin əl çatmadığı
çox dərin bir yerdəsən...
Sadəcə zaman keçib,
qutuların rəngi bozarıb,
onları açmaq da müşkülə dönüb,
üzərində rəsmin belə yox...
Sevgilim, sən bu qutuların hansındasan?


Qaranlıq

Günəbaxanlar,
ey günəbaxanlar,
nə gözəl həyatınız var sizin -
hər zaman günəşə baxarsınız,
nə əcaib, sap-sarı, işıqlı varlıqlarsınız...
Ancaq nədən
yetirdiyiniz meyvələr
sanki günəşlə deyil
qaranlığın özüylə bəsləniblər.


İnsan və dəniz

İnsan dənizə yaxınlaşır
sanki orada qovğalar bitir,
orada yalnız
balıqların səssizcə ağzını açıb yummaları,
tilova düşərkən bəyaz çırpınmaları var,
pis insanlar
öz qarmaqlarını bura da gətiriblər.

Dənizin kənarında sözsüz pıçıltılar var,
bəlkə hələ yalnız baxışlarıyla biri-birinə tutunmuş
gənc sevgililər buna görə sahilə can atar -
dəniz hələ sevginin pıçıltı dönəmindədir.

İnsan dənizə yaxın olmaq istəyir,
bir az daha yaxın,
suya girmək,
pıçıltı olmaq,
və pıçıl-pıçıl olmaq istəyir insan...
XS
SM
MD
LG