Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:24

Şərif Ağayar. Qorxu, Təsəlli, Fəvvarə


QORXU

bu ağacların
bu otların
bu yarpaqların
nəfəs aldığını düşünəndə
vahimələnir adam
indi gəl inandır məni
nəfəs alanın yaşamadığına
yaşayanın duymadığına
duyanın sevmədiyinə

günəşin əleyhinə düşünməyin
gecənin qaranlığında
ulduzlar xəbərçidir


TƏSƏLLİ

mən bir çiçək olammadım mənə əlvida
səsim solar buludların ağ yaxasında
qərib düşdüm çaylar qədər küləklər qədər
çırpınaram bir ayrılıq təmənnasında

səhər-səhər üzü göyə uçan əllərin
nəğmələri bir aldanış sükutu bəlli
son bahar da ətəyini yığdı əlimdən
son ümiddən keçənlərə ölüm təsəlli

əlim dəyər… bu qaranlıq oyanar indi
qaranlıq da kimsəsizdir düzünü bilsən
dinmə aman! dinmə dinmə danışma aman!
danışma ki qaranlığı diksindirərsən

axşam olar yerə çökər göylər elə bil
axşam olar pıçıltılar sənə dinşəyər
bu nə nurdu misqal-misqal dolar könlümə
bu nə nurdu bir ilahim yoxsansa əgər


FƏVVARƏ

ağ-ağ qovzaqlar şəklində
iflasa uğrayar
ənginliklərə uçmaq həvəsi

gərilmiş nöqtədən
sıyrılmanın təntənəsi
necə gözəl
necə yalan

…tıxanar nasosların nəfəsi
sular gülləylə vurulmuş kimi
çırpılar öz müstəvisinə
XS
SM
MD
LG