Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:59

Murad Köhnəqala. Rastropoviç, Metro, Menyu, Təsbeh ilə...


RASTROPOVİÇ ŞEİRİ

Vurub da qoltuğuna
sevimli violonçelini
gəl ey ustad Rostropoviç,
çal ey ustad Rostropoviç
Masteropoviç, Masteropoviç.
Sən gəlməsən yurdumuza bahar gəlməz
Qastrolpoviç, Rostropoviç
Sən xalqımızın axın sirdaşı
Dostropoviç, Rostropoviç
Daxili və xarici siyasətimizin
ən müdrik tapıntısı
ən iti zəkalı violonçelist
Ostropoviç, Rastropoviç.
Sən çaldın respublikamızın Baş sarayında
Xaş sarayında
Qış sarayında
Başdropoviç,
Xaşdropoviç,
Qışdropoviç.
Çal ey violonçelist Rastropoviç!
Yadındamı
sən çalırdın filarmrniyada
biz hamımız harmoniyada
biz hamımız kamançada,
nağarada,
qarmonyada
Yad elədin qoca çekist qardaşını
böyük müdrik sirdaşını
Yad elədin ulu öndəri
dahi rəhbəri
böyük Heydəri
damağında siqar, Astrapoviç
Rostropoviç.

Sən yenə də vur qoltuğuna
o gözəl violençelini
utanmadan, çəkinmədən
tez-tez gəl yurdumuza
Bıstropoviç, Bıstropoviç,
Sən ey Rostropoviç!


METRO

Eskalatorda enərkən
uşaqların əlindən tutun
uşaqlar da sizin əlinizdən tutsun.
Hara getdiyinizi bilirsinizmi?
Evdən niyə çıxdınız
yadınızdamı?
İşsizlik yağır təbəssümünüzdən
Metro kömür mədəni deyil
siz də şaxtaçı deyilsiniz
Yer altında nə işiniz var?
Eskalatordan enərkən
lampalara əl vurmayın.
Çörəkpulu varmı cibinizdə?
Eskalatordan enərkən
burnunuzun içərsində iməcilik qurmayın
keçən qızlara göz vurmayın
baxmayın qafiyəli də olsa…
Eskalatorda qalxarkən
mitinq keçirməyin könlünüzdə
polislər baxır
Sağında dayanın eskalatorun.
Axşam evə kartof almalısan
Pulun varmı?
Ağır şeylər düşünməyin
kövrəkdi eskalatorun rezin kəməri…


MENYU

Döyməkabab, söyməkabab
Əyməkabab, uymakabab
Ciyərkabab, xiyarkabab
Cigərkabab, digərkabab
Şairkabab, anarkabab
Nazirkabab, nəzirkabab
Deputatkabab, debilkabab
Laçınkabab, Şuşakabab
Rəiskabab, rəzilkabab
Cəbhəkabab, Müsavatkabab
AMİPkabab, YAPkabab
MTNkabab, BABkabab
Demokratkabab, liberalkabab
Vətənkabab, gödənkabab
Bir də… arnamuskabab.


TƏSBEH İLƏ

Əlbir olub bir ayı bir şir ilə
bezdirdilər bir sevən orğlanı
tənbeh ilə tənbeh ilə tənbeh ilə

Əlbir olub həmin ayı o şir ilə
tutdurdular o gözəl oğlanı
təşbeh ilə təşbeh ilə təşbeh ilə

Əlbir olub yenə o ayı o şir ilə
öldürdülər həmin o lazımlı oğlanı
təsbeh ilə təsbeh ilə təsbeh ilə
tənbeh ilə təşbeh ilə təsbeh ilə

hamı xorla oxusun:
tənbeh ilə tənbeh ilə tənbeh ilə
təşbeh ilə təşbeh ilə təşbeh ilə
təsbeh ilə təsbeh ilə təsbeh ilə

bir də xorla oxuyaq:
tənbeh ilə təşbeh ilə təsbeh ilə

P.S. də unutmayaq:
Əlbir olub həmin o ayı o şir ilə
yaşayırlar hələ də… təsbeh ilə


SAİTLƏR VƏ SAMİTLƏR

Toylar yaltaq
Yaslar yaltaq
Təəccüblər, təəssüflər
Təsadüflər yaltaq

Qatar gedir yaltaq-yaltaq
Araz axır yaltaq-yaltaq

Parkın çiçəkləri yaltaq irişir
Boğazda qalstuk yaltaq ilişib

Elm yaltaq, din yaltaq
mələk yaltaq, cin yaltaq

Araqlar, badələr yaltaq
Yaltaqdı janrlar və qafiyələr
Yaltaq uşaq kitabları
Saitlər samitlər yaltaq

Ana vətən, dur fəxr elə
bir dənə yaltaq vətəndaşın da
yoxdu qoynunda!
XS
SM
MD
LG