Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:00

Sevinc Pərvanə. Uşaq şeirləri


















Özünüz oxumayın, uşaqlarınıza oxuyun
Müəllif


Dənizlə oyun

qumdan qala düzəltdik
bacımla ikimiz
xoşu gəldi qaladan
gəlib apardı dəniz

dəniz heç yorulmadı
bizimlə oynamaqdan
doymurdu qalaları
qəfil oğurlamaqdan

sabah da gələcəyik
bu sahilə biz
qumlardan qala quraq
əylənsin dəniz


Mən oyuncaq olsam

cücəm filimdən böyük
meymunumsa cücəmdən
dovşan da meymunumdan
mən böyüyəm hamıdan

mənim oyuncağımı
düzəltsəydilər əgər
böyük olardım görən
televizordakı fildən?!

axı niyə olmasın,
Şrek oyuncaq olub
o boyda div ovcumun
içindəcə oturub...

yox, mən oyuncaq olsam
tez-tez gülməyim tutar
ay aman,
olarmı tərpənmədən
mən bir yerdə oturam?!


Dam-dam-dam

dam- dam-dam
yuxum gəlmir yatam
yağış yağır evimizə
döyəcləyir ləyəni
dam-dam-dam
yağışla oynayıram
əllərimə damır yağış
evin içində yağır yağış
qoymadı anam
evdən çıxam
yağış evimizə gəldi

dam-dam-dam
bu gün yağış bizə gəldi
dam-dam-dam
yağışda çimir qurbağam
çətrimi açmışam
dup-dup-dup...


Ulduzların nağılı

göydə yaşayır ulduzlar
ayın qonşuluğunda
onlar da məni görür
pəncərəmdən baxanda

nənəmin hər gecə
danışdığı nağılda
göylər dəniz kimi
alır qoynuna
ulduzcuqları
qızıl ay qayığıma
minib seyrə çıxıram
qaranlıqları

vurduqca əlimi
köpüklər kimi
yox olur
ulduzlar bir-bir
sonra altımdakı qayıq əriyir

qamaşır gözlərim
baxıram
pəncərəmə günəş gəlib
təp-təzə bir səhər gəlib
yeyib ulduzları
günəş kökəlib.


Niloşun sualları

isti, niyə istisən?
məni qızdırmaq üçün.
bəs onda əlimi
hərdən yandırmaq neyçün?

soyuq, sən niyə soyuq
yaranmısan bu qədər
tez-tez məni tutursan
iynə vurur həkimlər.

günəş, niyə uzaqsan?
dəniz qədər yaxın yox.
səni çox istəyirəm
zərrə qədər qorxum yox.

sordum, sordum, yoruldu
deyəsən bezdi anam
mən də qərara gəldim
özünüzdən soruşam

susdunuz... heç olmasa
əl belə yelləmədiz
çətinmi suallarım
cavabını bilmədiz?

verimmi “iki” sizə?!
kim dərsini bilməsə
alacaq iki
eşitmədiz,
müəllimə dedi ki...


Məktəblinin inşası

anam istəyir müəllim olum onun kimi
atam deyir, balam olacaq
ürək həkimi
babam istəyir olum vəkil
nənəm boyumu oxşayır:
“inşallah, balam olar hakim”

çaşıb qalsam da bu işə
seçməliydim bir peşə
yazmalıydım inşada

müəlliməm soruşdu
ay maşallah, hardan gəlib ağlıma
olum kosmonavt
inşamı lövhədə söylədiyim vaxt
dedim:
istəmirəm dəysin bir-birinə
hamı bizdə
bircə kosmonavt yox ailəmizdə.
XS
SM
MD
LG