Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:48

«Eynulla artıq AŞ Nazirlər Komitəsinin qərarlarına sevinmir»


Bu günlərdə Avropa Şurasının Nazirlər Komitəsi həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı qərarını açıqlayıb.

«MediaForum» saytının məlumatına görə, qərarda deyilir ki, Eynulla Fətullayevin azadlığa buraxılması haqda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarın icrasına mane olan hallar geçikdirilmədən aradan qaldırılmalıdır.

Nazirlər Komitəsi Azərbaycan hökumətinə Fətullayevin azadlığa çıxması üçün bütün mümkün variantlardan, hətta şərti azadlığa buraxılma variantından da istifadəni tövsiyə edib.

Komitə Azərbaycana tövsiyə edib ki, Eynulla Fətullayevin 2007-ci ilin aprel ayından həbsdə olduğu, bu müddət ərzində reablitasiya olunduğu nəzərə alınsın, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilən təzminat jurnalistə tezliklə ödənilsin.

PREZİDENT İLHAM ƏLİYEV NECƏ MƏSLƏHƏT BİLSƏ, ELƏ DƏ OLACAQ

Jurnalistin atası Emin Fətullayev isə deyir ki, prezident məsələyə qarışmasa, Azərbaycana heç bir qurumun qərarının təsir yoxdur.

«İkinci dəfədir Avropa Şurası Nazirlər Komitəsi qərar verir. Heç bir xeyri də yoxdur. İndi məlum oldu ki, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana heç bir təsiri yoxdur. Burada ancaq prezident İlham Əliyev necə məsləhət bilsə, elə də olacaq. Mən bundan başqa çıxış yollu görmürəm».

Eynulla Fətullayevə
dair qərar Avropa Şurasının Nazirlər Komitəsinin 114-cü toplantısında, Avropa İnsan Hüquqları Məhkəməsinin onunla bağlı qərarını Azərbaycan hökumətinin necə icra etməsinin müzakirəsi zamanı çıxarılıb.

Qərarın sonunda qeyd olunur ki, Nazirlər Komitəsinin 2011-ci ilin iyununda keçiriləcək 115-ci görüşündə bu qərarın icrası ilə bağlı məsələ bir daha gündəliyə salınacaq.

Martın 14-də Eynulla Fətullayevlə görüşən vəkil Anar Qasımov isə deyir ki, Komitənin müdafiə etdiyi şəxslə bağlı qərarın icrasını növbəti iclasın gündəliyə salması da belə qərarlara inamı azaldır. Onun fikrincə, Nazirlər Komitəsinin bu qərarı bəzi istisnalarla demək olar ki, özündən əvvəlkinin təkrarıdır. Və Eynulla Fətullayev artıq belə qərarlara sevinmir.

Qasımov özü də artıq əmindir ki, Fətullayevin azadlığa çıxması sırf dövlət başçısının iradəsindən asılı olan bir məsələdir. Vəkil deyir ki, elə ona görə də Eynulla Fətullayev prezidentə müraciət edib.

«Eynulla Fətullayev əfv olunmaq üçün müraciət etməyib. Sadəcə məktubda vurğulayıb ki,bu məsələdə dövlət başçının iradəsi önəmlidir. Və ümid etdiyini bildirib ki, bu iradə onun üçün müsbət olacaq. Düşünürük ki, artıq bu məsələ həllini tapmalıdır. Çünki Eynulla Fətullyev artıq kifayət qədər həbsdə qalıb. İndi onun səhhətində də problemlər yaranıb. Martın 2-dən bu yana o artıq gündəlik gigiyena qaydalarına da əməl edə bilmir. Üz-gözünü tük basıb. Ciddi öskürək yaranıb onda».

Anar Qasımov deyir ki, yaxın vaxtlarda Ali Məhkəmə Eynulla Fətullayevin şikayətinə baxacaq. Ali Məhkəmənin məsələyə obyektiv baxması üçün də prezidentin iradəsi önəmlidir.

ƏRİZƏ OLSA MÜZAKİRƏ EDİLƏCƏK


Prezident yanında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub deyir ki, hələlik komissiyanın növbəti iclasının nə vaxt keçiriləcəyi barədə bir xəbər yoxdur. Amma əgər komissiyaya Eynulla Fətullayevlə bağlı ərizə daxil olubsa, o növbəti iclasda mütləq müzakirə ediləcək.

MÜRACİƏT OLMADA DA PREZİDENT İSTƏDİYİ ADAMI AZAD EDƏ BİLƏR

Vəkilinin də dediyi kimi Eynulla Fətullayev əfv olunması barədə ərizə yazmayıb. Amma hüquqşünas Müzəffər Baxışov deyir ki, əslində prezident ona ünvanlanan müraciəti əfv komissiyasına göndərməli idi.

«Mən bilmirəm prezident Ali Məhkəməyə, yaxud başqa instansiya məhkəməsinə göstəriş verəcək ya yox. Amma mən belə hesab edirəm ki, bu müraciət olmadan belə, prezident istədiyi adamı əfv qaydasında cəzadan azad edə bilər. Yəni bu səlahiyyət konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə Azərbaycan Respublikasının prezidentinə məxsusdur. Və heç bir komissiya onun bu hüquqlarını məhdudlaşdıra bilməz».

Müzəffər Baxışovun fikrincə, əslində Eynulla Fətullayevin həbsdə saxlanılması sifarişdir. Özü də bu ən yüksək səviyyədə verilmiş sifariş olduğu üçün indiyədək bu qanunsuzluqlara imza atan hakimlər cəzalandırılmayıb.

Avropa Şurası Nazirlər Komitəsi təşkilat üzvü olan ölkələrin XİN rəhbərlərindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə nəzarət komitənin mühüm funksiyalarından biridir.
XS
SM
MD
LG