Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:22

Parlamentdən hökumətə yaşıl işıq


Hələ Baş nazir hesabata başlamamış spiker Oqtay Əsədov bir növ hökumətə açıq yol işarəsini verdi, dedi ki, hesabat çox yüksək səviyyədə hazırlanıb. Spikerin anons çıxışında etdi ki, 2010-cu ildə bütün sahələrdə inkişaf müşahidə olunub. Ümumi daxili məhsul 5 faiz artıb. Onun sözlərinə görə, hazırda ölkənin 30 milyard dollar valyuta ehtiyatı var. Əmək haqları 9.1 faiz artaraq 325 manat təşkil edib. Neftdən gələn gəlir qeyri-neft sektoruna yönəldilib.

Oqtar Əsədovun girişindən sonra baş nazir xitabət kürsüsünə qalxıb ölkəyə yatırılan investisiyalardan, həyata keçirilən sosial layihələrindən, əldə olunan nailiyyətlərdən danışdı. Dünyanın dərdinə çevrilən qlobal maliyyə böhranının Azərbaycana təsir edə bilməməsi və digər müsbət meylləri qeyd etməyi də unutmadı:

«ÜMUMİ DAXİLİ MƏHSUL İSTEHSALI 41.6 MİLYARD OLUB»

«Hesabat ilində 41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun real həcmi 5 faiz artmışdır. Qeyri neft sektoru üzrə isə bu artım 7,9 faizə çatıb. İl ərzində Azərbaycan iqtisadiyyatlına bütün maliyyə mənbələrindən 13,9 milyard manat və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya yatırılıb. Əsas kapitala yönəldilmiş investisiyaların məbləği isə 21,2 faiz artaraq 9,7 milyard manata çatıb. Onun da 75,2 faizi daxili investisiyalar olub. Sərmayələrin 70 faizi qeyri neft və infrastruktur sahələrin inkişafına sərf edilib».

Hesabatda təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün görülən işlərdən tutmuş, daşqın bölgəsində əhaliyə dəyən ziyanın ödənilməsinə büdcədən 300 milyon manatın ayrılmasına qədər çox şeydən danışılır. Üstəlik prezidentin korrupsiya və rüşvətxorluğa qarşı başlatdığı mübarizənin gələcəyi haqda optimist fikirlər də söylənir. Sonda baş nazir əmin olduğunu bildirir ki, onlar prezident İlham Əliyevin rəhbərliyi altında xalqın rifahının yaxşılaşdırılması istiqamətində bu sosial siyasəti qətiyyətlə davam etdirəcəklər.

Müzakirələrdə çıxış edənlərin əksəriyyəti demək olar ki, hesabatın yüksək səviyyədə hazırlandığını bildirdilər.

YAP icra katibi Əli Əhmədov:

«ƏHƏMİYYƏTLİ NAİLİYYƏTLƏRƏ NAİL OLA BİLMİŞİK»

«Azərbaycan hökuməti prezidentin müəyyənləşdirdiyi sosial, iqtisadi və həyatımızıın digər sahələri üzrə çox səmərəli fəaliyyət göstərib. Əhəmiyyətli nailiyyətlərə, çox yüksək göstəricilərə nail ola bilmişik. Və bütün bunları hamısı Azərfbaycan parlamentinə təqdim olunmuş hesabatı yüksək qiymətləndirməyə əsas verir».

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü deputat Vahid Əhmədov isə bəzi təklifləri ilə sənədə həmkarlarından xeyli fərqli münasibət bildirdi. Dedi ki, hökumət ümumi investisiya layihələrinin heç olmasa 10 faizini kənd təsərrüfatına ayırmalıdır ki, bu sahədə müəyyən işlər görmək mümkün olsun.

Onun fikrincə, son vaxtlar prezidentin tapşırığı ilə ölkədə korrupsiya, rüşvətxorluq, sahibkarlığa kənar müdaxilə və sair məsələlərə qarşı mübarizə sahəsində müəyyən işlər görülsə də bunu qənaətbəxş hesab etmək olmaz.

Onun fikirincə, müşahidə olunan süni qiymət artımı və sair bu kimi halların hamısı inhisarçılıq, korrupsiya ilə bir başa əlaqədar məsələlərdir:

«SON 5 İLDƏ NEFT FONDUNDAN BÜDCƏYƏ 20 MİLYARD MANAT TRANSFER EDİLİB»

Foto: MediaForum
«Ən ciddi məsələlərdən biri də Neft Fondundan dövlət büdcəsinə transferlər məsələsidir. Son 5 ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə təxminən 20 milyard manata yaxın transfer olunub. Bu çox böyük rəqəmdir. Yəni son 5 ildə Dövlət Büdcəsinin təxminən 30 faizini biz transfer hesabına maliyyələşdırırık. Bu maliyyələşdirmə faktiki olaraq vergi yığan orqanlarda bir arxayınçılıq yaradır. Onlar arxayın olurlar ki, vergi yığılmasa həmi transfer hesabına büdcəyə vəsait daxil olacaq».

Vahid Əhmədov hesab edir ki, əhalinin pensiya, maaş, yaşayış minimumu kimi məsələlərə də büdcədə cox ciddi baxılmalıdır. Cəmiyyətdə çox böyük narazılıq yaranmasın.

«HESABAT KONKRET HƏDƏFLƏR, GÖSTƏRİCİLƏR ƏSASINDA HAZIRLANMALIDIR»


İqtisadçı ekspert Rövşən Ağayev də deyir ki, iqtidar bunu çox keyfiyyətli hesabat adlandırır. Halbuki, əslində hökumətin hesabatı yox, onun işi keyfiyyətli olmalıdır. Onun sözlərinə görə, hesabatda kəmiyyət göstəriciləri əlbəttə ki, olmalıdır. Amma onlar keyfiyyət göstəriciləri baxımından xarakterizə edilməlidir.

Rövşən Ağayev bu baxımdan hesabatı keyfiyyətli saymır. O düşünür ki, hər bir nazirliyin özünün proqram büdcəsi tərtib olunmalıdır. Hesabat da həmin o proqram büdcəsi, konkret hədəflər, göstəricilər əsasında hazırlanmalıdır.
XS
SM
MD
LG