Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:23

Qaçay Köçərli. Göydən qar püləyir kənd gecəsində


GÖYDƏN QAR PÜLƏYİR KƏND GECƏSİNDƏ


Kənddə qış gecəsi, çöldə qar,boran,
Kimsəsiz evimdə tənhayam,təkəm.
Gözümə yük olub qaranlıq,duman,
Evim mənə yükdür,evimə yükəm.

Göy qarı aramsız püləyir yerə,
Mənə dərd püləyir divarlar yenə.
Süd kimi ağarır təpə,düz,dərə,
Elə bil giribdi bu kənd kəfənə.

Şaxta pəncərədən cumur içəri,
Yorğana bürünüb oturmuşam mən.
Evim buz olubdu,bu buz kədəri
Evimdə çiynimə götürmüşm mən.

Gündüzlər gizlənən çaqqal-tülkülər,
Durub ova çıxıb bu buz gecədə.
Onlar düz gəlirlər evimə qədər,
Durub ulaşırlar bizim küçədə.

Gecənin bu vaxtı verib səs-səsə,
Bəlkə istəyirlər Tanrıdan şikar?
Görmürəm,bilmirəm, nəyin üstəsə
Bəzən bir-biriylə boğuşur onlar.

Çaqqalın səsinə hürüşür itlər,
Susur çaqqal səsi itin səsindən.
Sonra göy üzündən torpağa qədər
Bir sükut asılır qış gecəsindən.

Göydən qar püləyir bayıra,çölə,
Evdə dərd püləyir mənə divarlar.
Birdən nərə çəkib bağırır elə,
Az qalır pələngə dönə divarlar.

Tanrının yadından çıxmışam niyə,
Bəlkə varlığımdan yoxdu xəbəri.
Bilmir ki, bu qədər dərdi çəkməyə
Axı mən qocanın yoxdu hünəri?!

Bəlkə günahım var ötən ömürdən,
Onun cəzasını çəkirəm indi.
Elə buna görə göz yaşımı mən,
Tanrının önündə tökürəm indi.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG