Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:03

Elxan Zal Qaraxanlı. Darıxmalar dizisi, Bozqurd andı


Darıxmalar dizisi

Ağacların kölgəsində bürkü yatıbdır
Oturmuşuq çayxanada qurud əzməyə.
Duyğuların iynəsinin vaxtı çatıbdır
Arkadaşlar durun gedək roman gəzməyə.

Bu şəhərin qızlarının baxışı çılğın,
Küçələrin nəfəsində neft istisi var.
İçimizdə yatıb qalan bekarçılığın
Mamırlamış qübbəsinə sağsağan qonar.

Darıxmalar dizisinin efir çağında
Qəfil gələn bir qonaqlıq xəbəri ola.
Bizim ulduz günümüzün fontan bağında
Elçi düşən öpüşlərin nəməri ola.

Kölgələrin bürküsündə könül pivəli
Qarı günəş hər doğanda çağayıq, çağa.
İnnən belə ayrı dilli, ayrı şivəli
Missis, frau və xanımlar bizdən söz sağar.

Çayxananın qaynatdığı düşüncələr qart,
Qafiyələr kompüterdə gəzir qızları.
Bir gün, uğur pokerində açdığımız kart
Dalbadala sıralayıb düzər tuzları.

Tora düşən balıqların paltarı puldu,
Yelkənləri yel axtarır macəramızın.
Gözləyişin limanında saçını yoldu
Dalğa kimi yırğalanan qağayı cazı.

2001


Bozqurd andı

And olsun Tanrıdağın vulkanlaşan səbrinə,
And olsun ər Tunqanın qeybə çıxan qəbrinə.
Yovşanlı düzənlərin cübbəsinə and olsun,
Şəhid məzarlarının qübbəsinə and olsun.

Qutlu savaş günündə kül olsa da ətimiz,
Yenə yetmiş ordunu yenəcək hiddətimiz.
Bizim şanlı torpağın hər dənəsi müqəddəs,
Yurda nicat ərlərin bədəni kəfən bilməz.

Bu dağ, bu orman, bu çöl babaların tənidir,
Vətən onu qoruyan kişinin vətənidir.
Sən ey bizdən törəyib bizdən olmayan alçaq,
Tanrının öc qılıncı sənə qənim olacaq.

1989


Alatoran
XS
SM
MD
LG