Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:54

Zəka Vilayətoğlu "Şairin ilk kitabı" (Hekayə)


...Mən həmin şairlə N. Jurnalının redaksiyasında tanış olmuşdum.

Bizi jurnalın baş redaktoru, mənim yaxın dostum Mənsur Kərəm tanış etmişdi.

Sonra da demişdi ki, sənin hekayələrini mənə Sərdar Şahin təqdim eləyib. Açığı, necə olubsa o hekayələr, arxivimizdə yaddan çıxıb qalıb.

Sağ olsun, Sərdar müəllim, bir gün gətirib mənə verdi ki, bu hekayələri jurnalda dərc elə, çox maraqlı və emosional hekayələrdir...

...Kənddən rayon mərkəzinə aparan avtobus rayonun elə yaxınlığındaca birdən-birə xarab oldu.

Ümumiyyətlə, istismar vaxtı çoxdan qurtarmış bu avtobusların xarab olması adi hal almışdı.

Sürücü xəbərdarlıq etdi ki, avtobus tezliklə düzələn deyil. Bu üzdən də sərnişinlər yolun qalan hissəsini ayaqla getmək məcburiyyətində qaldılar.

Atamla mən və bir də orta məktəbdə mənə alman dilindən dərs demiş Oruc müəllim qapıya yaxın olduğumuzdan, ilk olaraq, çar-naçar avtobusdan düşüb rayon mərkəzinə piyada yol başladıq.

Mən tətildən Bakıya qayıdırdım. Atam məni rayon mərkəzindən Bakıya yola salmaq üçün mənimlə birgə gəlməli olmuşdu.

Üçlükdə yan-yana yol gedirdik. Mən alman dili müəllimimlə yanaşı addımlayır, az-çox öyrəndiyim alman dilində onunla danışmağa can atırdım.

O da mənim suallarımı almanca çox maraqla cavablandırır, hiss edirdim ki, mənimlə fəxr edir.

Biz həvəslə söhbətləşirkən, böyrümüzdən ötən bir dənə zoğalı rəng 07 markalı jiqulinin pəncərəsindən kimsə bayıra nə isə tulladı.

Elə bu an göydən pul yağmağa başladı. Bir anda dörd tərəfimiz pulla xəzəl kimi örtüldü.
Bu pulların hamısı iri, milli əskinaslar idi. Baş verənlərdən donub qalmışdıq. Kimsənin ağlına gəlmirdi ki, əyilib pulları yığsın.

Bəlkə də atamla Oruc müəllim bu haqda fikirləşirdilər, amma mən yox.

Çünki daxilimdəki hansı bir hiss isə məni yerə əyilməkdən saxlayırdı... Sanki əyilib yerdən bu pulları yığsaydım, dünya-aləm güləcəkdi mənə.

Bu hisslərlə yanaşı bu pulları havaya sovuran adam haqqında düşünürdüm: ya bu adamın nəziri vardı ki, harda kasıb-kusub görsə, həmin pulları səpələsin küçəyə ki, onlar da yığıb-yığışdırıb, müəyyən qədər öz ehtiyaclarını ödəsinlər, ya da iki şərik bu pulları bölə bilməmiş, sonda hirslənərək, onlardan biri qəzəblə pulları havaya sovurmuşdu.

Mən başımı dik tutur, ayaqlarım altına baxmadan, iri əskinasların üstündən keçib gedir, sanki bütün aləmə bildirmək istəyirdim ki, pul kimi şeylər heç vaxt məndən ucada dayana bilməz.

-Allah evinizi yıxmasın, arxadan camaat gəlir, nə durmusunuz, yığın pulları!-Oruc müəllim bizə məhəl qoymadan yerdəki pullardan yığmağa başladı. Bayaqdan bəri mənə baxıb yerə əyilməyən atam da yerdən pul yığmağa başladı. Mən isə bir kisə qızılın üstündən gözlərini yumub keçən “kasıb” kişi idim. Və bu “kasıblığımla” bu gün də fəxr etməkdəyəm...

Arxadan gələn kütlə yerdəki pulları görüncə yerə elə döşəndi ki, hətta biri-birinin ayaqlarını, əllərini(bilərəkdən və ya bilməyərəkdən) tapdalamaqdan da çəkinmədilər, təki biri o birindən daha çox pul yığaydı.

Bir az da keçsəydi, kimsə kimi isə təhqir edəcək, yumruq davasına çıxacaqdılar... Bir kənardan sakitcə seyr etdiyim bu mənzərə çox acınacaqlı idi...

Sonra hamı sakitləşdi və heç nə olmayıbmış kimi hərə öz yoluna davam etdi.

Yalnız sağ əli tapdanmış və toza bələnmiş yaşlı bir kişi cızılmış, yaralanmış əlinin yarasına üfürə-üfürə dodaqaltı deyinir, hiss olunurdu ki, əlini tapdayan adamı lənətləyir...

Rayon mərkəzinə çatanda atam dedi:

-Oğul, sənə bazar içindəki kababxanada bir şiş quzu kababı yedirməsəm, heç rahat olmaram, - sonra üzünü Oruc müəllimə tutdu: -Oruc müəllim, sən nə deyirsən?

-Nə deyəcəm ki, lap əla fikirdir. Onsuz da nahar vaxtıdır.

Atam bazar içərisindəki sallaqxanadan təzəcə kəsilmiş quzunun ətindən iki kilo aldı və kababçıya verib tapşırdı ki, yaxşı bir kabab bişirsin.

Atam deyirdi ki, kababçı Musanın kababından heç yerdə yoxdur. Bəlkə də bu, ondan irəli gəlirdi ki, əti kababçıya müştərilərin özü alıb verir, kababçı Musaya isə yüngülvari zəhməthaqqı ödəyirdilər...

Stol arxasında əyləşmişdik. Oruc müəllim mənə baxıb soruşdu:

-Sən niyə o pullardan yığmadın?

-Nə bilim?.. Baş verənlərdən şaşırmışdım, - yalandan dedim.

-Bir şey yığa bildinmi, məllim?-Oruc müəllim atamdan soruşdu.

-Allah bərəkət versin, beş-altı əllilik yığa bildim.

-Hamınızdan qoçaq mən çıxmışam ki!.. İyirmi dənə əllilik yığa bildim... Heyif, çox yığa bilərdik, bu cavan oğlana qoşulmasaydıq, - Oruc müəllim qınaqlı baxışlarını mənə yönəltdi.

-Maraqlıdır: görəsən, bu nə hoqqabazlıq idi?.. Özü də pulların hamısı əllilik idi, - atam dilləndi.

-Səs eləmə, məllim, baxtımız bu gün yaxşı gətirib!.. Xoşbəxtlik budu də, göydən başına pul yağa, sən də onu fıstıq kimicə dənləyib yığasan.

-Eşitmişdim ki, belə şeylər nağıllarda olur. Ona görə də heç inanmağım gəlmirdi. Sən demə nağılların da mayasında həyat hadisələri dururmuş!-atam dedi.

-Hə, müəllim, bu günkü naharımızın pulunu da, qurban olduğum Allah beləcə yetirdi... Evə qayıdarkən, belə bir dəliqanlı yenə də rastımıza çıxsaydı, heç pis olmazdı, - Oruc müəllim ürəkdən güldü.

-Doğrudan da hər ziyanda bir xeyir var; əgər avtobus xarab olmasaydı,..

-Kababımız gəldi... Qardaşoğlu, heç olmasa, kababdan elə ye ki, sənə baxıb, biz də iştaha gələk, - Oruc müəllim kababçının gətirdiyi kababı görüncə, atamın sözünü yarıda kəsib, mənə dedi.

Kababxana dar, balaca bir otaqdan ibarət idi. Cəmisi iki stol, hər stolun da ətrafında üç nəfərlik yer var idi. Əhənglə suvanmış divardan Zeynəb Xanlarovanın köhnə bir şəkli asılıb qalmışdı.

Kababxanada bizdən savayı daha iki nəfər də əyləşib kabab yeyirdi.

-Ye. İştahayla ye ki, mənə də nuş olsun!-atam dedi və yağlı tikələri mənim boşqabıma yığdı. Cəmisi iki tikə kabab yeyib əlimi silmək istədim. Stolda salfet yox idi. Atamın istəyindən sonra kababçı Musa əlində yarısı çırılmış bir kitab gətirdi və varaqlardan bir neçəsini qoparıb, bürmələyərək, bizim stoldakı, bir neçəsini də digər müştərilərin stolu üstündəki stəkanın içinə soxdu. Oruc müəllim, buna bəndmiş kimi varaqlardan bir neçəsini götürüb əllərinin, dodaqlarının yağını sildi. Mənsə, əlimin, dodaqlarımın yağını silmək üçün yox, sadəcə maraq üçün əlimi uzadıb varaqlardan birini götürdüm və açıb oxudum. Lap yuxarıdakı ad diqqətimi çəkdi və bu an elə bil məni nəsə sancdı. Bir anlıq mənə elə gəldi ki, əlimdəki adicə cansız varaq deyil, nakam bir insanın, bir şairin ruhudur, qəfəsə salınmış quş kimi çırpınır ovuclarımda.

Bu, həmin kitab idi; düz bir il əvvəl N. Jurnalının redaksiyasında ilk tanışlığımız zamanı müəllif onu mənə bağışlamışdı.

Həmin kitab həmin nakam şairin ilk kitabı idi və şairin, düz əlli yeddi yaşında işıq üzü görmüşdü.

Kitab işıq üzünə çıxdığı gündən çox keçməmiş, həmin şair – Sərdar Şahin həyatını qəfildən itirmiş, ilk kitabının sevincini əməlli-başlı yaşaya bilməmişdi.

Sərdar Şahin istedadlı şair idi, amma ədəbiyyatda niyəsə bəxti gətirməmişdi.

Hiss olunurdu ki, özü də çox kasıb, üzüntü içərisində yaşayır.

Sovetlər vaxtı bir neçə dəfə kitabı plana düşmüşdüsə də, bu plan məsələsi çox çəkmişdi və sonda da aləm qarışmış, sovetlər birliyi dağılmışdı.

Həmin kitab da, Sərdar Şahinin illərlə qəpik-qəpik üst-üstə yığdığı pullar hesabına, axır ki, işıq üzü görmüşdü.

Bu kitabın bu ucqar rayonun mərkəzindəki uçuq-sökük bir bazariçi kababxanasına necə gəlib çıxması haqda düşünərək, sarsıntı içində, bir anlıq gözlərimi yumdum...

Bu an başım üstündən nə isə yağmağa başladı və xəzəl kimi bir andaca yeri örtüb görünməz etdi...

Bunlar həmin kitabın, cırılmış, kabab tikələrinin yağına bələnmiş dodaqları, əlləri, salfet əvəzi silərək, ləkələnmiş varaqları idi, nakam bir şairin yaralı, incidilmiş ruhu idi, sanki və...

...Arxadan kütlə gəlirdi...
XS
SM
MD
LG