Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:23

Azər Abdulla "Çavuş" (Hekayə)


“Məğlub ölkənin igid oğulları” silsiləsindən

Batı Azərbaycanın Zəngəzur bölgəsində sonuncu türk kəndi Nüvədinin də əhalisini erməni silahlı dəstələri, onun ardınca Azərbaycanın bir neçə rayonunu erməni – rus ordusu vəhşicəsinə işğal edəndə, hirsindən, nifrətindən mürəkkəbi donmuş qələmini yerə çırpıb silaha sarılaraq torpaqlarımızın azad olunması uğrunda cəbhədə vuruşmuş (1991-1995), dəfələrlə ölümlə üz-üzə gəlmiş jurnalist – kapitan AQİL HƏMZƏ oğlu üçün.


Tarixin ezamiyyətdən üç gün tez qayıtması, əskərlərlə qarşılaşarkən günahkar adam kimi gözlərini onlardan yayındırması, silahların hissələrini söküb yığarkən birinci dəfə olaraq gecikməsi, heç kimlə ünsiyyətə girməməsi briqada komandirinin gözündən yayınmadı.

O, çavuş Tarixin yanından ötəndə, ona öz yaxınlığını, doğmalığını və istəyini əsgərlərə bir daha bildirmək məqsədiylə həmişəkindən fərqli olaraq bu dəfə “çavuş” sözünü demədən, sadəcə - Tarix, axşam yanıma gələrsən - deyib bir addım aralandı, cəld geri dönüb onun qulağına pıçıltıyla, həm də başıyla kəndin yuxarısına işarəylə “Get gör həmin yanacaqdan varsa, yarım al gətir” - söyləyib əlini cibinə salmaq istəyəndə Tarix suçlu baxışlarını bir an komandirə tuşlayıb tez də yayındırdı, - Var, var, alaram, baş üstə-dedi.

Briqada komandiri iki konservləşdirilmiş mal ətini sapılcaya boşaldıb elektrik sobasının üstünə qoyanda çavuş Tarix içəri girdi, sırıqlısının döş cibindən çıxartdığı araq şüşəsini yonulmamış taxtadan düzəldilmiş masanın üstünə qoydu. Komandir şən ovqatla- Həmin kişidən aldın?-soruşdu.

Tarix onun üzünə baxmadan - Yox – dedi, - qurtarıb, qonşusundan aldım. Yoxladım, tutdu...Həmişə deyib- gülən, əsgərlərlə məzələnən çavuş Tarixin qaşqabaqlı olmasından çox, səhər tezdənnən axşamacan ağzına su alıb susması briqada komandirini təəccübləndirirdi.

Tezdənnən bu vaxtacan komandir dilinin ucunda güclə saxladığı “şəhərdə ağzını qıfıllayıblar, bəlkə dilini kəsiblər” bu sözləri bir neçə dəfə demək istəmişdi. Axı ən çətin, ağır, gərgin anlarda, döyüşün qorxulu, dözülməz məqamlarında hamının susduğu vaxtda Tarixin ortaya atdığı bir məzəli atmacasıyla, xoruz kimi banlamağı, yaxud kəklik kimi qaqqıldamağı, şux zarafatıyla, adamların ovqatına yüngüllük gətirdiyinin dəfələrlə şahidi olmuşdu.

Çavuş tabeliyində olan on iki əsgəriylə itki vermədən, düşmənin bir həftə öncə ələ keçirib mövqeyini möhkəmləndirdiyi “Çataçat” yüksəkliyini geri almış, başqa bir vaxt isə üç gün düşmən nəzarəti altında qalaraq təhqir olunmuş bir əsgərimizin meyitini şaxtalı fevral gecəsi tabeçiliyində olan bir əsgərlə oğurlayıb gətirmişdi.

Ötən mayın ortalarında göy üzünü birdən qara buludlar aldığı vaxt şişman bədəninə uyuşmayan cəldliklə ortayaşlı, ucaboy, qara dəripencəkli bir nəfər gümüşü BMV maşınından düşərək, göy otların üstündə oturub avtomatlarının hissələrini söküb yağlayaraq yenidən yığan əsgərlərə yaxınlaşıb saymazyana –Böyüyünüz kimdi?!- sorğusuna sanki cavabı gözləməyə səbri çatmadığından – Nə gözünüzü döyürsüz!? Key uşağı key! Məni qoruyanlarıma bax.

Yetim uşağı yetim...- deməyi ilə lüləsinə qatlanmış süngünün şaqqıltıyla açılıb dikəldiyi kimi çavuş Tarixin qəfildən ayağa qalxaraq, havanı yarıb bədənə üşütmə gətirən qılınc səsinə bənzər səsiylə -Dayan! – deyib göyə bir qatar güllə boşaltmağı bir anın içində oldu.

Qarapencəkli, şişman adam diksinərək çevrilib baxanda ona tuşlanmış avtomat lüləsindən, lüləsinin qapqara ağzından da qorxulu, vahiməli, birbaşa beyinə işləyən bir cüt qapqara gözün ona sarı tuşlandığını gördü. Çavuş Tarix sərt və soyuqqanlı səslə -Geri dön! Paxan oğlu paxan! – dedi, başıyla onun maşınına işarəylə -Dranqletinin yanına get! –söyləyib göyə bir güllə də atdı. Atılan sonuncu güllə elə bil göylərin su ilə dolu qarnını deşdi, əvvəlcə orda-burda iri-iri damcılar düşdü, sonra birdən leysan başladı.

Oğlan özünü maşına təpmək istəyəndə Tarixin “Dayan”-dediyi zəhimli səsi yenidən eşidildi, bir neçə gülləni onun yan-yörəsinə səpələdi. Üzü meyit rəngi almış oğlan büzüşmüş, qorxu içində geri çevrilərək yazıq-yazıq –Ay qardaş, belə zarafatmı olar, nə istəyirsən, günahım nədi?..-dedi. Çavuş avtomatı ilə işarə edərək maşından aralanmağını bildirdi. Oğlan bir addım maşından aralandı, səsi titrəyə-titrəyə - Məni tanımadın?.. İki ay qabaq sizə bir Kamaz mannı-makaron gətirmişdim...- dedi, bu vaxt döngədən çıxıb ağır-ağır yaxınlaşan Kamaz maşını görüb sevincək – Bax, bu maşın da mənimkidi - söyləyib maşının sürücüsünə əl edərək “Bura! Bura!” çağırdı. Üzünü Tarixə tutub –Yenə gətirmişəm. Əsgərlərə deyin boşaltsınlar – deyib dərindən nəfəs aldı. Çavuş Tarix daha qətiyyətlə -Yerindən tərpənsən, təpəni odlayacam – dedi.

Göydən yağışı sanki vedrəylə əndərirdilər. Bayaqdan maşından azca aralıda yerində donub qalmış operator qorxa-qorxa- Cənab rəis, icazə verin kameranı maşına qoyum, islandı heç oldu.-söylədi. Tarix başıyla razılığını bildirib –Sən də onun tayısan- dedi, səsini alçaldaraq öz-özüylə danışırmış kimi – Kamera ikinizdən də dəyərlidi.- dedi, səsini ucaldaraq acı-acı - Hamınız juliksiniz, Paxan – maxan uşağı! Yenə sallağı oturub Kamazı aşağıdan çəkəcəksən...

Operator da həmin adamıydı. Bir UAZ maşının rahat gətirə biləcəyi on beş-iyirmi kisəni Kamazın arxa tərəfinə iki sıra qalaqlayıb gətirmişdilər. O vaxt bu operator bir az da aşağı əyilib kisələri kameraya alanda Tarix gülə-gülə - Televizorda “N” hərbi hissəyə bir Kamaz mannı-makaron verdik deyəcəksiniz. Pripiska müharibə bölgəsinə də soxulur.

O vaxt qarapencəkli bu gombul oğlan Tarixi saymazyana azca geri itələyib, –Allahınıza şükür eləyin- deyib tələsik qərargaha getmişdi. Bir gün sonra aşbaz kisənin ağzını açanda unun içində qaynaşan başları qara, buğum-buğum bədəni ağ qurdlar görmüşdü. Kisələrin beşini açsa da eyni mənzərənin şahidi olmuş, qərargah rəisinə xəbər verəndən sonra kisələri yaxınlıqdakı toyuq fermasına göndərmişdilər.
Indi qarapencəkli hər dəfə yerində qımıldananda leysanın altında heykələ dönmüş, zəhimli baxışları ölüm saçan Tarix – Tərpənmə! Maxan oğlu maxan!- deyir, oğlan yazıq-yazıq ağzını açıb nəsə demək istəyəndə onun sözünü ağzında qoyur – Mumla! Sözlərini saxla, deputat olanda üyüdüb tökərsən. Qayğımıza qalana bax... Canından keçən oğullar var burda. Sənin də arzun deputat olmaq, daha çox allatmaq, daha çox talamaqdı...

Çavuş Tarix bu sözləri deyəndə bir həftə öncə baş vermiş faciəni xatırlayırdı. Qrad mərmisi qollu – budaqlı qocaman dağdağanı köklü-közərli çıxarıb toz-duman içində göyə qaldırdı. Burum-burum qalxan nəhəng toz-dumanın içində mayallaq vurub ağır-ağır yerə enən bir adam silueti də Tarixin gözünə dəyəndə onun həyəcanlı səsi eşidildi – Cənab kapitan, salamatsan?.. Bir an sonra toz-torpaq, narın qum yağışı xışıltısına qarışmış –Vay ma...ma!..- iniltisi eşidildi. Getdikcə seyrələn toz-dumanın içində qarşıdakı palıd ağacının yerə yaxın budağından əsgərin sallandığını görəndə Tarix həyəcanla –Ədə, tez aşağı düş! Bu dəyqə bədənin şədərəyə dönəcək-dedi, əsgərin can verdiyini görüb toz-duman çəkiləndən sonra ona yaxın düşməyin mümkün olmayacağını biləndə ağılagəlməz cəsarət və çevikliklə ağaca dırmaşıb əsgərin paltarını kəsərək onu yerə buraxdı, bu an gülləyə tutulduğunu görəndə, elə ordanca özünü yerə atdı, əsgəri yombaladaraq çökəkdə gözlərini ovuşdurub tozdan təmizləyən briqada komandirinin yanına saldı. Özündə olmayan əsgər yenə inləyərək “ma...m...” pıçıldadı.

Tarix gözünü əsgərdən çəkmədən başını bulayaraq bu gərgin anlarda zarafatından qalmayaraq sanki qərargahda əsgərlərinə tərbiyə verirmiş kimi danlayıcı-qınayıcı tərzdə - Bu uşaqlara “Ana” sözünün qiymətini öyrədəmmədim. Bunlar Ana torpağa Mama torpaq-Maxan torpaq deyəcəklər...

Çavuş Tarixlə briqada komandiri çökəkdə arxasıüstə uzanaqlı qalmış, sağ ayağı dizindən üzülüb ayrılmış, sol ayağısa dörd barmaq enində dərisindən sallanan, qolları, dizdən yuxarı qıçları hərdənbir atan, bütün bədəni titrəyən əsgərin getdikcə zəifləyərək iniltiylə - sssuu... suuu...-deyən pıçıltısı daşın, torpağın, kol-kosun, qurumuş otların üstünə toz-duman buludundan yağan qum zərrəciklərinin xışıltısına qarışaraq itirdi. Tarix dizüstə yerə çöküb əsgərin sol çiyninə sarı əyilmiş başını düzəldərək üzünü ehmalca şapalaqlayıb –Qardaş, sakit ol, sən deyən qorxulu şey yoxdu.

Bu dəyqə qospitala çatdıracağıq –dedi, briqada komandirinə baxıb başını təəssüflə buladı – Özündə deyil, iş işdən keçib – söylədi, yenidən çevrilib əsgərə baxdı, gözünü ondan çəkmədən, sanki əsgərin eşitməməsi üçün astadan – Cənab kapitan, bura bax... –deyib qürub çağı dağların ətəyindən zirvəyə sarı çəkilməkdə olan Günəşin şəfəqləritəkin əsgərin alnından başlayıb sifətinə sarı yavaş-yavaş enən işığın ardınca barmağını ehmalca sürüşdürdü. –Qurtardı. – deyib əsgərin gözlərini qapadı. Cibindən qatlama bıçağını çıxarıb açdı, bir dəfə çəkməklə dörd barmaq enində dərisindən sallanan sol qıçını üzüb bədənindən ayırdı, sonra şalvarının qalan hissəsini də səliqəylə kəsib ayırdı, bədənindən üzdüyü ayağı qaldırıb başaşağı çevirdi, çəkməsinə, şalvarının qıçına dolmuş qan şırıltıyla yerə tökülərək qovulan ilan kimi bir göz qırpımında yamacaşağı gilli- qumsal torpaqda əyri-üyrü axaraq birdən torpağa çəkilib yastılanmış parıldayan qızılı lentə bənzər şəkli qaldı.

Çavuş Tarix çevrilib dizlərindən başınacan əsgəri yenidən süzdü, onun cənazəsinə işarəylə öz – özünə danışırmış kimi – İndı mən boyda olar... – dedi. Briqada komandiri bu ağır, faciə anlarında çavuş Tarixin yumorundan-zarafatından qalmadığınımı, yoxsa ağrıyıb acıdığınımı kəsdirə bilmədi.

Dörd il öncə 1992-ci il dekabrın ortalarında düşmənin işğal edərək üç ay saxladığı bir kənd əsgərlərimiz tərəfindən geri alınanda, Qarabağ bölgəsi üzrə baş qərargah rəisinin, paytaxtdan gəlmiş şair, yazıçı, incəsənət xadimləri, mətbuat işçilərinin iştirak etdiyi rəsmi, həm də şən ovqatlı mərasimdə mikrafonla əsgərlərə yanaşan jurnalistin “Bura nə məqsədlə gəlmisiniz?” sorğusuna sıravi əsgər Tarix – Heç bir yerdə iş tapammadım.

Qoca anamı saxlamaq üçün... –deyəndə hamının qəfildən gülməsi onu çaşdırdı, bir an özünü itirdi, qızarıb pörtdü, ondan aralanıb getməyən, əlindəki mikrafonu daha da yaxınlaşdırıb gülümsəyən jurnalistin mehribanlığını görəndə tez özünü ələ alaraq daha səmimi cavab vermək məqsədiylə - İki ildi nişanlıyam. İmkansızlıqdan evlənə bilmirəm...- deyəndə bu dəfə gülüş xoru, qışqırıqlar daha gur, ucadan səsləndi, arxa sırada kiminsə çəpik çalmasına hamı qoşuldu, fit səsləri eşidildi, qarmaqarışıq səslər uğultuya çevrildi, bu, rəğbətdən doğan alqışıydımı, yoxsa ehtirazdan yaranmış kinayəmi idi, bilinmirdi. Mərasimin rəsmi, gərgin ovqatı yumşaldı, jurnalist tələsik Tarixdən uzaqlaşdı.

Həmin dekabr axşamı kəndin bir evində ikinci mərtəbədə xalçanın arxasında divarın içində yerləşdirilmiş balaca kitab rəfində kitabların arxasında göy qovluğun içində üzərində “dlya orujiye” yazılmış sarı kağıza bükülünün içindən tapdığı və dünəndən sırıqlısının döş cibində gəzdirdiyi bir “paçka” ağzı bağlı və altmış dənə yüzlük dolları Tarix masanın üstünə briqada komandirinin qarşısına qoyaraq – Nə qədər istəyirsiniz götürün...- dedi. Komandir təəccüblə “Hardandı?” soruşanda –Dünən dediyimi Allah eşidib, qabağıma çıxartdı.- söylədi Tarix.

-Sənin qismətindi, gedib toyunu eliyərsən... Nə qədərdi?- komandir soruşdu.

-On altı min. Onda qardaş malı kimi bölək...

-Yaxşı, bir halda ürəkdən istiyirsən, onda bağlı paçkaya əl vurma, açıqdan otuzunu say ver. Qalanına toyunu da eliyərsən, hələ bir otaqlı ev də alarsan.
Tarix altmış yüzlükdən qırxını sayıb komandirin qarşısına qoydu. –Ömrümdə birinci dəfədi bu qədər pul görürəm.- dedi Tarix.

Bir aydan sonra Bakıda toy günü əvvəlcə qız evindən, dörd saat sonrasa “Bəxtəvər” şadlıq sarayından “Vağzalı” havasının sədaları altında gəlin qapıdan çıxarılanda briqada komandirinin göyə atdığı fişəngdən sonra sıraya düzülmüş on beş əsgər avtomatlarını yuxarı qaldıraraq hər dəfə bir mağazin gülləni göyə boşaldanda qonşuluqda yaşayanlar, küçədən keçənlər şəhərdə müharibənin başlandığını sanaraq vahimə içində çaş-baş qalmışdılar.

Ölkədə yeni prezident seçiləndən sonra hərc-mərcliyə son qoymaq məqsədiylə (həm də hərbi çevriliş ehtimalına görə) əsgərlər müharibə bölgəsindən şəhərə gələndə, ezamiyyətə buraxılanda özləriylə avtomat, tapança gəzdirmək qadağan edilmişdi.

Sapılcada suyu, şirəsi yenicə qaynamağa başlayan konservləşdirilmiş mal ətinin üstünə komandir yumurta da çaldı –Dünyada ən ləziz xörəkdən əzizdi mənimçün.- əlini əlinə sürtə-sürtə dedi komandir. Tut arağını çappa stəkanlara süzdü,- Yeməyə başlamamış gəl birini gillədəy- söyləyib stəkanı bir nəfəsə başına çəkdi, odlu nəfəsini bayıra üfürərək – Bu nədi ə?..-dedi, bir çimdik duz götürb pıqqıldayan xörəyin üstünə səpə-səpə - Ordan bir soğan gətir, ancaq bıçaq dəyməsin, başına bir yumruq ilişdir, vəssalam- dedi, sapılcanı götürüb elə mətbəxdəcə masanın üstündəki qırmızı kərpicin üstünə qoydu.- Gəl elə beləcə...- kəsdiyi çörək tikəsini ətin suyuna batırıb ağzına qoydu, - dədə baba qaydası-. Vallah, bunun ayrı ləzzəti var. - söylədi.

Səhər tezdən çavuş Tarixin Bakıdan kefsiz, qanıqara qayıtdığını görəndə komandir – Nə olub, anan, arvad – uşaq xəstə-zad deyil ki? – soruşanda Tarix başını aşağı salaraq, təkcə özünə bəlli kinayə ilə - Xəstə nə gəzir, hamısı dingildəşir- deyərək özünü tələsən göstərib komandirin yanından uzaqlaşmışdı. İkinci stəkanı içəndən sonra komandirin – Axı nə olub, niyə susursan?- sualına Tarix başını qaldırıb bircə an onun gözlərinin içinə günahkarcasına baxdı, cəsarətsiz nəzərlərini tez də qaçıraraq – Mən daha yoxam, komandir, mən ölmüşəm – deyib stəkanları araqla siləbəsilə doldurdu, stəkanını qaldırıb bu dəfə gözünü komandirin gözündən çəkmədən qəzəb, həm də təəssüf qarışıq səsiylə - Yadındamı cənab kapitan, iki il qabaq mənə “ Yaman açıq döyüşə girirsən, başının üstündən, yan-yörəndən uçuşan arı, milçək deyil, onların hər biri ölümdür.”-demişdin.

Çavuş Tarix bu sözlərdən sonra stəkanı kapitanın stəkanına vurmadan başına çəkdi. Kapitan stəkanını masanın üstünə qoydu, qaşığı götürüb sapılcanın qıraq-bucağındakı yumurtalı əti sıyırıb Tarixin qabağına yığdı.- Yadımdadı, sən də dedin narahat olma, istəsəm, onları dişimlə tutaram.-söylədi.

Çavuş Tarixə elə gəldi komandir onun dediyi əsas sözləri yadından çıxarıb, ona görə yenə təəssüflə, bir az da incik-incik başını bulaya-bulaya – Yo o x, onu demirəm...-söylədi. Komandir əliylə iki yol “saxla” işarəsi verib onun sözünü kəsdi – Sonra da dedin məni qarşıdan vura bilməzlər. Vursalar, ancaq arxadan özümüzünkülər vurallar. Hamısı yadımdadı.- Kapitan sanki yaddaşıyla öyünürmüş kimi sözünə davam elədi.- Mən də qayıtdım, elə niyaransan, inandığın əsgərlərdən ikisini seç səni qorusun...

-Cənab kapitan, arxadan elə vurdular, nəinki mənim on iki əsgərim, heç sizin briqadanız da qoruya bilməzdi... Biz müharibəni uduzduq- şəxsən mən...

- Səndə fil səbri varmış, dünənnən gözlüyürəm. Elə bilirsən tökülən qanlar, gözümüzün qabağında can verən cavanlar, dəhşətli ölüm səhnələri mənim hisslərimi korşaldıb?.. Dünən səni birinci dəfə görcək üz-gözündən oxudum, nəsə xoşagəlməz bir iş var. Gözlüyürdüm özün deyəsən. Ağzına su alıb durursan. Axı de görüm nə olub?.. Briqada komandiri siqaretini yandırdı, ləzzət alırmış kimi tüstünü acgözlüklə içinə çəkdi. – Bayaq dediyin “dingildəşirlər” sözü də elə belə adi söz deyil.- söyləyib mənalı-mənalı Tarixi süzdü.

-Cənab kapitan...-Bu iki sözdən sonra elə bil çavuş Tarixin dili tutuldu. Son iki gündə yaşadığı ağır, gərgin günlər, bir göz qırpımında xəyalından keçdi...
Çavuş Tarix Bakıda keçmiş İnqilab küçəsiylə Lenin prospektinin kəsişdiyi yerdəki binanın yanına gecə saat birin yarısında çatdı.

Tək-tük pəncərədə işıq yanırdı. Tarix tələsik qaranlıq həyətə girib pilləkənləri qalxarkən gecə lampasının işığında yan-yana yatmış dörd yaşlı oğluyla arvadının Ay parçası kimi işıqlı, gözəl, məsum, təmiz sifətlərini xatırladı. “Gecənin bu vaxtı onları yuxudan oyatmaq insafsızlıqdı” düşündü.

Dördüncü qata qalxdı, cibindən açarı çıxartmaq istəyəndə qapılarında sonradan salınmış əlavə qıfıl gördü, açar hərlənsə də qapı açılmadı, bir neçə dəfə qapını astadan döydü. “Əsgər arvadı ayıq-sayıq yatmalıdı, gecənin-gündüzün hər dəqiqəsində ərinin gələ biləcəyini gözləməlidi.” düşündü. İçəridən səs-səmir gəlmirdi. Tarixin başında qara-qura fikirlər dolaşdı. Qapını bərk-bərk döyməyə başladı. “Gecənin bu vaxtı... Qonşular... Bəlkə evdə başqa...

Bıçaqdan, baltadan götürsəydim...” Bu dəfə qapını astadan döyəndə üzbəüzdəki qapı yarıyacan açıldı. Tarix geri çevriləndə baxışları qonşusu Gülgəzin yuxulu gözlərinə tuşlansa da, düymələri bağlanmamış açıq qızılgül rəngli xalatının ətəyindən az qala ayıb yerinəcən görünən dolu, çılpaq budunu hiss elədi. Gülgəzin ərinin bir il qabaq şəhid olduğunu bilirdi. “Utancaq, abırlı Gülgəz nə tez dəyişdi?” düşündü. Doğma, şirin gülüşlə - Xoş gəlmisən, gəl içəri.- deyib Gülgəz qapını geniş açaraq – Bir həftə olar, bəlkə də on gündü yoxdu.- sözünə davam elədi. Tarix təəccüb və çaşqınlıqla – Bir həftə... On gün?.. Hardadılar? – soruşdu. Gülgəz onun yerində donub qaldığını görəndə -Tarix qardaş, keç içəri, atalar boş yerə deməyib yaxın qonşu uzaq qohumdan irəlidi. Keç, keç içəri- söyləyib Tarixin qolundan yapışıb içəri çəkərək – Qonşuları oyatmayaq- deyib Tarixi bir sayaq güclə dartıb içəri saldı, qapının işgilini tələsik bağladı. – Gecənin bu vaxtı Lökbatana gedib qoca ananı yuxudanmı edəcəksən? Avtobuslar da işləmir...

Qapının ağzında Tarixin ağac kimi bitib qaldığını görəndə Gülgəz onun sırıqlısının düymələrini bir əliylə açmaq istədi, düymənin çətin açıldığını görəndə xalatının yaxasını tutduğu sol əlini də ona sarı uzadanda Gülgəzin əl boyda ensiz, mavi rəngli tora bənzər parçayla örtülü ayıb yerindən başqa lümlüt bədənini görəndə Tarixin bütün varlığını xoş bir gizilti bürüdü. Gülgəz onun sırıqlısının bir düyməsini açandan sonra xalatını tez bürmələyib bədənini gizlətdi. – Özün aç, əsgər cəldliyi ilə.

Sözümə baxsan, mən deyənləri eləsən, hər şeyi açıb deyəcəm. Narıngülün işlərini məndən yaxşı bilən yoxdu...- dedi. Tarixi itələyə-itələyə- Aylardı bədənin su üzü görmür-deyib aparıb hamama saldı. Tarix çimənə qədər o, mətbəxdə masanın üstünü yer-yeməklə doldurdu. Suyun şırıltısı kəsiləndə Gülgəz hamamın qapısını azca aralayıb – Qurtardın?- soruşdu.Qapını tam açaraq – Üzünü divara çevir, dəsmal verim- deyib içəri girdi, yaxınlaşıb iri, xovlü məhrəbanı Tarixin çiyinlərinə saldı, tələsik kürəyini, yanlarını, baldırlarını quruladı, dikələrək dəsmalın quru yeriylə onun başını, tellərini ovcalaya-ovcalaya qarşısına keçdi, sanki ana nəvazişiylə ehmalca onun üzünün tərini aldı, sinəsini, qarnını quruladı, əyilərək budlarını, dizlərini, ayaqlarını sildi, ikinci dəfə bərk bir şeyin başına dəydiyini hiss edəndə, qəfildən ayağa qalxdı, xalatıyla sinəsini örtə-örtə sərt səsiylə- Bu nə deməkdi?!. Ayıb olsun sənə! Bütün əsgərlərə biz doğma qardaş kimi baxırıq. Səninsə ürəyindən gör nələr keçir. Tərbiyəsiz, pozğun!- dedi,

Tarixin çaşıb qaldığını, sarsıldığını görəndə yumşaq, mehriban, doğma səslə- Deyirlər Tarix belə qoçaq, belə cəsur, nə bilim qətiyyətli, döyüşdə amansızdı, istənilən çətin vəziyyətdən çıxmağı bacarandı. Hanı sənin bacarığın? Bir qırıq ötəri ehtirasınla düşmənlə necə vuruşursan? Qorxaq imişsən ki! - söyləyib Tarixi birdən qucaqladı, üz-gözünü, boyun-boğazını, sinəsini aramsız odlu öpüşlərinə qərq elədi, dodağını dodağına söykəyib əlini yenidən oyanmaqda olan kişilik yerində gəzdirdi. Tarix qollarını xalatın altından onun çılpaq bədəninə doladı, əllərini onun kürəyində, sonra sürüşdürərək yançaqlarında gəzdirib sığalladı. Bir –birindən aralanmadan Gülgəz onu darta-darta çəkib hamamdan çxartdı.- Qabaqca gedək səni yedizdirim-söylədi, Tarixsə onu buraxmadı, - Altı aydı qadın üzü görmürəm. - dedi Tarix, Gülgəzi yataq otağına sarı dartdı.

Gülgəz Tarixin alnınıın, üzünün, tərini silə-silə - Bədənin mis kimidi, paltar sənin gözəlliyini gizlədir... Allahıma şükür edirəm. Arzumun birinə çatdım.- deyib Tarixin qaşlarını sığalladı, dodağından öpdü –Dur, dur gedək mətbəxə...

Gülgəz ikinci dəfə konyakla dolu qədəhi qaldırıb – Bunu içək sən başda olmaqla bütün əsgərlərimizin sağlığına. Gün o gün olsun... -Tarix qədəhini masaya qoyaraq onun sözünü kəsdi – Danışmadın axı, məni niyə məngənədə saxlayırsan?- deyəndə Gülgəz masadakı qədəhi götürüb ona uzadaraq- Atamın qəbrinə, ərimin ruhuna and içirəm, nə bilirəm hamısını danışacam. Bildiklərimi, şahidi olduqlarımı artırmadan, şişirtmədən hamısını.

Bunu da içək-dedi, Tarix onun əlində titrəyə-titrəyə qalmış qədəhi alıb birnəfəsə başına çəkdi. Gülgəz kolbas dilimini onun ağzına uzatdı, Tarix ağzını açmadı, kolbas dilimini alıb gözünü Gülgəzin gözünə tuşladı. Gülgəz konyakdan bir qurtum alıb bakalını masanın üstünə qoyub ehmalca sürüşdürdü, “sinikers” parçasını götürüb dişlədi. –Hə ə ə... Qonşu, inansan da sağ ol, inanmasan da.

Yalan danışanın ölüsünə də lənət, dirisinə də. Mən boynuma alıram, pozğunam, ancaq heç vaxt yalan danışmıram. Ancaq sənin gözəlçən, yalançıdı, paxıldı, atanşikdi, acgözdü... Bunlar cəhənnəm, əri ola-ola pozğundu... Ərim şəhid olannan sonra səkkiz ay kişilərin üzünə baxmadım...

Narıngülün evinizdə az qala hər həftə keçirdiyi ad günləri... Şumalüzlü, sağlam, ucaboy oğlanlar, bloka dolan kişi dezodarantın iysi, gecə səhərəcən divarın o yanında mənim acığıma çarpayı cırıltısı...Narıngülün qaqqıltısı... Bilirsən də qabaq sizin hamam işləmirdi. Gəlib bizdə çimir, çılpaqca xalatına bürünür, oturub tələsmədən çay içirdi. Bir dəfə qapımız döyüləndə açdım, sizin qapının ağzında dayanmış tanımadığım oğlanın hürkək-hürkək –Xanım gəlmir, bayaqdan telefon neçə dəfə zəng çalıb?- dediyini Narıngülə söyləyəndə mənə göz vurub uğunub getdi – Telefonumuz işləmir, qoy gözləsin, yana-yana qalsın- söylədi. Bir dəfə qapının gözcüyündən baxdım. Ananıydı. Qapınızı neçə yol döysə də açılmadı. Qapını açıb –Gəlin bizdə gözləyin, birazdan gələr- dedim. Qabağına yenicə çay qoymuşdum telefonumuz səsləndi. Dəstəyi qaldıranda Narıngülün pıçıltısını eşitdim “ Az, mən evdəyəm, özüm açmıram, o kaftara üz verib buralara dadandırma. Qoy rədd olub getsin.” Yalan deyirəmsə, Allah məni sabaha çıxartmasın.

Gülgəz Tarixin bayaqdan süfrədən əlini çəkdiyini, qanının qaraldığını görüb –Mən səfeh düz eləmədim, səni doyunca yedirdəndən sonra bunları deməliydim.- söyləyib qədəhləri konyakla doldurdu, - Bax, yeməsən, maraqlı söhbətlər hələ daldadı, danışmayacam.- deyib qazandakı kələm dolmasını aparıb qazın üstündə qızdıraraq geri qaytardı. Bir sayaq Tarixi gah dilə tutaraq, gah da təkidlə yedirib içirtdi.

Qolundan tutub yatağa apardı. Asanlıqla onu vəcdə gətirdi, ikinci dəfə onun alnının tərini siləndə -Tarix, Allaha and olsun, ərim sağ ikən, üç il vuruşdu, beş-altı aydan bir evimizə gəlirdi, ona xəyanət eləmək ağlıma gəlmirdi. Öləndən sonra... Hər dəfə Narıngül hamamdan çıxıb bizdə çay içəndə - Ay qız ağlın olsun, ölənlə kim ölüb? Daha ərin yoxdu. Heç vaxt qayıtmayacaq. Deyirsən günnəri, illəri sayaq ki, müharibə haçan qurtaracaq? Bəlkə beş il, bəlkə on il çəkəcək? Bəlkə Tarix də Qürbət kimi şəhid olacaq.

Nəyə görə cavan canımı çürütməliyəm. Burdakı kişilərin arvadları yağ-bal içində, kurortlarda kefdə-damaqda. Biz də kişisiz olmağımız bir yana, acından qarnımız quruldamalı, dəyişəyimiz olmadığından axşam yuduğumuz alt paltarımızı ütüləyib qurudub tezdən geyib işə getməliyik. Niyə?.. Bir dəfə xahiş elədi, mən gedib uşağı baxçadan gətirim. Tərbiyəçi Narıngülün arxasınca deyindi. “ A a z, bu necə anadır, lazım deyil mənə elədiyi hörmət. Saatlarla uşağın gözü yolda qalır, gözünün yaşı qurumur.” Deyir iki dəfə götürüb evimizə aparmışam.

Deyir bir həftə xəstələndiyimdən işə çıxa bilmədim. Uşaq gecə baxçada tək-tənha qalıbmış. Gecə yarısı oyanıb, baxçanın ağac-budaqlı qaranlıq həyətində ağlaya-aglaya dolaşırmış. Qarşıdakı binanın balkonundan bir qadın uzaqdan - uzağa uşağı dilə tutub ovundurmaq istəyir –Get yat soyuqdu. Birazdan uşaqlar, müəllimlər gələcək- deyəndə uşaq ağlaya-ağlaya –Qaranlıqdan qorxuram, sən getmə... Ordan mənə bax- deyib için-için ağlayır, qadının ürəyi durmur, küçəyə çıxıb baxçanın uca hasarı boyunca hərlənsə də, içəriyə keçməyə yer tapmır. Hasarın başından- yaxın məsafədən uşaqla danışmaq, ona ürək-dirək vermək niyyəti ilə divarın dibində qalaqlanmış kubik daşların üstünə qalxmaq istəyəndə sürüşüb yıxılır, ayağı burxulur, topuğu qan-çil olur.

Axsaya-axsaya özünü evə çatdırır, ayağı ağrısa da uşağın qorxu içində ağladığını unuda bilmir, balkona çıxanda qarşı binadan düşən özündən də balaca işıq parçasının altında, quruca torpaqda uşağın ana bətnindəki kimi bükülüb yatdığını görür. Bunları həmin qadın baxçanın müdirinə danışırmış.

Gülgəz sol qoluna dirsəklənib üçüncü dəfə Tarixin alnının, üzünün tərini nəvazişlə siləndə- Nəsə demək istəyirdin – Tarix dedi. Gülgəz gecə səhərəcən mürgü içində Narıngül və onun çalışdığı balaca kollektiv haqqında bildiyi, eşitdiyi, yadına düşənlərin hamısını sanki fəhmli dedektivçi, qüdrətli bir yazıçı, duyğulu bir psixoloq kimi gecənin səssizliyində pıçıltıyla danışaraq Tarixin qəlbində azacıq da olsa, deyilənlərə şübhə yeri qoymadı.

Altı nəfərin bir otaqda çalışdığını, respublikada tanınsa da hər gün fasilə vaxtı direktorun öz işçiləri ilə yeyib içdiyini, iş vaxtı tez-tez otağa girib əməkdaşlarını bir anlıq işlərindən ayıraraq gülməli bir əhvalat söyləyib onların ovqatını yüksəltdiyini, gülməkdən uğunub gedənlər özlərinə gəlməmiş direktorun qəfildən çıxıb getməsini deyirdi. İyirmi yaşlı rayon qızı Narıngülü də, yaşı əllini haqlasa da gənclik həvəsi və havası hələ də başından getməmiş, imkanı arzularından aşağı olsa da özünü kübar xanımlara oxşatmağa çalışan, şəhərli olmasıyla qürrələnən ərli xanımı da direktor gündə bir neçə yol təkbətək kabinetinə çağırdığını deyirdi.

Şübhə doğurmasın deyə, direktor çavan oğlanları və yaşı yetmişə çatsa da piyada gedərkən gənclərə aman verməyib şax yeriyən, şalvar, köynəyi ilə bərabər sanki bədənini də ütüləyib hər səhər hamıdan qabaq həvəslə işə gələn, şövqlə yeyib - içməyi ilə tox adamı da iştaha gətirən, danışığında tez-tez atalar sözü işlədən, məzəli əhvalatlar söyləyib məclisdə xoş ovqat yaradan, adət-ənənəyə və müsəlman qaydalarına əməl edən adam kimi özünü göstərən qırmızısifət kişini də direktor, kabinetinə çağırdığını deyirdi.

Ağsaqqal kimi görünməyə çalışsa da, hərdənbir qadınlarla çox ehtiyatla “şuluqluq” edən o qırmızısifət kişini bir dəfə gecə saat iki radələrində sərçə güdən qoca pişik kimi pəncələri üstə pilləkənləri ehtiyatla qalxıb qapınızı döymədən itələyib açdığını özü gördüyünü deyirdi.

Şümal üzləri par-par yanan, dezodarant qoxuları bloku bürüyən, boylu-buxunlu ərgən oğlanlar guya idarədə yarımçıq qalmış işlərini tamamlamaq üçün günaşırı, bəzənsə hər gün təkbətək gəlib Narıngüllə gecələdiyini dəfələrlə gördüyünü deyirdi.
Narıngülün bir səhər direktorun yaşadığı evin blokundan çıxarkən həmin yaşlı qadınla rastlaşdığını, elə buna görə də onların bir-birinə düşmən kəsildiyini, Narıngülün- Bilmirəm bu qadın nə istəyir, üz-üzə gələndə fısıltısının yeli az qala məni pəncərədən götürüb bayıra atmaq istəyir- gileyindən sonra direktorun – Nara, sən yazda yenicə açılmış ətir saçan təravətli çiçəksən, osa payızda yarpaqları saralıb tökülməkdə olan ərik ağacı, fikir vermə... –söylədiyini... Narıngüllə mehriban olduğum vaxtlar onun öz dilindən eşitmişəm...-deyirdi Gülgəz.

Sarsıntı içində, yuxulu, içkili halında bu adda-budda, dağınıq söhbətləri dinlədikcə özününmü, yoxsa Gülgəzinmi sərxoş, əsəbi olduğunu Tarix anışdıra bilmirdi. –O yaşlı qadın mənə nəsə deyə bilərmi?- Tarixin sorğusuna Gülgəz sanki diksinərək –Heç vaxt! O qadının yaxşı cəhətlərindən biri qeybət etməməsi, heç kimin sözünü danışmamasıdır. Bir də onun əri var, dedi-qodunun böyüməsini, özünü dava-dalaşın içinə salıb ərinin xəbər tutmasını istəməz.

-Bəs o qaraqabaq dediyin direktor müavini necə?

-Elə bilirsən bunları paxıllıqdan deyirəm? Evinizə girəndə özünə hər şey aydın olacaq. Mən gizlətmirəm, bunları açıb deməklə ondan qisasımı alıram. Min manatlıq televizor alıb. Sözün düzü, sizin balaca evinizə o boyda televizor yaraşmır. Görməmişdi. Yekə xolodelnik, yekə kondisioner, xalça. Soruşsan hardandı, lotereya oynayıb almışam, deyəcək sənə... İşçilərdən başqa yad adamların da bura gəldiyini görmüşəm. Bir səhər tezdən bizim uçastkovunun evinizdən çıxdığını gördüm... Direktor müavinini soruşursan, inanmıram o da sənə nəsə desin. Bilirsən onun haqqında Narıngül mənə nə deyib? Narıngülə deyirmiş sən əsgər ailəsisən, özü də qəhrəman əsgər. Sənin haqqında qəzetdə yazılan məqaləni də o tapıb gətiribmiş. Deyirmiş biz bazburutlu oğlanlar, kişilər burda boş-boş işlərnən günümüzü keçiririk, əsl kişi Tarixdi. Tarixin xanımına hamımız hörmət etməli, onun təsibini çəkməliyik. Ancaq Narıngül deyirdi, bir dəfə otaqda kompüterin arxasında tək oturmuşdum. Pəncərənin önündən keçəndə onu kölgəsindən tanıdım. Tez köynəyimin yaxasının bir düyməsini də açdım. Qapını açıb salam verdi, gülə-gülə salamını aldım. Əlində kağız yaxınlaşdığını görəndə mənə rahat baxması üçün gözümü kompüterin ekranına tuşladım, kağızları mənə sarı uzadıb həmişəkindən fərqli kövrək, həzin səslə -Bunları təcili yazmaq lazımdı- dedi. Mən qəsdən kompüterin ekranından gözümü gec ayırdım, onun əlindəki vərəqlərin titrədiyini hiss elədim, birdən başımı qaldırıb ona baxanda, alov saçan baxışlarının sinəmə tuşlandığını gördüm. Oğurluq üstündə tutulan adam kimi üzü qızarsa da, gözlərini sinəmdən qəfil ayıra bilmədi, baxışları sanki rezin kimi dartılıb uzandı. Günün şüalarını bir nöqtəyə tuşlayan linza kimi, baxışlarının sinəmi yandırdığını əməllicə hiss elədim. Deyirdi belə kişiləri qadınlar zorlamasa, onlar həyatı boyu qınlarında yanacaq. Tarix, nə olsun, hal-hazırda Narıngüllə düşmənəm. Boynuma alıram, o mənnən diribaş, fərasətlidi. Boydan gödək olsa da, gözəldi, bu şəhərdə onun dərisi kimi ipək, sığallı... yup-yumuru, tarım bərk döşləri olan... Görəndə qadınlığımla ağzımın suyu axırdı...

-Bəs aranız niyə dəydi?

Gülgəz bir an susdu, əlini onun sinəsində, qarnında gəzdirdi, bir az da aşağılara sürüşdürəndə Tarix ötkəm səslə-Niyə dinmirsən?-soruşdu. Gülgəz yenə onun sinəsini sığalladı. –Narıngülün ad günü direktordan, onun müavinindən, o yaşlı qadından başqa idarənin bütün işçiləri, bütün işçiləri deyəndə iki cavan oğlan, bir də o qoca kişi sizə gəlmişdi. Məni də çağırmışdı. Gecə yarısınacan yeyib içdik, qonaqlar getmək istəyəndə Narıngül – Mənim xətrimi istəyən gecəni burda qalmalıdı.- dedi. Darısqallığa, yorğan döşək çatmadığına görə mən – Qonaqların hansı istəyir bizə gedək dedim. Narıngül dərhal elə şey yoxdu dedi ,özü də amiranə. Mənim qonaqlarım mənim evimdə qalmalıdı! Hamımız döşəmədə uzanıb yatacağıq. Sən rahatlıq axtarırsan, get öz evində yat-dedi. Onun son sözləri mənə toxundu, özümü qovulan, təhqir olunan hiss etdim. Ona “Acgöz, qudurmuş!” –deməkdən özümü zorla saxladım. Qapıdan çıxanda özümü sındırmadan “baxın da, qapım açıqdı, kim istəsə, buyura bilər”- deyib sağollaşdım. Mənim dalımca o qoca kişi də çıxıb getdi. Mən yata bilmirdim. Gecədən xeyli keçmiş qapımız açıldı. Günlərlə, aylarla həsrətini çəkdiyim həmin oğlan idi. Ucaboy, sarışın, kübar görkəmli, çeşməkli - dərdinnən öldüyüm o oğlan... Narıngül haqqında nə qədər haqsız olduğumu düşündüm. Neçə vaxtıydı Narıngülə yalvarırdım onu bizə gətir. Əvəzində nə istəsən sənin üçün edərəm, ömrüm boyu sənə borclu qalaram. O da ad günündə bunu edəcəyinə söz vermişdi. Tarix, inan mənə, dünyada heç kimi onun qədər sevməmişəm. Nişanlı olduğunu da bilirdim. O an mənim üçün Narıngüldən əziz, doğma adam yox idi. Oğlan köynəyini soyunub kreslonun başına atdı, şalvarının bir qıçını soyunaraq, kiminsə eşitməsindən sanki ehtiyat etdiyindən pıçıltıyla – Narıngül artıq obşi vaqona dönüb- deməsinə həm sevindim, həm də mənim sevimli rəfiqəm haqqında bu sözləri eşidəndə pis oldum. Bu dəm qapımız şaqqıltıyla açıldı. Nə gizlədim, sevindiyimdən, həyəcandan qapını bağlamağı unutmuşdum. Bir də bağlasaydım da xeyri yoxdu, hay-küy qaldırıb açdıracaqdı. Elə bil körpə uşağının üstünə qışqırırdı.- Geyin! Düş qabağıma!- Səninlə deyiləm!?
Oğlan sakitcə geyindi. Mən – Biri bəs eləmir sənə, içiqurtlu, yaramaz – dedim, o mənim sözümü eşitmirmiş kimi yenə də üzünü oğlana tutub ucadan – Düş qabağıma! Bu gün - sabah toyun olacaq, xəstəlik tapıb biabır olarsan. O gözəllikdə nişanlına xəyanət eləməyi Allah da bağışlamaz... dedi, ideal saydığım, aristokrat görkəmdə olan oğlan, balaca uşaq anasının qabağına düşüb gedən kimi, sakitcə otaqdan çıxdı. Ancaq oğlan bizdən çıxıb öz evlərinə getdi. Yeddi qatımacan yandım, özümü saxlayammadım,- BEŞINNIY QANCIX!- deyib qapını çırpdım. Səhərəcən yerimdə ağladım. Tarıx, sənin gözəlçən pis xəstəliyə tutulmuşdu, onu mənim tanış həkimim müalicə elədi, yerini də deyə bilərəm, adını da. Sonra öyrəndim ki, xəstəliyi həmin oğlana da keçibmiş...Səhərisi gün, təsəvvür edirsən, həmin oğlanın nişanlısının qohumları iki dəfə mənə zəng edib təhqir etdilər, hədə-qorxu gəldilər...

Gülgəzin dediyi “Beşınnıy qancıx” sözlərindən sonra Tarix onun ağzının, dodağının, çənəsinin tərpəndiyini görsə də dediklərinin heç birini eşitmir, doqquzuncu sinifdə oxuduğu vaxt baş vermiş xoşagəlməz, biabırçı hadisəni xatırlayırdı.

Keçən il itləri ilə bağlı camaatın ağzında dolaşan dedi-qodu yaddan çıxmağa başlayanda kəndin itləri yenidən havalanıb kürsəyə gəldi. Keçən il Tarixin dədəsi – Qancığı rədd etmək lazımdı – desə də evdəkilərin heç biri bu ağıllı, vəfalı, gözütox, həssas, dil bilən itlərini itirmək istəməmişdi. Nurgiz kişi iti kisəyə salaraq yük maşını ilə aparıb yaşadıqları yerdən neçə - neçə kənd, neçə -neçə dağ – dərə aralı bir yerdə azdırsa da, üç gündən sonra səhər tezdən Tarix qapılarını açıb məktəbə getmək istəyəndə sevimli, gözəl itlərinin qapılarının ağzında başını əllərinin üstünə qoyub yatdığını görmüşdü.

Bəbir kimi incəbel, uzunqıç, görkəmi zərif itin qapqara ağız – burnundan, bir də gözlərindən başqa hər yeri bəmbəyaz olduğundan, çöldə yatarkən yazağzı dağın quzey ətəyində yenicə göyərmiş yamyaşıl otların üstündə hələ də əriməmiş bir parça qara oxşadığından Tarix iki il bundan öncə onun adını “Qardan” qoysa da, təkcə özündən yaşca balaca bacısından, hərdən də bir anasından başqa bütün qonşular, qohumlar, kənd adamlarının hamısı, elə bil Tarixin acığına itə “Nurgizin qancığı” deyirdilər.Yadlar bir yana, Nurgiz də bu gözəl itə qancıx deyəndə - Ay dədə, heç olmasa sən onun adını de də - Tarix incik – incik atasını dönə - dönə qınasa da xeyri olmurdu.

Tarixə görə adamların dilində səslənən qancıx sözündə təkcə o zərif, o gözəl itə yox, həm də onların ailəsinə bir həqarət, sataşmaqlıq vardı.Tarixin anası bu it haqqında “həm gözü tox, həm də insan kimi dil bilir” – deyirdi. Deyirdi neçə dəfə sinidə doğranmış əti, qalaq – qalaq lavaşı sulayıb eşikdə çarpayının üstünə qoymuşam, içəridən pəncərədən baxmışam, yazıq heyvanın onlara baxıb ağzının suyunu axıtdığını görmüşəm, ancaq bir dəfə də onlara yaxınlaşdığını, oğurluq elədiyini görməmişəm.

Gövşəndə dizəcən yaşıl otluqda Tarixin yanı ilə gedən Qardan neçə dəfə adamın bədənini qəfildən ürpəşdirən xışıltıya sarı cumaraq kərtənkələni, koramalı, ilanı tutaraq yerdən qaldırıb başını sürətlə sağa – sola silkələyərək, tutduğunu gic edir, yerə salaraq, bədənini bir neçə yerdən dişləyib xırçıldadaraq leşini qoyurdu.

Tarix anası, bacısıyla gövşənə gedəndə Qardan da onların dalısınca düşüb gedir, sevincdən atılıb düşür, gah irəli, gah geri qaçırdı. Bacısı Qardanı tutub saxlayır, gözlərini əliylə örtür, Tarix qaçıb uzaqlaşaraq bir yerdə gizlənirdi. Qardan bacısının əlindın buraxılcaq Tarixin getdiyi yerləri addımbaaddım iyləyə - iyləyə, havanı imsinə - imsinə özünü ora – bura vurur, yekə bir gilas ağacının başına dolanır, birdən başını qaldırıb Tarixi görəndə sevincindən atılıb - düşür, hürür, qabaq ayaqlarını qaldırıb ağacın gövdəsini cırmaqlayır, sanki “Tapdım, tapdım!” – deyə bildirirdi.

Bəzən çöldə Tarix anasıyla bacısından ayrılanda yazıq Qardan çətin vəziyyətdə qalır, onlar bir – birindən uzaqlaşdıqca, Qardan bir az Tarixin dalısınca gedir, birdən dayanır, geri qayıdaraq qaçıb Tarixin anasıgilə sarı qaçıb, sevincdən çox nigarançılıqla gah sağına, gah soluna keçir, azca irəliləyəndən sonra yenə duruxur, tərəddüd keçirir, zingildəyərək onları saxlamaq mənalı, yalvarışlı baxışlarıyla geri qaytarmaq istəyir, bir də geri dönüb Tarixə tərəf qaçır, ancaq bu dəfə o, getdikcə bir – birindən uzaqlaşmaqda olan bu doğmaların aralandığı məsafənin tam ortasında dayanır, narazı – narazı, peşman – peşman, başını gah sağa, gah sola tutaraq hürür.
Onlar gözdən itəndən sonra Qardan son seçimini edərək sürətlə Tarixə sarı qaçırdı.

Ötən illərdən fərqli olaraq bu il kəndin köpəklərindən başqa qonşu kəndlərin hansındansa, bəlkə hansısa sürünü qoruyan, az qala birillik dana boyda hündür, qolları pələng qolları kimi uzun, qüvvətli, başı şir başı kimi yekə, nataraz bir heyvan Qardanın dalısınca, ondan azca aralı isə kəndin köpəkləri sıraya düzülərək camaatın evlərinin qabağındakı baxçaların dan gecə - gündüz bilmədən, bəzən boğuşa – boğuşa, didişə - didişə, al qana boyanmış halda ötüşürdülər.

Kəndin iki qaynaqlı, seçmə itini boğub haldan salandan sonra bu əcayib heyvanın gücünə bələd olan kəndin köpək sürüsü daha Qardana yaxın düşə bilməsə də, hansı ümidləsə bu mərasimdən aralana bilmirdilər.

Bəzən yaddaşsızlıqdanmı, bəlkə də istəyi, ehtirası qorxusuna güc gəlmiş köpəklərdən biri Qardana yaxınlaşanda, nataraz köpəyin ğöy gurultusuna bənzər bircə ağız hürüşü bütün köpək sürüsünü bir addım geriyə sıçradırdı. Bu səsə alışmayan adamların, evlərində olanda belə canına vic-vicə düşürdü. Keçən illərə nisbətən kürsəyə gələn bu it xılıyla bağlı dolaşan söz-söhbət, uydurulan əhvalatlar, atmacalar, zarafatları artıq Tarix sinirə bilmir, tay – tuşuyla sözləşir, bəzən yumruq davasına çıxırdı.

Ancaq Tarix camaatın ağzını bağlaya bilmirdi. İt sürüsünün boğuşmasına, yüz cür oyundan çıxmasına adamların bəzisi açıq – aşkar, bəziləri gizli – gizli maraqla baxsa da hamı deyinir, etirazını bildirirdi. Kənddə “yola yaxın” kimi tanınan gənc qadın, bir yerə yığışıb it sürüsünə həvəslə baxan, bəzən onları daşlayan yeniyetmə oğlanların yanından keçərkən (halbuki o, adamlardan aralı da ötüb keçərdi) başını aşağı salıb gülümsünərək – Canı yanmışlar, o boyda gövşəni, çölü buraxıb gərək camaatın gözünün qabağında oyun çıxarasınız... – deyib ötdüyünü eşidən ağızdan pərtöy bir kişi - Ə Tarix, yazığın gəlmir qancığınıza, o boyda xılın cavabını necə verəcək – deməsi, başqa birisinin – Qancığınızı sal tövlənizə də, görmüşük hər qancığın bir əri, bir köpəyi olar... Bağışla məni, sizin qancığ qəhbədi... Hünəriniz çatmır tərbiyə eləməyə, qovun getsin. Dədən də buna göz yumur...

Qabaqdan Qardan, onu daban – dabana izləyən pələng biləkli nataraz köpək, onlardan azca aralı ağızları bir şeyə çatmadığından bir – biriylə boğuşmuş, qarpışmış it xılı gecə - gündüz bilmədən həyətdən həyətə keçib, bağçadan – bağçaya adlayaraq yenə gəlib Tarixgilin qapısından azca aralı tut ağacının altında qaynaşırdılar.

Başqa vaxtlar Tarixin səsini uzaqdan eşitcək, hənirtisini duycaq yerindən götürülüb qabağına qaçan, sevincindən atılıb düşən, yeyin – yeyin quyruğunu bulayıb əlini ayağını yalayan, zingildəyib yalmanan Qardan, küçəyə sarı açıq pəncərədən əlini yelləyib onu səsləyən Tarixi indi nə görür, nə də eşidirdi.

Eşşək boyda boz köpəyin ağırlığına tab gətirməyib Qardanın incə, uzun dal ayaqlarının yavaş – yavaş büküldüyünü Tarix görəndə o, eşiyə çıxıb itləri, daha doğrusu, o nəhəng boz köpəyi daşa bassa da, itlər saymazcasına yerlərindən tərpənmədi, köpək işinin başlanğıcını bitirəndən sonra Qardanın üstündən düşdü , ehtiyatla geri çevrildi. Yerini rahatlamaq üçün bəzən irəli, bəzən geri bir – iki addım atanda, köpəyin qıçları, qolları uzun olduğundan bəzən Qardanın dal ayaqları yerdən üzülərək göydə qalırdı.

Küçədən keçən adamların səsini eşitsək Tarix pəncərənin önündən geri çəkildi. Çəpərdən boylanıb bu mənzərəyə baxanlardan hansısa – Vay dədəm vay!.. Olmuya bu nataraz köpəyi Nurgizin özü tapıb gətirib – dedi. Tarixin tanımadığı başqa bir səs – Nurgizi səslə bayıra çıxsın, qancığın ayaqları göydə qalıb. Deynə, ya qancığına öz tayını tapsın, ya da balaca stuldan, mütəkkədən – zaddan gətirib qoysun onun ayaqlarının altına. Heyvan olanda nə olar, yazıqdı axı... Üçüncü səs – Elə bilirsən Nurgizin xəbəri yoxdu. Mərc gələk, bu dəyqə evlərinnən ailəlikcə bu mənzərəni seyr edirlər. Ancaq hərəsi bir deşikdən. Nurgiz televizora baxmır, kinoya getmir. Bir ildi səbirsizliklə bu pulsuz konserti gözlüyür. Əslində qancığın həyətbəhəyət qastrola çıxıb tamaşa göstərməsinə görə Nurgizə hamınız pul yığıb verməliyik...

Məktəbin küçə tərəfdən divarına yapışdırılmış ağ vərəqdə qırmızı qələmlə çap hərifləriylə yazılmış “BİLDİRİŞ”də (görünür, yazan adam xəttinin tanınmasından ehtiyat etdiyindən çap hərifiylə yazıb) “Hörmətli kənd sakinləri, kəndimizə gəlmiş səyyar truppa indən belə bir həftə də davam edə bilər. Bütün teatrlardan fərqli olaraq bu truppa hər bir evin qarşısında tamaşasını pulsuz göstərir. Unudulmuş evlərin sakinləri yazılı ərizə ilə truppanın bədii rəhbəri və pradüsseri Nurgiz kişiyə müraciət edə bilər.

Tarix “pradüsser” sözünün mənasını kimdənsə soruşmağı özünə sığışdırmır, ancaq dədəsinə aid edilmiş bu sözün yaxşı olmadığını fəhmən duyurdu. Onu da dəqiq bilirdi ki, BİLDİRİŞ kolxoz sədrinin doğmaları, yaxınları tərəfindən yazılıb. Dünən kəndin boş-bekar kişiləri, avara uşaqları Tarixgilin həyətlərindən azca yuxarıdakı baxçada səf bağlayıb cürbəcür oyun çıxaran it xılına baxır, kimisi onlara daş, kimisi söz atırdı. Atılan daş, çınqıl, ağac kəsintilərinin bəzisi itlərə dəyir, bəziləri onların yan-yörəsinə düşürdü. Qəribəsi bu idi, itlər onlara atılan daşlara nəinki məhəl qoyur, dayandıqları yerdən tərpənməməyi bir yana, neçə gündən bəri ac-susuz qalmalarının heç fərqində də deyildilər. Ancaq iş burasındaydı, hər hansı bir itin, yaxud it sürüsünün ünvanına deyilən istər birbaşa, aydın, istərsə də eyhamlı deyilən sözlərin hamısı Tarixin ürəyinə bıçaq kimi batırdı. Kəndin yuxarı başından bu maraqlı tamaşaya gəlmiş carçı Xalid - Ayə, bir şeyə məəttələm, bu abırsızlar o boyda gövşəni, çöllüyü, dağı – dərəni, qoyub niyə gəlib camaatın gözünün qabagında... kimsə onun sözünü kəsərək – A qardaş, heç olmasa sən ağzını yum, səni bura dəvət eliyən var?.. Hazırcavab çarçı onun sözünü ağzında qoyub – eşitdim Nurgizin qancığı kəndin köpəklərini bəyənməyib, özünə yeni, zırpı bir adaxlı tapıb. Gəldim kürəkəninizlə tanış olum...

Bizim kürəkən niyə olur?

Axı qancıq həm də sizin toyuqları tülküdən qoruyur...

Günün hansı vədəsi hara baş alıb getdiklərini bəlkə də bilmədən (bəlkə də bilən! ) həmişə öndə gedib dalısınca bir – birinə sanki zəncirlənmiş sürünü dartıb aparan, kənddə hissiyyatlı, dilbilən kimi tanınmış Qardan sanki yuxarıdan onlara maraq və həvəslə tamaşa edən Xalidin sözünü eşitdiyinə görə yuxarı baxçaya sarı dırmaşmağa başlayanda həyacan, qorxu səsləri bir – birinə qarışmış adamlar götürülüb yaxınlıqda olan dul Gülbəstinin bir gözlü darısqal evinə təpilməyə başladılar.

Şalvarının balağı qısa kəsilmiş qarğıdalı gövdəsinə ilişib üzüstə yerə yıxılan kolxoz sədrinin on üç yaşlı tosqun oğlu geri qaldığından, qorxudan səsini içinə çəkərək xısın – xısın ağlayıb özünü bir pillə hündürlükdə olan Gülbəstinin eyvanına yetirəndə, ondan üç-dörd addım aralı, həmişə quyruğunu paçalarının arasına qısaraq sürünün kölgəsincə taytıyan, çox vaxt adamların diqqətini çəkməyən tülküyə bənzər balaca it, qapıdan içəriyə itələşən adamların arxasında, üzü evə tərəf olan ucaboy bir kişiyə sığınmış sədrin tosqun oğlundan iki addım ötüb keçəndən sonra sakitcə qayıdıb onun yançağını dişləmiş, uşağın qışqırığından, adamların hay – küyündən supuxaraq qaçıb öz stixiyası ilə irəliləyən sürünü də ötüb keçmişdi. Rayondan həkim gəlib çıxanacan özlərini günahkar bildiyindən Nurgiz, bir il öncə ulas ağacının koğuşundan kəsib gətirdiyi, indiyəcən dərman üçün çanaxda saxladığı iki kiloyacan meşə balının hamısını (Nurgizin arvadı yara – xoranı, qan çıxan bütün yaraları, gözdəki qızartıları, yüz dərdin dərmanı bildiyi təmiz meşə balıyla müalicə edirdi.) götürüb arvadıyla kolxoz sədrigilə gəlmiş, sədrin, onun arvadının, qohumlarının, sədrə yarınanların gileyi, danlağı, acı sözlərinin heç birinə cavab verməyib susduqlarına görə sədr polis çağırmaq fikrindən daşınmışdı.
Sinfin sonuncu partasında oturmuş, sol qaşında çapıq yeri olan oğlanın – Müəllim, Siz bilərsiz, “pradüsser” sözü nə deməkdi? – sualına Tarixdən başqa hamı güldü. Uşağın nəyə eyham elədiyini müəllim özünü bilməzliyə qoyaraq, ciddi şəkildə sözün mənasına aydınlıq gətirdi, qaşı çapıq oğlan – Aydındı, sağ olun müəllim – deyib oturdu, öz – özüylə danışırmış kimi - belə çıxır ki, o heyvərə iti Tarixin dədəsi gətizdirib... – söylədi, hirsini cilovlaya bilməyən Tarix geri çevrilib ucadan – Düşüy oğlu düşüy, deyəsən sağ qaşının çapığı əysiydi!?.

-Ancaq dədənin yerində olsaydım, teatrı pullu eliyərdim, gələn il oxumağa gedəssən, sənə kostyumnan, qalustukdan – zaddan alardı...

-Deyəjəm pullu eləsin, bir donnuq da anana alsın...

Sol qaşı çapıq oğlan ayağa qalxdı, - Binamusun biri... Ananın, bajının gözü qabağında qancığınız nə oyun çıxarır, hələ danışmağa dilin də var...Puldan artıq qalsa bajına lifçik alarsız...

Yoldaşları qabağını kəsdiyini görəndə Tarix gözlənilmədən yuxarı qalxıb partaların üstüylə bir göz qırpımında özünü oğlana yetirib sifətinə gücü gəldikcə bir təpik ilişdirdi, əlbəyaxa döyüşdə oğlanın burnundan qan açıldı, gözlərinin altı qaraldı, Tarixinsə yanağında iki qirmızı xətt - cırmaq yeri qaldı, pencəyi, ağ köynəyi qana bulandı.

Tarix iki gün dərsə getmədi, kəndin arasına çıxmadı, üçüncü gün idman müəllimini yeni tikilməkdə olan adam boyu qalxmış divarın üstündə gördü. Ondan “osevyaxın” tüfəngini istədi, müəllimin razılaşmadığını görəndə Tarix ilan dili çıxarıb yalvardı, məktəbə gedə bilmədiyini, kənd arasına çıxammadığını, söz – söhbətin, dedi – qodunun, bitib tükənmədiyini, yeni – yeni lətifələrin uydurulduğunu söylədi. Bir həftə gəlib tezdənnən axşamacan tikinti işində kömək edəcəyini dedi. Sonda müəllim – Balamın canı, Tarix, verərəm, sənə arxayınam, quşu dimdiyindən vurmağını da bilirəm, özüm öyrətməmişəm? Ancaq məndə bircə dənə patrondu...

Tarix, müəlliminin razılığa gəldiyini görüb sevincək - Müəllim, qadan alım, elə mənə bircəsi bəsdi. Bu söz – söhbət o zırpı itlə bağlıdı, onu gəbərdəcəm...

Tarix adamlarla üz – üzə gəlməmək üçün it xılının sorağıyla bağçaları bir- bir gəzmədi, divar dibi, kol - kosluqla əyilə - əyilə gedib kəndin qənşərindəki təpənin başına qalxdı, kəndin evləri, həyət – bacası, toyuqları belə ovuc içindəki kimi aydınca görünürdü. Dəyirmandan iki zəmi yuxarı soğanlıq deyilən yerdə itlərin qayır – qayır qaynaşdığını gördü. Dayanmadan başaşağı götürüldü. Soğanlıq deyilən yer də dul Gülbəstinin bağçası kimi qəlbidəydi. Tarix güllə atarkən it xılının ona hücum edəcəyindən ehtiyyat elədiyinə görə bir yanı “Soğanlığa” bitişik zəminin qırağındakı qocaman gilas ağacına dırmaşıb yerini rahatladı. Qaçaraq gəlib ağaca dırmaşdığındanmı, kənddən aralı yerdə, günün batdığı vədəsində gözlərini qan tutmuş it sürüsünün zəhmindənmi, bircə gülləsinin boşa çıxa biləcəyi qorxusundanmı, Tarixi həyacan bürüdüyündən “nəfəsimi dərim” düşündü. Qardanla eşşək boyda olan boz köpəyin arxaları yenə bir – birinə söykəliydi, Qardanın dal ayaqlarının ikisi də bəzən yerdən azacıq üzülür, bir andan sonra gah sağ, gah da sol ayağını yerə qoyub dincəldiyini görəndə Tarix neçə gün qabaq baxçalarının çəpərindən boylanan kişilərdən hansınınsa “Nurgiz bilsəydi, stoldan, mütəkkədən gətirib qancığının ayağının altına qoyardı” dediyini, dədəsiylə anası gedib kolxoz sədrinin evinə yığışmış adamların danlağı, xüsusilə kənd hesabdarının “Adam arvad ürək olmaz ! Kişiliyin çatmır onu rədd etməyə! Arvad- uşaq bir yana, kişilər də eşiyə çıxmağa qorxur” dediyi sözlərdən sonra dədəsinin yazıq – yazıq “Kim bacarır öldürsün, etirazım yox. Mənim bir madar oğlum var, qarğışdan qorxuram...” dediklərini xatırladı. Tarixin ürəyinə bıçaq kimi saplanan söz isə qaşı çapıq sinif yoldaşının bütün uşaqların içində “bacına lifçik alarsız” sözlərini xatırlayanda, boz köpəyi vurmaqla kürsəyin bitməyəcəyini dərk etdiyindən bayaqdan nişana aldığı hədəfi, dəyişərək tüfəngin lüləsini azca sola tuşlayaraq tətiyi çəkdi, Qardan acı – acı zingildəyib başını bir neçə dəfə sağa – sola çevirdi, qabaqca əlləri, sonrasa yavaş – yavaş dal ayaqları bükülüb yerə sərələndi. Boz köpək isə qəfildən baş verən hadisəni anlamadığından, gah sağa, gah sola çevrilib hürdü, bədəni aşağı dartıldığından ağrıya dözməyərək zingildəyə - zingildəyə yerə çökdü.
Səhər saat altıda metro işə düşəndə Tarix özünü “Gənclik” metro stansiyasına yetirdi, o vaxtkı “ Bakı Soveti ” adlanan stansiyadan çıxıb Lökbatana gedən avtobusa mindi, səkkizin yarısında evlərinə çatdı, qapıları bağlı idi, səsə çıxan qonşu, anasının Semaşko xəstəxanasında yatdığını, bir həftə qabaq ona yoluxduğunu, bu günlərdə xəstəxanadan çıxacağını söylədi.

Tarix anasının xəstəxanadan çıxmağa hazırlaşdığını biləndə sevindi.- Deyirsən on beş gündə Narıngül bircə yol da yanına gəlməyib?- soruşanda anası- Ağrın alım, mənim yanıma gəlməsi lazım deyil, o uşağın bağrı çatlayacaq. Baxçaya getmişdim. Dedilər bu uşağın yiyəsi yoxdu bəyəm? Günlərlə baxçada qalır. Anası hara gedir onun işinə qarışammaram. Heç olmasa gedəndə uşağı gətirib yanıma qoysun. Mən haçandan düşmən olmuşam? Bircə nəvəmi mənə ehtivar eləmir... Ay bala, Allah səni hardan yetirdi. Evimizə getməyə gözüm yemirdi...

Anasını evlərinə qoyandan sonra oğlunun baxçasına getmək istədi, “ bəlkə ”Narıngül gəlib... gəlibsə yəqin “ dostları ” onun qayıdışını qeyd edirlər. Narıngülün işlədiyi binanın girişindəki gözətçi ilə Tarixin sözü tutmadı. Gözətçinin “kim lazımdı?” sualı Tarixin xoşuna gəlmədi, - Tanışım, qohumum var, görmək istəyirəm – desə də gözünü qəzetdəki krasvord xanələrindən çəkməyən, nəhəng ətli bədəni kreslosuna sanki güclə pərçim olmuş, saçını boksçu sayağı vurdurmuş, üzü tər – təmiz qırxılmış, dezodarant qoxusu uzaqdan adamı vuran, qısa qol, bəmbəyaz köynəkli oğlan- Dedim kimin yanına gedirsən?- söyləyib əlini telofana uzadaraq Tarixə baxdı. – O adam səni gözləyirmi? Görüşmək istədiyini ona xəbər verməliyəm.- dedi. Tarix azca gülümsünərək – Döyüş bölgəsinən gəlmişəm, istiyirəm sürpriz olsun - söylədi. Gözətçi əsəbiliklə telefonun dəstəyini yerinə qoydu, qələmi əlinə alıb xanələrin üstüylə gəzdirə - gəzdirə - Gündə bir kənd, bir rayon verirsiz. Düşmənə qalib gəlsəydiz onda sürpiriz olardı – dedi. Tarix hirsini uddu – Əsgərlikdə olmusan? Xəbərin varmı, tabeliyimdə on iki əsgər var. Onların hər birini sənin kimisinin onuna dəyişmərəm. Səni burda qaraltı üçün qoyublar. Acizləri, fağırları buraxmaya bilərsən. – deyib Tarix yayından çıxmış ox kimi oğlanın yanından ötüb onmu - on beşmi pilləkəni bir göz qırpımında qalxaraq dayandı, gözətci əllərini masaya dirəyib ayağa qalxdı, gülə - gülə - Qoçaq əsgər olduğuna inandım. Sənədini ver, qanuni olsun. Əsgərlər qanunu sevir axı! Qadan alım, mənim də üzümə söz gəlməsin. Polis çağıraram sənin üçün də yaxşı olmaz – deyib pilləkənlərin ayağına yaxınlaşdı. Tarix pilləkənləri enib sənədini ona sarı uzadanda, gözətci onun biləyindən bərk – bərk yapışıb qapıya sarı dartdı. Tarix yekəpərin həm gücünü hiss etdiyindən, həm də buraya yenə gələcəyini düşünərək ona müqavimət göstərmədi. Gözətci Tarixi itələyib qapıdan çölə saldı - Tülüngünün biri, tülüngü! Bir də səni burda görsəm qolunu qıracam. – Tarix acı –acı gülümsünərək – yekəliyin haramın olsun. Get krasvordunla məşğul ol...

Tarix əzilmiş, təhqir olmuş ovqatla yeriyir, “bu dinc, sakit şəhərdə mənim başım işləmir, bura mənim üçün yad ərazidir, buranın qayda – qanunu bambaşqadır... dağ-dərə, qayalıqlar, qaranlıq gecələr, qalın meşələr, dumanlı, leysanlı havalar mənim doğma yerimdi.” Düşüncələr içində addımlayanda birdən üçüncü mərtəbənin balkonuna uzanmış çinar budağını görəndə sağına soluna baxıb “ kim kimin işinə qarışır bu şəhərdə...” düşünərək sanki dəfələrlə gördüyü, bildiyi işi təkrar edirmiş kimi pişik cəldliyi ilə bəyaz, şümal gövdəli çinara dırmaşıb balkona uzanmış budağın üstü ilə tırtıltəkin süründü, budaq balkondan çox hündür olduğundan ordan düşməyə gözü yemədi, əsgər qayışını açıb uzatdı, budağın boynuna salaraq qayışın uclarından yapışaraq sallandı, həmişə çətin, dar məqamlarda ağlı yaxşı işlədiyi kimi, indi də anladı ki, qayışın dəmirli ucu başına dəyməsin deyə dəmirsiz ucunu tutan əlini açaraq ayaq pəncələri üstə yay kimi balkona düşdü. Tez kəməri belinə bağlayıb üst-başını səliqəyə saldı. Balkona açılan şüşəli qapı arxasından ona təəccüb, çaşqın və həyəcanla baxanlara gülə-gülə “dostlarım papağımı atdılar, budaqda ilişib qaldı” deyib yola sarı çevrilərək gülə-gülə “gəlirəm” dedi. Tarix otaqdan sakitcə keçib dəhlizə çıxdı, binanın dördüncü mərtəbəsinə qalxdı.

Fasilənin qurtarmasına az qalırdı. O, arvadının işlədiyi qapını açıb başını uzadaraq salam verdi. Otaqda öz qadınından başqa hamı yerindəydi. Qabaqlar Tarix əsgər formasında qapını açıb otağa girəndə hamı onu səs-küylə, gülə-gülə qarşılar, kefini soruşar, cəbhəylə bağlı sorğu-suala tutardılar. Tarixə görə, çavuş rütbəsinı qazanandan sonra onu daha mehriban, daha isti qarşılamalıydılar. Ancaq bu dəfə onun salamını təkcə direktor müavini aldı, o da çox soyuq şəkildə. Direktor müavini qarşısındakı kağıza baxa-baxa Narıngülün Dubaya getdiyini bildirəndə - Bilmirsiz nə vaxt gələcək?- Tarixin sualına direktor müavini dodağını büzərək –Allah bilir... Əslində üç gün bundan qabaq işdə olmalıydı.- deyəndə yeməkdən sonra masanın üstünü yığışdıran qadının gülməyi və gülməyini gizlətmək üçün başını yana çevirməyi Tarixin gözündən yayınmadı. Qadının istezalı gülüşünü yaxşı yerə yozmaq niyyəti ilə qırmızısifət, yaşlı kişi – Uzaq səfərdü... Bilet tapmaya bilər. Yüz səbəb ola bilər. İnşallah gəlib çıxar... Gülgəzin dediyi gözlüklü, sarışın oğlan kompüterdə nəsə yazırdı, gözünü monitordan ayırmadan, sanki kompüterlə danışırmış kimi astadan – Neçə gün burdasınız?- soruşdu. Tarix cavab vermədən müdirlərinin adını unutduğundan – Direktor hardadı?- soruşdu. Yaşlı kişi – Sənin qabağınca çıxdı, yerindədi, kabinetində...

Qapını açıb bir addım ataraq dayandığı zaman hər səhər ülgüclə tərsinə qırxdığından şümal üzləri par-par yanan ərgən, ucaboy oğlanlardan qıvrımsaçın tələsik onun yanından keçib çölə çıxması, özünü qız kimi ərköyün, nazlı aparan o yaşlı qadının eyhamlı, sirli gülüşü, onun gülməyini ustalıqla ört-basdır etməyə çalışan gənclik şövqüylə yaşayan yetmiş yaşlı ağsaçlı, qırmızısifət kişinin bicliyi, kompüter arxasında soyuqqanlı əyləşib nəsə yazan çeşməkli oğlanın saymazlığı, salamını alsa da Narıngülün yarıaçıq sinəsində yumru döşlərinə tuşlandığından baxışlarını rezin kimi güclə dartıb ayıran qaraqabaq direktor müavininin yad görkəmi ağır yük kimi Tarixin çiyinlərindən aşağı basırdı. Axı o, qabaqlar bir dəfə fasilə vaxtı əsgər paltarında bu otağa girəndə, Narıngülün həyat yoldaşı kimi, bəlkə daha çox Azərbaycan əsgəri kimi onu urrayla qarşılamışdılar, məclis yenidən qızışmış, əlavə içkilər gətirilmiş, dönə-dönə onun sağlığına badələr qaldırılmışdı. “Bu şəhər mənim yerim deyil. Heç nə başa düşmürəm.

Cəbhə bölgəsindəki hörmətimi, döyüşdə elədiklərimi, Narıngül bunlara danışmayıb... Bəlkə çavuş olduğumu da bilmirlər. Bircə onu bilirlər arvadı... Arvadını-namusunu qoruya bilməyən Vətənini qoruya bilərmi?.. Mən mağmun elə bilmişəm əsgər ailəsinə-qadınına hamı bacı, evlad gözüylə baxır. Yaxşı, bu dəfə avtomatla qayıdaram...”

Gözətçinin (yenicə vurulmuş, yağlanıb par-par yanan saçının, sanki xətkeşlə çəkilərək ayrılmış dümdüz ağaran ivi Tarixi daha çox əsəbiləşdirirdi.) yanına beş- altı addım qalmış “yəqin bu da Narıngülə söz atır, girişir, bəlkə lap...” Tarix ucadan: - Birinci sənnən başlayacam! Postda yatmaq olmaz!- deyib yeyin-yeyin gəlib onun yanından ötdü. Qapıdan çıxhaçıxda çevrilərək şəhadət barmağını öz başına çəkərək – Güzgüyə bax, ivində bir tük əyilib, düzəlt – deyib qapıdan çıxdı. Gözətçi çaşqın halda onun arxasınca baxa-baxa qaldı.

Qızılı çərçivəli tünd qara eynəkli, qara boyalı qalın saçlı, çiyinlərinə qədər sallanmış çoxfiqurlu qızılı sırğalı, ətli biləklərinin birində mis, birindəsə qızıl bilərzik, qara ipək donlu, iri yançaqlarında alt geyiminin qövsvari xətləri aydınca seçilən, dirəyə bənzər yoğun ayaqlarını güclə çəkib “ŞEVROLYE” maşının sükan tərəfdən olan qapısını açmaq istəyən baxça müdiri Tarixin yaxınlaşdığını görəndə dayandı, onun salamını almadan- Sən Namiqin papasısan?- soruşdu, Tarix başını tərpədərək yenə salam verdi, baxça müdiri hökmlü, bir az narazı, incik, bir az da ərkyana ədayla- Belə olmaz axı, oğlunuza niyə sahib durmursuz!? Bura axı birnövbəlidi. Namiqi əsgər uşağı kimi hamı sevir. Tərbiyəçi neçə dəfə gecələr götürüb evinə aparıb. Bir dəfə xəstələndi, uşaq tək qalıb gecə səhərəcən ağlayıb əsməcəli olub. Onun maması kimi soyuq, biganə, əhlikef, nə bilim... qadın görməmişəm...

Namiq balaca əlləriylə özündən də balaca qız uşağının mindiyi yelləncəkdən yapışıb balaca addımlarıyla qaçaraq onu irəli itələdi, yelləncək geri qayıdanda Namiqin ayaqları bir-birinə dolaşıb yıxıldı. Ağlamaq istəyəndə Tarix özünü yetirib onu qaparaq qucağına aldı, bağrına basaraq o üzündən, bu üzündən öpdü. Namiq dodağı büzülmüş halda bir an donub qaldı, başını atasından aralayıb onu süzdü, birdən iki əlləriylə atasının üzünü tez-tez şapalaqlayaraq ağlamağa başladı, gözlərindən yaş axa-axa- Sən də pissən! Ana da pisdi! Məni apar! Apar! Apar!- deyib birdən atasının boynunu qucaqlayaraq bərk-bərk sıxdı, ağladı,ağladı, içini şəkib hıçqırdı. Tarix oğlunun kürəyini sığallayaraq –Hə, aparıram, ağlama, dəy bura gətirmiyəcəm. Gedək sənə konfet alacam, pirojni alacam, dondurma alacam. Di ağlama, nə istəsən alacam. Sora da nənənin yanına gedəciyiy. O səni çox istiyir...
Briqada komandiri Tarixin siqaret çəkmədiyini bilsə də, ona siqaret uzatdı, alışqanıyla onun siqaretini yandırdı. Tarix bir qüllab vurandan sonra dili açıldı, ancaq bu müddət ərzində ağlından gəlib keçənlərin heç birini komandirə danışmq, başına gələnləri anlatmaq əvəzinə -Cənab kapitan, mənə bircə dənə “limonka...” Yox, avtomat lazımdı... Hamısını dənliyəcəm...

Kapitan Tarixin üzünə baxmadan- Başa düşdüm... Ancaq...- deyib susdu.

-Cənab kapitan, qəti qərara gəlmişəm, birdən məni fikrimdən döndərmək ağlınıza gələr?..

-Tarix, səni bəlkə də mənim qədər heç kim tanımır. Onu da bilirəm, razılaşmasam, qadağan eləsəm də, sənin ağlına gəlibsə, fikrindən dönən deyilsən. Mən sənə limonka, avtomat verməsəm, inanıram, sən bunları gedib gavurlardan da əldə edə bilərsən. Postlardan da keçirib apara bilərsən. Ancaq sonda sən ya tutulacaqsan, ya da öləcəksən... Elə bilmə öz hayımdayam, arxa- köməyimi itirmək istəmədiyimə görə deyirəm. Bəs qoca anan, bəs Namiq...

Tarix oğlunun balaca əlləriylə onu şapalaqlamasını xatırladı, “ana da pisdi, cən də pissən” dedikləri qulağında səsləndi, boynunu bərk-bərk qucaqlayıb Bayıl döngəsinəcən qollarını açmadığını, için-için ağladığını, hıçqırdığını duydu, yuxuya gedəndən sonra boşalmış qollarını yenidən hiss elədi.

Briqada komandiri siqaretini sonuncu dəfə sümürüb kötüyünü masanın üstünə basaraq burmaclayıb keçirdi, yenə də Tarixin üzünə baxmadan - Onu gətirə bilərsənmi bura?- soruşdu, Tarix komandiri təəccüblə süzərək- Necə bəyəm? – dedi.

-Dərənin birində başına bir güllə, vəssalam... Səni görməyə gəlibmiş. Düşmən ğülləsinə tuş gəlib... Bunu üçüncü adam bilməməlidi.- deyib komandir yenidən siqaret yandırdı. – Bizim alnımıza burda(!) ölmək yazılıb. Murdarların içində ölməyini, türmədə çürüməyini istəmirəm. Biz and içmişik axı. Düşmənnən Faiqin, Zaurun, Aydının intiqamını almalıyıq... Bəlkə bütün azərbaycanlılar məni şərəfsiz, qeyrətsiz sayar. Mənə görə torpaq, Vətən namusu, Vətən şərəfi, ailə- qadın namusundan üstündü...

Çavuşun fikrə getdiyini, dediklərinin ağlına batdığını hiss edən briqada komandiri – Tarix...-deyib bir an susdu, yenə acgözlüklə siqareti içinə çəkib çölə üfürdü, - Bəzən adam özündəki gücü, nəyə qadir olduğunu, öz dəyərini özü də bilmir. Siyasətdə olduğu kimi idmanda, iqtisadiyyatda, incəsənətdə bir adam – bir şəxs gözlənilmədən ağılagəlməz çevriliş edir...

Yox, mən başqa şey demək istiyirəm. Güləşçi, balerina, kəndirbaz, nə bilim, sirk ustası aylarla, illərlə məşq edib öyrəndiyi-mənimsədiyi bir fəndi, tryükü asanlıqla göstərərək adamları heyrətləndirir. Ancaq döyüş-hərb sənəti bambaşqadır. Döyüşçü hər dəfə gözlənilməz, bilinməz yeni ölüm vəziyyəti ilə qarşılaşır. Tarix, səmimi sözümdü, sənin gənc yaşında döyüş bacarığın, yaşlı palkovnik kimi məni heyrətləndirir. Sən əsl igid, əsl qəhrəmansan! Buna görə də mən bir albay, briqada komandiri kimi yox, səni sevən bir ata, bir böyük qardaş kimi, avtomatla şəhərə getməyini heç vaxt istəməzdim...

Komandiriin son sözlərindən sonramı, Narıngülün döyüş bölgəsinə gəlməsi məsələsimi, iki gündən bəri qəlbini deşən, çiyinlərindən ağır yük kimi aşağı basan o murdar əhvalatın ucundan-qırağından komandirə danışıb ürəyini boşaltdığındanmı, yoxsa tut arağının təsirindənmi Tarix nisbətən yüngülləşdi. Ancaq o gün komandirdən ayrılandan sonra gecə yarısınacan Narıngülü cəbhə bölgəsinə gətirmək haqqında düşündü.

O, ikimi, üçmü gündən sonra komandirdən bircə günlüyə icazə alıb (komandirin icazə verəcəyinə inanırdı) yenidən Bakıya qayıdır, bu dəfə arvadının işlədiyi binanın girişində ağır, ətli bədəni ilə kreslosuna pərçim olmuş gözətçiyə Narıngülün yanına getmək istədiyini bildirir, sənədini ona verib sakitcə dördüncü mərtəbəyə qalxırdı. Keçən dəfəki əhvalatı xatırlayır, yekəpərin tərsliyi tutarsa, yenə buraxmaq istəməzsə...

Narıngül haqqında bəzi şeyləri bilərsə, bəlkə onun özüylə də yaxın münasibəti olubsa, buna görə də onu sarsaq, eyhamlı suallarla haldan çıxararsa, lağa qoyarsa... Yaxşısı budur yenə üçüncü mərtəbənin balkonuna uzanmış çinarın budağıyla... Bu dəfə otaqdakılara nə uydurum... O əhvalatdan sonra çinarın budağını kəsiblərsə?.. Tarix onuncu sinfi bitirəndən sonra rəngsazlarla işlədiyi vaxtları xatırladı. Təzə tikililərdə işləyən rəngsazlardan köhnə plasmas boya vedrəsi, işlənmiş-yararsız bir fırça, bir də rəngbərəng ləkəli, çirkli bir köynək alaram... Fəhlələrin, ustaların çoxu əsgər paltarı geyir... Qarşıma çıxan qaldırıcı maşınlardan birini saxlayar, on beş- iyirmi manat verib qapı bağlanıb, ikicə dəyqiyə məni balkona qaldır, çıx get deyərəm... o Narıngül olan otağın qapısını döymədən, saymazyana açır, başını içəriyə uzadaraq bu dəfə kiməsə salam vermədən, kiminsə üzünə baxmadan Narıngülü bayıra çağırır.

Yox, sonra baş verən əhvalatlara görə... mən iş yoldaşlarının yadında hirsli, əsəbi qalmamalıyam. Gülümsünərək hamıyla salamlaşmalı, soyuqqanlı Narıngülü bayıra çağırmalıyam... Binadan çıxarkən gözətçiyə- Sənə demişdim axı ehtiyatlı ol. Sonuncu dəfə xəbərdarlıq edirəm, belə işləsən, burdan qovduracam səni... Bəlkə Narıngüllə evimizdə görüşək?.. Evdə o murdara yaxınlıq eləməsəm, şübhələnə bilər, barəsində nəsə duyduğumdan, nəsə eşitdiyimdən duyuq düşər. Bəlkə aldadıb aparmağım kişilikdən deyil? Axı, o da murdar əməllərini məndən gizli eliyib, məni gizlincə alladıb, xəyanət... Ən yaxşısı, zəngləşib “28 May Metrosu”nda görüşməkdi. “Vaxtım çox azdı, taksiynən gəl, pulunu özüm verəcəm...” Narıngülü inandırmaq üçün cibindəki iri pulların hamısını tək manatlığa çevirmək qərarına gəldi. Başı bağlı iki paçka manatlıq, elə cib xərcliyimi də manatlığa çevirməli. Özü də Tərtər rayon mərkəzinin bankında yox, Bakıdakı bankların birində.

Elə çamadanı da Bakıdan alaram. Görüşəndə tələsdiyimi inandırmaq üçün ondan saatı soruşaram. Vaxtım çox azdı, on beş dəyqədən sonra komendaturada olmalıyam deyib onun yanındaca taksiyə minməliyəm. Diqqətlə qulaq as, bu barədə heç kimə, heç kimə bir söz demirsən. İcazə al, iki günlüyə bu çamadanı götürüb yanıma gəl.

Özüm ora-burasını yerə sürtüb, bozartmışam, diqqət çəkməsin. Manatlıqdan olan iki paçkanı ona uzadanda özümü həyəcanlı göstərib hamısı bunnandı, çamadannan bir olacaq. Tərtərdə hamı bir-birini tanıyır, ona görə ordakı bankda boyütdürməkdən ehtiyat elədim, əsgərin bu boyda pulu hardandı, şübhələnərdilər. Səkkiz min beş yüzdü. Çamadanı götürüb avtobusla gəlib avtobusla da qayıdarsan.

Özü də bu görkəmdə yox. Lap xarici aktrisalara oxşayırsan. Bunu deyəndə gülümsəməliyəm. Dodağın da boyalı olmasn. Köhnə-nimdaş paltar geyinərsən. Di sağ ol, Namiqin üzündən öpərsən... Birdən Gülgəz Narıngülü yandırmaq üçün onlarda gecələdiyimi açıb deyər. Birinci Gülgəzi görməliyəm. Yox, elə indi Tərtərə gedim,

Gülgəzə zəng edim. “Əyər istəyirsən hər gələndə görüşək, onda aramızda olanları, sizdə qaldığımı, görüşdüyümüzü Narıngülə demə...”

Çavuş Tarix səhər tezdən briqada komandirindən icazə alıb telefonla danışmaq üçün Tərtərə yola düşdü.
XS
SM
MD
LG