Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:50

Azərbaycan üçün Tədqiqat Nüvə Reaktoru vacibdirmi?


Azərbaycanın 15-ə yaxın mütəxəssisi dünyanın müxtəlif ölkələrində tədqiqat nüvə reaktorlarında olub
Azərbaycanın 15-ə yaxın mütəxəssisi dünyanın müxtəlif ölkələrində tədqiqat nüvə reaktorlarında olub
«Mən televizorda Yaponiyadakı zəlzələ, oradakı Atom Elektrik Stansiyasında baş verənlərə baxdıqca, fikirləşirəm ki, Allaha şükür ki, bizdə Atom Elektrik Stansiyası yoxdur. Özümü onların yerinə qoyaq, dəhşətdir, dəhşət»...

50 yaşlı Bakı sakini, evdar qadın Səmayə Tağıyeva Azərbaycanda Atom Elektrik Stansiyasının olmamasına görə sevinir. Fikirləşir ki, Yaponiyadakı vəziyyət Azərbaycanda olsaydı, faciənin miqyası ölçüyə gəlməzdi.

80-ci illərdə SSRİ Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Atom Elektrik Stansiyasının (AES) tikilməsi qərara alınıb. Həmin dövrdə stansiyanın Nəvahi yaxınlığında yeri də seçilibmiş. Layihəsi işlənib, reaktor blokun özülü də qoyulubmuş. Ancaq 1986-cı ildə Çernobılda baş verən qəzadan sonra stansiyanın tikintisi dayandırılıb.

Son illər isə Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun tikintisi ilə bağlı daha çox danışılır. Bununla bağlı Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) müraciət də edib. İnstitutun direktoru Adil Qəribov deyir ki, REAKTORUN TİKİNTİSİ AZƏRBAYCAN DÖVLƏTİNİN MÜRACİƏTİNDƏN SONRA MÜMKÜN OLA BİLƏR:

«Biz institut kimi MAQATE-yə müraciət etmişdik ki, bizim belə bir istəyimiz olsa və dövlət də buna razılıq versə, MAQATE Azərbaycanda təcrübə işləri aparmaq üçün Tədqiqat Nüvə Reaktoru tikməyə razılıq verər, yoxsa yox. MAQATE də bildirmişdi ki, Azərbaycan dövləti bu haqda MAQATE-yə müraciət edərsə, biz bu məsələnin müsbət həlli üçün çalışarıq imkan yaradaq. Bu o zaman olacaq ki, bu məsələ üzrə Azərbaycan dövləti müraciət etsin».

2008-ci ilin yanvarında Azərbaycanda səfərdə olan MAQATE-nin Azərbaycana texniki yardım layihəsinin koordinatoru Andrey Çupov demişdi ki, ölkə ərazisində nüvə tədqiqat reaktorunun tikilməsinə dəstək verilsə də, bu, yalnız ilkin razılaşmadır. O demişdi ki, əvvəlcə Azərbaycan tərəfi layihə hazırlamalı və onu quruma təqdim etməlidir:

«Hazırda belə reaktorun Azərbaycan ərazisində tikintisinin nə dərəcədə mümkün olduğu tədqiq olunur. Bu tədqiqatlar hələ müəyyən qədər davam edəcək. Reaktorun inşasına yalnız Azərbaycan tərəfi qərar verə bilər».

Adil Qəribov
Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirir ki, MAQATE texniki əməkdaşlıq çərçivəsində ekspert köməkliyi göstərir, mütəxəssis hazırlığı üzrə vəsait ayırır:

«İndiyə qədər Azərbaycanın 15-ə yaxın mütəxəssisi dünyanın müxtəlif ölkələrində tədqiqat nüvə reaktorlarında olub. Həmin reaktorların iş prinsipləri ilə tanış olub. İndi Radiasiya Problemləri İnstitutunun 6 əməkdaşı Rusiyanın «Dubna» Nüvə Mərkəzində təcrübə ezamiyyətindədir».

Adil Qəribov bildirir ki, NÜVƏ TƏDQİQAT REAKTORU AZƏRBAYCAN ÜÇÜN ÇOX VACİBDİR:

«Biz orda elmi təcrübə işləri aparmalıyıq. Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edən işlər aparmalıyıq. Tədqiqat Nüvə Reaktoru Azərbaycanda tikilməli olsa, biz birinci, nüvə sahəsində kadr hazırlığı həyata keçirəcəyik. İkincisi, bəzi izotopların Azərbaycanda istehsalını təşkil edəcəyik. Nüvə analizinin müxtəlif üsullarının inkişafı üçün şərait yaranacaq».

Adil Qəribov bildirir ki, enerji tələbatını ödəmək üçün neftdən maksimum 50 il istifadə ediləcək:

«Atom Elektrik Stansiyasından alınmış enerji neft-qazdan alınmış elektrik enerjisindən haradasa 10-15 faiz ucuzdur. Neftin qiyməti iki dəfə qalxsa, vəziyyət necə olacaq. Məncə, 20-30 ildən sonra Azərbaycanda nüvə energetikasına böyük ehtiyac olacaq».

Elektrik stansiyalarının tikintisi üzrə mütəxəssis Kazım Əliyev də deyir ki, AES-lərin tikintisi üçün kifayət qədər mütəxəssis olmalıdır. Ö özü vaxtilə Nəvahidə planlaşdırılan Atom Elektrik Stansiyasının tikintisində iştirak edib:

«Kifayət qədər mütəxəssis olmalıdır. Görünür, sonradan fikirləşdilər ki, AES tikib başımıza bəla açmaqdansa, tikintini yarımçıq saxlayaq. Əslində isə ağıllı ölkə üçün, savadlı kadrların olduğu ölkə üçün bu, vacib məsələdir. Bir şərtlə ki, seçilən zonaların seysmik olub-olmaması nəzərə alınmalıdır. BAKIƏTRAFI, ŞİRVAN ZƏLZƏLƏ ZONASIDIR. ORADA AES TİKMƏK FƏLAKƏT OLARDI. Mən şəxsən bir mütəxəssis kimi, bu tikintinin gerçəkləşməməsinə sevindim. Həmin tikintidə görürdüm də. Sementdə oğurluq, materiallarda oğurluq. Belə tikinti aparmaq olmaz».

Ermənistandakı Atom Elektrik Stansiyası köhnə tipli olduğundan region üçün təhlükəlidir
Kazım Əliyev deyir ki, qonşu Ermənistandakı Atom Elektrik Stansiyası köhnə tipli olduğundan region üçün təhlükəlidir. Onun fikrincə, bu stansiya bağlanmalıdır:

«Ermənistanda köhnə tip Atom Elektrik Stansiyasıdır. Necə ki, Çernobılda. Yəni, bu iş həddən ziyadə elmi bilik tələb edir. Götürün Yaponiyanı. Radiasiya olsa da, orada Atom Elektrik Stansiyasında baş verənlər o qədər də təhlükəli deyil. Çünki orada, reaktorlar öz-özlərini dəfn etmək xüsusiyyətinə malikdirlər. Ona görə də ERMƏNİSTANDAKI AES MÜTLƏQ BAĞLANMALIDIR. Çünki bu, bütün region üçün təhlükəlidir. Çernobıl kimi. Orada bir şey baş versə, ətraf radiasiya zonası elan ediləcək» .

Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov isə bildirir ki, 1972-ci ildə Ermənistandakı AES tikildikdə, onun zəlzələyə davamlılığı nəzərə alınıb. Ancaq 1980-ci ildə işə düşmüş reaktorun 30 il ömrü var idi:

«Yaponiya kimi texnologiyanın inkişaf etdiyi bir ölkədə reaktorda heç bir qəza baş vermədi, amma kommunikasiya sistemi sıradan çıxdı. Yaponiya kimi bir dövlətdə kommunikasiya sistemində qəza baş verirsə, Ermənistanda ömrünü başa vurmuş reaktorda zəlzələ zamanı bu kommunikasiya sistemlərinin sıradan çıxmayacağına heç kəs təminat vermir. Bura da əhalinin sıx yaşadığı bir regiondur. Yaponiyanın bir tərəfi okeandır. Açıq şəkildə partlasa da, okeana gedəcək. Ancaq burada hansı tərəfə baxsanız, insan faktorları var».

Adil Qəribov deyir ki, Ermənistandakı reaktor ömrünü başa vurub. İstifadə olunan texnologiya Sovetlər Birliyinə xas olduğundan onun dayandırılmasının vaxtı həqiqətən də çatıb.
XS
SM
MD
LG