Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:25

Paşa Qəlbinur. Qara su (4)


Əvvəli

XVI FƏSİL

Milçək

Ağrılarından, dərdindən başqa Bəy Qasımın əsəbləriylə oynayan (təyyarə salonunda nadir hadisə olan) bir bala milçək də peyda olmuşdu. Gah üzünə, gah başına qonur, qovalayanda bir dövrə vurub qayıdırdı, yenidən qaraladığı (ya iyinə vurulduğu) Qasıma qonurdu. Hər dəfə qonanda Qasım bir azda cinnənirdi. Axır Aydının köməyiylə bala milçək qəzet bükülüsü ilə zərərsizləşdirildi. Ancaq qonduğu yerlər - sağ ayağından corabın üstündən və sol gicgahından sancdığı nöqtələr dəlicəsinə qaşınıb yandırırdı. Qasım həmin yerləri tüpürcəkləsə də, xeyri çox az oldu. Elə qaşına-qaşına da yeddi-səkkiz il əvvəlin milçək əhvalatı yadına düşdü: "Klara Aslanova çox yuxarı bir ailədən idi, uşaq üstə ərinnən boşanmışdı. Bəy Qasımla araları sazıydı. Ona məhəbbət də demək olardı, dostluq da, daha nə bilim nə də... Ancaq Klara xanım çox təmizkar, yaraşıqlı, bir az da ağır xasiyyətliydi. Xasiyyəti anasına bənzəyirdi, atası yüksək rütbəli dövlət məmuru olsa da, çox mülayim bir kişiydi. Qasım da bu xanıma nələr eləməmişdi - politexnikin yanında üç otaqlı daş ev, altına bahalı "inomarka", dəm-dəstgah, nə desən. Ancaq bədbəxtlikdən, Klara xanım qəfildən o andır xəstəliyə tutuldu, həkimlərin, dostların, qohumların ciddi-cəhdinə baxmayaraq, bir ayın içində şam kimi əridi, dünyasını dəyişdi. Şəhər qəbiristanlığının sağ əldəki bölməsində dəfn olunacaqdı. Tabut çiyinlərdə qəbiristanlığa daxil olanda, Klara xanımın ağzına bir milçək qonmuşdu. Bunu da tərs kimi Bəy Qasım gördü. Ha özünü yığışdırdı ki, "tabutu endirin, milçəyi qovalayım", - desin, cürət eləmədi, utandı. Ona elə gəldi ki, ondan başqa heç kim görmür o milçəyi, bəlkə də görənlər varıydı, ancaq onlar da çaşmışdılar. Qasıma elə gəlirdi ki, o milçək öz ağzına qonub, əllərini bağlayıblar, qovalaya bilmir. Parıltılı yaşıla çalan qanadları varıydı o milçəyin. Və birdən Qasıma elə gəldi ki, o milçək Klara xanımın birinci əri Nicatdı. Universitetin hüquq fakultəsini Lenin təqaüdü ilə bitirən, kasıb, çoxsaylı ailədən olan yaraşıqlı Nicat. (Klara xanıma karyera xətrinə evlənmişdi, sonradan ayrıldılar. Əslində, Bəy Qasımın da Klara xanımın atasından, əmilərindən umacağı çox şeylər varıydı.) Xülasə, Nicat - milçək Klara xanımın dodağında, tabut çiyinlərdə, Bəy Qasımın da ödü ağzında, dəfn izdihamı qazılan qəbrə yaxınlaşdı. Bir də gördülər ki, Bəy Qasım tir-tap gəldi yerə. Əsil həqiqəti bilməyənlər, əti ürpəşib yerə dəyən Bəy Qasımı ürəklərində az qala Məcnuna tay elədilər...
O dəfndən sonra Bəy Qasım düz üç həftə xəstəxanada yatdı. Xəstəxanada hər gün ən azı iki-üç dəfə o milçək Qasımın xəyalında Klaranın dodağına, hərdən də girəvə tapıb Bəy Qasımın ağzına qonurdu."
Və bir az əvvəl Aydının təyyarə salonunda qəzetlə zərərsizləşdirdiyi bu bala milçək yəqin o milçəyin balasıymış...
Bəy Qasımı soyuq tər basmışdı.
Haradasa şüuraltında, dərinliklərdə Klaranın taleyi ilə öz taleyinin arasında (milçəklərin köməkliyi və şahidliyi ilə) oxşarlıqlar işarırdı. Qasım nə özünün, nə də Klara xanımın indi olmayan milçəklıərini qova bilmirdi...
Aydın Qasımın üzünə zəndlə baxdı və cəld başının üstündəki yardım düyməsini basdı...

XVII FƏSİL

Insangözlü balıq

Heyətində üç nəfər olan reanimasiya briqadası - iki həkim və tibb bacısı, onlara qoşulan təyyarə bələdçisi Bəy Qasıma intensiv yardım göstərirdilər. Sol əlinin üstündəki venadan damarına dərman yeridir, oksigen yastığından nəfəs aldırır, peysərini ovuşdururdular... Bəy Qasım yuxudaydı, qapalı göz qapaqlarının altındakı göz almaları gördüyü yuxunun təsirindən kisədəki tülkü kimi qabarıb-enirdi. Illərdən bəri ara-sıra təkrarlanan yuxulardan birini görürdü: "Insangözlü balıqla üzbəüzüydü dənizdə. O balığın başı - yaraşıqlı iyirmi doqquz-otuz yaşlarında kişi başıydı, gözləri Müşfiqin, şair Müşfiqin, Mikayıl Müşfiqin gözləri. Hər dəfə bu yuxunu görəndə, yəni Müşfiqlə üz-üzə gələndə, əti ürpəşirdi Qasımın, sonra titrədərdi, o dünyanı görüb, bir də geri dönərdi... Əslində, bu yuxunun qəribə tarixi varıydı. Neçə illər əvvəl, söz vaxtına çəkər, aylı bir gecəydi. O vaxtlar Bəy Qasım filankəsin şərikiydi, şərikiydi deyəndə ki, əlaltısıydı. Neftin Qırmızı körpüdən başqa daha bir oğurluq satış yolu Xəzəriydi. Yanacaq gəmilərlə Xəzərin dərinliklərinə aparılar, orada əks tərəfin gəmisinə xüsusi nasoslarla vurulardı. Gəmilərin üstündə həmişə böyük kimi Bəy Qasım gedərdi. Bir dəfə otuz yeddinin qurbanlarından biri - şair Müşfiqin güllələndiyi "Nargin" adasından bir az aralıda, gəminin göyərtəsində Bəy Qasım qəlyan çəkirdi. Adam başlı, Müşfiq gözlü o qəribə balıq dənizdən boylanıb Bəy Qasıma onun o anda anlamadığı üç söz dedi. Bəy Qasım bu gözlənilməz görüşdən qəşş eləyib özündən getdi, arxası üstdə göyərtəyə dəydi... Gözlərini açanda kayutadaydı, başının üstündə dənizçilər, yoldaşları. Gördüyünü danışmaq istəyəndə, bir də huşu qaraldı. Balığın dediklərini hannan-hana xəyalında canlandırdı: "Gözümnən doğulan adam". Allah! Bu nə demək idi? Fikir idi, cümlə idi, nəydi?.. Beyninə böyüklərdən, radiodan, televiziyadan eşitdikləri, oxuduqları gəldi: 37-39-un repressiya qurbanlarını "Nargin" adasında güllələyib, dənizə atırmışlar. Adam əti yeyən balıqlar və başqa dəniz canlıları da bu cəsədləri yeyirmişlər...
Qasım o hadisədən sonra düz üç ay xəstəxanada yatır. Və illərdən bəri o yuxu hərdən təkrarlanır. Bu yuxulardan sonra bir neçə gün yatmağa belə qorxur, özünü olduqca pis hiss edir. Həkimin məsləhətilə güclü sakitləşdirici dərmanlar qəbul edir. O yuxudan sonra Qasım balıq əti yemir, dənizdə çimmir, dəniz kənarına getmir. Dənizə baxan bağını satıb, Novxanıda milyonçuların məhəlləsində özünə bağ evi tikdirir. Xülasə, o balığa Allah insaf versin, gərək elə Qasıma görünəydi..."

Bəy Qasım gözlərini açdı, başının üstə həkimi və Aydını gördü. Bir neçə an da keçdi, anladı ki, Xəzərdəki gəmidə deyil, hava gəmisindədir, əlinin üstündəki damarda iynə var...
Həkimi:
- Narahat olmayın, lap yaxşısınız, - dedi.
Və Qasımın əlinin üstündəki iynənin qapaqcığını qaldırıb, şprislə damarına bir az dərman yeritdi. O, bir-iki dəqiqənin içində yuxuya getdi. Yuxuda illərdi oğurluq satdığı neftin bir dərəyə - yox, yox, böyük, çox böyük, lap kosmosdan görünən nəhəng çökəkliyə töküldüyünü gördü. Bu ki, neft dəniziydi. Hava çisginiydi, hər yan dumanlıydı, çəniydi... Bu neft dənizini ilk dəfəydi belə yaxından görürdü. Ancaq şüuraltı yaddaşında həmişə ona elə gəlirdi ki, neftdən gələn gəlirləri - tükənməz var-dovləti ona ölməzlik gətirəcək. Hansı çətinliyə düşsə, kimə lazımdırsa, neçə lazımdırsa verəcək, o heç vaxt ölməyəcək... Ancaq indi yarı yaşında ona elə gəlir ki, o neftin pulu uzaq, lap uzaqlarda, banklarda, ya lap yaxında - Bakının neçə-neçə əcaib, xatalı "göydələn"ində qalıb. Onun özü bu neft, mazut dənizinin ortasındadır. Neftdə batıb boğulur. Halal haqlarını oğurladığı - zaman-zaman çörəyə həsrət, dərmana pulu çatmayan insanların ah-naləsi də bir yandan bu uzaq, yalnız neft dənizinin ortasında beynini döyəcləyir, üzməyini çətinləşdirirdi. Satdırdığı morfinin, heroinin, həşişin nə bilim nələrin iyi, qoxusu, havası da bu dənizin üstündəydi... Nəfəsi təngiyirdi bu havasızlıqdan, huşu qaralırdı. Sahilə hələ xeyli qalırdı...
Birdən uzaq-uzaq uzaqlardan bir işıq nöqtəsi an-an böyüməyə, çoxalmağa başladı. Bəy Qasım gözlərini açdı, dərindən nəfəs aldı. "Bu nə yuxuydu, Allah" - deyib, içini çəkdi...

XVIII FƏSİL

Məsmə xala

Aydın gözünün qulağıynan Bəy Qasıma baxırdı. Rəngi-rufu yerindəydi. Əyilib önündəki cibdən qəzet götürdü. Sonuncu səhifədə bir yazı gözünə dəydi: "Əvvəllər ən məşhur ətir firmaları qadın ətirlərinə qara malın testisinin ekstraktını qatırdılar. Indi "Christian Dior", "Chanel" firmaları insan testisindən alınan ekstraktlardan istifadə edirlər. Bu firmaların son uğurları bununla izah olunur", - yazan müəllif sensasiyalı bir məlumat vermək istəmiş, həm də guya ki, onların sirrini açmışdı. Qəzetdə yazılmışdı ki, vəsiyyətli donorların ürək, böyrək, göz və başqa orqanlarının transplantasiyası kimi, testislərindən də qullanmağa icazə verilir.
Bir an Aydını elə bil ildırım vurdu. Dizləri, dili, dodağı əsdi, alnını soyuq tər basdı. Ürəyində özünü toxtatmaq istədi. Yaxasının iki yuxarı düyməsini açdı, nəzərə çarpdırmadan alnının tərini sildi...
Aydının haradasa yadına düşdü ki, qudaları - Qarabağ qaçqını Məsmə xala bir dəfə qonşunun qızı Güləri öpəndə ətir iyindən ürəyi gedib bayılmışdı. Üzü üstə yerə dəyəndə sağ gicgahı çapılmışdı. Təcili yardımın həkimləri güc-bəlaynan arvadı ayıltdılar. Özünə gələndə ilk sözü bu oldu ki, ay doxtur, ay camaat, qızın ətrindən oğlum Nəcəfin iyini aldım!.. (Məsmə xalanın oğlu Nəcəf, qardaşı Əlinin, qaynı Mirkazımın oğluynan Xocalı alınanda əsir düşmüşdülər. Sonradan əsirlərin içindən boylu-buxunlu, yaraşıqlı Nəcəfi ayırıb harasa aparmışdılar. Bu hadisəni öz gözləriylə görən Əlinin, Mirkazımın əsirlikdən azad olunan oğlanları danışmışdılar. Ona görə hələ də Nəcəfin adı itkinlərin siyahısındadı.)
Məsmə xalanın bu sözlərindən yaxındakılar, elə həkimlərin özləri də belə qənaətə gəlmişdilər ki, yəqin arvad havalanıb. Ancaq bu olaydan altı il keçməsinə baxmayaraq, Məsmə ağlı başında, qara yaylığında, evində-eşiyindəydi. Bircə Gülər ondan uzaq gəzirdi. Keçən il Gülərin toyu oldu. Anasının təkidiylə qonşular, Məsmə xala öpüb onu yola salandan sonra toy maşınında ətirləndi Gülər.
Özündən asılı olmadan gözləri dolmuşdu Aydının. Əlləriylə alnını tutmuşdu, çiyinləri titrəyirdi. Son günlər əsəbləri lap gərilmişdi. Şüuraltında özünü beynində insan ağlı olan qurbanlıq quzu sanırdı. O qurbanın imtahan anı yaxınlaşdıqca, beyni elə bil ki, daha da həssaslaşırdı... Və ona indi elə gəldi ki... Daha doğrusu, gözlərinə göründü: "Məsmə xalanın boylu-buxunlu oğlu Nəcəfi əsirlərin içindən ayırıb "canlı donorların arasına qatırlar. Ürəyini, böyrəklərini, qara ciyərini, gözlərini, dərisini, orqan və toxuma banklarına, ağ ətlərini "Chanel" firmasına satırlar... və hərlənib-fırlanıb həmin şüşə "Chanel"lə Gülər ətirlənir. Ona görə də, qızın ətrinnən oğlum Nəcəfin iyini aldım, - deyə bayılır Məsmə xala..."
Bəy Qasım zəndlə Aydına baxdı. Üzü görünməsə də, ağlayırdı o. Ehmalca qolundan tutdu:
- Aydın, Aydın, nolub?
Bir-iki dəqiqəlik sükutdan sonra əllərini alnından çəkdi, gözləri qıpqırmızıydı Aydının. Handan-hana dilləndi:
- Heç... uşaqlıq dostum şair Elturan yadıma düşmüşdü. Keçən il şəkərdən ayağını kəsdilər onun.

XIX FƏSİL

Delfin

Aydının baxışları təyyarənin böyük salonunun dərinliklərinə zillənmişdi. Ancaq ilk dəfəydi ki, salon ilğımdaydı, yaxınlar görünsə də, iki-üç oturacaq o yana hər şey təhrif olunmuşdu. Aydının gözlərinin önündə rəngli xətlər, dairələr görünürdü, lap göy qurşağı kimi. Çevrəsində sözlə deyilməyəcək bir məhrəm ilıq hənir varıydı. Bu ona tanış gələn ancaq unutduğu ab-havaydı. Illər əvvəl atası dünyasını dəyişəndə, xəstəxanadan evlərinə döndükləri gecə o, iyirmi beş kilometrlik məsafədə maşındakı əlnən tutulmayan, ancaq açıq-aşkar hiss olunan, görünən havaydı... Yaxınlıqda ömründə görmədiyi mehribanlıq, güc və göz qamaşdırmayan nur varıydı. Illər ötüb keçəndən sonra, o həmin doğma, tanış havadaydı. Hər şey təkrar olunurdu...
Nə qədər keçdi, bilmədi. Yadına məktəb illərinin dostu, adaşı - işıq cərrahının nə vaxtsa ona söylədikləri düşdü: "Mən zaman-zaman Allahı yanımda, lap yaxında hiss edirəm. Bəzən o mənim əlimdən tutub yol göstərir, səhvlərimi düzəldir. Bir dəfə doxsan bir yaşlı qadın üçün məxsusi alınmış ən bahalı göziçi mərcini səhvən ondan əvvəl əməliyyat olunacaq kasıb cavan oğlana implantasiya etdim. Ardıcıl aparılan bu iki əməliyyatdakı büllurlara nəzarət edən dörd adama və mənə bu eyni gücdə, ancaq müxtəlif əyarda olan mərcilər Allahın əmriylə o gəncin xeyrinə əksinə görünmüşdülər. O vaxta qədər apardığım on mindən artıq əməliyyatın yalnız birində beş qat - beş mərhələli nəzarətçilərin hamısı bir ilahi səhv eləmişdi. O səhvi edəndə gözlərimin önündən ani olaraq rəngli göy qurşağı gəlib-keçmişdi. O "səhv" o ixtiyar qadına ziyan vermədən bir gənc, kasıb oğlanın xeyrinə gözəgörünməz əllə edilmişdi..."

Cərrah dostum bir xatirə də danışmışdı: "Altı yaşlı qız uşağının ağır fəsadlı gözündə əməliyyat vaxtı qəribə hadisə baş verdi. Əməliyyatın gedişində əvvəlcədən görülüb-hesablanması mümkün olmayan bir mərhələdə iyirmi doqquz bir-birinə yaxın olan variantdan ən yaxşısını ani olaraq seçməyə, mikroskopun altında belə güclə görünən, delfinə bənzər rəngli maye-qovuq kömək elədi, əslində düz yolu göstərdi, nişan verdi. O, haradansa peyda oldu, üzüb tərəddüd etdiyim tərəfə istiqamətləndi, son nöqtədə durub mənə "gəl" dedi. Bir gün sonra məlum oldu ki, tibbdə o vaxta qədər gedilən bütün yollardan bu istiqamət ən optimalı imiş. Illər keçir, mən o balaca "delfini" unuda bilmirəm."
Aydının yadına düşdü ki, bu yaxınlarda hansısa qəzetdə oxumuşdu ki, keçən əsrdə Cəbəllütariq boğazında sərt qayaların arasında gəmilərə düz iyirmi doqquz il bir delfin bələdçilik edibmiş. Boğazda peyda olan gəminin qabağına düşüb sualtı qayalıqlardan sağ-salamat keçirirmiş o delfin...
Həkim dostu XIX əsrdə yaşamış məşhur el şairi Aşıq Alının gözlərinin tutulmasını belə nəql etmişdi: "Günlərin bir günündə Aşıq Alının tələbəsi Aşıq Ələsgərin şöhrəti çox-çox uzaqlara yayılır. (Müəllimi paxıllıqdan, ya nədənsə Aşıq Ələsgəri çağırıb elin gözü qarşısında deyişməyi israrla təkid edir. Öz böyük gücünə, qüdrətinə bələd olan Aşıq Ələsgər ustadına çox yalvarır-yaxarır ki, bu deyişmə baş tutmasın, mümkün olmur.)
Deyişmənin zirvəsində Ələsgər ustadını bağlayır. Hikkədən, əsəbdən, güclü stresdən ani olaraq Aşıq Alının gözləri tutulur."
Aydının həkim dostu danışırmış ki, gözü otağa bənzətsək, bayırdan görünən ancaq onun aynabəndidir. Otağın içində divardan gözəl bir xalça (torlu qişa) asılmışdır. O xalça yuxarı və aşağı kənarından divara bənd edilmişdir. Qalan böyük sahəsi sadəcə divara söykənib qalır.
Hər şeyə qadir olan Allah-təala istəsəydi, onu bütün sahəsiylə divarına bənd edərdi. Ancaq etməyib...
Aşıq Alıda gözün içindəki o zəriftorlu qişa (xalça) gözün divarına "tikilməyən", "yapışdırılmayan" yerdən qopur. Aşıq Alı ömrünün qalan hissəsində Dünya Işığından məhrum olur...

XX FƏSİL

"Mazelin"

Təyyarə vətəndən uzaqlaşdıqca yaxın-uzaq xatirələr Aydına daha ağrılı hücum edirdilər. O, bəzilərindən çinar kimi silkələnir, ancaq qəddini düzəldirdi. Bəzilərisə onu "11 sentyabr"da bağrına təyyarələr sancılan iki nəhəng bina kimi yerlə-yeksan edirdi, fəqət o, heç kimin gözünə görünmədən içinnən yenə qurulurdu...
Növbəti xatirə hücumu qızının və oğlunun uşaqlıq çağlarındanıydı. Qızı Aydanın dörd yaşı olanda, bir dəfə nənəsi dedi ki, gərək sabah gedəm Ləzifə xanımın "qara bayram"ına. Aydanın qulağı "qara bayram" sözlərini çalar-çalmaz soruşdu:
- Nə "qara bayram"? "Qara bayram" nədi? - tez də cavabını verdi:
- Hə, bildim, "qara bayram" - "neqr toyu".
Otaqdakılar gülüşdülər.
Bir də yadına indi uzaqlarda darda qalan oğlu Orxanın yenicə dil açıb, qırıq-qırıq cümlələrlə danışan çağlarındakı hazırcavablığı düşdü. Bir dəfə nənəsi Orxanı heyvanxanaya aparıbmış. O, yançaqları qırmızı meymunu görəndə, nənəsinə deyir:
- Nənə, gedək evdən "mazelin" gətirək, meymuna çəkək. (Orxan evdə yanığa vazelin çəkildiyini görmüşdü.)
Nənəsi nəvəsinə nağıl danışanda nağıldan əvvəl və sonra deyərdi ki, əgər gözəl və güclü olmaq istəyirsinizsə, böyüyəndə coxlu kitab oxuyun. Uşaq vaxtı və böyüyəndə Orxan çoxlu kitab oxusa da, son dəfə həbsxanada Aydının gözünə çox zəif, solğun və ümidsiz göründü. Oğlunun beş gün əvvəlki son görüntüsü Aydının gözlərinin önündən getmirdi, ürəyinin yağını damla-damla əridirdi. Yadına çoxdan oxuduğu seirdən bir bənd düşdü:
Yanmış ocaq yeri var
Ürəyimdə sən gedəli.
Bir xəncər sancısı var
Kürəyimdə sən gedəli.
Aydının Bəy Qasıma ana tərəfdən qohumluğu da çatırdı. Və bu qohumluğun Aydına çatası xeyri deyim, ya mükafatı bircə o idi ki, böyrəkləri və qaraciyəri bütün göstəriciləriylə Qasımla eyni idi. Həkimi də, Bəy Qasıma başa salmışdı ki, tibb qanunlarıyla uzaq məmləkətdən olan donorlardansa, Aydının böyrəyinin müəyyən üstünlükləri var. Müstəri elatdanıydı - qızına yox, dirriyinin məhsuluna yox, böyrəyinə, ciyərinə. Belə-belə fikirlər Aydının onsuz da yorğun beynini daha da ağırlaşdırır, dumanlandırırdı. Oturduğu yerdə ağırdan-ağır göz qapaqları qəsr darvazaları kimi yavaş-yavaş qapandı. Yuxuda Moskvada aspiranturada təhsil illərindəydi. "Sokol"dakı yataqxanada müxtəlif ölkələrdən gələn tələbələr qalırdılar. 1981-ci iliydi. Qonşu otaqda iki vyetnamlı oğlan qalırdı. Aydın onlara nə qədər diqqətlə baxsa da, yaşlarını təxmini də olsa anlamağa cətinlik çəkirdi, bir də adları yadında qalmırdı. Özləri kimi adları da elə bil ki, eyniydi. Otaqda iki mərtəbəli yataq varıydı.
Bir dəfə Aydın gecəyarı ağır iş günündən sonra, mətbəxdən özünə isti yemək gətirirmiş, necə olursa, ayağıyla otağının qapısını örtəndə qapı bərkdən çırpılır və qonşu otaqdan gələn qışqırıq bütün mərtəbəni bürüyür. Sən demə, üst qatda yatan vyetnamlı oğlan (Vyetnam müharibəsinin iştirakçısı) yuxuda qapının səsini təyyarə bombardımanı bilib özünü zərblə yerə atır. Qonşu otaqlardan tökülüşüb gələn tələbələr bu olaya gülüşmüşdülər, həm də ürək ağrısıyla acımışdılar.
Səhəri gün Aydın qapısının tini boyu keçə yapışdırmışdı ki, örtüləndə səs olmasın...

davamı
XS
SM
MD
LG