Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:34

İsa Hüseynov. CƏHƏNNƏM (7)


Əvvəli

- Öləndən sonra?

Səməd dedi:

- Bizim - OdƏrlərin işlərimiz dəyişdikcə o işimizlə adlanırıq, bəy. Məsələn, OdƏsEy, Qreklər OdƏsEyin əvəzinə "Odisseya" deyirlər, Ruslar, "Kaşşey bessmertnıy" deyirlər, bəy. Bilirsən sən bunu. Necə yəni "öləndən sonra?" zülmkar Yerdə bu vəziyyətimizdə görünsək, cibimizə pasport qoyub, sərbəst vətəndaş olsaq, bizi heç kəs tanımaz, "Həmin Səməd" deyirəm, şərti deyirəm. "Həmin Orduqozdu" olar, deyirəm, bunu da şərti deyirəm. EySar istəsə, elə o əvvəlki halımızda da göstərə bilər. Heç nəyə təəccüblənmə! Dərs davam edir! SimOdam mən, "Səməd" demə, bu oğlan da "Musa" deyil, BağSardı. Diqqət yetir, gör necə uca rütbəyə yüksəlib indi: BağSar!

- Hə?! Doğrudan Bağdı?!

- Əlbəttə. Libasını görmürsən?!

Bəy başını qarmaladı.

- Dəhşəəət! Orduqozdu Musa necə Bağ oldu, canım?!

Qəh-qəhə çəməni götürdü.

Bəy özünü yığışdırdı. Və nə isə demək xatirinə soruşdu:

- Hər sifətə düşən İblis iki də ola bilər, beş də, on da?

Səməd:

- Afərin, - dedi. - Səni çıxsaq, burda on nəfərik biz. Sərvinaz da İblisdi? Klara da, İra da? Alla da? Qumral da? O hind gözəli də? Hurilər də? A kişi, bunlar hamısı OdAğÜzdən göndərilən kinodu, dedik axı sənə! Lazım olsa lap milyon İblis gələr. Bəs necə?! Əmma bu böyük zülm olar Yer planeti üçün, beş dəqiqəyə məhv eləmək olar bəşəriyyətinizi. Bildin?!

Bünyad bəy dedi:

- Dünyamızı tanımıram.

Səməd dedi:

- Çaşmamısan, bəy. Sadəcə, beynini zir-zibillə doldurublar.

Suala cavab ver.

Bünyad bəy beynində qeyri-adi aydınlıq hiss edib, hətta bir qədər sevinən kimi oldu:

- Yəni, siz doğrudan öldürmürsünüz heç kəsi?!

- Öldürürük! Həm də dirildirik!

Bəy duruxdu:

- Çaşdım yenə...

Səməd soruşdu:

- Sən təhrifsən?

Bünyad bəy dedi:

- Təhrifdən də təhrifəm. Bu aydındı.

Səməd dedi:

- Bir halda ki, təhrif insan olduğunu və OdAğÜzdən göndərilən kinonun təhrifi cəzalandırdığını da dərk edirsən, bəs Yerdəki qaragözlü Səmədlə qaragözlü Musanın əvəzində göstərilən bu yaşılgözlü SimOdla bu yaşılgözlü BağSarın kino olduğunu niyə dərk etmirsən, ay idraksız? Biz hərəkət edən canlı insandan seçilməyən işığıq.

Bünyad bəy dedi:

- Elə hey dolaşdırırsan bu idraksız bədbəxti!

Səməd dedi:

- Cəmi "Yevrey"lər arasında ən müdrik! Yevrey" belə idraksızdırsa, o birilər necədirlər, ay idraksız?! Ağa, Marsa raket göndərirlər. Kim izn verər buna?!

Bünyad bəy dedi:

- "Yevrey", "Yevrey", "Yevrey" eşitməkdən, beynim mozol oldu. Heç olmasa, "Cuhud" de bir dəfə! Yəhudi" de bir dəfə!

Səməd dedi:

- "Cuhud" "Ərəb" kəlməsidi, "Tərik" - "Türk" - "TürkMən", - "Tərəkəmə", "Tatər" - "Otar" və sairə və ilaxirə... bu zir-zibilin hamısını təkrar eləyim? Ümumləşdirirəm mən milləti: EvƏrEy OdƏri, ƏrÜz, AğÜz OdƏri! Hər OdƏr öz vilayətinin adı ilə fərqlənir.

Biz Yerə qayıdanda yenə belə vilayətlər olacaq.

Bünyad bəy bir ara boğulan kimi oldu.

Səməd dedi:

- Sözü içində boğma, açıq de!Bəy dedi:

- Qayıdacaqsınız? Heç nə qanmıram, bu qədər sivil Aləm, niyə məhv eləmirsiniz Yeri, niyə qurtarmırsınız canınızı bizdən?!

Səməd gözlənilməz qəmləndi:

- Milyon dəfə deyilib sənə: "öldürmək olmaz", "təzyiq olmaz". Sənə təzyiq göstərirəm, diqqət yetir, nə qədər ağrıkəsici şərab içirəm. Sənə görə zülm çəkirəm, ay it!

Səməd birdən-birə başqa suala keçdi:

- Planetdə təsəvvürlər dolaşıb, bəy. "Dyavol" düzdü, yoxsa "İblis"?

Bünyad bəy dedi:

- Sözüyün altında söz var.

Demək istəyirsən ki, EvƏlƏs, OdEvƏl təhrif kitablarda "İblis"ə, "Dyavol"a çevrildiyinə görə mənim EvƏlƏs, OdEvƏl haqqında təsəvvürüm düz deyil. Təhrif "İblis" təhrif "Allah"ın sağ əli olub, təhrif "müsəlman"a əzab verir. Təhrif "Dyavol" isə təhrif "xristian"a əzab verir.

Səməd dedi:

- ƏsƏrOd ikən "çort"a çevrilən də var, bəy. ƏsOdÜn ikən "Şeytan"a çevrilən də var. Ün OdƏrMən OdƏr ikən "hinkir", "minkir"ə çevrilən də var. ƏrOdEv ikən "Ərdov"a çevrilən də var. Sənə mən hələlik "Quran" "İblis"i göstərmişəm. Məqsədim nə olub? Cavab ver.

- Demisəm ki, EvƏlƏs - Yaradan Əlin Evi - ƏlAğın - "Allah"ın Evidi, Din uydurması "İblis" deyil. Bunu mən min-milyon dəfə eşitmişəm, oxumuşam. Əvvəlcədən bilirdim ki, gözləri alma boyda, libası qırmızı qorxunc "İblis" yoxdu.

- Bəs niyə qorxdun?

- Çünki, görünür, o anda sən mənim biliyimi almışdın.

- Afərin, bəy! Səbəbi - dərsdi?

Düzdü?

Bünyad bəy dedi:

- Yəqin ki, elədi də.

Səməd təsdiq etdi:

- Dərsdi, bəy, dərsdi... Dərs aldın?

Bünyad bəy dedi:

- Şübhəsiz, aldım. Əmma sirlidi.

Səməd dedi:

- Bəli, sirlidi!

Bünyad bəy dedi:

- Aç sirri.

Səməd dedi:

- Dərsin əsas səbəbini hələ deyə bilmərəm. İxtiyarım yoxdu, bəy. Əmma bir sirr açıram.

BağƏsƏlMən ikən "müsəlman"a çevrilən təhrifin təhrif təsəvvürünə görə İblis hər cür dona girə bilir. Yəni hər cür sifətə düşə bilir.

Düzdü?

Bəy dedi:

- Düzdü.

Səməd dedi:

- Deməli, mən Səməd - SimOdun, Muğanna - Pünhanın sifətinə də düşə bilərmi İblis?

Bünyad bəy diksinən kimi olub duruxdu.

Səməd dedi:

- Dərs deyirəm, bəy. Cavab ver!

Bünyad bəy dedi:

- Sözüyün altında dəhşətli söz gizlənib bu dəfə, ay sadist!

Səməd dedi:

- De!

Bünyad bəy dedi:

- Muğanlı küllüyündə Muğannaya Muğanlı deyirlər. İsa əfəndi deyirlər. Bəs niyə Pünhan deyən yoxdu heç? Sirr açılar? Deyəsən, bu dəfə mən sənin fikrini oxudum, ay İblis?

Səməd başını buladı.

- Çaşma. Mən özüm Pünhanı yetirdim beyninə, Pünhanın adının Pünhan adını bilirsən?

- Yox...

- OdAğÜzdən mənim səsimi eşidir, yazır. Peyğəmbərdi - nədi Pünhanlığı?

- Yox!

- Niyə?

- Alı da, ƏlƏsKər də, Aşıq Kamandar da, saysız-hesabsızdılar, Nizami də belə imiş, Füzuli də, Nəimi də, Nəsimi də, onlardan əvvəl Əxi Fərrux İmad da beləymiş, Lap qədimləri də var. Məsələn: Qreklər EvƏr adlı böyük şairə "Homer" deyirmişlər, "Kor" da, "Gur" da deyirmişlər. Bu Pünhanların Pünhan adları elə hamısı peyğəmbər imiş?

- Peyğəmbər varmı, bəy?

- Bıyy!.. - Bəy bağırdı: - Bu nə sualdı? Əlbəttə, var! İisus kimdi? Məhəmməd kimdi? İbrahim kimdi? Min yerdə oxumuşam ki, yüz iyirmi dörd min peyğəmbər olub!

Səməd köksünü ötürdü:

- İnsan bədbəxtdi! Sayı-hesabı yoxdu o cür Bağ səsi eşidən, seir, roman yazanların, bəy!

Bəyin gözləri böyüdü:

- Hamısı da peyğəmbərdi?!

- Xeyr!.. "Peyğəmbər" də təhrif sözdü, ay yazıq bəy. "Prorok" da. O gözəl, sehrli əsərləri yazan saysız - hesabsız yazıçıların BağÜn EvƏr (İşıq evinin Bağ səsi) deyiblər. Yadına düşdü?!

- Hə, hə! Oxumuşam. Pünhan Muğanna bu barədə çox yazıb.

Səməd çaxır içdi:

- Mən də yoruluram, bəy. Pünhan Muğannaya niyə Muğanlı demirlər? Bunu bilmirsən sən, yazılmayıb, BağÜn sözü eşitmisən?

Bəy cəld dedi:

- Milyon dəfə.

- Bax, o sözə BağƏl də deyirlər (Bağın oğlu). Bax, bu təhrif olub, BağƏl əvəzinə "Muğanlı" deyilib. Fars, Ərəb sözlərindən ibarət "Muğ", "Muğ-an" (Muğlar)... Ərəbcə "na" bizim indi "lar", "lər" dediyimiz şəkilçidi, bəy. ƏlƏr-Əlin Oğlun işığı sözünü öldürmüşük, əvəzində çoxluq işarəsi bildirən "lar", "lər" demişik... İndi bildinmi niyə EvƏrEy OdƏri əvəzinə "Yevrey" demisən, OdƏri də itirmisən. Təkcə Gürcüstanda "OdƏrnə" deyilir. OdƏrÜn əvəzinə. Ərəbdən keçib bu. Dərk eləyirsənmi necə bədbəxtlikdi?! Bir İspandan soruşdum: "Milliyyətin nədi?" dedi: "İspanam". Dedim, bəs OdƏr nə deməkdi? Dedi o bizim qədim adımızdı, OdƏr yox, "Adar" deyirik.

Bu məlumatı niyə verdim sənə? Cavab ver!

Bəy gözlərini döydü:

- Bilmirəm.

Səməd güldü:

- Əşi, dərs deyirəm də, ay bədbəxt! İndi de görüm "kliçka"n nədi?

Bəy dedi:



- Bilirsən. "Çax-çux".



- Sonra?



- Sonra... "Qızıl İlan".



- Bəs "Qızıl İlan" "kliçka"sını niyə veriblər?



Bəy "hm" elədi:



- Bu, kəşfiyyatçıları gizlətmək üçün deyilmi?



Növbəti süal lap gözlənilməz oldu:



- Omar ağanın kiçiyini kim öldürdü? Mustafanı?!



Bəy dedi:



- Allaha and içirəm, bilmirəm! Hər halda "Qızıl İlan"lardan biri vurub. Belə deyirlər: Mustafanı qırx altıncı ildən öldürmək istəyirmişlər. Bir divizionla, on ikicə dənə top divizionu ilə almanların bir tank briqadasını məhv eləyib Mustafa. 416-cı diviziya bütüncə qaçıbmış Taqanroqdan. Mustafanın əsgərləri, top komandirləri - hamısı müəllim vaxtından öz tələbələri imiş. Özü yığıbmış Şıxlı, Muğanlı, SarıVəlli kəndlərindən. Deyib: "O gələn, görürsünüz, briqadadı. Diviziyamız bizi yolun ortasında qoyub qaçıb. Deyin görüm döyüşərsinizmi o briqadayla!" Yekə Alı deyilən, sonralar professorluğa yüksələn bir oğlan varmış. Deyib: "Biz komandirimizin əmrinə tabeyik. Döyüş deyirsiniz, döyüşək". Mustafa deyib: "Təkrar eləyirəm” üstümüzə gələn briqadadı, diviziyamız qaçıb gedib. Qərarınız nədi?!" Hamısı deyib: "Sən necə, biz də elə". Mustafa deyib: "Onda topları tənələrin aralarına çəkin, snaryadları da topların yanına daşıyın. Mən komanda vermiyəcəm. Bircə dənə snaryadınız da boşa çıxmamalıdı. Oldu?!” Deyiblər: "Yest". Bütüncə briqadanı qırıb alova, tüstüyə bürüyüblər... Hə, Arxadan diviziya komandiri birinci gəlib: Zuvanov... Mustafa SafAğ barədə dərs keçibmiş ona. Zuvanov bililirmiş ki, dünyada bir nəfər də "Türk", "TürkMən", "Qazax", "Tatar", "Alman", "İngilis", "Macar", "Polyak", "Ukraines", yoxdu, hamısı OdƏrdi. Buna görə də Zuvanov Mustafanı çox istəyirmiş. Maşınında arxadan gəlib. Sadıxlı kəndindən tək bir oğlan-batareya komandiri başından yaralanıbmış. Zuvanov hamını qucaqlayıb, öpüb, Mustafaya da "geroy"luq yazıb, təyyarəynən göndərib. Necə olubsa, Jukov da gəlib ora çıxıb, bir qızıl ulduz da o yazıb. Müsəlmanın əsas bədbəxtliyi nədi, səncə, ay sadist! Diviziyada nə qədər müsəlman varmışsa, hamısı Stalinin şəxsən özünə yüzlərlə məktub yazıblar ki, Mustafa Hüseynov Ömər oğlunun atası "Koxa" sözü altında gizlənirdi. Ömərin atası Hüseyn ağa qədim Yevreylərdəndi, "Solomon" - Süleyman nəslindəndi. Solomon 1900-cü ildə İşıq gəmisində, "Türbə" adlı müqəddəs yerdən uçub gedib. Siz, yoldaş Stalin-Velikiy komandan belə adama geroyluq verərsiz? Özü də birini yox, ikisini bir gündə". Stalin, əlbəttə, verməyib.

Səməd şüşəni dodağına söykəyib, uzun-uzadı qurtuldatdı.

- Mustafanın öldürülməsinin səbəbini yaxşı izah elədin - dedi - təkrar edək ki, kin yaddaşı kütləşdirir. Nədi Yaddaş?

- EyOdƏs deyil? Uca Yaradan həqiqət. ÜnƏsə "ins"ə niyə verilib bu?

- Eşit: mühakimə üçün! İdrak üçün! Sadəcə, ağıl üçün! Demək, kin insanın yaddaşını alır? Bəli, Bəy. Buna görə də ruhani məktəblərində uşaqlara ilk növbədə kin aşılayırlar: "Allah" yolundan azan bəndəyə "kafir"ə kin!.. KPSS-in təsirilə yox, Romanovların Peterburqdakı "Musulmanskaya duxovnaya seminariya"sında "İsrail oğlulları"ndan danışan o təhrif. "Quran"ı tədris edə-edə dumanlı”kafir"ə içərini kinlə doldurub, altıncı ildə Bakıya qayıdanda itirmisən yaddaşını sən. "Kafir" - "KiEvƏr" - OdEvƏr.

Bəy etiraf etdi:

- Heç nə başa düşmürəm.

Səməd dedi:

- İzah eləyirəm.

De görüm, İsa əfəndi ilə İsmayılın dəfnindən sonra cəmaat nə danışırdı?

Bünyad bəy dedi:

- Cəmaat deyirdi: "Omar ağanın qapısı bağlandı". Bayaq dedim bunu!

Səməd soruşdu ki:

- "Qapısı bağlanan" Omar ağa neylədi dəfndən sonra?

Bünyad bəy qəribə şeylər danışdı:

- Nabat Alılı1 kəndindən zurnaçı çağırtdırdı. Arabasını xalı-xalça ilə bəzədi. Bir-birindən körpə yetimlərə, dul gəlinlərinə toy paltarı geyindirdi, doldurdu arabaya. Özü də əyləşdi qabaqda, zurnaçıların yanında. Toy havaları çaldıra-çaldıra apabanı sürdürdü xır yolla üzü yuxarı. Eminlilərdə, Nabat Alılıda, Şıxlıda, SarıVəlilidə gəlinlərini, qız nəvələrini tez-tez arabadan düşürüb gözü yaşlı-yaşlı oynamağa məcbur elədi. Qayıdanbaş yenə gümrah havalar çaldırdı, arvad-uşağı oynatdı. Özü də oynadı. Belə iş tutdu Omar ağa dəfndən sonra.

Deyirdilər: "Omar Koxa dəli olub". "İki ildə beş oğlu itirən ata necə dəli olmasın!"

Sonra mən elə onun özündən öyrəndim ki, "Bünyadtəki cəhənnəmlikləri, Rusun casuslarını allatdım. Hələ mən də fikirləşdim ki, hə, kişi doğrudan dəli olub.

Səməd dedi:

- Danış.

Bünyad bəy çiynini çəkdi:

- Nəyi?

Səməd gülüşən qızlara təpinib:

- Necə nəyi?! - dedi. - Muğanlı küllüyünün tarixini sona qədər danışmalısan! Sona qədər!.. Rus ordusu qayıdandan sonra Omar ağanın intizarı vardı. Dedik, Dəlilər stansiyası ilə Gəncə arasında, İsa əfəndi, ƏrÜz OdƏrlərinin qanını tökməyə məcbur olduğuna görə sarsılmışdı. Müsavatçılar deyirlər: “On beş eşalonda ordunu biz qırdıq ki, silahlanaq gedək Bakını alaq”. İsa əfəndi isə Rusu ona görə qırmışdı ki, Bakıya girib orda möhkəmlənib qalmasın o ordu. Sonralar bayatı deyirdi, ağlayırdı. Omar ağa qorxurdu ki, OdAğÜzə getməsin oğlu. Danış dalını.

- Qəbirstanda bir hadisə oldu.

Vay-şivənin içində birdən hamı susdu. İsa əfəndinin qara atı başını qəbrə sallayıb ağlayırdı. Omar ağa isə qara atın başını sığallaya-sığallaya göyə baxırdı.

Birdən diksindi, dönüb məni çağırdı. Dedi: "Göyə bax, mənim baxdığım səmtə. Gör hardadı mənim SafAğ balalarım!"

Baxdım, PirVəli, Hacı Alı, Musa, Hüseyn, Salahlı Musa göy çəmənlikdə İsa Əfəndi ilə İsmayıla doğru yüyürürdülər, İsa əfəndi ilə İsmayıl da onlara doğru.2

Omar ağa dedi: "Daha dərdim yoxdu. Heyif, cammaatı başa salammıram, bir də atı".

Səməd soruşdu ki:

- İndi de görüm, iyirminci ildən indiyə qədər, səksən iki ildə bu hadisəni xatırlamısanmı heç?

Bəy dedi:

- Yox.

Səməd dedi:

- On beşinci ildə Göy Qılıncdan Göyçəyə qayıdanda nə gördün, nə eşitdin?

Bünyad bəy dedi:

- Qəribə sistemsiz danışdırırsan məni.

Səməd dedi:

- Sistem xronologiyada deyil, məzmundadı, bəy.

Səni mən Mazandaran meşəsinə apardım, ordan "İrəmə", sonra Yerə... Saflıq dərsindən bir az faydalandın, əmma yenə də zorakı, vəhşi, murdar təhrif insanlığın üstələdi, qızların öpüşlərini biri-birindən seçmədin, "kəmər" açmaq ehtirasına qapılıb ağlını itirdin. Bunun ardınca o zorakı təhrifliklə yırtıcılıq, qatillik arasında məsafə olmadığını göstərdim: sənə qul kimi tabe olsa da, "verbovka"ya razılışmayan, yəni vətənini, xalqını satmağı ölümdən betər sayıb, sənin it dizlərin altında qarın-bağırsağının dağılmağını ölümdən betər bilən məzlum Sərvini qarın altına basmağını göstərdim, Orduqozlunu necə soyuqqanlı öldürdüyünü göstərdim. Məmməd ağanın, Omar ağanın beş oğlunun, Salahlı Musanın, Salahlı İsmayılın ölümləri sənin Peretburqda dərsinə, casusluğuna bağlandı, casusluğun saysız-hesabsız insan qanundan Bünyad bəy adında vəhşi heyvan yaratdı.

Yer indi Bünyadların pəncəsi altında yanır, Qana batır, suya batır!..

Omar ağa qəbristanda, o faciənin içində sənə Kainat həqiqətini - Əbədi ÜnƏsləri göstərdi, ondan da qətiyyən dəyişmədin.

İndi təsdiq elə ki, insan təfəkküründə sistem hadisələrin xronikasında deyil, sənin mənim, bir başqasının həyatının ümumi məzmunundadır. Bu məzmuna "təzyiq olmaz", "öldürmək olmaz" qanunlarından kənara çıxanda Kainatın harmoniyası pozulur, Bəy!

İndi Göy Qılıncdan Göyçəyə qayıdanda gördüklərini danış!

Bünyad bəy bir az susub, sonra xatırlaya-xatırlaya danışmağa başladı:

- Göy Qılıncdan çıxanda Omar ağa özü ötürdü bizi.

Qılıncın gündoğanındakı Çınqıllı dağla günbatanındakı Çiçəkli gəz1 dağının arasından Göyçə gölü tərəfə gedəndə yol yoxuşdu. O yoxuşun başında, Muğannaların "gəz" dedikləri yerə çıxanda Omar ağa dedi: "Geri baxın".

Baxdıq, gördük Göy Qılıncın üzərində, fəzada dümağ, nəhəng bir Əl var.

Omar ağa dedi: "İndi irəli baxın".

Baxdıq, Əli irəlidə gördük bu dəfə.

Omar ağa dedi: "Quran"da oxumuşunuz "Allah laməkandı". Soruşuram ki, "Düzdümü bu kəlam?". Mən dedim "düzdü". Müşfiq dedi: "ƏlAğın məkanı Kainatdı". Öpdü. Dedi: “İndi, genə öz balamtəki öpürəm. Çünki ƏlAğ bir geridə göründü, bir də irəlidə, dedi, "Yol təhlükəsizdi". Səni öpəmmirəm, Bünyad. Get, mənim qohumum Aşıq Alıya OdAğÜzdən deyilib ki, səkkiz ildən sonra Omar ağanın Mustafasının Şolloy adlı oğlu olacaq. "İsa" deyəcəksiniz, batinləşdirəcəksiniz. Çünki Elmin varisidi o Şolloy - İsa. Bünyad bəy gecə-gündüz çalışacaq ki, varisi öldürsün. Öldürəmməyəcək. Bil bunu, Bünyad!

Səməd dedi:

- Öldürəmmirsən.

Bünyad bəy dedi:

- Yox.

Səməd soruşdu ki:

- Bəs o beş oğlu, Məmməd ağanı, qızları və sairə Muğannaları nə əcəb öldürdün?.. Cavab verə bilməzsən, bəy. Sənə elə gəlir ki, doğrudan da sən öldürmüsən. Əmma əslində, məni də, oğlum Səmini də EySarım aparıb. Anladın?!

Bəy gözünü döydü.

- Yox.

Səməd dedi:

- Söhbətimizin davamını danış.

Bəy bir az fikirləşib dedi:

- Omar ağa Müşfiqə ayrıca dedi: "Gəzirsən, görürsən, öyrənirsən, deməli, dərs keçirsən. Dönmə bu yoldan. Bu Alı yoludu, ƏLƏsKər yoludu.

Döndü, mənə baxdı, dedi: "Mikayılla vidalaşdım mən. Çünki, Yerdə bir də görmüyəcəm onu. Sən mənim küllüyümdə bitibsən, küllüyümdə də qalacaqsan".

Səməd dedi:

- İndi Küllüyə bax. Nə görürsən orda?

Bünyad bəy dedi:

Lapatka görürəm.

Səməd dedi:

- Bəs Bağıyeyən tağı? Yerindədi?

Bəy dedi:

- Yerindədi.

Səməd dedi:

- Muğanlı, Muğan kəndlərinin hamısında indiki əhali "Bağiyeyən"ə, Bağayeyən" deyir. Niyə?

Bəy dedi:

- İndiki əhali Sovet İttifaqının son dövründə Qorbaçovun Türkiyəyə rus doldurduğunu görər-görməz çox pis qorxuya düşdü. Muğannaların Muğlar vilayətindən bura gələnlər oldu, xəbər verdilər ki, Anadoluda türkləri qıranlar Qorbaçovun adamlarıdı, söz gəzir ki, Türk ordusunda sıravi əsgərlərdən bir nəfəri də bilmir ki, dağlarda Kürdləri yox, kəndlərdən qaçaq düşən "Türk"ləri qırırlar. Burda - Azərbaycanda qırğınlar hələ qurtarmayıb, siz ta Amerika, İngiltərə Rusiyanın nəfəsini kəsənə qədər çox ehtiyatlı olun"... Belə xəbərdarlıqdan sonra hətta Muğannalardan ən mərd adamlar da daha "Bağıyeyən" yox, "Bağyeyən" deyirlər. Guya bu belə qalınyarpaq bitkini ancaq tısbağalar yeyirlər.

Səməd içir və elə bil zorla gülümsəyirdi:

- "Tısbağa", "qurbağa"... hardandı bu adlar, a bəy!

Bəyin sifətində də təbəssümə bənzər tərpəniş oldu.

- “Çanaqlı tıs"ın adını, "qur-qur"un adını Omar ağa kimi hətta düşmənə də rəhm eləyən Muğannalar özləri qoyublar.

- Niyə?

- Çünki, nə qədər rəhmli, mülayim, hətta mehriban adamlardılarsa, bir o qədər də hiyləgərdilər: "Tıs bağa", yəni bu çanaqlı Tıs Bağ yeməyi olsun, "qur-qur"da - "Qurbağa" da Bağ yeməyi olsun.

Səməd dedi:

- Afərin, bəy! Düşmən belə olar bax! Hətta ən əhəmiyyətsiz görünən seyləri də öyrənmisən!.. İndi yenə sualım var.

- "Sən mənim küllüyümdə bitibsən, küllüyümdə də qalacaqsan" sözlərini xatırlamamısan bu vaxta qədər heç?

Bünyad bəy tutulub, Bağıyeyənə baxa-baxa qaldı.

Səməd dedi:

- "Yaddaş" yoxdu, EyOdƏs var. Uca Yaradan Həqiqət.

EyOdƏr EyƏsÜn, BağBağÜn Babalarımızdı, bağAtamızdı EyOdƏs. Bağ Atamızın Əlləri - Oğullarıdı. "Yaddaş". Kainatda bütün "səyyarə"lərin, planetlərin - ƏsEyƏrlərin bağları, bütün OdƏr bəşəriyyətidi EyOdƏs. EySarın Ününü eşitməyən, Yerdən baxıb OdAğÜz ƏsEyƏrini görməyən kor insan bilmir ki, az-çox Ərli - işıqlı insana ölüm yoxdu. Qatil bilmir ki, öldürdüyü Ərləri öldürmür, əksinə, əbədiyyət - EvOdEyOd aləminə göndərir...

Bünyad bəy dedi:

- Mən bilmək istəyirəm ki, SafAğ İnsanlar - OdƏrlər əbədiliklərini bilirlərsə, öləndə, əbədiyyətə gedəndə niyə şivən qoparırlar.

Səməd dedi:

- Şivən qoparan OdƏr əbədiliyini bilmir.

Bəy dedi:

- Məhəmməd peyğəmbər də bilmirdi?! Axı, can verəndə o da ağlayıb!

Səməd dedi:

- Yalandı!

De görüm indi, kimi öldürmüsən sən, ay yaddaşsız - EyOdƏssiz?

Bünyad bəy heyrətlə qımışdı:

- Yəni heç kəsi öldürməmişəm?!

Səməd dedi:

- Bir nəfəri də öldürməmisən! Bayaq dedim axı, ey EyOdƏssiz!

Bünyad bəy bir daha Bağıyeyən tağına, küllüyə baxdı.

Səməd soruşdu ki:

- Nə fikirləşirsən?

Bəy dedi:

- İyirmi üçüncü ildə Omar ağa Göy Qılınca getmədi. Malı, qoyunu AğBizənə, qardaşı İsmayıl ağanın örüşlərinə göndərdi. Tək-subay malı meşədə saxladı, çünki buğa - yazabuğa çox idi o naxırda, AğBizən örüşlərində böyürtü salıb hökumətin diqqətini cəlb edərdi. Bu quyunun yanındakı çəpərə evdən başqa QaraSuyun bu sol yanında yeddi çəpərə ev tikildi. Cəmisi dörd aydan sonra evlərin hamısını yandırıb indiki Muğanlının yerinə köçdülər. Fikirləşirəm ki, o dörd ayda bu quyunun yanına gör nə qədər ocaq qalanıb ki, iyirmi üçüncü ildən bu vaxta qədər belə küllük qalıb!

Səməd dedi:

- Təhlükə hiss elədin, yenə başladın yalan danışmağa! İyirmi üçüncü ildən indiyə qədər, səksən ildə o quyunun qırağında minlərlə ocaq qalanıb. Muğanlının uşaqları Bağıyeyənin üstünə quru sirkən yığırlar, sirkənin üstünə çırpı tökürlər, çırpının üstünə palıd kötüyü qaldırırlar. Ocaq bu gün günortadan sabah səhərə qədər yanır.Üç-dörd gündən sonra uşaqlar gəlib görürlər Bağıyeyən yenə cücərib küllükdə. O lapatka ilə qazıb köklərini çıxarıb atırlar. Bağıyeyən yenə bitir!

Budu sənin fikirləşdiyin. Sən də özünü ölümsüz sayırsan!

Düzdü?

Bünyad bəy dedi:

- Düzdü.

Səməd dedi:

- Kökləri çıxarılıb atılan bitki necə bitir? Nə sirdi bu?

Bünyad bəy dedi:

- Bağıyeyən dəniz bitkisidi. Toxumu yeraltı sularla planetin su qatının hər yerinə yayılıb. Harda quyu qazılır, o quyunun qırağında hökmən Bağıyeyən bitir. Muğanna nəslinin Ün eşidənlərindən, bir də məndən başqa heç kəs bilmir ki, bu dəniz bitkisinin kökləri su qatına qədər gedir.

Səməd köksünü ötürdü.

- Dərindi kökləriniz, ay "Yevrey"!

Bünyad bəy dedi:

- Okean bitkisidi "Yevrey". Dəniz yox.

Səməd bozardı.

- Niyə zəhərlidi?!

Bünyad bəy dedi:

- Zəhərlidi ki, heyvanat yeməsin Bağıyeyəni! Muğannalar baxıb fikirləşsinlər, əsəbiləşsinlər.

Səməd dedi:

- İzah eləyə bilərsənmi Rusun OdƏrə kininin kökü hardandı?

Bəyin dodaqları əsdi:

- Yenə məlum şeylər danışdırırsan! Həm də qəsdən "kin" deyirsən, əslində "kin" deyil bu sözün əsli, Oddu, EvƏrEy OdƏrinin Odu - Həqiqət ayrı, "Yevrey" Odu ayrıdı! Və əsil Od elə bizimkidi.

- Sübut elə!

- Hm!.. Sənin nəzərində ikrah doğurucu şeylər danışacam indi. Lap açıq danışıram. "Qore ot uma"nın müəllifi məşhur Qriboyedov İranda posol olanda deyib ki, orda-İranda atasını, anasını tanımayan çoxlu yetim uşaqlar var, gündüzlər oğurluq eləyirlər, gecələr biri-birinin üstünə çıxa-çıxa səhərə qədər guya pis işlə məşğul olurlar. Əslində bu təbii ehtiyacdı, deyib Qriboyedov cənabları. Bu uşaqları yığın aparın Peterburqa, ehtiyaclarını maksimum ödəyin deyib... Bilirsən ki, sonralar belə uşaqlar deyiblər: “Mən oldum Peterburqda. Gündüz çılpaqlanıb "Eşşəkbeli" oynayırdıq, çıl-çılpaq! Bu işə elə alışdıq ki, hətta gecələr yanımıza göndərilən mollalarımızla da "eşşəkbeli" oynayırdıq. Sonra mollalarımız bizə dedilər, meyitxanaya gedəcəyik, ordakı ölü "eşşəklərlə" iş görəcəyik. Düz bir il ölüxanaya getdi”.

Səməd dedi:

- Ətraflı izah elə!

Bəy dedi:

- Nə izah?! Vatikan iki yüz il döyüşdürüb bizlə sizi! "Bibliya" bizə dil verəndən sonra lap antaqonist olmuşuq: "Russkoyazıçnıy Yevrey" və "turok” dilimizdə söyüş kimi səslənir.

Ölü OdƏrlə dirinin arasında fərq hələ Makedonskinin vaxtında itib. Müqəddəs kitab bizi həm də "İsrayıl oğulları" adı altında, sizi "tərik", "Türk" adı altında gizlənən "Muğannalar" kimi tanıtdırırdılar. Üstəlik, sizin dildə bizə "kafir" dedirdiblər. İndi biz əminik ki, hər iki dunyada kafirə zülm eləmək üçün yaranmışıq!

Sonra başqa dərs keçdik. Çoxlu araq içib, hamamlarda, divarların tinlərində dayanıb, başlayırdıq sizə bıçaq atmağa. Kindimi bu? Xeyr! Biz bəndə "kafir"in və ümumiyyətlə insanın haqqında fikrimiz pisdi. Bəla, "Avram"dı, oğullarıdı. Siz, əbləhlər, necə dəyişdirə bilərsiniz əsrlərin etiqadını?!

Səməd soruşdu ki:

- Rus dillilər hakim mütləqdirlərsə, bəs o hurilər səni niyə bu qədər gülünc şəklə salırlar, a bəy? "Hökmdarımız!", "Kəmərimizi aça bilərsən” və sairə.

Bəy, tərəddüdsüz:

- Bizim gücümüz kütləvilikdədi! - dedi. Mən tək düşmüşəm sizin əlinizə. Buna görə deyilmi ki, hətta Orduqozdu Musa da ələ salır məni?!

Səməd bir qədər yorğun kimi, yenə də ikrahla:

- Yaxşı, bəsdi çərənlədik - dedi. - Küllüyün tarixində ən faciəli hadisələrdən biri, Omar ağanın sonbeşiyi Mustafanın ölümüdü. Pünhan Muğannamızın atası Mustafa Yerdə qalsaydı, indi doxsan üç yaşında olardı. Əmma Pünhan hələ də unuda bilmir onun faciəsini. De görüm Mustafanın taleyi haqqında nə bilirsən? Dərsi qurtarıram bununla.

- Hə?! İnanım?

- İnan, bəy!

- Yaxşı: Mustafa Qazax seminariyasını qurtarmışdı. İsmayıl ağa AğBizənə çağırdı, başa saldı ki, kommunizmin kağız üzərində ədalətli qanunlarına inanmısan sən. Bəyənirəm mən bu inamı. Kütləvi məcburi tədrisdən istifadə eləyin, xalqı maarifləndirin. SafAğı yaymağı ancaq aşıqlara tapşırmışıq. Siz ədaləti qoruyun.

Seminariyadan sonra Məmməd ağa onu Qazax mahalının Yenikənd məktəbinə direktor təyin etdirdi. Mustafa iki il orda - Yenikənddə dərs dedi. Muğannaları yerləşdirəndən sonra Məmməd ağa Muğanlı məktəbinə direktor təyin elətdirdi onu. O, orta savadlı təcrübəsiz cavana qəti tapşırıq verilmişdi ki, hər yerdə Muğannaları ətrafına yığsın, xaricdəki Muğannalarla əlaqə saxlasın. Mənə isə tapşırılmışdı ki, "Çax-Çux" kliçkalı köhnə yoldaşımla sıx əlaqə saxlayıb, Mustafanın "okrujeniye"sindən adamlar "verbovat" eləyib xaricdəki, daxildəki Muğannaların siyahısını yenidən tərtib eləyək. Min doqquz yüz ötuz yeddinci ildə həm daxilimizə, həm də Cənubi Azərbaycana, Türkiyəyə "karatelniye qruppa"lar göndərək. "Hümmət" partiyasının köhnə nərimanovçuları ilə yığıncaqlar keçirək, kolxozları köhnə AğEy icmaları şəklinə saldıraq. Salahlıdan çox bacarıqlı maarifçi Əli Əliyev, Qazaxdan öz bacanağı Məcid Nəsibov, AğBizəndən Məcid Tağıyev çox ciddi-cəhdlə Muğannalardan ibarət maarifçilər ordusu yaradırdılar, Məmməd ağanın, Mahmud Yolçuyevin köməyilə, Muğandan Şamaxıya sürülən muğannalardan ali təhsilliləri universitetə, APİ-yə doldururdular. APİ-də Aslanbəylidən professor Seyidovun, universitetdə Nabat Alılıdan Məmməd Şıxlınskinin əlilə, Muğannalardan ibarət "qazax"lılar deyilən saysız-hesabsız maarifçi yetirirdilər. Moskvadan Mircəfər Bağırova gizlin direktiv verilmişdi ki, otuz yeddinci - otuz səkkizinci illərdə bu kütlənin hamısı məhv edilməli, ya da "verbovka" yolu ilə zərərsizləşdirilməlidirlər. Omar ağanın qardaşı İsmayıl ağa Mustafanı tez-tez AbBizənə çağırıb təhlükə sovuşana qədər gizlədirdi. Omar ağanın "İşıqsaçanlar"ından idi, Mustafanı bütün nəsil qoruyurdu. 1941-ci ildə müharibə başlananda bizə göstəriş verilmişdi ki, Mustafanın partiyaya keçməsinə imkan verməyək. Əmma Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovla KQB-nin Ağstafadakı rəisi Saşa Babayev, yəni bütün qohumlar köməkləşib konspirativ üsulla partiyaya keçirdilər onu, tezcə də Dörd yüz on altıncı diviziyaya divizon komissarı elətdirdilər. Əlimizdən çıxdı qaçdı o İşıqsacan.


Qırx ikinci ildə Taqanroqda dörd yüz on altıncı diviziya Almanların qabağından qaçdı, tək Mustafa ön cəbhədə, öz qohumları ilə qalıb, ən çox sevdiyi xalqın qanını su yerinə axıtdı.

Səməd dedi:

- İzah elə görüm, o qatil hərbçi niyə OdAğÜzdədi, ay özünün qatili!

Bünyad bəy dedi:

- Başa düşmürəm!

Səməd dedi:

- İsa əfəndi kimi, Mustafa da Ər oğlu Ərdi, kini aşıb-daşan "verbovşik" deyil, ay kin mücəssəməsi! Sən əminsən ki, "Yevrey”də EvƏrEy irsi qalmayıb!" Nəinki Ağ planetində, heç bu təhrif Yerdə də yerin yoxdu sənin! Çürümüsən! Ölmüsən", ay ölü!

Bünyad bəy, tutqun:

- Yenə başa düşmürəm. Həm dərs deyirsən, həm də ölü sayırsan! - dedi. - Həqiqətən ölüyəmsə, niyə dərs deyirsən axı bu ölüyə?! De bunu! De!

Səməd dedi:

- Əsəbləşmə, bəy. Yenə təkrar edirəm ki, fəlakət tarixini danışıb qurtarandan sonra biləcəksən hər şeyi. Yaxşı-yaxşı, de görək Muğanlı küllüyünü kimlər yaradıblar?

Bünyad bəy "tfu" eləyib dedi:

- Yüz bir Bağ "Şəhri Yar"dan sürgün olunandan sonra Musa ağanın ocağını Muğanda çobanlar qalayırdılar. Musa ağanın quyusunun qırağında. Omarağalı bura köçəndən sonra Nabat Alılının, Eminlilərin çobanları qalayırdılar ocağı Omar ağanın ordakı quyusunun qırağında. Burdakını da ki, dedik Bağıyeyən Romanovlardan başlamış, Bağıyeyən Bünyad bəyə qədər, nəhəng "Yevrey" zənciri yaradıb Muğanlı küllüyünü! Axırıncı öldürülən Mustafadan sonra tarix qurtarıb! Daha nə istəyirsən?!

Qurtardı tarix! İndi nəhayət, bilməliyəm mən, niyə dərs deyirsən bu ölüyə?!

Səməd sakitcə:

- Tək sənə yox, səhərdən bəri mən bütün Bağıyeyənlərə dərs deyirəm, ay bağıyeyən!

Bir şey qandın?!

Bəyin gözləri bərəldi:

- Əcəb abrakadabradı!1 Bu Çinar gölünün qırağında danışılan tarixi sənlə məndən, bir də o yanındakı Orduqozsuzdan başqa kim eşidir?!

Səməd dedi:

- Pünhan Muğanna eşidir.

Bəy dedi:

- Bu lap ikiqat abrakadabra oldu. Pünhan Muğanna da bağyeyəndi?! Ona da dərs deyirsən?!

Səməd dedi:

- Qanmadın, ay müdrik "Yevrey". Mən səni danışdırıram. Sən və mən nə danışırqsa, AdıPünhan Muğanna hamısını eşidir və yazır.

İndi necə, qandın?!

Bəy dedi:

- Muğanna EySardan eşitdiyini yazır.

Səməd dedi:

- SimOd - "Səməd" deyil bu danışan, ay bədbəxt, EySardı.

Bünyad bəy əlini yellədi.

- İndi deyəcək İblisəm, kinoyam. OdAğÜzdən EySar göstərir!

Səməd dedi:

- Tamamilə doğrudu, ay ən müdrik "Yevrey", Səmədlə Musa Muğanna OdAğÜzdədi, ay qeyri-adi idraksız "Yevrey"!

ƏsEyƏrlərdə kino fəzada göstərilir. Lap adi kino kadrlarıyıq biz.

Bünyad bəy qaşlarını çatdı:

- Demək, real ÜnƏs deyilsən?!

Səməd dedi:

- Axırda hər şey aydınlaşacaq, bəy. Mən sənə dedim Pünhan Muğanna eşidir bizim danışığımızın hamısını, bax bu saat lap taqətsiz vəziyyətdə, tövşüyə-tövşüyə yazır ki, ƏsƏrini tezliklə bütün Yerdə oxusunlar SafAğ Elminin Mücahidləri muğannalar, Bağlar - "Muğ"lar haqqında məlum olmayan təfsilatları da bilsinlər. Aydın oldumu bu?

Bəy dərindən nəfəs aldı:

- Bildim.

Səməd dedi:

- İndi de görüm, Omar ağanı kim öldürdü?

Bəy başını buladı:

- Bilmirəm. Otuz dördüncü ilin yayında, Göy Qılınc yaylağında heç kəs yox idi bizdən - "Yevrey"lərdən. Eşitdiyim budu ki, səksən dörd yaşının tamamında da Omar ağa çox gümrah imiş. Bir günortaüstü Göy Qılıncın aşırımından qayıdıb, gəlinlərinə deyib:

- “Muğanlıya, Mustafaya depeş vurdurun. "Böyük dəyədə yerimi salın, mən köçürəm bu gün. Aşıq Alını da çağırtdırın, bir az bayatılasın".

Hamı heyrətlənib ki, "necə yəni köçürəm?", belə sap-sağlam kişiyə birdən-birə nə oldu?!

Omar ağa cavab verməyib. Qonşuluqda qohum Əli Paşanın toyu imiş. Deyib: "Mən köçəndən sonra toy əhlinə heç nə deməyin. Sabah, gəlin gələndən sonra deyərsiniz".

Səməd soruşdu ki:

- Səncə nə olmuşdu?

Bünyad bəy dedi:

- Məncə həmin gün Omar ağaya OdAğÜzdən məlumat verilmişdi ki, tezliklə Muğannaları qıracaqlar, Sibirə, Qazaxıstana sürəcəklər. Əlli üçüncü ilin axırında Mustafanı da öldürəcəklər. Evdə "Şolloy" çağrılan SafAğ Varisindən - Mustafanın oğlu Pünhan Muğannadan başqa Yer üzündə OdAğÜzlə əlaqəsi olan tək-tək "Muğ" - Bağ qalacaq. Onların fəaliyyəti də ta əsrin axırına qədər məhdudlaşdırılacaq... Yerdəki belə müsibətlərdən çox sarsılmamaqdan ötrü çağırmışdılar Omar ağanı OdAğÜzdən... belə izahat yazmışam mən Moskvaya. Bizdən heç kəs əl qaldırmayıb Omar ağaya. OdAğÜzdə özləri istəməyiblər ki, kişinin əlaqələri davam eləsin.

Səməd dedi:

- Bəs Mustafanı kim vurdu?

Bəy dedi:

- Məndən - "Çax-çux"dan başqa bu tərəflərdə "qızıl İlan" kliçkasında bir kəşfiyyatçımız da vardı. Çox dəqiq konspirasiyada saxlanırdı. Tanımırdıq biz onu. Aldığım məlumata görə, Mustafa, özündən başqa dörd nəfər işçisi ilə, Ceyrançöl deyilən yerdə kolxozun örüşlərini müəyyənləşdirməyə gedirmiş. Muğanlıda kolxoz sədri idi. O vaxt - əlli üçüncü ildə gürcücə "Kuxeti" deyilən dəmir yolu stansiyasından bir az aralananda, düzənlikdə "Qızıl İlan" maşının qabağına çıxıb, əlini qaldırıb ki, "saxlayın, sözüm var Mustafaya". Mustafa"Villis"dən düşəndə "Qızıl İlan" gözlənilmədən tapancanın küpü ilə vurub Mustafanın gicgahını deşib. Sonra maşındakılara əmr eləyib ki, maşını döndərin, Mustafanın başını maşının altına soxun. Budu. Maşındakı adamları danışdırıblar, hadisəyə "avariya" adı qoyublar. Vəssalam.

Səməd soruşdu ki:

- Mustafanın böyük qayğı ilə qoruduğu "Şolloy" nə əcəb sağdı hələ?

Bəy dedi:

- Özün bilirsən ki, SafAğ Elmi çox yayılıb indi. Əlli-əlli ikinci illərdə Moskvada təhsil alanda Şolloyu institutda qoruyanlar çoxdu. Eşitdiyimə görə, bizimkilər yeddi-səkkiz dəfə Sui-qəsd eləyiblər Pünhan Muğannaya, bir şey çıxmayıb. Maqsim Qorki adına institutun rektoru Fateyev Pyotr öz maaşına xüsusi adam tutubmuş, avtobuslarda, "elektrçka"larda da, yataqxanada da o adam Şolloyu qoruyurmuş. Burda, Bakıda da Mehdi Hüseyn Həsən adlı bir oçerkisti təyin eləyibmiş ki, Solloyu gözdən qoymasın. Saatlıda bir raykom katibi Şolloyu öldürtdürmək üçün dəridən çıxıb. Həsən oçerk yazıb, o katibi ifşa eləyib, işdən qovdurub, sonra da başını əkib. Altmışıncı illərdə bir neçə əsərinə görə Şolloyu həbs eləyirmişlər. O vaxtkı məşhur tənqidçilər Cəfər Cəfərovla Məmməd Arif məqalə yazıblar ki, "İsa Hüseynovun" siyasi mövqeyi kommunizm ideyaları mövqelərinin ziddinədir". Elə həmin il Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin olunub. İş elə gətirib ki, o vaxtlar Moskvadakı EvƏrEylərdən birini buraya - Azərbaycana ikinci katib təyin eləyiblər. O iki nəfər lap belə cəngavərcəsinə qoruyublar, Solloyu, tutulmağa qoymayıblar. İndi təzə-təzə açılır ki, Comərd - Musa ağa adı ilə tanınan adam - Ulu Bağ ƏsƏlMən özü, OdAğÜzdən SafAğ İşıqla qoruyurmuş. İndiki Pünhan Muğanna qorxusuz - hürküsüz yazır bu barədə. "Heydər də əbədiyyətə gedəcək" deyir, "Babamız qoruyur" deyir. Belə qorxusuz - hürküsüz olublar indi Muğannalar.

Musa hardasa yorğun-yorğun saz çalırdı:

- OdAğÜzün, Kainatın qüdrətini hiss eləyirsənmi?

Bəy qətiyyətlə:

- Yox, - dedi. - Kainat Bağları Yerin iradəsinə təzyiq göstərmirlər. Odu ey, su basır Yeri, Bağlar müdaxilə eləmirlər. Belə əcəb sarsaqdılar Bağlarınız. Bizə ancaq yumşaq-yumşaq təsir eləyirlər: "Müharibəni kəsin! Atom istehsalını dayandırın" - filan. Aç indi görüm həqiqi Səmədsən, ya yox?

Bəy sözünü tamamlaya bilmədi. Səməd, Musa, ocaq, hamısı birdən-birə yoxa çıxdı. Bir az sonra uzaqdan, göyün dərinliyindən SimOdun səsi eşidildi:

- Ətrafına bax. Yol ayrıcındasan, bəy. İlk gəncliyində daxilən iki yol ayrıcında çırpınırdın. Əgər Romanovlara təslim olmayıb o ruhani gimnaziyadan qaçsaydın, indi Şimalla birləşmək əzmində olan Cənubunuzda uca ruhlu vətəndaşlardan biri olardın, şübhəsiz, bir SafAğ mücahidi kimi, əbədi həyat qazanardın... İndiki yol ayrıcının ikisi də səni faniliyə çağırır, biri deyir "get Küllüyün quyusunda gizlətdiyin qızıl küpələrini çıxart, o sovxozdan bir kənarda "Vayenni qorodok"dakı zemlyankanda bir kənarda həyat qur. Cavan zənən, cavan qulluqçu, plov-çilov və sairə. O biri yol deyir: "Taqətin kəsilib, ömrüyün sonudu, get gir o zemlyankaya, Öl orda..!” - səs kəsildi.

Bəy küllüyə doğru baxıb, birdən daha da təqətsizləşdi: ondan - Bəydən kiçik olsa da, bəyin gülə-gülə "Qoca" kliçkası verib "tapdaqda saxladığı" "Qoca" sağ-səlamət, öz sarı "Mersedes"ində, yanında beş-altı nəfər nəvəsi, uzun ip ucunda bir adamı quyuya sallatdırdı, qızıl küpələrini "Mersedes"ə doldurtdurdu, özü "rul"un arxasında oturub, özünün saldırdığı Sudüşən qəsəbəsinə gedən torpaq yolda, qalın toz arxasında yox oldu.

Bünyad bəy ayağa qalxa bilmədi. Dörd əl-ayağı üstündə, iməkləyə-iməkləyə, gözləri qarala-qarala, hara getdiyini bilmədi. Nəfəsini dərib gözlərini açanda özünü çılpaq çarpayıda gördü. Bura "Vayenni qorodok"dakı gizlin yaşayış yeri idi. Ehtiyacı olmadığına görə çoxdan gəlməmişdi. Birdən... Sərvi?! Bəli, Sərvi idi. Çarpayının yanında dayanmışdı.

- Nədən belə heyrət elədin, a kaftar! - dedi. - Sənin "ins" bədənində bir az ÜnƏslik əmələ gətirmişik. Odu ki, gəldim ÜnƏs abırında dəfn eləyim səni. - belə deyib, birdən lap İblis kimi qəhqəhə çəkdi.

- Səndən "ins" də olmaz, a bədbəxt!

Yastı quyruğunu şappa-şap yerə döyən bir qunduzun ardınca qunduzlar içəri doluşdular. Çarpayının sağ-solundan bəyin dövrəsinə yığışdılar, dişləri, dırnaqları ilə şalvarı cırıb dağıtdılar, kimisi ön, kimisi arxa tərəfdən bəyə sürtüşməyə başladılar. Tappıltı ilə yerə düşənlər dəyirmi, yaşarmış gözlərlə sahibə baxa-baxa yuxarı dırmanmağa çalışırdılar.

Sərvi ikrahla üz döndərib yoxa çıxdı...

Kim xəbər verdi, necə oldusa, lap çoxdan "verbovat" olunmuş "Muğ"lardan biri özünü yetirib itləri o yan-bu yana itələdi, baldırlarından qan süzülən "bəy"i qucağına götürüb, yekəpər, uzun, güclü qollarının üstündə eşiyə çıxartdı, özü ilə gətirdiyi palanlı eşşəyin belinə qaldırıb: - Hoş! Hoş! - dedi.

Hara apardı? "Bəy" sağaldımı, öldümü? - Bunu nədənsə mənə demirlər. Bəlkə də haqlıdırlar. O çarpayı, qunduzların o vur-hayı, o qan yadıma düşəndə, nədən kədərləndiyimi bilmirəm. Bəzən hətta gözlərim yaşla dolur.

Yalnız bir neçə kəlmə eşidirəm:

- "Cəhənnəm məkanını tap, ey, "ins" o fantastikasız fantastika sənin özündə deyilmi?!"

Mənim yaşla dolan gözlərim sənin taleyinə görə deyilmi?! Sənin o zərif, məlahətli, yüz on üç yaşlı sifətin yalnız öldüyün anda dəyişib idbarlaşırsa, biz necə deməyək ki, o, Cəhənnəmi özündə olan - çürüməkdə olan sifətdir. Mənim sirr açmağı, qisas almağı tamam mənasız sayan babamdır səni tanıyan, o da məlumdur ki, əlimiz çatan yerdə deyil.

Övladları, qohum-əqrəbası ətrafında, Vətənimiz EyƏrin dərdini çəkə-çəkə, məndən ötrü qəribsəyən əziz babam!.. Bu kitabçanı oxuyan Yer övlaarı, son gününüzü, üzünüzdə son ifadəni təsəvvür edə bilərsinizmi? Dərk edirsinizmi, niyə belə olursunuz, ey cəhənnəmi içərilərində olanlar?!

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG