Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:38

Məmməd Araz "Üç oğul anası" (Poema)
















Kənddən ayrıldığım neçə il olar,
Qoy yenə dağ yeli darağım olsun.
Yovşanlı düzənlər, çiçəkli yollar
Təbiət bəxş edən varağım olsun.

Çoxdandır dumanlı, qarlı dağların
Üstündən atlanıb keçməmişəm mən.
Yaşıl gözədəki buz bulaqların
Əyilib gözündən içməmişəm mən.

Qoy çöllər qoynunda açım səhəri
Qəlbimdə qalmasın nə həsrət, nə qəm;
Görüm uşaqlığım itən yerləri
Onsuz da özünü görməyəcəyəm.

Keçim dar keçidi, ötüm gen düzü,
Suların səsinə qulaq asım mən,
Torpağın eşqiylə qopan hər sözü
Torpağa yazım mən, daşa yazım mən.

Hanı kişnəyən at, mələyən quzu,
Hanı sarı bülbül? - yoxsa köçübdür...
Eşqi oyun bilmə, ay qonşu qızı,
Top-top oynadığın vədə keçibdir.

Atmışam sapandı, boşdur əllərim,
Uçmasın qaranquş, hürkməsin əlik...
Gəlmişəm, tər-təzə bənövşə dərəm,
Səni tapdamaram, ay bənövşəlik!

Bir an bu eşqimlə kaş uşaq olum,
Yadıma nə şirin bir zaman düşür...
Bulanır xəyalım, elə ki, yolum
Gəlib qəbristanın yanından düşür.

Görünmür gözümə nə gül, nə gülşən:
Başımdan küləklər püləyib keçir.
Baxıram bu yana, hər yolu düşən
Bir təzə məzara baş əyib keçir.

Üstündə nə heykəl, nə məqbərə var,
Otlarla bəzəyib təbiət ancaq.
Görəsən kimindir o sadə məzar?
Onun heykəlini kim yaradacaq?

O adi bir insan, ipək bir qarı,
Soruşdum, öyrəndim kim olduğunu.
Çağırın, çağırın ildırımları,
Gur səslə oyatmaq mümkünsə onu...

Mən ona bir zaman ana demişəm,
Görmüşəm gülərüz, şən çağını da.
Nənəm Zöhrə ilə birgə yemişəm
Onun nəmisinin qaymağını da.

Ona öz borcumu verməkdi dərdim,
Yaz ürək qanınla, şair, yaz onu.
Gözümdən Arazı, Kürü tökərdim,
Neynim ki, göz yaşı ayıltmaz onu.

Qəlbim söz içində qovruldu yenə,
Elə bil sinəsi yanar dağam mən.
Bu günkü dava-qan hərislərinə
Bir nifrət dastanı yazacağam mən...

***

Yumdu gözlərini oğulsuz ana,
Yumdu gözlərini Gülsənəm qarı.
Sahibsiz bir evə baş sağlığına
Gəldi dəstə-dəstə kənd adamları.

Üstündə yüz cavan baş əydi azı,
Ürəklər yenə də duydu bu dərdi:
Üç aslan biləkli oğul anası
Özgələr çiynində gora gedirdi...

Boranlar, tufanlar qopdu sinəmdə,
Qəlbimi kağıza boşaldım barı.
Gəlib gözlərimdən keçdi bu dəmdə
Gülsənəm qarının ömür yolları...

Dünyadan doymuşam deyən kəs hanı?
Hər insan qəlbində min arzu yanır.
Bəzən vaxtsız ölüm kəsir qapını,
Nə qocalıq qanır, nə gənclik qanır.

Düşün kainatın min sirrini sən,
Bir bayquş üç yüz il qalır dünyada,
Ölməli olanın yerinə bəzən
Ölməli olmayan ölür dünyada.

Nə böyük, nə kiçik tanımır məzar,
Babalar demişkən ölüm ki, haqdır.
“Şöhrəti dünyaya sığışmayanlar,
Bir qarış məzara sığışacaqdır”.

Bəli, tez itirdi, o, öz ərini,
Qəlbinə od düşdü yaxının, yadın.
Gülsənəm çirməyib biləklərini
Çöldə kişi oldu, evdə də qadın.

Üç oğul böyütdü - qaməti çinar,
Məhəbbəti dərin, nifrəti dərin.
Üç oğul böyütdü - köklü qayalar
Aşardı gücündən biləklərinin.

Ana toy eşqiylə çırpındı hər an,
Xəyalən səs verdi nəvə səsinə.
Üzük, boyunbağı... birmi sayasan,
Yığdı, min-min yığdı düyünçəsinə.

(Bir ana ürəyi nəğmə deyəndə
Laylı buludlar da yerə enəydi.
Bir ana ürəyi hökm eləyəndə
Qranit qayalar muma dönəydi.)

Lakin o deyəni demədi ruzgar,
Ey ana, istəyin buydumu sənin,
Yayıldı elbəel, diyarbadiyar
Atəş sədaları müharibənin...

O da “uğur olsun!” - deyərək o gün
Cəbhəyə ötürdü oğullarını.
Bəlkə də ömründən qopardı ömrün
Şirin meyvəsini, şirin barını.

Gedin, tez qayıdın! - söylədi ana, -
Gedin qapımızı yağı döyməsin.
Ancaq unutmayın: “igid olana
Gərək arxasından güllə dəyməsin!”

Ayrılıq - qapını kəsdi, nə kəsdi,
Getdi, üç gözəlin üç yarı getdi.
Vətən göylərinə qara yel əsdi,
Bir ana ömrünün baharı getdi.

Birinin toy evi qurulu qaldı,
Üçcə gün idi ki, gəlmişdi gəlin.
Eşqin tər çiçəyi nə tez saraldı,
Sevinci yas oldu o şux gözəlin.

Biri ayrılığı duyub o səhər
Son dəfə bir qızın əlini sıxdı.
Yox, onlar bilmədi, nə biləydilər
Bu ilk ayrılığı son ayrılıqdı.

Biri də bir qıza baxıb utancaq
“Sıxmasın qəlbini kədər, qəm” - dedi.
Qızsa danışmadı... baxışı ancaq
“Yaxşı yol” bir də ki, “sevirəm” - dedi.

Ötdü o günlərdən həftələr, aylar
Çalxalandı dəryalar, bulandı çaylar.
Şimşəklər oynadı, göylər kişnədi,
Torpaq da, səma da intiqam dedi.

Volqa, Dauqava, Dnepr, Kuban
Elə bil çıxmışdı öz yatağından.
Yox, yox, çaylar deyil, coşan biz idik!
Çay deyil, çay udan bir dəniz idik!

Əzirdik düşməni dərədə, düzdə,
Ancaq az olmurdu ölənimiz də.
(Bunu gizlətməyin mənası varmı? -
Ölümsüz, itkisiz dava olarmı?)

Çaylar daşdırsa da qanımız, ancaq
Bilirdik gələcək bizim olacaq!
Gələcək - günəşli, nurlu bir səhər,
Silinən göz yaşı, çalınan zəfər!

Gələcək - bir qılınc qəmə, həsrətə,
Gələcək - kədərə, hicrana nöqtə!
Gələcək - ellərin toyu, düyünü!
Gələcək - düşmənin məhv olan günü!

Bəli, bu eşq ilə dalıb xəyala,
Günləri sayardı Gülsənəm xala.
Onun xəyalına gəlirdi artıq,
Nə müharibə vardır, nə də ayrılıq.

Onu təbrik edir kənd adamları,
Süzür öz oğlunun toyunda qarı...
Fəqət Avropada hələ də qışdı,
Hələ müharibə qurtarmamışdı.

Günlər ağır keçdi, bəd keçdi yaman,
Cəbhə ağız açıb silah istədi.
Ana məktub aldı oğullarından
Yazdılar ki, düşmən qaçmaq üstədi.

Ana məktub aldı Kerç boğazından -
Hər sözü təsəlli qəlbə, duyğuya.
Yazdı böyük oğlu: “Ana, azından
Biz gündə min düşmən tökürük suya”.

Yazdı ortancılı Moskva altdan,
Hər yanda vətəndir, vətən torpağı:
Ancaq ki, ay ana, çıxmayır yaddan
Salvartı ətəyi, Araz qırağı.

Güllə yağa-yağa anıram bəzən
“Dilqəmi” üstündə saz havasını.
Ah, görəsən bir də görəcəyəmmi
Şahbulaq dağının yaz havasını?

Sonbeşik oğlu da son dəfə ona
Dunay sahilindən məktub yazırdı.
Hər dilsiz məktubu aldıqca ana
Bir canlı ürəyə qulaq asırdı.

Dunay, Kerç boğazı, Moskva altı...
Qəlbinə üç təzə kəlmə yazdı o.
Hardan eşitmişdi Dunayı-zadı...
Arazdan özgə çay tanımazdı o.

Məktublar təsəlli, məktublar ümid,
(Dünyada ümidsiz yaşayan kimdir?)
Məktublar deyirdi qüssəni unut,
Ölsək də, ölməyən zəfər bizimdir.

Məktublar - vüsalın yaxın həmdəmi,
Ayrılıq - qarlı qış, məktublar - bahar.
Üç canlı insanın sevinci, qəmi
Üç cansız kağızda tutmuşdu qərar.

Məktublar danışdı insan adından,
El dara düşməsin, biz ötüşərik.
Ana bu cümləni andı anbaan:
“Qəm yemə, anacan, tez görüşərik”.

Məktublar anaya bala müjdəsi,
Məktublar, üzünüz bəs niyə döndü?
Üç ömrün sorağı, üç qəlbin səsi,
Məktublar, məktublar, sizdədir indi...

Məktublar dalbadal gələrdi qabaq,
İndi də dalbadal kəsildi onlar.
Ana ürəyinə hicran yazaraq
Aylara çevrildi xəbərsiz anlar.

Aylar da ötüşdü, yoxdu məktublar,
Söndümü üç ulduz, susdumu üç saz.
Eh, bir də kağızın nə günahı var,
Ömür qurtarmasa kağız qurtarmaz.

Bəlkə də bir oğul son nəfəsində
Sözünü küləklə ona yetirdi.
Bəlkə də məktubun son cümləsində
Birisi ömrünü sona yetirdi.

Bəlkə onlar keçən meşələr bunu
Ağacından qopan yarpağa yazdı.
Bəlkə bir yaralı öz arzusunu
Sürünə-sürünə torpağa yazdı.

Yazdı, ürəyindən, dilindən qopan
Birinci, sonuncu söz zəfər oldu.
Yazdı gözlərini yumsa da bir an,
Onun mürəkkəbi şəfəqlər oldu.

Yazdı: Qoy qanıma boyansın göylər,
Qalmasın yad əldə torpağım mənim,
Topların səsində Berlinə qədər
Gedəcəkdir səsim, sorağım mənim...

Yazdı mən ölürəm, yaşasın vətən,
Şərəfli ölümü alqışlayıram!
Yazdı öz ömrümü, öz canımı mən
Gələn nəsillərə bağışlayıram.

Susmadı qış oldu, yaz oldu bu səs, -
Qarışdı çayların ləpəsinə də.
Yazıldı bu nida, yazıldı bu səs
Əlçatmaz göylərin sinəsinə də.

Bürüdü Karpatı, Bohemyanı çən,
Səhər də ləngidi, sökülmədi dan.
Araz sahilində dünyaya gələn
Dunay sahilində getdi dünyadan.

Külək də dincəldi, quşlar da yatdı,
Ana övladını andı aramsız.
Günəş səhər doğdu, axşam da batdı;
Bir ana ürəyi yandı aramsız.

Ancaq o ölümü salmadı yada,
“Haqqın” ətəyindən dörd əlli tutdu,
Yığıldı başına qonum-qonşu da,
Məktubun yerini təsəlli tutdu.

Dedilər ki, canım, müharibədir,
Bəzən özünü də unudur insan.
Bir də ağlamağın mənası nədir?
Kimin oğlu dönüb ağlamağınan?

Gəldi oğlu gedən, qardaşı gedən
Bu hicran arvadı sıxmasın deyə.
Gəldi yarı gedən, sirdaşı gedən
Lənətlər yağdırdı müharibəyə.

Ona ürək-dirək verən çox oldu,
Bunlar da vermədi oğullarını.
Təsəlli, təsəlli yerində qaldı,
Zaman dəyişmədi öz qərarını.

Qocalar bir nifrət, bir kin səsində
Gah söyüş yağdırır, gah da ki qarğış:
- Əkinin, biçinin bu vədəsində
Bir qara yel oldu bu yurdu yanmış,

- Dünən bir müəllim danışdı bizə,
Dedi, bu qəptəlist dediyin ki, var
Dava eləməsə, qan eləməsə
Pulu buynuz olub qarnını yırtar.

- Bir çarxı-dövrandır işi dünyanın,
Belə davalarda o qocalıbdır.
Bir də çox analar ağlar qoyanın,
Axır öz anası ağlar qalıbdır.

- Vallah Nikolayı yıxan bu torpaq
Hitleri-mitleri itlə qovacaq...
Söz-söhbət araya gətirdi şadlıq,
Ana ürəyini görən olmadı.

Hamı elə bildi özündən artıq
Anaya təsəlli verən olmadı.
Uzun gecələri yatmadı ana.
Xəyalı uzaqdan-uzağa getdi.

Mindi qəm atına, kədər atına -
Gah arana getdi, gah dağa getdi.
Sordu uçan quşdan, əsən küləkdən,
Sordu bənövşədən, sordu çiçəkdən:

Gecələr gözünə yuxu gəlmədi,
Yatmadı, yatsa da o dincəlmədi.
Dedi: bu necə dərd, bu necə işdir,
Belə bir müsibət görünməmişdir:

Mən kimə ömrümdə yaman demişəm,
Mənə “çor” deyənə mən “can” demişəm,
Qonşunu inəksiz istəməmişəm,
Kasıbı çörəksiz istəməmişəm.

Əlini tutmuşam dara düşənin,
Ey Allah, əvəzin budurmu sənin?

Xəbər gəlməsə də oğul səsindən
Soyumadı onun əlləri işdən.
Sevindi cəbhənin qələbəsindən,
Sevindi arxada hər yüksəlişdən.

İş vaxtı tarlaya birinci çıxdı,
Dedi ki, düşmənə zərbədir bu da.
Xırman da sovurdu, taxıl da yığdı,
Bəzən unuduldu dərd də, arzu da...

Lampa işığına çörək bişirdi,
Dedi: “əkin qalır, dağa qar düşüb”
İsti otağında əsdi, üşüdü,
Eşitdi şimalda soyuqlar düşüb.

Cəhrə arxasında bəzən gecələr
Yanıqlı-yanıqlı nəğmə oxudu.
Çoxları yatanda səhərə qədər
O köynək toxudu, corab toxudu.

Göndərdi sovqatı sovqat dalınca,
Özü də bilmədi haraya gedir.
Bir bunu, bir bunu bildi ki, ancaq
Dava hardadırsa, oraya gedir.

Kaş bircə görəydim bunu geyəni,
Kimin geyməyinin mənası yoxdur.
Bəlkə bir əsgərin nazikdir əyni,
Bəlkə heç birinin anası yoxdur?

Çox şeylər düşündü ana ürəyi,
Bəlkə də bəzisi bunu ar bilər.
Sevmirəm hər yerdə məsəl deməyi,
Analar çəkəni, analar bilər.

Keçdi dövlətindən, keçdi varından,
Cəbhəyə çox şeylər o yola saldı.
Rayonun hərbi komissarından
Neçə yol yazılı təşəkkür aldı.

Corab toxuduqca o ilmə-ilmə
Bir qəlbdə sanki üç çıraq yanırdı.
Üç oğul dərdini zarafat bilmə,
Dağ dayanmaz dərdə o dayanırdı.

Bəzən əl çəkmirdi pis yuxu ondan,
Yuxuda səksənib bağırırdı o.
Tənhalıq qəlbini sıxdığı zaman
Qonşusu Gülgəzi çağırırdı o:

- Ağız, nə yatmasan, a canı yanmış,
Dovşana dönmüsən elə payız-qış.
Gözün yuxudadır, yanın yataqda,
Nə var? Yatarsan da isti otaqda.
Böyründə bağlama, qabağında çay.
Yaman da arvadsan, anasan hay-hay...
Azmı dövlətin var, azmı varın var?
Davada elin var, qohumların var:

Oğluna göndərdin - bəsindir demək?
Anasız olan da küsməsin gərək.
Bir başlıq toxusan ortan nazilər,
Yoxsa ki, əyilsən çinin əzilər?

Bir yaxşılıq elə, nə qədər sağsan,
Gora beş arşın ağ aparacaqsan...
Ağız, bir çölə çıx, qiyamətə bax,
Bu zəhrimar qış da nə vaxt çıxacaq?

Çillədir, dərdi yox, ürəyi yoxdur,
Deyirlər uruset yaman soyuqdur.
Dünən Fərəc oğlu Qədim danışır,
Deyir ölkə var ki, il boyu qışdır.

Altı ay gündüzdür, altı ay gecə,
Əgər başın dəri, ayağın keçə
Olmasa bir yolluq quruyar qanın,
Gülgəzin əlindən qurtarar canın -

Deyib zarafat da elədi bir az,
Qadın söhbəti ki, müxtəsər olmaz.
Arada gah giley, gah qiybət olar,
Biri evləndimi qiyamət olar...
Gahdan min şəbədə qoşular qıza,
Gah da ki, şöhrəti düşər ağıza:
Nə bilim, var belə, cehiz də belə,
Oğulsan onlarsız evlən toy elə.

Sonra da çox şeylər düşdü yadına,
Hicran mizrab vurdu xatiratına:
- Gülgəz, pis yuxular əl çəkə bircə...
Hana toxuyuram gördüm bu gecə.

Elə toxuduqca qalxır yuxarı,
Nə əvvəli vardır, nə də axırı...
Düşündüm: ay canım, nə hanadır bu,
Torpaqda bir ucu, göydə bir ucu...

Ürəyim döyündü, qanım qaraldı:
Birdən göy kişnədi, hava qaraldı,
İldırım şığıyıb düşdü dörd yana,
Yandı toxuduğum yarımçıq hana...

“Ay yandım, ay yandım” - qışqırdım birdən,
Yaxşı ki, ayıldım öz səsimə mən;
Gördüm ki, eləyəm qan-tər içində,
Ürəyim çırpınır qəhər içində.

Dünəndən bəridir bəlkə yüz kərə
Təsaddıq vermişəm yetim-yesirə.
Nə deyim, bayısın yuvası yansın,
Hitlerin yurdunda ocaq qalansın.
Keçdi, bu minvalla il gəldi keçdi,
Dağlardan, daşlardan sel gəldi keçdi.
Bitdi yol üstündə qızıl lalə də,
Xınalı kəklik də, gur şəlalə də.

Yaydı yamaclara öz nəğməsini,
Bir ana qəlbinin hicran səsini.
Duydu elə bil ki, çoban tütəyi,
O yandı yandıqca ana ürəyi...

Yandı ana qəlbi, yandı yenə də,
Nə yaxın, nə də ki, uzaq eşitdi,
Yandı, ümidi də, təsəllini də
Ürək eşitmədi, qulaq eşitdi.

Mən ki, əzəl gündən bir canlı sazdım,
Duyardım hər qəlbin sevinc səsini:
Məni ana doğub, mən niyə yazdım,
Bir ana qəlbinin faciəsini.

Yox, şair, sirdaşsan bu torpağınan, -
Boşalt sinəsinə sinəndə nə var.
Bir-iki duyğusuz duymamağınan
Əlindən qələmi almayacaqlar.

Atəşlə yoğrulub sinəmdə ilham,
Mayam nə ələmdir, nə göz yaşıdır.
Hər kədərli nidam, hər qəmli misram
Kədərə qarşıdır, qəmə qarşıdır.
Bir nöqtə qoyardım kədərə, yasa;
Hər qanun yazılsa təblə, ilhamla.
Bir anın hökmü də əlimdə olsa
Nuru sel edərdim, zülməti damla.

Uzun gecələri yatmadı ana,
Xəyalı uzaqdan uzağa getdi.
Mindi qəm atına, kədər atına
Gah arana getdi, gah dağa getdi.

Döydü qapısını yüz idarənin
Baxışında sual, gözlərində qəm.
“Vayonkom, bəs balan yoxdurmu sənin?
Bala həsrətinə dözə bilmirəm”.

Komissar sarsıldı onun səsindən,
Əyildi köksünə əyilməz başı.
O niyə tutuldu, ta soruşma sən,
Elə bil itmişdi doğma qardaşı.

Gəzindi, oturdu o neçə kərə,
Qəlbindən keçəni baxış, göz dedi.
Neçə qərargaha, neçə şəhərə
Teleqram vuraraq xəbər istədi.

Elə bil qurudu qəlbinin qanı,
Arzusu, ümidi daşlara dəydi.
Bəs necə dindirsin indi ananı,
Xəbər ağır gəldi, heç gəlməyəydi.
Qara kağız gəldi oğul yerinə,
Bəd xəbər arvadın qəddini əydi.
Gülsənəm əl qatdı birçəklərinə,
Xəbər ağır gəldi, heç gəlməyəydi.
Gəlin də dağ çəkdi bir gün arvada,
Alıb öz payını ayrıldı ondan.
Eh, gəlin neyləsin, bu evdə o da
Üç gün vüsal gördü, on üç il hicran.
Səbri tükənərmiş dünyada eşqin:
Dedi: “Mənə də ev, uşaq gərəkdir”.
Ana düşündü ki, “ayrılır gəlin,
Yoxsa balalarım dönməyəcəkdir?”

Sonra da özünü danladı qarı:
“Buy, dilim qurusun, nə deyirəm mən,
Oğlum sağ-salamat qayıtsın barı,
Mini olacaqdır dərdindən ölən”.

Ət-ətdən, can-candan deyildi axı,
Getdi, yad qızıydı, yad oldu yenə.
Od alıb alışdı ana varlığı,
Gəlin ər evində şad oldu yenə.
Günlər atlı oldu, günlər tez ötdü,
Nə vaxtsız, vədəsiz qocaldı arvad!
Gözünün yağıyla oğul böyütdü,
Ocaqlar başında tək qaldı arvad.
Qasırğalar keçdi can otağından,
Bir ömrün ömürlük tağı söküldü.
Oğul həsrətindən, bala dağından
Birçək də ağardı, bel də büküldü.
Hər gün qapısını açdı gəlin, qız:
Onu ana bildi kənd cavanları,
Qapısı inəksiz, evi xalısız,
Bucağı da unsuz qalmadı qarı.
Nə desən göndərdi kolxoz evinə,
Ləl olsun, fərqinə varanı kimdir?
Milyonlar göz üstə saxlasa yenə
Övladsız bir ana yetim kimidir.
Baharsız təbiət batmazmı yasa
Gülsüz bir bülbülə nə eşq, nə həvəs?
Evinin dirəyi qızıldan olsa,
Övladsız bir qara qəpiyə dəyməz.
Ey ana, neyləyim sözlə, qələmlə;
Qayıtmaz ömrünün gülü-gülşəni.
Min oğul yolunu gözləsən belə,
Vaxt-vədə bircə an gözləməz səni...

Axır ki, dərd yıxdı bir gün arvadı,
Çökdü kənd əhlinin gözlərinə nəm.
Bu itki ağrıtdı yaxını, yadı;
Bir an sükut etdi elə bil aləm.

Hər gələn can umdu, can üstə ona,
Əfsus ki, torpağın olasıydı o.
Hamı söylədi ki, oğlunam, ana,
Elə bil hamının anasıydı o.

Qəlbi dayandıqca o nər qarının
Elin nəfəsini duydumu barı.
Yığıldı başına oğullarının
Uşaqlıq dostları, cəbhə dostları...

Qocalar deyir ki, üç gün, üç gecə
Üzünü qibləyə döndərmədi o.
“Yox, yox, üç balamı mən görməyincə
Ölmərəm” - deyərək can vermədi o.
Gah kilid vuruldu ayaqlarına,
Nəfəsi təngidi, gözləri axdı.
Gah da ki, səs gəldi qulaqlarına,
Yenə də səksəndi, yenə də qalxdı...
“Oğlumun səsidir, bəs özü hanı,
Budur, budur gəlir, ağ geyib ancaq.
Xeyir, o ölümdür, açdı qapını,
Bu da Gülsənəmdir, aldanmayacaq..
Odur, dişlərini qıcayıb yenə,
Yox, gülür, dalımca gəl deyir mənə.
Qoymayın gözümə necə də baxır,
Pəncərədən girir, qapıdan çıxır.
Bir baxın, necə də əliqanlıdır,
Çəkil, Gülsənəm də dəliqanlıdır.
Qıy vursam dağlar da düşər lərzəyə,
Bu saatca külün sovrular göyə.
Yetməzmi zəhrimar yağdı dilindən?
Bir gün də yaxşılıq gəlsin əlindən.
Demirəm yaşayım beş yüz il, min il;
Mənə ömür deyil, möhlət gərəkdir.
İtil gözlərimdən, ey ölüm, itil,
Gülsənəm oğulsuz ölməyəcəkdir...
Sən məni tək qarı tanıma ancaq,
Bir bax, dövrəmdəki duranlara bax,
Bir kəndə, bir elə etibarım var;
Mənim dağlar yıxan oğullarım var.
Qara yel əsəndə çöllərimizə,
Ölüm gətirəndə yağılar bizə,
Onları göndərdim ölümə qarşı.
Onda tökülmədi mənim göz yaşım;
Götür qılıncını, məndən uzaq gəz,
Ölüm öldürənin anası ölməz.
İtil, Gülsənəmi tək qarı bilmə “!
Kənardan səs gəldi:
“- Ana, əyilmə!
Əyilmə, anacan, hələ sağıq biz,
Əyilmə, dadına çatacağıq biz!”

Qarı sayaqladı üç gün, üç gecə,
Dedi son nəfəsdə bu sözü bircə:
“Yoxsa oğullarım, əli heç kəsin
Mənim gözlərimə torpaq tökməsin”.

Adınla bir ulu dağ gəldi yada,
Bir an da vüqarsız dayanmadın sən.
Can ana, can, ölüm ayağında da
Bala ölümünə inanmadın sən.

Yox, onlar ölmədi, qanıyla onlar
Yazdılar düşmənə ölüm hökmünü,
Bizimlə görüşür o qəhrəmanlar
Hər il bəzənəndə Doqquz may günü.

Vaxt olur başıma dolanır aləm,
Üç vətən oğlunu saldıqca yada,
Fəqət ürəyimdən səs gəlir bu dəm:
Ölməzdir - ölənlər vətən yoldunda.

Onlar deyildimi aşılmaz dağın,
Keçilməz meşənin bağrını yaran,
Şopenin, Şandronun, Heynenin, Baxın
Yurduna süngüdə həyat aparan!

O günlər, o günlər arxada qalıb,
Sağalmaz olsa da vurduğu yara.
Tankların, topların səsini alıb
Onlar vermədimi traktorlara?!

Görürəm onları, gələndə bahar,
Çöllər gül-çiçəkdən min don geyəndə.
Görürəm onları körpə uşaqlar
Məktəb yollarında nəğmə deyəndə.

Onlar el yolunda keçdi canından,
Min cavan böyüyüb kamala yetdi.
Sevib-sevilənlər görüşən zaman
Deyirəm onlar da vüsala yetdi.

Görürəm hər üçü gəzir dünyanı,
Səsləri duyulur Reynin səsində;
Görürəm, sülhsevər Almaniyanı
Görəndə dünyanın xəritəsində.

Bu gün bir qəhrəman dağlar yaranda
Görürəm onların yürüşünü mən.
Çexin, bolqarın da dodaqlarında
Duyuram onların gülüşünü mən.

Enməz şöhrətini, sönməz adını
Vətən göylərinə nəqş etdi onlar.
Yox, onlar ölmədi, öz həyatını
Öz doğma xalqına bəxş etdi onlar.

Halaldır çörəyin, südün, ey ana,
Bir də məzarına qoy baş əyim mən!
Qoy bu gün o layla bəstəkarına
Şerimlə, sözümlə layla deyim mən.

Hərbə lənət deyən ana səsində
O ananın səsi duyulsun bu gün!
Yel əssə, quş səksə sərhəddimizə
Dağlar da, daşlar da ayılsın bu gün!
Ekvator xəttinə “sülh” yazsın ellər,
Nidamız Marsa da yayılsın bu gün!

Şimşəklər qanadım, sellər ilhamım,
Küləklər nəfəsim qoy olsun bu gün!
Qəlbimin bu sadə şeriyyətindən
Bir ana heykəli qoyulsun bu gün!

Bakı, 1957

http://www.memmedaraz.az/?menu=224
XS
SM
MD
LG