Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:24

Balaş Azəroğlu. "Yuxuma gəlmişdin", "Mavi gözlü Məryəm"


YUXUMA GƏLMİŞDİN


Bu axşam yuxuma gəlmişdin, gülüm,
Bu da mənim ücün bir nemət idi.
Indi yuxularda mənim gördüyüm,
Bir zaman var idi, həqiqət idi...

Gördüm ki, Gülüstan bağıdır yenə,
Təbrizin üstünə enibdir axşam.
Gördüm ki, üzünü tutaraq mənə,
Dedin: - Gəl gedək, çox yorulmuşam...

Gülüstan bağından birlikdə çıxdıq,
Saatqabağına getdik yanaşı.
Ərkə məhəbbətlə dayanıb baxdıq,
Yadında qalıbmı o dərbəd başı?!

Ora çatan zaman dayandı bir an,
Gördüm ki, əlini uzatdın mənə...
Hazırsan oyanıb qalxdım yuxudan,
Əlim toxunanda sənin əlinə...

Baxdım, ətrafıma yenə də sənsiz,
Yenə də həsrətlə qəlbim döyündü.
Elə bil yenicə ayrılmışdıq biz,
Əlinin istisi əlimdə idi...

O gecə sübhədək yata bilmədim,
Ötən günlərimi yaşadım bir də.
Nə yaxşı söyləyib atalar, dedim:
“Sevinc də bir yerdə, qəm də bir yerdə.

Ömür bir aləmdir, arzu bir aləm
Arzu mənzilimə əllərim çatmaz.
Nə mən o günlərə qayıda billəm ,
Nə də günlərim geri qayıtmaz.

Fəqət azalmamış ümidim mənim,
Bir gün əllərinə çataçaq əlim.
Sənin həsrətinlə keçən günlərim
Vüsal günlərinə qovuşar, gülüm.

İyun, 1980


MAVİ GÖZLÜ MƏRYƏM


Sarışın bir qız idi Məryəm,
Qızlar bulağından
Su içmişdi hələ.
Ayaqyalın, başıaçıq,
Küçədə oynardı rəfiqələrilə.
Gündə bir arpa boyda
Böyüyərdi Məryəm.
Kimsə bilmirdi ancaq,
Bir gün su içdi o da.
Qızlar bulağından.
Ayrıldı,
Ayaqyalın, başıaçıq oynadığı
Uşaqlıq çağından.
Ay şəfəqi kimi saçlar
Açıldı qulac-qulac,
Töküldü mərmər çiyinlərinə
Halqa-halqa.
Mavi gözlərdə ulduzlar alışdı.
Şöləsi dalğa-dalğa.
Bir gün də
Köksünün içində
Bir işıq yandı Məryəmin.
Dünya gözlərində dəyişib
Təzələndi Məryəmin.
Bu yanğının nuruna büründü
Elə bil yer üzü.
Nə oldu Məryəmə?
Bilmidi özü...
Köksündə alışan
Nə yanğı, nə hərarət idi?
Sanki əfsanəli bir aləmə
Uçurdu Məryəm.
Bəlkə bu yanğı məhəbbət idi,
Onun ardınca qaçırdı Məryəm?
Qaçırdı,
Bilmirdi bu sevincinlərində
Sarı dalğalar.
Qaçırdı,
Bilmirdi bu sevincin
Əzablı sonu var...
Hər şey gözəl idi
Gözündə onun.
Yeni bir dünya vardı
Özündə onun...
Elə bil kimsə çağırırdı Məryəmi
Var səsilə.
Məryəm gedirdi,
fəqət bilmirdi
Kimin iradəsilə.
Bilmirdi,
Sevinc allahı – get –deyir,
Əzab tanrısı - gəl – deyir ona.
Məryəm gedirdi.
Fırtınalı bir həyatın qoynuna...

Günlər, aylar ötdü,
Bir gün də Məryəm qayıtdı
Əfsanələr aləmindən
Həqiqət dünyasına...
Sığınıb qucağındakı cağasına,
Yenə də qaçırdı
Başıaçıq, ayaqyalın.
Unudub sevincin, həvəsin, idealın
Qaçırdı özü özündən,
Öz kölgəsindən.
Qaçırdı adamların tənəsindən.
Qəzəbindən, nifrətindən.
Qaçırdı,
Dünən qoynuna sıgındığı
Əfsanəli bir aləmdən -
Məhəbbətindən...
Qaçırdı Məryəm,
Kənd-kənd,
Şəhər-şəhər,
Ölkə-ölkə
Qaçırdı,
Kimsəsiz bir dünya tapıb
Sığına bəlkə...
Beləcə qaçdı Məryəm
Neçə il, neçə əsr.
Tarixin yollarina çilləndi
Ayaqlarınn qanı.
Tərk etdi
Onu damğalayan bir dünyanı...
Indi Məryəm ana
Sığınıb neçə evdə
Qaranlıq bucağa,
Baxır divardan:
Onun məhəbbətini
Boynunda gəzdirən insanlara
Heyran-heyran...

1983
XS
SM
MD
LG