Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:30

Balaş Azəroğlu. ETİRAF


(kitablarımı varaqlayarkən)


Bir axşam tənhalıq əlində qaldım,
Ötən günlərimi yadıma saldım.
Apardı fikrimi fikir karvanı,
Elə bil yenidən gəzdim dünyanı.
Gəzdiyim yerləri bir daha gördüm,
Sonra o günlərdən geriyə döndüm.
Gördüm tək olsam da otağımda mən,
Elə bil kim isə tutdu əlimdən,
Kitab rəflərinin gəldik önünə.
O dedi, tənhalıq yaraşmır sənə,
Bu solğun kitablar sənin deyilmi?
Yıgılıb rəflərədə üst-üstə indi,
Niyə hallarını sormursan, niyə?
Onlara sən həmdəm olursan niyə!
Yolunu gözləyir bax bu kitablar,
Burda arzuların, inamların var.
Hər kitab bir ili salacaq yada,
Niyə tək qalmısan sən bu otaqda?..
Baxdım kitablara dəyişdi halım,
Dedim, keşməkeşli bu ömür yolum.
Sizinlə başladı, illərdən bəri,
Qaldı varaqlarda ömrün izləri...
Açıb kitabların tozunu sildim,
Varağını sildim, üzünü sildim.
Açdım, neçə tanş üz gördüm orda,
Ürəyi titrədən söz gördüm orda.
Yazdığım anları yadıma saldım,
Bəzi şeirlərin heyranı oldum.
Təbrizli günlərim yadıma gəldi,
Vətəndə torpaqda, daş da gözəldi.
O vaxt şeir yazdım aya, ulduza,
Sevdiyim buğdayı gözəl bir qıza.
Şeirlə başladı mənim bir günüm,
Şahı damğaladı qəzəbim, kinim.
Şeirim ağızlarda, dillərdə gəzdi,
O sözlər indi də mənə əzizdi...
Sonra da başlandı hicran günləri,
Canımın cövhəri, alnımın təri.
Axdı varaqlara gecələr mənim,
Dedim, yad əllərdə qaldı Vətənim.
Hər şeirin başında Vətəni yazdım,
Bildim unutmayıb o, məni yazdı...
Ancaq o ayrı vaxt, ayrı zamandı,
Qurunun oduna yaşlar da yandı...
Yazmaq bir dərd idi, yazmamaq bir dərd,
Fikrə də, sözə də var idi sərhəd.
Sənin əvəzində düşünən vardı,
Hər nə deyilsəydi o da qərardı...
İndi kitabları varaqlayanda,
Haman o şeirlər düşürlər yada.
Elə bil çəməndə tikandı onlar,
Özümdən özumə üsyandı onlar.
Bilmirəm nə edim?
Cırım, tollayım!
Yazdığım günlərə bəlkə yollayım?!
Bəlkə də düz olmaz verdiyim qərar?
Onlarda ömrümün bir parçası var!
Gözümün nuru var, beynimin odu,
Zamanın hökmüylə onlar doğuldu.
İndi nə fərqi var qala, qalmaya,
Mənim kitabımda ola, olmaya.
Ömrünü yaşamış ölüdür onlar,
Tarixin keçilmiş yoludu onlar...
Baxıb kitabların tozunu sildim,
Varağını sildim, üzünü sildim,
Qayıdıb yerimdə oturdum yenə,
Təzədən qayıtdım öz aləmimə...

12 dekabr, 1998
XS
SM
MD
LG