Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:34

Bin Ladeni öldürən xüsusi təyantlı dəstə - Navy Seal Six


Abbotabadda keçirilən xüsusi əməliyyat haqqında rəsmi məlumat verən Barak Obama onun ABŞ hərbçilərinin elitar qrupu tərəfindən həyata keçirildiyini dedi.

Ekspertlər sözün ABŞ-ın əsas elitar hərbi birləşmələrindən sayılan Navy SEALdən (qrupun başqa adı DEVGRUdur) getdiyinə şübhə etmirlər.

SEAL NƏ DEMƏKDİR?


Qrupun adı, tərcüməsi dəniz, səma, torpaq (quru) mənasını verən “Sea”, “Air”, “Land” sözlərindən yaranır. (“Navy” – "Hərbi dəniz" deməkdir).

Navy Seal nişanı
ABŞ-ın ən əhəmiyyətli xüsusi əməliyyatlarının arxasında duran Navy SEAL qrupuna ancaq kişilər qəbul olunur. Bu haqda “Navy Seals: The Complete History” ("Navy Sealsın mükəmməl tarixi") kitabının müəllifi Kevin Dockery Military Channelə müsahibəsində deyir.

NAVY SEAL NECƏ VƏ NİYƏ YARANDI?

Navy SEALin sələfi hələ 2-ci dünya müharibəsində yaradılan Naval Combat Demolition Unit (NCDU) qrupu sayıla bilərdi.

Lakin rəsmi olaraq Navy SEAL prezident John F.Kennedynin adı ilə bağlıdır. 1961-ci ildə o, büdcədən 100 milyon dollar ayıraraq belə bir xüsusi təyinatlı dəstənin yaradılmasını sanksiyalaşdırdı və amerikanın ən bacarıqlı əsgərləri bir yerə toplandı.

BİR NƏFƏR İTİRƏNƏ QƏDƏR 200 DÜŞMƏN ƏSGƏRİ MƏHV EDİR


Artıq 2 il sonra, 1963-cü ildə intensiv məşqlərdən və hərbi təlimlərdən keçən Navy SEAL Vyetnam müharibəsində Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatlarına cəlb olundu. Bu qrupun effektivliyini ifadə etmək üçün Vyetnam müharibəsindəki itkilər nisbətini misal gətirirlər: Navy Seal 1 nəfər itirənə qədər qarşı tərəfdən 200 əsgər məhv edirdi.

10 NƏFƏRDƏN 8-i SEAL TƏLİMLƏRİNƏ DÖZMÜR


Bü gün Navy SEAL qrupuna qəbul edilməzdən əvvəl hərbçilər xüsusi təlim kurslarından keçirlər. SQT (SEAL Qualifikation Trening) adlanan bu kurs dünyanın ən ağır hərbi təlim məşqlərindən sayılır və o qədər çətindir ki, orta hesabla SQT kurslarına başlayan hər 10 adamdan 8 nəfəri tab gətirməyib kursları yarımçıq qoyur.

Məşqlərdə döyüşçülərə hərbi təlim keçir, paraşütlə hoppanmaq, suyun altında qalmaq, əlbəyaxa döyüş qaydalarını öyrədir, bundan başqa ilkin tibbi yardım və müasir kommunikasiya dərsləri də keçirilir.
(YouTube videosu - NAVY SEAL məşqlərindən görüntülər)


Kurs başa çatandan sonra isə döyüşçü xüsusi təcrübə keçməlidir ki, yalnız bundan sonra onu SEAL əsgəri sayırlar. Əsgərin kurslara başlayandan SEALə qəbul olunmasına qədər 3 ilə yaxın vaxt keçir.

1NÖMRƏLİ ELİTA QRUPU NECƏ 6-CI OLDU?

Osama Bin Ladenin ardınca gedən qrupun Navy SEAL Six (6-cı bölmə) əsgərlərindən ibarət olduğu bildirlir. Anti-terror məqsədləri daşıyan bu qrup, necə deyərlər, elitanın eıtasıdır – 6-cı bölməyə SEALin digər bölmələrindən ən yaxşı döyüşçüləri toplayırlar.
(YouTube videosu - NAVY SEAL qayığı sudan vertolyota girir)


Navy Seal Six 1980-ci ildə yaradılıb. ABŞ xüsusi xidmətləri İranda girov götürülən Amerika diplomatlarının azad etmək cəhdi göstərdilər. Həmin əməliyyat uğursuzluqla nəticələnəndən sonra belə bir qrupun zəruriliyi meydana çıxdı. Yarandığı gündən Navy Seal Six ABŞ iştirakı olan bütün silahlı münaqişələrə cəlb olunub - Panama, Qrenada, İraq, Yuqoslaviya və s. Sonuncu dəfə bu qrupun adı 2009-cu ildə, Amerika dənizçilərinin Somali dəniz quldurlarının girovundan azad edilməsindən sonra hallanırdı.

Qrupun adında 6 rəqəminin işlədilməsinin maraqlı izahı var. Qrupun ilk komandiri Richard Marcinko xatırlayır ki, Sovetləri çaşdırmaq üçün əslində birinci olan bu qrupu 6 ilə rəqəmlədilər. Qoy elə bilsinlər ki, ABŞ-ın azından 6 belə qrupu var.

DELTA FORCE İLƏ RƏQABƏT


Navy SEAL, ABŞ-ın ən məhşur Delta Force qrupu və digər elita qrupları ilə birlikdə ABŞ Müdafiə nazrliyinin Xüsusi Əməliyyat qüvvələrinə aid edilir. (US Special Operation Forces). Nəzəri çəhətdən Delta Force - quruda, Navy Seal isə dənizdə keçirilən əməliyyatlarda iştirak etməlidirlər. Həmin məntiqlə Abbotabada Delta Force göndərilməli idi - ərazinin dənizlə heç bir əlaqəsi yox idi.

Odur ki, Obamanın SEALi seçməsi bəzi dairələrdə bu iki elita qrupu və onları himayə edənlərin rəqabəti haqda söz-söhbətlərə səbəb olub.

İstənilən halda, Osama bin Laden öldürülüb və bir nömrəli terrorçunun ləğvi ABŞın elita qruplarının populyarlığını xeyli artırıb.

Əvvəələr də bu qrupların əməliyyatları haqda filmlər çəkilib, video-oyunlar hazırlanıb. Onun keçmiş döyüşçüləri daim medianın diqqətində olur, tez-tez TV şoularda iştirak edir, bəziləri isə hətta kitab dərc edir. Məsələn, yuxarıda adı çəkilən R.Marcinko "Rogue Warrior" kitabının müəllifidir. Bundan sonra nə baş verəcəyini ancaq təxmin etmək olar. Yəqin ki, "Rogue Warrior"un naşiri kitabı yenidən dərc etmək haqda düşünür...
XS
SM
MD
LG