Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Gürcülər «Eurovision»u bağlayacaqlar


«Eldrine» qrupu
«Eldrine» qrupu
Gürcüstanın «Eldrine» qrupu bu il «Eurovision» müsabiqəsinin finalistlərindən biri olub.

Avropa Yayım Birliyi tərəfindən təşkil olunan mahnı müsabiqəsi ilk dəfə 1956-cı ildə İsveçrənin Luqani şəhərində keçirilib. Gürcüstan 2007-ci ildən bəri müsabiqədə iştirak edir, ən yaxşı nəticəni ölkə ötən il əldə edib, Sofo Nicaradze finalda 9-cu yerə çıxıb.

Builki 56-cı «Eurovision» mahnı müsabiqəsi Almaniyanın Düsseldorf şəhərində keçirilir.

Gürcüstan nümayəndə heyətinin təmsilçisi, İctimai Televiziyada «Eurovision» və beynəlxalq proqramların prodüseri Natiya Uznadze birinci yarımfinaldan sonra «Eldrine» qrupunun yaşadığı emosiyaları bölüşür:

«Finala keçdiyimizi eşitdiyimiz an çox həyəcanlı idi. «Eldrine» üçün bu unudulmaz anlardır, çünki uşaqlar finala keçmək üçün əllərindən gələni etmişdilər. Əsas ayın 14-dür. «ELDRINE» 25-Cİ ÇIXIŞ EDƏCƏK, «EUROVISION»U BAĞLAYACAQ».

«One More Day» mahnısı müsabiqənin seçim turunda «Feel Your Heat Beat» adlanırdı. Onu qrupun vokal ifaçısı Tako Vadaçkoriya oxuyurdu. Ancaq müsabiqəyə təxminən 2 ay qalmış vokalçı prodüserlərin təqdim etdiyi müqavilə şərtləri ilə razılaşmadı. Sofo Toroşelidze ilə «Eldrine» qrupu seçildi.

21 yaşlı Sofo Toroşelidze Dövlət Konservatoriyasının tələbəsidir, Xor-dirijorluq fakültəsində təhsil alır. Onun özü də mahnı yazır və «Eurovision»da iştirak etmək təcrübəsi var. Belə ki, 2010-cu ildə o, Sofo Nicaradzenin bek vokalçılarından biri olub.

Sofo Toroşelidze
Musiqi prodüseri Marina Beridze istisna etmir ki, Sofo avropalı musiqi prodüserlərin diqqətini cəlb edəcək:

«Onun böyük səs diapazonu var, vokal imkanları yaxşıdır. ONUN SƏSİ QULAĞA XOŞ GƏLİR. Çox vacibdir ki, o, fortepianoda yaxşı çalır».

Gürcü dinləyicilər üçün Sofo Toroşelidze «Akademiya Ulduzu» televiziya şousunda iştirak etdiyi dövrdən tanışdır. O, həmin yarışın finalçısı olmuşdu. «Eurovision»a təqdim edilən «One more day» mahnısı pop-rok janrında yazılıb, mahnıda rep elementlərinə də təsadüf edilir.

Düsseldorfda olan Sofonun vokal müəllimi Rusudan Morçiladze əmindir ki, Sofonun ifa etdiyi mahnı çox müasirdir:

««Eurovision» müsabiqəsinin qalibi olacaq mahnını qabaqcan bilmək çətindir. Hər il müxtəlif janrlar qalib gəlir. Hətta ekspertlər də deyir ki, builki müsabiqə əvvəlkindən də gözlənilməzdir. Mən hər zaman deyirəm ki, qismət sənin tərəfində deyilsə, qalib gələ bilməyəcəksən. GƏRƏK, BƏXTİN GƏTİRSİN».

«Eurovision» mahnı müsabiqəsində ifaçının ifa tərzi və kostyumu da əhəmiyyətlidir. 6 iştirakçının hamısının kostyumu dizayner Nino Çubinişvili tərəfindən hazırlanıb. O deyir ki, onun konsepsiyası olmayıb, sadəcə, mahnını dinləyib, ifaçılarla görüşüb və paltarları iki həftəyə tikib başa çatdırıb:

«Mənə musiqini verdilər ki, dinləyim, ifaçıları göstərdilər. Kostyumları tamamilə intuitiv, qəfil yaratdım. Heç bir konsepsiya yox idi».

Qiorqi Çanturiya
Gürcüstanda «Eurovision» müsabiqəsinin seçim turunu İctimai Yayım təşkil edib. Yayım şirkətinin direktoru Qiorqi Çanturiya bildirir ki, müsabiqəyə 120-130 min lari sərf olunub. MUSİQİ, KLİP VƏ PALTAR GÜRCÜ İSTEHSALIDIR, hamısı Gürcüstanda hazırlanıb.

AzadlıqRadiosu Tbilisi sakinlərindən «Eurovision» müsabiqəsində ölkəni təmsil edən ifaçıları tanıyıb-tanımadıqlarını, mahnını bəyənib-bəyənmədiklərini soruşub. Cavablar belə olub:

«- Dəqiq bilmirəm, deyəsən «El» adlanır. Düzdür? Bilmirəm»

- Bəs mahnını bilirsiniz?


- Əlbəttə, klipi 1-ci kanalda nümayiş etdirirlər. Mahnı yaxşıdır və düşünürəm ki, keçməlidir. Şans var».

- «Yox, bilmirəm»

- «Bilmirəm, mən «Eurovision»a baxmıram».

- «Bilirik kimdir. Ancaq yarım finala baxmamışam. Eşitdim ki, bizimkilər finala keçiblər.

- Bilirsiniz hansı qrupdur?

- Xatırlamıram. Məncə mahnı yaxşıdır. Baxarıq görək, necə olacaq».

XS
SM
MD
LG